Gürcüstandakı erməni icmasının Qarabağ hadisələrindəki mövqeyi

Gürcüstandakı erməni icmasının Qarabağ hadisələrindəki mövqeyi Son günlərdə Dağlıq Qarabağ uğrundakı hadisələrə Gürcüstanda yaşayan erməni icması tərəfindən birmənalı yanaşma olmamışdır. Gürcüstandakı erməni icmasının sərt çıxışları sabiq prezident Mixeil Saakaşvilinin başverənlər haqqında mövqeyini bildirdikdən sonra başlamışdı. Bildiyimiz kimi, M.Saakaşvili daha ötən günlərdə “Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və bunu heç nə dəyişə bilməz...”-deyə çıxış etdikdən sonra 1 oktyabr tarixində təqribən 300 nümayişçi “Mtavari Arxi” telekanalının qarşısında qondarma Dağlıq Qarabağ, Ermənistan və Gürcüstan bayraqları ilə toplaşaraq “Utanc (Xəcalət)”, “Qarabağ” şüarları ilə qışqıraraq Çubinaşvili küçəsində bir neçə dəqiqəlik etiraz aksiyası keçirmişdilər.
Ermənilərin bu telekanal qarşısında toplanmasına səbəb telekanal rəhbəri Nika Qvaramiyanın vaxtilə Mixeil Saakaşviliyə yaxın şəxslərdən biri olmasıdır. Həmçinin qeyd edək ki, kanal hazırda müxalif yönümlüdür. Elə həmin gün Gürcüstanda erməni icmasını təmsil edən təşkilat nümayəndələrinin iştirakı ilə Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası baş tutmuşdur. Aksiya iştirakçıları səfir Ruben Sadoyanı “Ermənistan!, Artsax!, Qələbə!” şüarları ilə qarşılamış, səfir də öz növbəsində dəstəkçilərə minnətdarlığını bildirərək provokasiyalara qarşı gözüaçıq olmağa və ehtiyatlı davranmağa çağırmışdır. Keçmiş hökümət başçısının bu açıqlamasına reaksiya təkcə icma fəaliyyəti ilə tamamlanmamışdır. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyan özünün feysbuk səhifəsində: “Bu gün mən Yerevan Dövlət Universitetinin Elmi Şurasına müraciət edərək sabiq prezident Mixeil Saakaşvilinin universitetin fəxri doktorluğu adından çıxarılmasını tələb etdim. O öz addımları ilə erməni millətinin identikliyinə, taleyinə qarşı çıxıb” yazaraq onu fəxri addan məhrum etsə də, M.Saakaşvili bu adın ona verildiyini xatırlamadığını, alınsa belə onun çininə hər hansı bir təsir göstərməyəcəyini bildirmişdir.

Müharibənin davam etdiyi bir zamanda Samtsxe-Cavaxetiyanın ermənilər yaşayan bütün nöqtələrindən Qarabağdakı ermənilərə pul, ərzaq, geyim yardımları olunur. Axaltsixe şəhərindən Ümumerməni “Hayastan” fonduna 21 min ABŞ dolları, Tsalka rayonunundan isə bu fonda 5011 dollar ianə köçürülmüşdür. Erməni saytlarında adı çəkilməyən işadamları tərəfindən Qarabağdakı ermənilərə 50 ton kartof göndərildiyi qeyd edilmişdir. Xando kəndindən “Cavaxk” fonduna 6000 ABŞ dolları, Samşvilde kəndindən isə 1430 dollar məbləğində yardım köçülmüşdür. Cavaxetiyadan maddi yardımlardan savayı insani, hərbi yardımlar da göstərilməktədir. Misal üçün son zamanlarda verilən məlumatlara əsasən Armen Bdoyan, Gagik Bdoyan, Tsolak Karlsyan, Aram Vardanyan, Arsen Avaqyan adlı həkimlərin Cavaxetiyadan yardım üçün Qarabağa yollandıqları bildirilmişdir.

Yuxarıda göstərilən faktlar Gürcüstandakı erməni icmasının ümumi fəaliyyətinin təqribən qısa xülasəsi hesab oluna bilər. Bundan savayı mətbuat, xüsusilə Gürcüstanda fəaliyyət göstərən erməni mediası aktiv şəkildə nifrət nitqini, propoqandasını davam etdirməkdədir. Daha münaqişənin alovlandığı ilk günlərdə Gürcüstanda fəaliyyətdə olan mədəni-maarif və gənclik mərkəzi olan “Hayartun” erməni faşizminin simvolu olan

Garegin Nijdeni anmağa başladı. Bundan əvvəl gündə sadəcə 2-3 xəbər paylaşan bu qurum sosial şəbəkədə hərbi xəbərləri paylaşır, Azərbaycan tərəfindən mətbuatda yerləşdirilmiş məlumatların saxta olduğunu iddia edir, “faktlarla” erməni millətinin tarixinin “İsa öz düşmənini sev deyəndə daha dünyada Türk yox idi” kimi ifadələr işlədərək qədim olduğunu göstərməyə çalışır. İndi belə bir sual ortaya çıxır, mədəni-maarif, gənclik mərkəzi adı altında fəaliyyətdə olan belə bir mərkəzin siyasi məsələlərdə bu cür aktivliyi, propoqandası nə dərəcədə məqbuldur?! Daha əvvəl də bildirdiyimiz kimi ermənilərin sıx yaşadığı Samtsxe-Cavaxetiya regionunda Qarabağdakı ermənilərə yardım aksiyaları təşkil olunur və bu yardımları digər ölkələrdə yerləşən erməni fondları idarə edir. Mediada erməni kilsəsi tərəfindən təşkil olunan xeyriyyə məqsədli elanlara da rast gəlinir: misal üçün “Artsaxa yardım” başlığı atında. Buradan növbəti bir sual meydana gəlir: Artsaxa nə cür yardım? Bu yardımlar ümumi ehtiyac məmulatlarını, məhsullarını qarşılamaq üçündür mü, yoxsa müəyyən həcmdə məbləğ toplamaqla əlavə silah alımı üçün? Gürcüstanda olan erməni təşkilatlarının nizamnamələrində, fəaliyyət sferalarında bu ərazidə məskunlaşan əhalinin inteqrasiya problemləri, elmi-mədəni inkişafı, hüquqi problemləri əsas götürüldüyü qeyd edilsə də, regional müstəvidə baş verən ciddi problemlər zamanı bu missiyanın tamam başqa istiqamətlərə yönəldiyinin şahidi olmaq mümkündür. Milli azlıq olaraq ermənilər yaşadıqları ölkədə digər iki ölkənin xarici məsələlərinə müdaxilə edir, daxildə qarışıqlara səbəb olacaq etiraz aksiyaları keçirirlər. Bundan başqa mətbuat izləməsi zamanı aparılan propoqandaların erməni dilində olduğu, ümumi məsələlərin isə gürcü dilində verildiyi müşahidə edilməktədir. Sabiq prezident M.Saakaşvilinin son hadisəylə bağlı mövqeyini bildirmə məsələsinə gəlincə isə, bu məqam da sıravi vətəndaşlar arasında sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilmişdir. Məsələ ilə bağlı şərh verən ermənilər Gürcüstanda Parlament seçkilərinin yaxınlaşdığını əsas götürərək “artıq kimə səs verilməyəcəyi məlumdur”-deyərək Vahid Milli Hərəkat Partiyasına işarə ediblər. Çox güman ki, son hadisələrlə əlaqədar olaraq 31 Oktyabr seçkilərində müxalif partiya erməni icmasından yetəri dəstəyi görməyəcəkdir.

Nəsibə MİRZƏYEVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: