İlkin Qazi: "BUĞDACIQ VƏ BƏNÖVŞƏ" (Hekayə)

İlkin Qazi: "BUĞDACIQ VƏ BƏNÖVŞƏ" (Hekayə) Hekayəmizin qəhrəmanı öz ailəsində rəng və davranışları ilə se-çilən bir bal arısıdır. Digər arılardan daha çox sarı olduğu üçün ailədə onun adını Buğdacıq qoymuşdular. Rəngi fərqli olduğu kimi, Buğdacığın maraq dünyası da digər arılardan fərqli idi. Hər kəs çiçəklərdən şirə və toz toplamaqla məşğul ikən buğdacıq çiçəklərin və təbiətin gözəlliyinə valeh bir halda ətrafda uçar və yeni gözəlliklər kəşf etməkdən zövq alardı. Buğdacığın bu romantik davranışı heç də digər arıların bəyəndiyi bir hal deyildi. Lakin Buğdacıq öz həyat zövqünü heç kəsin düşüncə və qəzəbinə qurban vermirdi.
Beləcə, Buğdacıq yaz başlayan bir gündən bu cür zövqünə zövq qatmaqla məşğul idi. Ancaq etiraf etsək, ailənin böyükləri tərəfindən dəfələrlə danlandığı üçün aradabir şirə və çiçək tozu da toplayırdı.


Digər arılar çiçək tozu və şirə toplamaqda olsunlar mən, sizə Buğdacıqdan danışım. Bir gün yenə də, Buğdacıq və ailəsi çiçəklərin bol olduğu bir çəmənlik tapıb öz gündəlik işləri ilə məşğul idilər. Buğdacıq yenə öz ab-havasında idi, çəməndə o qədər o yan-bu yana uçmuşdu ki, lap taqətdən düşmüşdü. Ailəsinin gözündən kənar bir kölgəlik tapıb, orada sərinləməyə qərar verdi. Çəmənliyin kənarında sıra ilə düzülmüş şam ağacları var idi. Onları görər-görməz sürətlə həmin istiqamətə sarı uçdu.
Yaxınlaşdıqca ordakı fərqli çiçəkləri görüb çox təəccübləndi. Kənardan bir qədər diqqətlə o məkanı incələdikdən və heç bir təhlükənin olmadığına əmin olduqdan sonra ilk gözünə sataşan fərqli rəngli çiçəyin üzərinə ehmalca qondu.
- “Bir az asta ol! – deyə əsəbi halda bir səs duyuldu.
Buğdacıq ətrafa nə qədər boylansa da, heç kimi görə bilmədi.
- “Ey arı! Sənə deyirəm. Arı olanda nə olar ki. Qonacağın yerə diqqət etməlisən” – həmin səs yenə duyuldu.
Buğdacıq bu xəbərdarılığın ona edildiyini anlamışdı artıq.
- “Sən kimsən?!” – deyə Buğdacıq təəccüblə soruşdu
- “Mən, üzərinə qonduğun çiçəyəm!”
Buğdacıq qonduğu çiçəyin üzərindən cəld uçub kənardakı otun üzərinə qondu və təəccüblə bir az öncə qonduğu çiçəyə kənardan diqqətlə baxıb başdan-ayağa incələdi. Ancaq Buğdacığın gördüyü çiçək möhtəşəm rəngli və çox da zərif bir çiçək idi. Buğdacıq bu cür gözəl bir çiçəyi ömründə ilk dəfədir görürdü.
- Sənin adın nədir!? – Buğdacıq xoş bir təbəssümlə çiçəkdən soruşdu.
- Sənə nə!? Ləçəklərimi incitdiyin bəs deyil, hələ bir adımı da soruşursan?
- Gözəl çiçək, səni incitdiyim üçün səndən üzr istəyirəm, məni bağışla. Səni incidəcəyimi düşünməmişdim. Adın nədir?
- Adım Bənövşədir! – nazlanaraq Bənövşə Buğdacığa cavab verdi.
Bənövşənin gözəlliyinin təsirindən Buğdacıq özünü o qədər itir-mişdir ki, bir an harada olduğun belə unutmuşdur.
- Bənövşə... adın necə də gözəl səslənir! - Buğdacıq bir neçə dəfə Bənövşənin adını beləcə təkrar etdikcə ona aşiq olduğunu hiss etmişdi.
- Bəs sən kimsən? – Bənövşə maraqla Buğdacıqdan soruşdu
- Buğdacıq.
- Nə gülməli adın var, – deyərək gülümsədi Bənövşə.
- Rəngim digər arılardan daha çox sarı olduğundan ailəm məni belə adlandırıb.
Artıq qəhrəmanımız Buğdacıq və Bənövşə bir-biri ilə beləcə tanış olmuşdurlar. Buğdacıq Bənövşəyə, Bənövşə isə Buğdacığa maraqlı gəlirdi. Ancaq hər ikisinin də bir-birlərinə qarşı fərqli bir hissləri yaranmışdır və bu hissin nə olduğunu heç biri anlaya bilmirdilər.
