Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilibŞabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilibŞabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şabran rayon İcra Hakimiyyəti Şabran şəhərində böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirib.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, şair və yazıçılar, Ədəbiyyat İnstitutunun əməkdaşları, rayonun elmi ictimaiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Sonra konfrans iştirakçıları Şabran şəhərində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılmış qədim Şabran şəhərinin yerləşdiyi əraziyə baxıblar.

Şabran arxeoloji ekspediyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov aparılan qazıntıların nəticələri barədə məlumat verib. Bildirilib ki, davam edən qazıntı işləri zamanı daha dərin qatların mədəniyyət izləri aşkara çıxarılır. Bu isə Şabranın qədim şəhər mədəniyyətinə malik olduğunu bir daha sübut edir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli protoşəhərin aşkar edilməsi və qədim yaşayış məskəninin müfəssəl panoram eskizinin hazırlanmasının zəruriliyini bildirib, ekspedisiya rəhbərliyinə qazıntı işlərinin miqyası və zəruri detalları barədə tapşırıqlarını verib.

Qədim yaşayış məskənində eyni zamanda Xaqaninin Şabranda həbsdə olduğu zaman saxlanıldığı ehtimal olunan zindanın qalıqlarına baxış keçirilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Elnarə Zeynalova Xaqaninin həbsxana həyatı ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb, institutun əməkdaşı Pənah Hacıyev Xaqaninin “Həbsiyyə” şeirindən bir parçanı səsləndirib.

Şabran tarix muzeyinə təşkil edilmiş ekskursiya zamanı isə tədbir iştirakçıları Şabranın tarixini özündə əks etdirən qiymətli arxeoloji materiallarla tanış olublar.

Daha sonra “Xaqani poeziya evi”nə baxış keçirilib və Xaqaninin heykəli ziyarət olunub.

Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun son illərdə nəşr etdiyi 100-dən artıq adda kitabı poeziya evinə bağışlayıb. İnstitutun elmi nəşri olan “Ədəbiyyat məcmuəsi”nin Xaqani Şirvaniyə həsr edilmiş xüsusi buraxılışı və institut elmi şurasının qərarı ilə çap olunmuş “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” kitabı rayon kitabxanasına və muzeylərə hədiyyə edilib.

Böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr edilmiş, Şabran rayon İcra Hakimiyyətinin akt zalında keçirilən elmi konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov açıb. Ümummilli lider Heydər Əliyevin vaxtilə Şabrana göstərdiyi diqqət və qayğıdan danışan Novruz Novruzov bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi elmə, incəsənətə, ədəbiyyata da yüksək qayğı göstərildiyini diqqətə çatdırıb. Bildirilib ki, Xaqanin həyatının müəyyən bir çətin dövrü Şabranla bağlıdır və şairin xatirəsi şabranlılar üçün də əzizdir.

Tədbirin əhəmiyyətindən danışan rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov konfransın təşkilinə göstərdiyi diqqət və qayğıya görə AMEA rəhbərliyinə, akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə rəhbərliyi tərəfindən regionların inkişafına göstərilən daimi diqqət və qayğını xüsusi vurğulayaraq Şabran rayonunda da aparılan geniş quruculuq işlərindən danışıb. Akademik İsa Həbibbəyli Şabranda aparılan arxeoloji qazıntıların əhəmiyyətindən danışaraq qeyd edib ki, tapılan maddi mədəniyyət nümunələri, əldə olunan nəticələr Şabranın qədim şəhər mədəniyyətinə malik olduğunu göstərir. Akademiya əməkdaşları ilə bölgə ziyalılarının, ədəbiyyat adamlarının görüşünün əhəmiyyətli hadisə olduğunu nəzərə çarpdıran akademik İsa Həbibbəyli səfər məqsədlərindən birinin də Ədəbiyyat İnstitutunun bölgələrdə ədəbiyyatın təbliği layihəsini davam etdirmək olduğunu bildirib. Xaqani yaradıcılığından geniş bəhs edən akademik İsa Həbibbəyli böyük söz ustadının yaradıcılığının öyrənilməsi və təbliğinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Şabran rayonunda vaxtaşırı təşkil edilən müxtəlif mövzulu tədbirlərin azərbaycançılıq işi, dövlətçiliyin güclənməsi yolunda uğurlu addımlar olduğunu vurğulayan akademik İsa Həbibbəyli çıxışının sonunda elmi konfransın təşkilinə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib.

Konfransda Xaqani Şirvaniyə həsr edilmiş kitabların təqdimatı keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Ədəbi əlaqələr və bədii tərcümə mərkəzinin rəhbəri Səlim Babullaoğlu “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” kitabının ərsəyə gəlməsindən danışıb. Qeyd edilib ki, Xaqani Şirvaninin ərəbcə yazdığı şeirlərin filoloji tərcümədə oxuculara təqdim edilən kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Vasim Məmmədəliyevdir. Şeirlərin tərcüməçisi, ön söz və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli Ədəbiyyat İnstitutunun nəşri olan “Ədəbiyyat məcmuəsi”nin Xaqani Şirvaniyə həsr edilmiş xüsusi buraxılışı haqqında geniş məruzə edib. Bildirilib ki, elmi nəşrdə Xaqani Şirvaninin həyatı və yaradıcılığı müxtəlif aspektlərdə elmi tədqiqata cəlb edilib.

Tədbirdə filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidovun “Xaqaninin ərəbcə şeirləri”, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Xaqaninin əsərlərinin AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları”, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Xaqani yurdunda ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru Lalə Əlizadənin “Xaqani lirikasının bədii xüsusiyyətləri” və elmi işçi Elnarə Zeynalovanın “Xaqani Şirvaninin həbsxana həyatı və “Həbsiyyə” şeirləri” adlı məruzələləri dinlənilib.

Elmi konfransda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dəvəti ilə Çindən gəlmiş Çin Sosial Elmlər Akademiyasının Etnik Ədəbiyyat İnstitutunun professoru Huanq Zhongxianq çıxış edib. Türkoloq professor Huanq Zhongxianq Ədəbiyyat İnstitutu ilə əlaqələrindən danışaraq Xaqani yaradıcılığının onun diqqətini cəlb etdiyini və şairin yaradıcılığı ilə bağlı tədqiqat aparmaq niyyətində olduğunu bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Şabran bölməsinin rəhbəri Aydın Tağıyev
çıxış edərək konfransın əhəmiyyətindən və bu kimi tədbirlərin bölgələrdə ədəbiyyatın təbliğində oynadığı mühüm roldan danışıb.

Elmi konfransın sonunda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölgələrdə ədəbiyyatın inkişafının vacibliyini bir daha vurğulayıb.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, AYB-nin üzvləri, şair və yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: