Dağlıq Qarabağın azərbaycanlı icması dialoq axtarışında Azərbaycan » Qarabağ 14 Temmuz Rövşən Rzayev: Qarabağın erməni icması azərbaycanlılarla barışığa, əməkdaşlığa, birgə yaşayışa məhkumdular“Dağlıq Qarabağın erməni icması güclü lobbinin təsiri altındadır. Onlar erməni lobbisinin saxta vədlərinə inanaraq dialoqdan, konstruktiv mövqedən kənara çəkilirlər. Amma bu məsələnin geci-tezi var, Dağlıq Qarabağın erməni icması azərbaycanlılarla barışığa, əməkdaşlığa, birgə yaşayışa məhkumdur”.Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayev Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun bərpası barədə “İki sahil”in suallarını cavablandırarkən belə deyib. Əslən Şuşa şəhərindən olan deputat ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin İrəvana və Bakıya son səfərindən sonra icmalar arasında dialoqun baş tutacağına inamını ifadə edib. Onun sözlərinə görə, Ştaynmayerin bölgəyə səfərindən sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun bərpa olunması üçün yeni şanslar yaranıb. Belə ki, Ştaynmayerlə Bakıda keçirilən görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icmasının müraciəti və təklifləri ATƏT rəhbərliyi tərəfindən xüsusi maraqla qarşılanıb: “Ştaynmayerin bizim təkliflərə münasibətini nəzərə alaraq, mən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun bərpa olunacağına inanıram. Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və biz doğma torpağımıza qayıdandan sonra Dağlıq Qarabağda erməni icması ilə Azərbaycan icması yenidən birgə yaşamaqda davam edəcəklər. Biz dialoqa, korlanmış münasibətlərin bərpasına nə qədər tez başlasaq, bu, sülh danışıqlarına bir o qədər tez müsbət təsir göstərə bilər”.Dağlıq Qarabağın azərbaycanlı icmasının uzun müddətdir bu istiqamətdə işlər apardığını vurğulayan Rövşən Rzayev hələ ki, Ermənistan tərəfinin dialoqdan qaçdığını, icmalar arasında görüşlərdə iştirak etmək istəmədiyini təəssüf hissi ilə qeyd edir: “Ermənilərin Azərbaycanın sülhsevər təşəbbüslərinə qoşulmaması, dialoqdan qaçması o deməkdir ki, onların 25 il əvvəlki işğalçılıq düşüncəsi hələ də başlarındadır. Bunun bir səbəbi də odur ki, erməni lobbisi hesabına dünyanın güc mərkəzlərindən, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Ermənistana böyük dəstək gəlir. Nəticədə Dağlıq Qarabağın erməni icması Azərbaycan tərəfinin sülhpərvər təşəbbüslərini açıq şəkildə dəstəkləməkdən ehtiyatlanır, birgə dialoqdan və konstruktiv mövqedən kənara çəkilir. Amma inanırıq ki, Ermənistan tərəfi də gec-tez bu danışıqlarda konstruktiv mövqe tutacaq və bizim icmalar birgə dialoqları davam etdirəcəklər. Erməni icmasının rəhbəri Bako Saakyan ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyin İdarə Heyətinin sədri Bayram Səfərov mütəmadi olaraq görüşəcəklər”.Rövşən Rzayev ATƏT sədrinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun bərpasına nail olacağına da inanır. Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin bu təşəbbüsü Ştaynmayer tərəfindən xüsusi həssaslıqla qarşılanıb: “Cənab Ştaynmayer dedi ki, Almaniyaya qayıtdıqdan sonra özü şəxsən bu işlə məşğul olacaq. Eyni zamanda biz özümüz də bu istiqamətdə müəyyən addımlar atırıq ki, icmalar arasında dialoq mümkün qədər tez başlasın”.Milli Məclisin deputatı onu da bildirib ki, Ştaynmayerin Bakıda keçirdiyi görüşlərdən bir gün sonra Almaniya və Fransadan olan telejurnalistlər də Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında görüşlərin bərpası məsələsi ilə maraqlanıblar. Bakıya səfər edən jurnalistlər belə bir görüşün mümkünlüyü və onun baş tutması üçün hansı addımların atıldığını öyrənməyə çalışıblar: “Mən həmin jurnalistlərlə də görüşdüm və onları maraqlandıran sualları cavablandırdım. Onlar özləri də söylədilər ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının təşəbbüsü Avropa mətbuatının diqqət mərkəzindədir. Çox müsbət haldır ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının dialoq təşəbbüsü, bizim bu məsələdə tutduğumuz mövqe Almaniya və Fransa televiziyaları vasitəsilə səsləndiriləcək”.Xatırladaq ki, 2007-2009-cu illərdə hazırda Azərbaycanın Rusiyadakı səfiri, əslən Şuşadan olan Polad Bülbüloğlunun təşəbbüsü ilə Azərbaycan və erməni icmaları arasında görüşlər keçirilib. Belə ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri Şuşaya və Xankəndinə səfər ediblər. Ancaq rəsmi İrəvan bu səfərlərdən qıçıqlanmış və narazılığını gizlədə bilməmişdi. Məhz bunun nəticəsində Ermənistanın Rusiyadakı səfiri işdən azad olunmuşdu. Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşdə bu məqam xüsusi olaraq Ştaynmayerin diqqətinə çatdırılıb və ondan xahiş edilib ki, ATƏT sədri kimi erməni icması ilə əlaqələrin bərpasına köməklik göstərsin. Ştaynmayer isə öz növbəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü təşkil etmək üçün bütün imkanlardan istifadə edəcəyini, bununla bağlı erməni tərəfi ilə danışıqlar aparılacağını söyləyib.Elxan Salahov. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.