Buğdacıq havanın qaraldığını görüb:
- Bənövşə, məni bağışla, axşam düşür, ailəm mənim üçün nigaran olar, getməliyəm. Səni görmək üçün bura bir daha gələcəm - deyib Buğdacıq tələm-tələsik ailəsinin olduğu səmtə uçdu.
Ailə? Ailə nədir, nə işə yarayır ailə? – ailənin nə olduğundan xəbəri olmayan Bənövşə arının arxasınca baxaraq belə düşündü.
Həmin gecəni səhərə qədər Buğdacığın gözünə yuxu getmədi. Nə qədər çabalasa da, Bənövşənin səsini, onun gözəlliyini unuda bilmədi.
Səhər sübh çağı həmişə yuvadan hər kəsdən gec çıxan Buğdacıq bu dəfə hər kəsdən öncə yuvanı tərk edərək uçub getmişdi. Buğdacığın heç kimə və heç nəyə faydası olmadığı üçün onu heç kim itirib – axtarmırdı.
Beləcə, Buğdacıq sevincək Bənövşənin olduğu istiqamətə var gücü ilə uçdu. Buğdacıq Bənövşənin olduğu yerə çatar-çatmaz səsləndi:
- Gözəl çiçək Bənövşə, mən yenə gəldim! – deyə Buğdacıq öz sevincini Bənövşəyə hiss etdirməyə çalışdı.
- Xoş gəldin, Buğdacıq, səni yenidən gördüyümə çox şad oldum. - deyə Bənövşə də öz sevincini Buğdacıqla paylaşdı.
Onlar salamlaşdıqdan sonra bir neçə dəqiqə belə bir-birlərinə baxaraq gülümsədilər.
Bir müddət sonra Buğdacıq səssizliyi pozdu:
- Bənövşə, bilirsən, mən səhərə qədər yata bilməmişəm, ancaq nədənsə, mənə elə gəlir ki, iki gündür yuxudayam.
- Açığını desəm, mən də yata bilmədim, Buğdacıq. – Bənövşə də öz növbəsində etirafını etdi.
Buğdacıq təəccüblə Bənövşədən:
- Bəs sən niyə yata bilməmisən, Bənövşə?! – deyə soruşdu.
- Düzünü desəm, səninlə olan söhbətimiz və görüşümüzü yenidən gözümdə canlandırdıqca istər-istəməz yuxum qaçırdı.
Hə! Bir də ailə nədir, Buğdacıq? Sən dünən dedin: “ailəm mənim üçün nigaran olar.”
- Sənin ailən yoxdur?! – Buğdacıq təəccüblə gözlərini bərəldib Bənövşdən soruşdu.
Bənövşə gülümsəyərək:
- Ailənin nə olduğunu bilsəm, onun olub və ya olmadığını da sənə deyərdim. – deyə Bənövşə Buğdacığa maraqlı bir cavab verdi.
- Ailə bilirsənmi nədir? Ailə - səninlə eyni kökdən gələnlərə deyilir. Ailə - səni hər zaman və hər halınla sevənlər deməkdir.
Bənövşənin ailəsinin olmadığı üçün heç nə anlamadan bir qədər fikrə getdi. Buğdacıq Bənövşənin bir ailəsinin olmadığını anlayıb çox məyus olmuşdu, ancaq buna baxmayaraq kefini pozmadan Bənövşəyə bir təklif etdi:
- Əgər icazə versən, mən sənin ailən ola bilərəm. Səninlə sevinib və sənin dərdinə şərik ola bilərəm.
Bənövşə isə gözlənilməz bu təklif qarşısında qərarsızlığını və təəccübünü gizlədə bilmədi və:
- Axı bu necə olacaq? Sənin öz ailən var. Sən hər gün onlarla birlikdə yaşamalısan. Sənin həyat tərzinlə mənim həyat tərzim ta-mamilə fərqlidir, – deyib Bənövşə naümid halda başını aşağı saldı.
- Başını dik tut, mən artıq səninlə birlikdə burada yaşayacam. Onsuz da mən o ailənin heç bir fərdi tərəfindən elə də sevilmirəm. – deyərək Buğdacıq Bənövşəyə yenidən ümid verdi.
Açığı, bu təklifə Bənövşə çox sevinmişdi və etiraz etmək niyyəti də yox idi. Çünki artıq onun da bir ailəsi olacaq, onun həyatında onu sevən və onunla maraqlanan biri olacaqdı. Onun qayğısını çəkəcək və həyatını daha da rəngarəng edəcək birinə kim etiraz edər ki? Bənövşə bunları düşünərək həyəcanlanıb, istər-istəməz dilindən bu kəlmələr duyuldu:
- Bu çox gözəl olar, mən indidən o qayğını hiss etməyə başladım artıq.
Bu təklifini düşünmədən qəbul edirəm! – deyib Bənövşə utanaraq gülümsədi.
Buğdacıq bu cavabı duyar-duymaz sevincindən var gücü ilə bacardıqca yüksəklərə uçdu.
Bənövşə Buğdacığın bu hərəkətinə bərkdən gülüb, uca səslə:
- Sənin də bu qədər sevinəcəyini düşünməmişdim heç! – deyə aşağıdan Buğdacığa səsləndi.
Beləcə, axşam gün batanadək Buğdacıqla Bənövşə öz həyatları və nələri sevib, nələri də sevmədikləri barədə bir-biri ilə söhbət etdilər.
Günəşin tamamilə batdığını görən Buğdacıq:
- Ay aman!!! Bəs mən yuvama necə qayıdacağam!? –deyərək təlaşla sağa-sola üçdu.
- Bu gecə burada qal, mənim qonağım ol. – Bənövşə Buğdacığı təsəlli etməyə çalışdı.
- Axı ailəm mənim üçün nigaran qalacaq. – Buğdacıq öz narahatlığını bildirdi.
- Bəs mənə deyirdin: “ailəmin heç bir fərdi tərəfindən elə də sevilmirəm.” İndi mən hansına inanım?
- Sevilsəm də, sevilməsəm də mən o ailənin bir üzvüyəm, yoxluğuma mütləq nigaran qalacaqlar. – deyərək Buğdacıq əlləri ilə dizlərin qucaqlayıb, başını da dizlərinə qoydu.
Bir müddət səssiz qalaraq düşündükdən sonra Buğdacıq dedi:
- Artıq çox gecdir, qalmaqdan başqa çarəm yoxdur.
Bənövşə bu məcburi qərara çox sevinmişdi, ancaq bunu büruzə verməyi qüruruna sığışdıra bilmirdi. Çünki Buğdacığa hələ də tam güvənmirdi.
Bənövşənin olduğu məkan çox mənzərəli idi; yaxından kiçik bir çay axırdı, isti yay gecəsinin səssizliyini pozan cırcıramaların və həmin o çayın həzin səsi gecəni daha da maraqlı və ecazkar edirdi. Gündüzün həyəcan və uzun çəkən söhbətindən yorulan Buğdacıq və Bənövşə bu möhtəşəm səslərin sədası altında yuxulayıb yatdılar.
Bu əsnada Buğdacığı yuvasında görməyən bütün ailə fərdləri təşvişə düşüb yuvanın ətrafında Buğdacığı səsləyərək onu axtarırdılar.
Arılar gecələr uça bilmədikləri üçün pətəklərindən kənara uçmurdular. Nə qədər səsləsələr də, Buğdacığı tapa bilməyib əliboş ana arının yanına döndülər.
Arılardan biri ana arıya yorğun halda:
- Nə qədər səsləsək də, Buğdacığı tapa bilmədik. – deyib günahkar bir halda başını aşağı saldı.
Ana arı dedi:
- Boşuna özünüzü yormayın, ona heç nə olmaz. Gedin istirahət edin, səhər ətrafa bir də baxarsınız.
Səhər açıldı, ancaq yenə də Buğdacıqdan heç bir xəbər yox idi.
Buğdacıq və Bənövşə də günəşin ilk işıqları ilə yuxudan ayrılıb öz macəralarına qaldıqları yerdən davam edirdilər.
- Salam Buğdacıq, gecə necə yatdın? – deyə Bənövşə Buğdacıqı xoş təbəssümlə salamladı.
- Salam Bənövşə. Gecə bir az sərin idi, üşüdüm. Ancaq bir qədər sonra bir yarapağa bürünüb isindim. – gülümsəyərək Buğdacıq da öz növbəsində Bənövşəni salamaladı.
Hər ikisinin də bir-birinə etiraf edəcək çox qiymətli və dəyərli bir sözləri var idi, ancaq bunun üçün heç biri özündə cəsarət tapa bilmirdi.
- Bənövşə, bilirsənmi mənim sənə qarşı olan hisslərim çox qəri-bədir. Səndən bir an olsun belə ayrılmaq istəmirəm. Əslində dünən gecə özüm bilrəkdən yubandım və yuvama getmədim. – deyərək Buğdacıq başını günahkar bir halda aşağı saldı.
Bu sözlər Bənövşənin çox xoşuna gəlmişdi əslində. Ancaq tələsməmək üçün özünə söz vermişdi. Buğdacığın bu etirafı qarşısında borclu qalmamaq üçün Bənövşə Buğdacığa dedi:
- Başını niyə aşağı salırsan, utanma. Əslində mənim üçün də çox xoş oldu. Mən çiçək olduğum gündən hər zaman tək olmuşam.
Nə bir söhbət edəcək bir yaxınım, nə də dərdləşəcək bir doğmam olub. Buna görə də bir çiçək olduğum üçün pərişanhal idim. Ancaq nə yalan deyim, səni tanıdığım gündən özümü çiçək kimi hiss etmək məni xoşbəxt edir. Yaxşı ki, səni tanıdım. İstədiyin zaman qal burda, mənim üçün daha xoşdur.
Bunu duyar-duymaz Buğdacıq sevincindən qışqıraraq yenə də sürətlə yüksəklərə uçdu. Çünki Buğdacıq qəti bir qərar vermişdi artıq; ailəsindən ayrılıb Bənövşənin yanında qalmaq. Ancaq bu qərardan Bənövşə xəbərsiz idi.
Aşağı enən kimi Buğdacıq bu xəbəri Bənövşə ilə bölüşdü:
- Bənövşə, bilirsənmi, mən səndən soruşmadan bir qərar qəbul etmişəm. Mən ailəmdən ayrılıb, həmişəlik səninlə birlikdə burada yaşayacam. Məni qəbul edərsənmi?
Bənövşə bir qədər düşünüb dedi:
- Əlbəttə qəbul edərəm. Ancaq sənin bu qərarını ailə üzvlərin necə, qəbul edəcəklərmi?
- Eh! Onların qərarı məni maraqlandırmır. – deyərək Buğdacıq ayağını qəzəblə yerə vurdu.
Bir anda nə düşünüb, nə qərar verdisə, qanat çırpıb, olduğu yerdən sürətlə yüksəlib:
- Bənövşə! Mən birazdan qayıdacam, məni gözlə! – deyib Buğ-dacıq gözdən itdi.
Beynində bəzi qərarları götür-qoy edərək yuvasına sarı sürətlə uçurdu Buğdacıq. Yolda ailəsindən olan digər arılardan bir neçəsini gördü. Onlara məhəl qoymadan yuvaya tez çatması üçün bir saniyənin belə hədər getməsini istəmirdi.
Yuvaya çatar – çatmaz Buğdacıq:
- Ana! Ay ana! Mən gəldim, hardsan!? – uca səslə anasını səslədi Buğdacıq.
- Buğdacıq, nə olub sənə, niyə qışqırısan? Hələ mənə de görüm bu gecə harada idin sən!? – anası Buğdacıqdan təəccüblə soruşdu.
Buğdacıq anasını qucaqlayıb, Bənövşə ilə tanış olduğu gündən başına gələn hər şeyi tək-tək anasına danışdı və verdiyi son qərarı da anasına bildirdi. Anası diqqətlə dinləyib, Buğdacığın başını tumarlayaraq dedi:
- Oğlum, sən Bənövşəyə aşıq olmusan. Burada iki hal var, biri yaxşıdır, digəri isə yaxşı hal deyil. Yaxşı hal odur ki, sən aşiqsən və bu da sənin böyüyüb, böyük arı olduğuna dair bir işarədir. Ancaq pisi odur ki, sən bir arıya deyil, bitkiyə, yəni bir çiçəyə aşiqsən. Axı bu təbiətin qanuna tamamilə ziddir.
Buğdacığın eşitdiklərindən çox məyus olmuş halda gözləri yaşarırdı. Nə deyəcəyini bilmədi. Əslində anasının haqlı olduğunu bilirdi, ancaq o öz qəlbi ilə bacara bilmirdi.
- Oğlum, bax. Qarşıdan payız gəlir, Bənövşənin ömrü payız girəndə bitəcək. Sən isə yaza qədər yuvanda yaşamalısan, yoxsa sən də soyuqdan ölərsən. Sənin həyatınla onun həyatı tamam fərqlidir. – deyərək ana arı Buğdacığı yolundan geri döndərmək istəyirdi.
Ancaq Buğdacığın qulağı heç nə duymurdu, çünki o öz qərarını vermişdi artıq. Buğdacıq anasını qucaqlayıb:
- Ana, məni bağışla, mən bir daha geri dönməyəcəm.- deyib yuvanı tərk etdi.
Buğdacığın bir qanadı yuvasına geri dönmək üçün, digəri isə Bənövşənin yanına getmək üçün çırpınırdı. Xülasə, Bənövşəyə olan eşqi Buğdacığı yuvadan uzaqlaşdırdı.
Buğdacıq Bənövşənin yanına çox asta və sakit bir halda yaxınlaşdı. Bunu görən Bənövşə nəsə baş verdiyini artıq hiss etmişdi.
- Buğdacıq, yoxsa peşimanmı olmusan qərarından? – gülümsəyərək Bənövşə Buğdacığın əhvalını düzəltmək istədi.
- Bənövşə, bilirsənmi, anam nə dedi mənə? Dedi ki, sən Bənövşəyə aşiq olmusan. Səncə, bu doğrudurmu? – deyə sakit bir halda Buğdacıq Bənövşədən soruşdu.
Bənövşə Buğdacığın verdiyi öz qərarından geri dönmədiyini və öz sözünün sahibi olduğunu görüb ona güvənməyə başlamışdı artıq.
- Əslində səndəki hissin adını səndən başqa heç kim bilə bilməz, Buğdacıq. Ancaq mənim hisslərimə qalsa, deyəsən, mən sənə dəqiq aşiq olmuşam.- deyərək Bənövşə utancaq bir halda başını aşağı saldı.
Bu etiraf Buğdacığı bir anda ruhlandırdı:
- Sən nə danışırsan Bənövşə!? Bu ki çox möhtəşəm bir xəbərdir! – deyərək bir anda Buğdacığın əhvalı düzəldi.
Bəli, artıq qəhrəmanlarımız öz eşqlərini bir-birlərinə etiraf etmiş və özlərini dünyanın ən xoşbəxtləri olaraq hiss edirdilər. Beləcə, günlər ayları qovaladı. Buğdacıqla Bənövşə hər gün birlikdə deyib-gülüb öz eşqlərini yaşayırdılar. Ancaq qarşıdan gələn soyuqlardan heç birinin xəbəri yox idi. Artıq havalar sərinləməyə başlamışdı və gecələr əsən soyuq külək Buğdacığı narahat edirdi. Çünki buğdacıq bu cür havaya alışmamışdı. Bunu görən Bənövşə Buğdacıqdan təəccüblə soruşdu:
- Sənə nə olub? Son günlər gözümə birtəhər dəyirsən. Yoxsa yuvan və ailən üçün darıxmısan?
- Əslində, məsələ o deyil, gecələr çox soyuq olur, yamanca üşü-yürəm. Artıq yarpaqlar da məni soyuqdan qoruya bilmir. Bir tərəfdən də nə yalan deyim, ailəm üçün də çox darıxmışam. - deyərək Buğdacıq duyğulandı.
- O zaman gəl belə edək. Sən gecələri yuvana get. Həm ailəni görmüş olarsan, həm də soyuqdan qorunmuş olarsan. – deyərək Bənövşə Buğdacıq üçün çıxış yolu göstərdi.
- Bəs sən? Sən gecələr üşümürsən? – Buğdacıq Bənövşədən qayğı ilə soruşdu
- Yox, biz bitkilər bu cür havaya dözümlüyük. Sən mənim məsləhətimi dinlə. Elə bu gecədən get yuvana.- deyərək Bənövşə Buğdacıqla beləcə razılaşdı.
Elə həmin gecə Buğdacıq azca utanmış və həddindən artıq darıxmış bir halda, uzun müddətdən sonra yuvasına geri döndü. Yuvadakılar Buğdacığın yaşamasına dair artıq ümidlərini itirmişdilər. Çünki Buğdacıq iki aydan artıqdır ki, yuvasını tərk etmişdi. Ailəsi Buğdacıqsız həyata alışsa da, Buğdacıq öz ailəsindən ayrı yaşamağa alışa bilməmişdi.
Buğdacıq yuvaya daxil olduğu zaman yuvada hər kəs donub qaldı, bir müddət hər kəs səssiz halda qapıda başı aşağı halda duran Buğdacığa baxdı.
Bu səssisliyi ana arı pozdu:
- Gəl yanıma, Buğdacıq. – deyərək qolarını Buğdacığa sarı açdı.
Buğdacıq çox pərt olmuş və ailəyə yadlaşmış bir şəkildə anasının açdığı qollara sığındı.
- Biz artıq sənin öldüyünü düşünürdük, bu zamana qədər sən harada idin, Buğdacıq? – soruşaraq anası Buğdacığı bağrına basdı.
Buğdacıq:
- Bənövşənin yanında idim, ana. – pıçıltı ilə cavab verdi
- Axı mən sənə dedim, sizin həyat tərziniz çox fərqlidir, getmə.- anası Buğdacığa tövsiyyəsini xatırlatdı.
Buğdacıq isə cavabında:
- Ana, sən sevginin, eşqin, ümumiyyətlə, aşiq olmağın nə olduğunu bilirsənmi heç!? - deyərək anasının gözlərinə baxdı.
- Əlbəttə bilirəm, oğlum. Eşq – öz cismində ikinci bir “sən”-lə yaşamaq deməkdir. Birinci “sən” şüurunu, ikinci “sən” isə ruhunu dinləyər. – deyərək anası eşqi ən gözəl şəkildə Buğdacığa izah etdi.
- Ana, mən hər gün gecələri yuvamda, gündüzləri isə Bönəvşənin yanında olacam. Çünki gecələri soyuq, gündüzləri isə hava xoş olur. – beləcə Buğdacıq öz qərarını anasına bildirdi.
- Oğlum, bu eşqin sonu yoxdur, hər ikinizin də əli sonda boş qalacaq. – anası Buğdacığı bir daha yolundan döndərmək istədi.
- Ana, əlimiz boş qalsa da, qalmasa da biz bir-birimizdən ayrı qala bilmirik artıq. Xahiş eidrəm, məni anlamağa çalış.- deyərək Buğdacıq anasından onu anlamasını umurdu.
Buğdacıq Bönəvşəyə olan eşqindən anasına saatlarca dayanmadan danışdı. Bir Bönəvşə dediyi zaman biri dilindən, yüz Bənövşə isə onu gözlərindən saçılırdı. Anası Buğdacığın Bənövşəyə bağlandığını çox gözəl anlamışdı. Artıq onu yolundan geri döndərə bilməyəcəyini də bilirdi. Ancaq əlindən heç nə gəlmirdi artıq.
Buğdacıq dediyi kimi də etdi, gecələr yuvasına qayıdır, gündüzləri isə Bənövşənin yanında olurdu.
Artıq havalar çox soyumuşdu, bəzən Buğdacıq gündüzlər də üşüyürdü. Ancaq Bənövşəyə olan eşqindən onun yanından uzaqlaşmırdı.
Bir gün yenə Buğdacıq Bənövşənin yanında idi. İkisi də bərk üşüyürdülər. Bəlkə isti olar deyə, bir-birlərini bərk-bərk qısılmışdılar. Ancaq onlar öz zərif cisimləri ilə güclü və soyuq küləyə qarşı güc gələ bilmirdilər.
Birdən necə oldusa, külək Bənövşənin ləçəyinin birini qoparıb apardı.
Bunu görən Bənövşə çox qorxmuş halda:
- Buğdacıq! Mənə kömək et, yoxsa, bu külək mənim bütün ləçəklərimi qoparıb atacaq.- deyərək Buğdacıqdan yardım istədi.
Ancaq biçarə Buğdacıq nələr olduğunu tam anlaya bilmirdi, çünki həm bərk üşümüş, həm bərk qorxmuş və öz acizliyini də hiss etmişdi artıq. Buğdacıq özü küləyin axımına düşməməsi üçün Bənövşənin yanıdakı otdan bərk-bərk yapışmışdı. Soyuq onun bədənini keyitmişdi. Buna baxmayaraq Bənövşə üçün nələrsə etməyə çalışsa da, əlindən heç nə gəlmirdi.
Çox keçmədi, külək zəiflədi, ancaq soyuq hava öz hökmünü qoruyurdu.
- Buğdacıq, mən çox qorxuram artıq. – Bənövşə soyuğun təsirindən büzüşmüş halda öz hisslərini Buğdacığa bildirdi.
- Bəlkə səni də aparım yuvamıza? Bəli, bəli, düz tapmışam! Hazırlaş, səni də aparıram yuvamıza, ora istidir və həm də anamla tanış olarsınız. – sevincək halda Buğdacıq Bənövşəni dartışdırdı.
- Sən nə danışırsan Buğdacıq? Mən kök saldığım torpaqdan çıxsam ölərəm. Mən səninlə heç yerə gedə bilmərəm – deyib Bənövşə hönkürərək ağladı.
- Ağlama, Bənövşə. Məni də ağladcaqsan. – deyərək Buğdacıq Bənövşənin göz yaşlarını sildi.
- Mən getməliyəm yuvama, çünki mənim üçün çox soyuqdur artıq. Sabah səhər yenə gələcəm, sən darıxıb ağlama, yaxşımı?- Buğdacıq Bənövşəyə təsəlli verib və hava çox qaralmadan yuvasına geri döndü.
Həmin gecə çox fikirli idi, durmadan yuvada o baş, bu başa var-gəl edib, nəsə öz-özünə danışırdı Buğdacıq. Bu halı görən ana arı Buğdacığın yanına gələrək:
- Oğlum, sənə nə olub, niyə belə pərişansan? Dərdini mənlə bölüş, bəlkə yardım edə bildim sənə? – deyərək anası Buğdacıqdan soruşdu.
Buğdacıq anasına yalvaran gözlərlə baxıb dedi:
- Ana, bilrisənmi, bu gün çox güclü və çox da soyuq bir külək var idi çəməndə. O qədər güclü idi ki, Bənövşənin ləçəyini qoparıb apardı. Biz ikimiz də bu hala çox qorxduq. Mən Bənövşəyə təklif etdim ki, gəlsin bizim yuvamıza, ancaq o, bitki olduğu üçün olduğu yerdən heç yana gedə bilməyəcəyini bildirdi mənə.
- Oğlum, qarşıdan qış gəlir, qar yağacaq, şaxta olacaq. Nə sən, nə də Bənövşə qışın şaxtasına döz bilməyəcəksiniz. Bənövşənin ömrünə az qalıb, çünki payızdır artıq. Bütün bitkilər payızda saralıb-solurlar.
Buğdacıq eşitklərinə inana bilmədi, bir daha düşündü. Düşündükcə istər-istəməz gözləri yaşardı:
- Ana, sən nə danışırsan? Necə yəni ömrünə az qalıb, axı biz bir-birimizə doymamışıq hələ. Bu necə ola bilər axı? – uca səslə, hönkürərək Buğdacıq ağladı.
- Sən istəsən də, istəməsən də bu belədir, Buğdacıq.- deyərək anası Buğdacığın başını tumarladı.
Həmin gecə Buğdacığın gözünə yuxu getmədi, səhərə qədər anasının sözünü xatırlayıb səssiz-səssiz ağladı.
Səhər açılar-açılmaz Buğdacıq yuvasını tərk etdi. Bənövşənin yanına çatana qədər soyuq hava Buğdacığı keyitmişdi.
Bənövşənin yanına çatan kimi Buğdacıq onu bərk-bərk qucaqlayıb, dedi: - Bənövşə, mənə söz ver!
Bənövşə çaşqın bir halda Buğdacığa baxaraq:
- Nə sözü verim, Buğdacıq?- dedi
- Söz ver ki, məni heç vaxt tərk etməyəcəksən!- deyib Bənövşəni bir az da bərk sıxdı.
- Yavaş! Məni incidirsən, Buğdacıq! Sənə nə olub axı belə? sən heç vaxt mənimlə belə davranmazdın. – təəccüblənərək Bənövşə Buğdacıqdan soruşdu.
- Bənövşə, sən qışın və şaxtanın nə olduğunu bilirsənmi!?- maraqla Buğdacıq Bənövşədən soruşdu
Bənövşə bir az düşündükdən sonra:
- İlk dəfədir eşidirəm bu sözləri, nə işə yarayır ki, qış və şaxta?!- deyə Buğdacıqdan təəccüblə soruşdu.
Buğdacıq özünü çıxılmaz vəziyyətə salmışdı. Nə deyəcəyini bilmirdi. O, necə desin ki, sənin ömrünə az qalıb? Bənövşəyə necə desin ki, şirin yuxumuzun sonu çatıb artıq? Bunları düşündükcə Buğdacıq ağlamamaq üçün özünü güclə saxlayırdı.
- Unut Bənövşə, doğrusu, heç mən də bilmirəm nə olduqlarını. Bu gün səhər yuvamızda digər arılardan eşitmişdim.- deyərək mövzunu dəyişməyə çalışdı Buğdacıq.
Ancaq Bənövşə hiss edirdi ki, Buğdacıq bu gün xeyli təşviş içindədir. Doğrusu, bunun səbəbini də soruşmaq istəmirdi, çünki bilirdi ki, cavab ala bilməyəcək. Bənövşə bir qədər fikirə dalmışdı ki, birdən başından yenə bir ləçək qopub düşdü. Bunu görən Buğdacıq və Bənövşə nə olduğunu anlamadan həyəcan içində bir-birlərinə baxdılar. Buğdacıq nələr olduğunu anlayırdı yavaş-yavaş. Ancaq Bənövşəyə bunu izah etmək bir fəlakət olardı.
Ən doğrusu hər şeyi zamana buraxmaqdır. - deyə düşündü Buğdacıq.
Hər şeydən xəbərsiz Bənövşə artıq öz gözəlliyini itirmək qorxusu ilə Buğdacıqdan utanırdı. Onu özündən necə uzaqlaşdıracağını düşünürdü artıq. Çünki Buğdacığın onu bu halda artıq sevməyəcəyini düşünürdü.
- Bax, görürsənmi Buğdacıq, məni o qədər sıxacladın ki, ləçəklərimi tökdün. - deyərək Bənövşə Buğdacığa qəzəbləndi.
Əslində bu qeyri-təbii qəzəb Buğdacığı Bənövşədən uzalşdırmağın ilk addımları idi. Bənövşənin qəlbi parça-parça da olsa, bunu mütləq etməli idi. Çünki Bənövşə öz sevdiyinin qarşısında keçəl bir halda qalmaq istəmirdi.
- Get burdan! Bir daha bura geri dönmə, Buğdacıq! Bax gör məni nə hala saldın. – qəzəbini daha da artırmaqla Bənövşə Buğdacığa qışqırdı.
- Axı mən sənin yalnız yarpaqlarına toxunmuşdum, ləçəklərinə heç toxunmadım. Sən bu sözlərinlə məni bərk incidirsən, Bənövşə.- dəyərək məyus bir halda Buğdacıq özünü haqlı çıxarmağa çalışsa da fayadası olmadı. Çünki Bənövşənin qərarı qəti idi.
Buğdacıq çox sarsılmışdı. Anasının dedikləri və Bənövşənin bu sitəmi onun bütün düşüncə və hisslərini alt-üst etmişdi. Buğdacıq heç nə etmədən, pərt olmuş bir halda uçub, yuvasına geri döndü. O, bir neçə gün yuvada təkcə və səssizcə bir kənarda oturub düşündü. Anası nələrin baş verdiyini təxmin edirdi. Ona görə də ailədə hər kəsə tapşırdı ki, heç kim Buğdacığa yaxın gedib ondan heç nə soruşmasın.
Buğdacıq bu ayrılığa üç gün dözə bildi.
Bənövşə Buğdacığın iki gün gəlmədiyini gördükdə öz məqsədinə çatdığını düşünürdü. Ancaq Bənövşənin bütün ləçəkləri tək-tək tökülmüşdü artıq. Bənövşə nələrin olduğunu anlaya bilmirdi. Bənövşə get-gedə özünü çox pis hiss edirdi, çünki soyuq ona güc gəlirdi.
Sadəcə üç gün dözə bilən Buğdacıq, dördüncü günün səhəri tələsik Bənövşənin yanına uçdu. Bənövşənin yanına çatsa da, yaxına gedib onu incitməmək üçün ona uzaqdan baxmağa qərar verdi. Çünki o bilirdi ki, Bənövşə keçəl bir halda ona görünməmək üçün Buğdacığı yanından qovub.
Buğdacıq Bənövşənin olduğu yerə baxdığı zaman dəhşətə gəldi; Bənövşənin başında bir dənə də olsun ləçək qalmamışdı artıq. Külək onun zəifləmiş cismini sağa-sola çırpırdı. Bu səhnəyə dözə bilməyən Buğdacıq tələsik Bənövşənin yanına uçdu.
- Bənövşə! –Buğdacıq həyəcanla öz sevgilisini səslədi.
Soyuqdan heç taqəti qalmayan Bənövşə birtəhər Buğdacığı gördü, həm sevinib, həm də kədərlənərək ağlamağa başladı. Bənövşə soyuqdan titrəyərək alçaq səslə dedi:
- Bilirdim ki, qayıdacaqsan və bilirdim ki, mənsiz dözə bilməyəcəksən. Yaxın gəl, qorxma, bilirəm ömrümün son günlərini yaşayıram. Səni qovmağımın səbəbi isə, mən yox olduqdan sonra sənin xəyalında bu cür bərbad bir halda qalmaq istəməməyimdir.
- Sən nə danışırsan, sən yaşayacaqsan, yenidən ləçəklərin olacaq, Bənövşə. Sən daha da gözəl olcaqsan. Belə deyib qəlbimi parçalama, Bənövşə!- Buğdacıq ağlayaraq Bənövşəni təsəlli etmək istəyirdi.
- Bax ətrafa, dünənə qədər yamyaşıl olan çəmənlik necə saralıb-solub. Yoxsa, elə düşünürsən ki, bu qədər çəmənlikdə bir mən yaşıl qalacam? Ətrafda olan bitkilərin çoxu solub, çör-çöp olub. İndi isə növbə mənimdir. – deyərək Buğdacığa həqiqəti izah etməyə çalışdı Bənövşə.
Sonra Bənövşə davam etdi:
- Həyatıma rəng qatdın, dəyərli olduğumu öyrətdin mənə, məni sevginlə, eşqinlə yaşatdın sən. Bilirəm, biz bir daha görüşməyəcəyik. Yadında, mənə demişdin ki, söz ver ki, məni heç vaxt tərk etməyəcəksən. Ancaq mən sənə söz vermədim, çünki ilk ləçəyimin düşməsi səni yavaş-yavaş tərk etdiyimə bir işarə olduğunu anlamışdım artıq. Bağışla məni, Buğdacıq, ilk mən səni tərk etdirəm.
Bu gecə onların son gecəsi olduğunu heç biri bilmirdi. Onlar bir-birlərini qucaqlayıb soyuqdan və küləkdən qorunmağa çalışırdılar.
Səhər tezdən soyuqdan bərk üşümüş Buğdacıq küləyin təsirindən yerə çırpıldı. Bu an tez gözü Bənövşəni axtardı:
- Bənövşə! Bənövşə! Eşidirsən məni?- deyərək Buğdacıq tez Bənövşəyə yaxınlaşdı.
Ancaq Bənövşənin cansız cismi yerə sərilmişdi. Bunu görən Buğdacıq Bənövşəni çağıraraq və ucadan ağalayaraq Bənövşəni dikəltməyə çalışsa da öz məqsədinə çata bilmədi. Çünki Bənövşə gecədən əbədi olaraq gözlərini yummuşdu artıq.
Buğdacıq nə edəcəyini bilmirdi. Çünki o, aşiq olduğu, hər gün onunla sevinib, deyib-güldüyü birini itirmişdi artıq.
- Kaş o üç günü də səndən ayrılmazdım Bənövşə! Bir bilsən o üç günə mənə necə ağır gəldi. Kaş o üç günü də mən səninlə keçirmiş olaydım!- deyib ucadan ağladı Buğdacıq.
Artıq yolun sonuna çatmışdı Buğdacıq. Çarəsiz və əlacsız bir halda Bənövşəni qucaqlayıb o qədər ağladı ki, heç xəbəri olmadan onu yuxu tutub yatmışdı. Həmin gecə hava çox soyuq oldu. Sanki külək onların bu halına sevinirdi. Gah möhkəm əsir, gah da səngiyirdi.
Bir neçə gün yuvaya qayıtmayan Buğdacığın harda olduğuna nigaran qalan ana arı bütün arılara Buğdacığı tapmağı əmr etdi:
- Hava çox soyudu, o, bu havada ölər. Gedin, harda olsa, qolundan-qanadından tutun gətirin yuvaya! – ana arı qəti surətdə əmr etdi.
Səhər tezdən bütün ailə Buğdacığın tez-tez getdiyi çəməni vurdular bir-birinə. Bir neçə saat axtardıqdan sonra onu Bənövşəni qucaqlamış halda tapdılar.
Tələsik aşağı enib onu çağırdılar:
- Buğdacıq, bu soyuq havada sən burda nə edirsən!?
Ancaq Buğdacıq cavab vermədi, çünki Buğdacıq öz sevgisi ilə bərabər bu dünyanı tərk etmişdi.
Buğdacıq və Bənövşə kimilərinin ömrü qısa olsa da, onlara güc verən bir eşqləri vardır. Bayquş kimi səksən il eşqsiz yaşamaqdansa, Buğdacıq və Bənövşə kimi 6 ay yaşamaq daha şərəflidir!

Naxçıvan,
02 dekabr 2022-ci il


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: