VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR Qarabağ, "Elm və Təhsil" 15 Ocak İnsan dünyaya göz açandan ananı görür, ana məhəbbəti ilə böyüyür və sonra ana Vətəni sevməyə başlayır. Ana Vətənə olan sevgi isə zaman-zaman bütün sevgiləri üstələyir. Vətən nə deməkdir? Vətən torpaq, yurd, ocaq deməkdir. Çünki, o torpaqda anan gəzir, sənə də o torpaqda ayaq açıb yeriməyi öyrədir. Vətən ocaq deməkdir, qeyrət, namus deməkdir. Əgər sən o ocağın istisini hiss etməsən, Vətən namusu çəkməsən ana namusunu necə çəkə bilərsən? Ona görə də insan yarandığı gündən Vətəni sevir və daha doğrusu sevməyə başlayır. Odur ki, hansı yaşda olursansa ol, Vətən sənin isti ocağında, damarlarına hopmuş qanında olur.Bu gün biz Vətəni özündən çox sevən bir gənc igidimiz haqqında söhbət açacağıq. Bu igid II Vətən müharibəsi başlayandan iki gün sonra yəni 29 sentyabr tarixindən 14 yanvar tarixinə qədər döyüşlərdə iştirak etmiş, 22 yaşlı Əliyev Ələkbər Natiq ogludur. Əliyev Ələkbər Natiq oğlunun bəlkə ağlına belə gəlməzdi ki, Vətənin müdafiəsi üçün arzu etdiyi müharibə nə vaxtsa başlayacaq, o da bu döyüşə gedəcək və 30 ilə yaxın ermənilər tərəfindən işğal olunmuş Qarabağ torpaqlarımızın azad olunmasında yaxından iştirak edəcəkdir. Əliyev Ələkbərin həyat səhifəsinə nəzər saldıqda görürük ki, onun ürəyi həmişə Vətən eşqi ilə döyünmüş, Vətənin bir qarış torpağı üçün canını belə verməyə hər zaman hazır olmuşdur. Ələkbərin özünün dediyi kimi “Vətəni sevməyin yaşı yoxdur!”Sadə bir fəhlə ailəsində dünyaya göz açan Ələkbər ailədə bir bacı, bir qardaş, ata və anası ilə birlikdə yaşayıb, böyümüşdür. O, hələ kiçik yaşlarından valideynlərinin halal zəhmətlə onları necə böyütdüyünün əziyyətini görür və böyüyəndə layiqli bir övlad olacağını düşünürdü. Ələkbərin hər iki valideyni əli Quranlı, dili dualı, daim ibadətlə məşğul olan inanclı insanlardırlar. O, gözünü açandan evlərində Allah, Quran kəlmələri eşitmiş və o ruhda da böyümüşdür. Hər iki valideyni Kərbəla və Məşhəd ziyarətlərində olmuş,h Hətta Ələkbəri də bir dəfə özləri ilə Məşhəd ziyarətinə aparmışdılar. Əliyev Ələkbər kiçik yaşlarından futbola çox həvəs göstərirdi. Məşqlərdə davamlı iştirak edən gənc igidimiz gələcəkdə futbolçu olmağı istəyirdi. Lakin, ailənin maddi vəziyyəti onu məcbur etdi ki, o da atası ilə birlikdə fəhləliyə başlasın və ailəni dolandırmaq üçün valideynlərinə az da olsa kömək edə bilsin. 18 yaşına yenicə keçmiş Ələkbər, bu səbəbdən sənədlərini ali məktəbə vermədən, erkən yaşından fəhləliyə başlayır. Onun kiçik qəlbində böyük ürək döyünürdü. Ələkbər ölkəmizdə gedən siyasi prosseslərdən vəziyyətin heç də ürək açan olmadığını görürdü. O da başqa gənclərimiz kimi Ali Baş Komandanın əmrini gözləyirdi ki, Vətənin müdafiəsinə getsin.2017-ci ildə Tərtərdə “N” saylı hərbi-hissədə xidmət edən Ələkbər, 2018-ci ilin oktyabr ayında əsgəri vəzifəsini layiqincə yerinə yetirərək, evlərinə dönür. O, evdə tez-tez Qarabağın işğalçılardan nə zaman azad olunacağından söz açır və müharibənin başlanmasını arzulayırdı. Nəhayət ki, Ələkbərin özünün dediyi kimi deyəsən gözlədiyi vaxt gəlmişdi. Gün-gündən azğınlaşan düşmənin cavabını vermək lazım idi. Belə ki, azğın düşmən 2020-ci ilin iyul ayında həmişə olduğu kimi, bu dəfə də Tovuz sərhəddimizə silahlı hücum edərək asayişi pozmağa çalışdı, bununla da qarşılıqlı cavab əməliyyatı başlandı və həmən əməliyyat zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevin və daha on hərbçimiz şəhid oldu. Ölkədə çaxnaşma başlandı. Hər kəs şəhidlərimizin qanını almağa qalxmış, Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Bu hadisədən bir ay keçməmiş, düşmən avqust ayında təkrar sərhədimizi pozdu və ölkəmizə keçən diversant qrup ordumuzun əsgərləri tərəfindən zərərsizləşdirildi. Ermənilərin tez-tez törətdiyi qanunsuz silahlı hücumlar bütün gənclərimiz kimi Ələkbəri də sarsıtmışdı. O, tez ya gec şəhidlərimizin qanınını yerdə qalmayacağını bildirirdi. Buna qəlbən inanırdı.Sentyabr ayında yenidən düşmən tərəfin ordumuza qarşı etdiyi silahlı hücumun cavabı olaraq, əsgərlərimiz onları susdurmağın zamanı yetişdiyini və torpaqlarımızın düşməndən geri alınması vaxtının çatdığını göstərdi. Nəhayət ki, Ali Baş Komandanın əmri ilə, düşmənə cavab olaraq Milli Ordumuzun əsgərləri hücum əməliyyatlarına başladılar. Ələkbər də Azərbaycanın qeyrətli igidləri kimi bu əməliyyatlarda iştirak etmək üçün sentyabrın 29-da Qarabağa, cəbhəyə yola düşdü. Əliyev Ələkbərin Füzulidən başlanan döyüş yolu, Cəbrayıl, Xocavənd, Hadrut, Laçından keçməklə demək olar ki, Qarabağın bütün bölgələrində davam etmişdir. Oxucularımızın nəzərinə onu da çatdırmaq istəyirəm ki, Ələkbər cəbhəyə yola düşəndə altı ay idi ki, ailə qurmuşdu.Onun cəbhəyə gedişindən bir ay sonra həyat yoldaşının keçirdiyi həyəcan nəticəsində vaxtından əvvəl bir qız övladı dünyaya gəldi. Allaha şükür olsun ki, çətinliklər arxada qalmış, körpə balamız böyüməkdədir. Ələkbər isə uşaq doğulandan iki ay sonra dörd günlük məzuniyyətə buraxıldı və ilk dəfə olaraq qızı Ruqayyəni qucağına aldı. Dörd gündən sonra yenidən cəbhəyə qayıdan Ələkbər evdə olarkən, cəbhə xatirələrini, müharibənin çətin günlərinin bəzi məqamlarını ailəsi ilə bölüşmüş və işğaldan azad edilmiş torpaqlarımızda qazanılmış zəfərin şəhidlərimizin qanı bahasına əldə edildiyini söyləmişdir. Onun valideynlərinə dediklərindən oxucuların nəzərinə çatdırmaq istədiklərimiz:“Hadrut istiqamətində dəhşətli döyüşlər gedirdi. Hadrut sıldırım qayalıqlarla əhatə olunduğundan orada döyüşlər daha ağır oldu. Düşmənin silahlı dəstəsi dağların başında post qurmuş və oradan bizi rahat görə bilirdi. Biz isə nətin bahasına olursa-olsun o postları ələ keçirməli idik. Bu isə sanki bir nağıla bənzəyirdi. Ölüm-dirim savaşı başlandı. Şəhidlərimiz oldu. O şəhidlərdən biri də çox gözəl insan, bacarıqlı zabit-leyntenant olan komandirimiz Teymur Abbaslı idi. Gözümüzün önündə qardaş kimi olduğumuz döyüşçülərimiz şücaət göstərərək şəhid olur, yaralanırdılar. Mən də ayağımdan yaralandım. Lakin nə qədər israr etsələrdə arxaya qayıtmadım, orada ayağımı sarıyıb döyüşü davam etdirdim. Qanlı döyüşlər gedirdi. Neçə dəfə mən də yaralanmış və şəhid olmuş əsgərlərimizin döyüş meydanından çıxarılmasında iştirak etdim. Bəzən tək gedirdim. Komandir icazə verməsə də mən israr edir, çətinlklə də olsa gedir və gətirirdim. Görünür taleyim də hələ yaşamaq var imiş. Bir də bilirsiniz müharibə elə bir əməliyyatdır ki, orada ölümdən qətiyyən qorxmursan, heç ölümü düşünmədən risk edirsən. Agır döyüş günlərindən birində qəflətən taqımımız mühasirəyə düşdü və biz köməksiz vəziyyətdə qaldıq. Nə irəli, nə geri qayıtmaq imkanımız yox idi. Bir tərəfdən də gözlənilməz hücum, bir tərəfdən də sel kimi üstümüzə yağan güllələrdən başımızı qaldırıb qabağa belə baxmağımız mümkün deyildi. Hər tərəfdən atırdılar. Ərzağımız tükənmişdi, gətirmək mümkün deyildi. Dörd gün birtəhər dolanan döyüşçülərimiz dəhşətli çətinliklə üzləşmişdilər. Buna baxmayaraq döyüş ruhumuz yüksək idi. Sadəcə mühasirədən çıxmağa məqam gözləyirdik. Ağacların yarpaqlarını yeyir və yarpaqların üstündəki şeh ilə dodaqlarımızı isladıb, susuzluğumuzu öldürürdük. Mühasirənin dördüncü günü ordumuzun XTQ gəlib bizi xilas etdi və biz yenidən döyüşə davam edərək, düşmən postlarını darmadağın etdik”.Ən maraqlısı odur ki, heç bir hərbi hazırlığı olmayan 22 yaşlı bir gəncin düşmənə olan nifrəti onun ürəyini bu qədər coşdurmuşdur. Və onun Vətənə olan sevgisi, düşmənə qalib gələcəyimizə inanması, Ələkbəri insanın gözündə illərin təcrübəsini keçmiş hərbçi kimi göstərirdi. Ələkbər dörd günlük məzuniyyətində olarkən, özünün döyüş şücaətindən deyil, onunla çiyin-çiyinə döyüşən dostlarından, gözlərinin önündə şəhid olan qəhrəman əsgərlərimizin şücaətindən danışırdı. Mən bu yazını hazırlayanda artıq Ələkbər cəbhəyə, döyüş yerinə dönmüşdü. Mən isə deyilənləri dəqiqləşdirmək üçün Ələkbərin valideynlərinin vasitəsilə onun döyüş dostlarından biri ilə əlaqə saxladım və onun Ələkbər haqqında nə deyə biləcəyini öyrənmək istədim. İgid könüllülərdən olan və Ələkbərlə ağır döyüşlərdə iştirak edən Qurbanov Ülvinin dediklərindən: “Mən Qaradağ rayonundakı 166 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi işləyirəm. Hər bir Vətənini sevən insan kimi mən də müharibənin başlandığı ilk gündən cəbhəyə getdim və Əliyev Ələkbəri də məhz orada tanıdım. Mən qumbara atan, Ələkbər isə pulemyotçu əsgər idi. İlk gündən öz cəldliyi, mehriban münasibəti, təlim-tərbiyəsi ilə demək olar ki, komandirinin və taqımda olan əsgərlərin hörmətini qazanmışdı. Hiss olunurdu ki, Ələkbər əsgəri xidmətdə olarkə silahla davranmaq qaydasını yaxşı öyrənmiş və pulemyotun texniki sirlərini gözəl mənimsəmişdi. Hətta bir dəfə pulemyolardan biri sıradan çıxmışdı, yığa bilmirdilər. Ələkbəri çağırdılar, Ələkbər gedib pulemyotu işlək vəziyyətə gətirdi. Ələkbər həm də qorxmaz və inadcıl idi. Dəfələrlə ağır döyüşlərdə güllə yağışının altında döyüş meydanından yaralı və şəhid əsgərləri çıxarmağa gedirdi. Bir dəfə də belə çətin döyüşlərdə qabağa getmək mümkün olmadığı halda Ələkbər komandirdən icazə alaraq döyüş meydanına yaralı və şəhidləri gətirməyə getmək istədiyini dedi. (Demək olar ki, belə əməliyyatlara ən çox Ələkbər gedirdi). Komandir icazə vermədi ki, yuxarıdan bizi görürlər, səni vuracaqlar. İnadla dedi ki, gedirəm vəssalam. Və getdi, şəhid olan və yaralı döyüşçüləri gətirdi. Ona taqımın döyüşçüləri pulemyotçu Ələkbər deyirdilər. Ülvi Qurbanov: Hadrutda şəhid olan komandirimiz Teymur Abbaslının adını çəkməsəm olmaz-dedi və xatirələrini danışdı. “ Teymur Abbaslı elə komandirlərdən idi ki, ən agır əməliyyatlara çox vaxt özü gedirdi. Biz Hadrurda sıldırım qayalığa çıxmalı idik. 250 nəfərə yaxın idik. Çətin yol idi. Komandir ilk olaraq özü o qayanın üstünə çıxdı və əlini uzadaraq bir-bir döyüşçülərin yuxarı qalxmasına kömək etdi. Çox vaxt yaralanmış və hətta yorulmuş əsgərlərin silahlarını da daşıyırdı. Ülvi təəssüf hissi ilə elə bir insanın şəhid olması bütün bir taqımı sarsıtmışdı. Daha sonra Ülvi cəsarətli döyüşçü dostlarından Mahmudov Zaurun, Cəfərov Novruzun, Seyidhəsənov Vasifin, Hüseynov Arifin, Abbasov Elnurun və ən başlıcası isə Əliyev Ələkbərin adını qeyd etdi. O fəxrlə döyüşçü dostlarından danışıdı. Daha sonra yenə Ələkbərin cəsarətindən danışaraq bir daha bunları dedi: “Bəzən olurdu ki, döyüş meydanından yaralılarımızı çıxarmaq lazım gəlidi. Komandir əsgərlərə müraciət edəndəki, kim gedə bilər yaralıları gətirməyə, hamıdan birinci Ələkbər mən gedərəm deyirdi. O yağan güllə yağışına məhəl qoymadan tapşırığı layiqincə icra edirdi. Bu Hadrutun özündə, Tuğ kəndində və Xocavənddə dəfələrlə olmuşdu”. Onu da qeyd edim ki, Ülvi Qurbanovun özü də 2016-cı ildə Aprel döyüşlərində Talışkənddə də döyüşmüşdü. Ələkbər Əliyev Hadrutda dörd-beş gün çox çətin vəziyyətdə, ac-susuz mühasirədə qaldıqlarını dediyini, Ülvi Qurbanov da təsdiq etdi. Onların ərzaqları tükənmişdi. Düşmən hər tərəfi atəşə tutduğundan onlara ərzaq gətirmək mümkün olmur. Əsgərlər güllələrini ehtiyatla işlədir, çalışırdılar ki, düşmən onları görməsin. Aclıqlarını və susuzluqlarını öldürmək üçün ağacın qabığını və yarpaqları çeynəyir, yarpaqların üstündəki şeh ilə, hətta Ülvi qeyd etdiyi kimi başlarındakı kaskanın üstünd olan sehi dilləri ilə yalayır və dodaqlarını isladırdırmışlar. Nə yaxşı ki, Milli Ordumuzun XTQ vaxtında köməyə gələrək onları mühasirədən çıxarır və onlar təkrar döyüşə davam edirlər. Azərbaycanı tarixən igidlər ölkəsi, qəhrəmanlar diyarı kimi tanıdanlar heç də yanılmayıblar. İstər I Vətən döyüşündə, istərsə də II Vətən döyüşündə bu özünün bir daha öz təsdiqini tapdı. Bu gün II Vətən döyüşündə şücaət göstərən həm Milli Ordunun əsgər və zabitləri, həm də könüllülərdən ibarət olan döyüşçülər Vətənə olan sevgilərini layiqincə göstərdilər. 30 ilə yaxın əsarətdə qalan torpaqlarımız qəhrəman igidlərimizin simasında, bütün döyüşçülərimizin rəşadəti, şücaəti sayəsində işğaldan azad olundu. Bu eyni zamanda Azərbaycanın birliyinin gücünü göstərdi. Azərbaycan hərb tarixində çox nadir hallarda yaşadığı sevinci 2020-ci ilin 10 noyabr tarixində fərəhlə yaşadı. Buna görə biz bu gün borcunu heç nə ilə ödəyə bilmədiyimiz şəhidlərimizin qarşısında baş əyir, yaralılarımıza şəfa diləyir, qazilərimizə cansağlığı arzulayıyıq. Tanrı Azərbaycan əsgərini qorusun. Var olsun Milli Ordumuz, var olsun Ali Baş Komandanımız. QARABAĞ AZƏRBAYCANDIR! PƏRİXANIM MİKAYILQIZI,"Elm və Təhsil" qəzetinin Baş redaktoru,"Abdulla Şaiq", "Xurşud Banu Natəvan","Qızıl qələm" və "Sülh təbliğatçısı" mükafatları laureatı, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "ZİRVƏ" mükafatıçısı və Fəxri DiplomçusuZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.