Dövlət Rəmzləri və Prezident hakimiyyəti

Dövlət Rəmzləri və Prezident hakimiyyəti Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)


Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1 : 2-dir.
Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.


Dövlət Rəmzləri və Prezident hakimiyyəti Dövlət Bayrağı

Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Dövlət Rəmzləri və Prezident hakimiyyətiAzərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin qabarıq təsviri:
Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.


Azərbaycan Respublikasının Dövlət Himni

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır


Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!


Dövlət Rəmzləri və Prezident hakimiyyəti
PREZİDENT

Konstitusiyaya müvafiq olaraq, Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır. Prezident hakimiyyətinin statusu, seçilməsi, səlahiyyətləri barədə Konstitusiyanınən mühüm siyasi-hüquqi və etik müddəaları aşağıdakılardır:

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir (maddə 8, hissə I), dövlətin Silahlı Qüvvələrinin Ali baş komandanıdır (maddə 9).
Bu konstitusion normalar mənəvi prinsiplərlə də dəstəklənir. Həmin prinsiplərə uyğun olaraq, Prezident hakimiyyəti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və hakimiyyətin varisliyi prinsipini təmin edir (maddə 8, hissə II). Siyasi təhlükəsizlik prinsipi belə ifadə olunmuşdur: “Prezident... Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün... təminatçısıdır” (maddə 8, hissə III). Bundan əlavə, hakimiyyətin icraedici qolunun başçısı olan Prezident (maddə 99) dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına təminatçısıdır (maddə 8, hissə III). Dövlətin başçısı məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır (maddə 8, hissə IV).

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
Prezident hakimiyyətinin legitimliyi ümumxalq seçkiləri ilətəmin edilir, bundanəlavə, Konstitusiyaya əsasən, ali dövlət vəzifəsinə namizədlər barəsində məhdudiyyətlər müəyyən edilmişdir. Yaş senzi – 35 yaşdan az olmamaqla, oturaqlıq senzi – Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamaq şərti, təhsil senzi – ali təhsiləmalik olmaq, mənəvi senz – ağır cinayətlərə görə məhkumluğun olmaması və başqa dövlətlər qarşısında hər hansı öhdəliyin olmaması, siyasi senz – ikili vətəndaşlığının olmaması müəyyən edilmişdir (maddə 100). Konstitusiyaya görə, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir (maddə 101). Ali hakimiyyətin rəmzi mərasim məqamı mətni təsbit olunmuş andiçmə təsisatında əks olunmuşdur. Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir (maddə 103). Prezidentin simasında fərdiləşdirilmiş ali hakimiyyətin toxunulmazlığı onun şərəf və ləyaqətinin qorunması tələbi ilə tamamlanmışdır (maddə 106).

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
Konstitusiyada dövlət başçısının geniş səlahiyyətləri təsbit olunmuşdur. Bu səlahiyyətlər 109-cu maddənin 32 bəndində əks olunmuşdur. Prezident Nazirlər Kabinetinin qərarlarını ləğv etmək, onu, Baş nazir istisna olmaqla, istefaya göndərmək hüququna malikdir. Baş nazirin, eləcə də Baş prokurorun istefaya göndərilməsi üçün Milli Məclisin razılığı tələb olunur. Prezident Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Milli Bankı İdarəheyətinin üzvlərinin təyin olunması barədə Milli Məclisə təqdimatlar verir.

Ali baş komandan kimi, Prezident Silahlı Qüvvələrin ali komanda heyətini vəzifəyətəyin və vəzifədən azad edir. Dövlət başçısı öz Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezident dövlət büdcəsini, Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edir, dövlət sosial-iqtisadi proqramlarını təsdiq edir, mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır, referendum təyin edir, qanunlar imzalayır vədərc edir. Prezident vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərini həll edir əfv barədə, Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir; dövlət təltifləri təqdim edir; ali hərbi və ali xüsusi rütbələr verir; ümumi vəqismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir. Beynəlxalq müqavilələrə riayət edilməsinin təminatçısı kimi Prezident dövlətlərarası və hökumətlərarası müqavilələr bağlayır, dövlətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Milli Məclisə təqdim edir, beynəlxalq müqavilələrin təsdiq edilməsi barədə fərmanları imzalayır.

Prezident milli təhlükəsizlik məsələlərini Konstitusiya ilə ona verilmiş səlahiyyətlər əsasında həll edilir. Prezident Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; fövqəladə və hərbi vəziyyət elan edir və Milli Məclisin razılığı ilə müharibə elan edir, sülh bağlayır. Prezident Silahlı Qüvvələrin əsas təyinatı ilə əlaqədar olmayan vəzifələrin icrasına cəlb edilməsinərazılıq verilməsi barədə Milli Məclisə təqdimat verəbilər. Prezidentin səlahiyyətlərində Konstitusiyaya əsasən Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələlərin həll olunması nəzərdə tutulmuşdur.



Prezident hakimiyyəti

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri:

(Azərbaycan Respublikası Konstitusiyasından çıxarışlar)

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

Azərbaycan Respublikasının Prezidenti:

1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;

2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;

3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;

4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;

7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

8) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;

9) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;

10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir; Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;

11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;

12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;

13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;

14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;

15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;

16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;

17) hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;

18) referendum təyin edir;

19) qanunları imzalayır və dərc edir;

20) vətəndaşlıq məsələlərini həll edir;

21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

22) əfv edir;

23) dövlət təltifləri ilə təltif edir;

24) ali hərbi və ali xüsusi rütbələr verir;

25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;

28) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

29) fövqəladə və hərbi vəziyyət elan edir;

30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;

31) Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

32) Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. (1, 2)

Seçkilər

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.

IV. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

VI. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir. (1, 2)

Maddə 102. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir. (1)

Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı

I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm".

II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı

Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: