BÜZEYİR MAĞARASİ Regionlar, Tarix 23 Aralık İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi Respublikamızın ilk insan düşərgələrindən biri Büzeyir mağarası hesab olunur. Mağara Lerik rayonunun ərazisində, Lerik-Büzeyir yolunun 10-cu kilometrliyində, Zuvand çayının sol sahilində, Büzeyir kəndindən 3 km şərqdə yerləşir. Mağara kəndin yaxınlığında olduğu üçün ona Büzeyir mağarası adı verilmişdir. Büzeyir kəndi dağın ətəyində, mağara isə Talış dağlarının Dəlikdaş zirvəsində, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə yerləşir. Yerli əhali mağaranı Haliqəvi koç (Dəlikağızlı mağara) və ya Təblononc (Tövlə yeri) adlandırır. Büzeyir mağarasının uzunluğu 17 metr, eni 9-14 metr, mağara dəliyinin hündürlüyü 10 metr, torpaq çöküntüsünün qalınlığı isə 2-2,5 metrdir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnistitutunun Paleolit arxeoloji ekspedisiyası Əsədulla Cəfərovun rəhbərliyi altında 1985-ci ilin yayında mağara düşərgəsində arxeoloji kəşfiyyat işləri aparmışdır. 1990-cı ilin iyul-avqust aylarında Əsədulla Cəfərovun rəhbərliyi ilə burada geniş sahədə aparılmış arxeoloji qazıntı işləri nəticəsində, düşərgənin çöküntülərində müxtəlif dövrlərə aid 6 təbəqə qeydə alınmışdır. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı orta əsrlərə, tunc və enolit dövrlərinə aid gil qab qalıqları aşkar olunmuşdur. III təbəqədən sümük qalıqları və daş məmulatı, IV, V və VI təbəqələrdə daş məmulatı və ovlanmış heyvan sümükləri aşkarlanıb tədqiq edilmişdir (Samir Kərimov. Lerik rayonunun arxeoloji abidələri, B., 2006, səh.13).Arxeoloji qazıntılar zamanı Büzeyir mağarasından ümumilikdə 61 daş məmulatı aşkar olunmuş, bunların içərisindən diskşəkilli nükleuslar, levallua itiucluları, düz sadə qəlpələr, qabarıq sadə qəlpələr, sınmış qəlpələr və lövhəciklər vardır (S.Kərimov. Göstərilən əsər, səh.14). Büzeyir mağarasında əldə olunan əmək alətləri Lerik rayonu ərazisində yaşamış ibtidai insanların məşğuliyyəti haqqında təsəvvür yaradır. Mağaranın tapıntıları içərisində məmulatın ikinci dəfə işlənməsinə rast gəlinmişdir. Büzeyir mağarasından tapılan maddi nümunələr Paleolitin Mustye dövrünə aid edilir. Qeyd edim ki, Paleolit Qədim Daş dövrü (e.ə. XII minilliyə qədər olan dövrü əhatə edir) olub, üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Orta Paleolitə aid əmək alətləri ilk dəfə Fransanın Mustye adlı ərazisindən tapıldığı üçün Orta Paleolit Mustye dövrü də adlandırılır. Mustye mədəniyyəti dövrü - Orta Paleolit təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə. 40-cı minilliyə qədər davam etmişdir (Azərbaycan tarixi, 6-cı siniflər üçün dərslik, B., 2012, səh.15). Büzeyir mağarası Lerik rayonu ərazisində, eyni zamanda respublikamızın cənub-şərq bölgəsində yaxşı öyrənilmiş ilk Paleolit düşərgəsidir. Əgər indiyə kimi bu ərazidə insanların yaşaması 10-15 min il bundan əvvələ aid edilirdisə, yeni tapıntı Paleolit dövrü adamlarının hələ 80-90 min il bundan əvvəl burada yaşadıqlarını göstərir (Azərbaycan tarixi, I cild, B., 2007, səh.55). Respublikamızın ilk insan məskənlərindən olan Büzeyir mağarası arxeoloji abidələrin Daş dövrü xəritəsinə daxil edilmiş və mağara haqqında 6-cı siniflər üçün Azərbaycan tarixi dərsliyində məlumat verilmişdir. Büzeyir mağarası ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınaraq dövlət tərəfindən mühafizə olunur. Ədəbiyyat: 1. Azərbaycan tarixi (İqrar Əliyevin redaktəsi ilə), B.,19932. Azərbaycan tarixi, I cild, B., 20073. Azərbaycan tarixi, 6-cı siniflər üçün dərslik, B.,20134. Azərbaycan etnoqrafiyası, I cild, B.,20075. Əsədulla Cəfərov. Quruçay dərəsində, B.,19906. İsaq Əmənullayev. Dağlardan güc alan dostluq, B.,19987. Samir Kərimov. Lerik rayonunun arxeoloji abidələri, B.,20068. Ayaz Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi, b.,20119. Ağaddin Babayev. Müxbirimizdən (rus dilində), B.,200910. Ələsgər Mirzəzadə. Muğan.Maddi mədəniyyət nümunələri, B.,201611. Həşim Kəlbiyev, Habil Əliyev. Lənkəran bölgəsində ilk insan izi, “Məşəl” jurnalı, 1999,№112. Vikipediya.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.