ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ!..

ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ!.. Bu günlərdə gözləmədən aldığımız bir acı xəbər
çoxları kimi bizi də sarsıtdı:
Şuşanın tanınmış el ağsaqqalı,
daima Şuşaya qayıtmaq arzusuyla yaşayan
hörmətli XASAY KİŞİ elə Şuşa həsrətiylə də
dünyasını dəyişmişdir.
Xasay əmi sözün əsil mənasında
Xeyirxah İnsan idi.
O, xeyirxah olduğu qədər də,
Yurdsevər və Vətənpərvər Kişiydi...

Allah rəhmət eləsin... Ruhu şad olsun...

ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından
Xasay Əminin vəfatından kədərləndiyimizi bildirir,
Oğulları Nuğay, Muğan, Ağalar, Məzahir Əliyevlərə,
eləcə də digər övladlarına, nəvələrinə, yaxınlarına və
doğmalarına dərin hüznlə başsağlığı veririk!..

Və aşağıda jurnalist Kərim Kərimlininin Xasay əmi ilə bağlı
qələmə aldığı yazını oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN...


Bir dəfə vəzifəli şəxs haqqında tənqid yazdığıma görə cüvəllağının biri bir toy məclisində məni çölə çağırıb "haqq-hesab" tələb etməyə başladı. "Səni kimin iti tutub?" - soruşdum. Dedi ki, bəs o tənqid etdiyin adam Şuşanın simvollarından biridir, mən də bir şuşalı kimi onu müdafiə edirəm. Gülmək məni tutdu. Ona simvolun nə demək olduğunu izah etməyə məcbur oldum, sonra da başa saldım ki, əgər insanlardan söhbət getsə, Şuşanın simvolu Üzeyir bəydir, Əbdürrəhim bəydir, Cabbardır, Seyiddir, Xan əmidir, Bülbüldür... Müasir dövrdə Gülağa Zeynalovdur, Ramiz Qənbərovdur, rəssam Valehdir...
...Sadaladığım sadə adamların sırasında el ağsaqqalı Xasay Əliyevin də adını çəkdim:
- Xasay əmidir!
...Şuşanın simvollarından daha biri söndü bir ulduz kimi: el ağsaqqalı Xasay Əliyev!

Çöhrəsi Şuşanın çöhrəsi, təbəssümü Şuşanın təbəssümü, xeyirxah ürəyi daim Şuşa ilə vuran, vüqarı Kirs vüqarı, ağsaqqallığı misilsiz...
Daha bir əvəzsiz adam itirdi Şuşa camaatı...
Heyhat Şuşasız qalan Şuşa cammaatı qiymətli, əvəzsiz, xeyirxah, müdrik adamlarını, ziyalılarını, ağsaqqallarını, simvollarını itirə-itirə gedir.
Xasay əminin vəfatı ilə əlaqədar övladlarına, nəvə-nəticələrinə başsağlığı verməyi artıq hesab edirəm. Xasay əminin vəfatı ilə əlaqədar bütün Şuşa camaatına, hər birimizə, özümüz özümüzə baş sağlığı verməliyik. Hətta ata itirmiş övladları belə istənilən başqa Şuşalıya baş sağlğı, təskinlik, təsəlli verə bilər. Xasay əmi bütün Şuşçanın itkisidir.
Bəzən dünya, bəzən bir ölkə, bəzən bir bölgə səviyyəsində qənimət adamın, qiymətli şəxsiyyətin dünyasını dəyişməsi elə o səviyyədə də ağrı, təəssüf, kədər doğurur. Eləcə də bir rayon, el-oba səviyyəsində əsil İNSANIN itkisi hamını göynədir. Xasay əmi cavan deyildi, uzun və mənalı ömür sürmüşdü, II Dünya müharibəsində iştirak etmişdi, Qarabağa qarşı erməni-rus təcavüzünün qanlı müharibə gedən illərində də həmişə Şuşada öz camaatı ilə çiyin-çiyinə olmuşdu. Amma adamın qiyməti qocalıqda, cavanlıqda deyil ki! El-obanın sevgisini Xasay əmi səviyyəsində qazanmaq da heç hər oğlun işi deyil
Nə yazsaq, nə desək də sonuncu cümləmiz həmişə belə olur:
- Allah rəhmət eləsin!
Bircə onu əlavə edim ki, bilmirəm, Xasay əminin ruhu Vətən göylərini tutmuş günah laylarını yarıb-keçib doğma yurdumuza gedə biləcəkmi?!..



ZiM.Az

.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: