TELMAN KURQANLARI Regionlar, Tarix 12 Nisan Telman kurqanları Astara rayonunun şimal-şərqində, rayon mərkəzindən 30 kim uzaqda, Çayoba kəndinin ərazisində yerləşir. Kurqanların sayı ikidir. Eramızdan əvvəl III minilliyin ortalarına aid edilən bu kurqanlar İlk Tunc dövrünün abidəsi hesab olunur. Kurqanlar aşkar edilərkən Çayoba kəndi alman kommunistlərinin lideri Ernest Telmanın (1886-1944) şərəfinə Telman adlandığından kurqanlar Telman kurqanları kimi qeydə alınmışdır. Qeyd edək ki, 29 may 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Telman kəndinin adı dəyişdirilərək Çayoba (kəndin ilk adı isə Dızdəvişə, talış dilində “Oğru meşə”olmuşdur) adlandırılmışdır. Daş örtüklü bu kurqanlar 1965-ci ildə tarix elmləri namizədi Fərman Mahmudov tərəfindən tədqiq edilmişdir.Telman kurqanlarında kromlexlə əhatə edilmiş daş qutu və sərdabə formalı qəbirlər aşkar edilmiş və gil qablar, saplaqlı tunc nizə ucları, yastı tunc baltalar, dördtilli bizlər, iskənə, daşdan qaban fiquru, oxla birləşdirilən bir cüt kiçik gil təkər modeli və s. tapılmışdır (ASE, I cild. B.,1976, səh.443). Saplaqlı nizə ucları və iskənə Azərbaycanın cənub-şərqində yaşamış əhalinin Ön Asiya tayfaları ilə əlaqəsini əks etdirir.Astara kurqanları (Telman kurqanları – İ.Ş.) e.ə. III minilliyin ortalarında Talış ərazisində metallurgiyanın inkişafını və yerli tayfaların tökmə üsulla mərgümüşlü tunc məmulatı hazırladıqlarını göstərir (Yenədə orada, səh.443).Fərman Mahmudov “Astara rayonundakı İlk Tunc dövrü kurqanları haqqında” yazısında Telman kurqanlarının Kür-Araz mədəniyyətinin (e.ə.IV minilliyin sonu-III minillik – İ.Ş.) Azərbaycan ərazisində Xəzər dənizi sahillərinə qədər yayıldığını və kurqan dəfnetmə adətlərinin artıq III minilliyin ortalarında yayıldığını qeyd etmişdir (Ayaz Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. B.,2011, səh.163). Telman kurqanlarında tapılmış maddi mədəniyyət nümunələri ölkəmizdə İlk Tunc dövrünə aid əldə edilmiş nümunələr sırasında mühüm əhəmiyyət kəsb edir.Telman kurqanlarının tədqiqi Azərbaycanda İlk Tunc dövründə məskunlaşmış qəbilələrin təsərrüfatını, məişətini və mədəniyyətini, ideoloji görüşlərini işıqlandırmağa imkan verir (Azərbaycan tarixi, I cild. B.,2007, səh.110).Telman kurqanları respublikamızın Erkən Tunc dövrü abidələrinin xəritəsinə daxil edilmişdir. Azərbaycan Milli Ensiklopediyasında Astara kurqanları ilə yanaşı, Telman kurqanları haqqında da məlumat verilmişdir (II cild. B.,2010, səh.143).Telman kurqanları Erkən Tunc dövrünə aid arxeoloji abidə kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür. Adı Azərbaycan Respublikasının Erkən Tunc dövrü abidələrinin xəritəsinə daxil edilən, Azərbaycan tarixi cildlərində, dərsliklərdə, Azərbaycan Milli Ensiklopediyasında adı qeyd edilən Telman kurqanlarının adına maraqlıdır ki, Əfqan Şəfiyevin müəllifi olduğu “Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri” (Bakı-2007) kitabında “Astara rayonunun ərazisindəki daşınmaz tarix və mədəniyyət abidələri haqqında məlumat” (səh.12-23) siyahısında rast gəlinmir.İldırım ŞÜKÜRZADƏ,tədqiqatçı-tarixçiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.