AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr edilmişdir Qarabağ, Digər bölmələr, AzTU 27 Mayıs TƏBRİK EDİRİK!.. Azərbaycan Texniki Universiteti (AzTU) 2016-cı ildə beynəlxalq elmi layihələrdə iştirakını və Avropa universitetləri ilə elmi əlaqələrini uğurla davam etdirir. Azərbaycan Texniki Universitetinin qoşulduğu Avropa Birliyinin 7-ci Cərçivə Proqramı üzrə qəbul edilmiş 3 illik (2012-2015) elmi layihə müvəffəqiyyətlə başa çatdırılmışdır. Bu layihənin yerinə yetirilməsi üçün yaradılan Elmi Konsorsiumun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri (koordinatoru) AzTU-nun professor V.İ.Baxşəliyev olmuşdur. Aparılan elmi-tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq nüfuzlu elmi jurnallarda dərc edilmiş, konsorsiumun mandatı əsasında prof. Valeh Baxşəliyev tərəfindən Avropa Birliyinin elmi konfranslarında məruzə edilmişdir. Həmin tədqiqat işlərinin əsasında yazılan monoqrafiya bu yaxınlarda (2016-cı ilin yanvar ayında) dünyanın tanınmış beynəlxalq nüfuzlu akademik nəşriyyatlarından olan “Springer” (Almaniya) nəşriyyatında çap olunmuşdur. Maşın və Mexanizmlər üzrə Beynəlxalq Federasiyanın (İFToMM) həmsədri, prof. Nodar Davitaşvilinin həmmüəllifliyi ilə nəşr olunmuş kitab “Çarxqolu-sürüngəc mexanizmlərin dinamikası” (Dynamics of Crank-Piston Mechanisms) adlanır. Monoqrafiya 9 fəsil və 242 səhifədən ibarətdir. Kitabın elmi və biznes əhəmiyyətliliyi, elmi-tədqiqat metodikası, elmi nəticələr və praktiki tövsiyələr “Springer” nəşriyyatının ekspertləri tərəfindən yüksək qiymətləndirilmiş və onun nəşrinə icazə verilmişdir. İngilis dilində yazılmış monoqrafiya neft və qaz sənayesində geniş istifadə olunan pistonlu maşınların (kompressor və nasosların) kinematik cütlərindəki araboşluqları, materialların mexaniki xüsusiyyətləri, real işçi rejimi, sürtünmə və zərbə prosesi nəzərə alınmaqla bu maşınların və mexanizmlərin dinamik analizinə həsr edilmişdir. Burada Qafqaz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və avadanlıqların ətraf mühitin çirklənməsinə təsirinin azaldılması üçün tövsiyələr verilmişdir. Onu da qeyd etmək lazımdır ki, indiyədək “Springer” nəşriyyatında Azərbaycanlı alimlərin 20 kitabı nəşr edilmişdir və bu kitab prof. V.İ.Baxşəliyevin xaricdə nəşr olunan sayca 3-cü kitabıdır. Qeyd edək ki, bir neçə xarici elmi jurnalların redaksiya heyətinin üzvü olan prof. V.İ.Baxşəliyevin beynəlxalq elmi əlaqələri və xaricdə çap olunan elmi-tədqiqat işləri nəzərə alınaraq o, bu il “American Journal of Mechanical and Industrial Engineering” (ABŞ) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü qəbul edilmiş, beynəlxalq elmi konfransın (“Mechanics 2016”, 23-25 iyun 2016) təşkilat komitəsinin üzvü və Avropa Birliyinin “HORİZON - 2020” Proqramının "Smart nəqliyyat" istiqaməti üzrə milli koordinatoru (National Contact Point) seçilmişdir. Biz də bu yeni uğuru münasibətilə AzTU-nun çox hörmətli professoru Valeh Baxşəliyevi ürəkdən və səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji-ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI. Kitabla aşağıdakı internet linkdə tanış olmaq olar:My Webpagehttp://link.springer.com/book/10.1007/978-981-10-0323-3. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.