Azər Süleymanov: "Gürcüstan azərbaycanlıları Azərbaycan adlı Milli Dövlətimizin hər bir çağırışa hazırdır!"

Azər Süleymanov: "Gürcüstan azərbaycanlıları Azərbaycan adlı Milli Dövlətimizin hər bir çağırışa hazırdır!" Gürcüstan Parlamentinin deputatı
Azər Süleymanov
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
MÜRACİƏT ünvanlayıb.

Müraciətdə deyilir:


Möhtərəm Prezident!
Son 30 ildə Azərbaycanın ərazi bütövlüyü daima mənfur qonşumuz Ermənistanın və erməni terror silahlı birləşmələrinin işğalçı hücumlarına məruz qalmış və bu işğalçılıq siyasəti və onların havadarlarının dəstəyi sayəsində Azərbaycan 20 faiz ərazisini itirmişdir. Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinə böyük zərbə vuran ermənilər, Azərbaycanla birgə, doğma Gürcüstanımızın da ərazisinə və əhalisinə qarşı ağılasığmaz vəhşiliklər törətmişdir. Bu gün hər iki dost, qardaş ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə qarşı üçüncü qonşu dövlət-Ermənistan tərəfindən daima təhdidlər yağdırılır. 1988-ci ildən bəri Azərbaycanın sağalmaz yarasına çevirilən Qarabağ itkisi və savaşı bu gün bütövlüklə Azərbaycan-Ermənistan sərhəddi boyunca daha da alovlanmaqdadır.
Hörmətli Prezident İlham Heydər oğlu!
Sizin dəqiqliklə yürütdüyünüz daxili və xarici siyasətin sayəsində biz bir daha əmin olduq ki, uzaqgörənliyinizin və Ali Baş Komandan olaraq ən həssas nöqtəsinə qədər hesablanmış hərbi taktikanızın bu gün geniş miqyasda icrası, zamanın tələbi kimi qarşınızda müqəddəs vəzifəyə çevirilmişdir. Azərbaycan əsgərinin hərbi gücünün ifadəsi olaraq bir neçə il öncə baş vermiş “Lələtəpə əməliyyatı” artıq qüdrətli və döyüşkən ruhlu bir ordumuzun olduğunu göstərdi. Mənfur düşmən bundan dərs çıxartmayaraq bir neçə ay öncə, yenidən cəbhə xəttini dəyişməklə Qarabağdan yüzlərlə kilometr aralı Tovuz rayonu istiqamətində Azərbaycanın ərazilərinə işğalçı niyyətlə soxulmağa cəhd etdi. Ancaq Azərbaycan ordusunun cavab atəşiylə düşmənin hərbi qüvvələri bir daha darmadağın edildi. Bu döyüşdə general Polad Həşimov və polkovnik həmyerlimiz İlqar Mirzəyev kimi dəyərli zabitlərimizin şəhid olması bizləri üzsə də, o vaxtdan bu yana böyük savaşın olacağı günü səbrsizliklə gözləmişik. Bu gün 27 sentyabr o tarixin başlanğıcı ola bilər. Əmin ola bilərsiniz ki, Gürcüstandakı soydaşlarımız 1990-cı illərdə Qarabağ və Abxaziya savaşına könüllü qatıldığı kimi, indi də Azərbaycan adlı Milli Dövlətimizin, Gürcüstan adlı Böyük Vətənimizin ərazi bütövlüyü uğurunda hər bir çağırışa hazırdır.
İnanırıq ki, Sizin qətiyyətli addımlarınız sayəsində tezliklə torpaqlarımız azad ediləcək. Qafqaza böyük və əbədi sülhün gəlməsi üçün hər yerdə və hər iki qardaş ölkədə başlayacaq anti-terror əməliyyatına əgər bizim də əsgərlərimizlə birgə iştirakımız vacib olarsa, biz bir nəfər kimi buna hazır olduğumuzu bəyan edirik.
Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına ciddi qərar vermişdir. Dövlətimizin ərazi bütövlüyünün təminatı bizim qürurumuz və müqəddəs borcumuzdur.
Bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər eyləsin! Şuşaya şanlı bayrağı sancmaqda yoluna-qoluna güc-qüvvət versin. Amin!

Hörmətlə:
Azər Süleymanov,
Gürcüstan Parlamentinin deputatı

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: