HƏSRƏTƏ BÖLÜNƏN ÖMÜR

HƏSRƏTƏ BÖLÜNƏN ÖMÜR O Fərqanəydi... Fərqanə Mehdiyeva! Bu adın doğmalığını, şirinliyini bizim üçün sənətdə daha heç kim verməyəcək... “Fərqanə Ana” deyə müraciət edirdilər gənclər ona... Sadəliyi, yapışığı, məhrəmliyi ilə Torpaq, Vətən qoxuyurdu! Nəfəsində təndir istisi, məlahətli səsində Kürün ahəngi, Arazın axarı vardı. Danışanda, şeir söyləyəndə bilməzdin ki, özünə heyran olasan, yoxsa qatı açılmamış sözlərinə, misralarına.
Mən şeir aləminə gec gəlmişəm. Uzun illər qəzet işçisi, jurnalist olsam da şeir sevdamı bir müddət özümdən kənarda saxlamağa çalışmışam. Ruh halında görünmək çətindir. Şair olmaq - misraya dolub zühur etmək kimi bir şeydir. Mən bu ağrını özüm cızma-qara edəndə də, şeir oxuyanda da eyni cür yaşamışam. Həyatla təkbaşına çarpışdığımdan, qayğılarımın çoxluğundan uzaq olmağa çalışmışam bu sevdadan. Amma, qədər bizi yaxalayana qədər hökümlüyük ömrümüzdə...

Fərqanə xanımla Qubada tanış olmuşam. Ustad şair Ramiz Qusarçaylının təsis və rəhbərlik etdiyi “Ay işığı” ədəbi məclislərinin birində. (Yeri gəlmişkən, “Ay işığı” bir çox şeir sevənlər, şairlər kimi mənə də öz nurundan pay verib. Ən gözəl sənət adamlarımızla, yazarlarımızla bu ədəbi məclisdə tanış olmuş, şeirlərini öz dillərində dinləmiş, ədəbi mülahizələrinə qulaq asmışam.) Sanballı sənət adamları: filoloq alimlərimiz Rüstəm Kamal, Məti Osmanoğlu, tanınmış şair və yazıçılardan Rafail İncəyurd, Məmməd Dəmirçioğlu, Nəriman Adulrəhmanlı, İbrahim İlyaslı, Ayaz Arabaçı və başqalarının iştirak etdiyi bu tədbirdə Fərqanə xanım da vardı. Şaftalı çiçəyi rəngində don geyinmişdi. Bahar istiliyi, bahar gözəlliyi vardı görkəmində. Doğmalığı, istiqanlılığı ilə irəlidən vururdu adamı... Tədbirdə “Anam şəhərə gedir” şeiri ilə çıxış elədi. Şair dünyasına yolumu bağ-bağatlı, gözəl mənzərəli kəndindən, ruzulu-bərəkətli həyət-bacalarından, analı-atalı günlərindən saldı...

Çıxardıb başından kəndin tacını,
Ocaqda yan üstə qoyub sacını,
Amanat tapşırıb həyət-bacanı,
Anam şəhərə gedir.

Şeir bitincə bizi uzun müddət təsirindən buraxmadı. Mən sonralar bu şeiri Fərqanə xanımın feysbuk səhifəsindən dönə-dönə yaddaşıma köçürdüm:

Atam köks ötürür baxır dalınca,
Sevgidi... gözündən axır dalınca,
Sarıqız tövlədən çıxır dalınca,
Anam şəhərə gedir.

Şair şeiriylə insan ürəyindən bütün ağırlığı vurub çıxarırdı. Yorğunluğun, gərginliyin yox olur, kənd həyatının gözəlliyində, asudələiyində dincəlir, halallıq və sevgisində durulurdun.
O gün axşamın necə düşdüyünü hiss etmədik. Gözəl Qusarın böyük bir istirahət məkanında ətrafın belə qulaq kəsildiyi şeir şöləni yarı gecəyə kimi səngimək bilmədi. Səhəri gün inboxumda Fərqanə xanımın mesajını göründə çox sevindim:
- Çöhrən gözümdən getmir, Sevinc. Bakıya gələndə bizə gələrsən, yazmışdı.
Beləcə doğmalaşdıq Fərqanə xanımla. Mən şəhərə az-az gedirəm, o da vacib işim olanda. Amma, bu azlığın, vacibliyin içində hər dəfə artıq üzv olduğum Azərbaycan Yazıçılar Billiyinə dəyməmiş geri dönmürəm. Bura bütün şeir sevənlərin, ədəbiyyat, poeziya vurğunlarının məbədi, müqəddəs məkanıdır! Düşüncəsini, əqidəsini məsləkinə çevirən insanların ruhu yaşayır burada. Buranın səssizliyini şeir pozur, sükutunu alqışlar alışdırır... Mən həmişə bu şeir məbədinin ağır çəkilən qapısını xüsusi bir ehtiramla, sevgi ilə açıram. Çox vaxt Fərqanə xanım qarşılayırdı bizi “Ulduz”un redaksiyasında. Qubalı yazarlarımızla birgə dərd-sərimizlə maraqlanır, şirin-şirin danışır, evinə dəvət edirdi. Mən isə onun könül evinə vurğun idim, könül dünyasını seçmişdim:

Bəlkə yuxularda görüşək elə,
Nə yoxuş axtaraq, nə iz axtaraq,
Gəlsənə yuyunaq göz yaşımızda,
Nə çaya yollanaq, dəniz axtaraq.

Göz yaşıyla yuyunub paklanan şair ürəyinin başında, dilinin ucunda Söz adlı köz gəzdirirdi:

Nə desəm çalışıb... üzə deyəcəm...
Çəmənə sarmaşıb... düzə deyəcəm...
Nə sözüm olanda sözə deyəcəm...
Sözümü heç kəsə deməyəcəyəm...

Fərqanə Mehdiyeva şeirlərinin qeyri-adi bir doğmalığı, cazibəsi var: bu şeirlər güzgü kimi yalnız real, həqiqi olanı göstərir. Hər misrası ilə şairi bir addımlığında hiss edirsən. O səni hər an ana kimi bağrına basmağa, dinləməyə, sevgili dünyasına qovuşdurmağa hazırdır. Poeziyasına yaxın olduqca “Bir misra yazanda min kərə ölən” şairin səmimiyyətində boğulursan, nəfəsin təngiyir... Onun şeirləri ilə təsvir elədiyi doğma kəndi, əlləri çörək, nəfəsi bərəkət ətirli ana obrazı və bütün bunların fonunda yazdığı “Təndir” şeiri ədəbiyyatımızda uzun-uzun illər yekliyini qoruyub saxlayacaq:

Bu uzun-uzadı ömür yolunda yolunda,
Anamla qoşaca çalışıb təndir,
Ələ düşməyəndə kibrit əvəzi,
Anamın içindən alışıb təndir.

Ana obrazı ədəbiyyatımızda qələm adamları tərəfindən həmişə böyük sevgiylə, dərin ehtiramla yaradılıb. Fərqanə Mehdiyevanın ana obrazı isə doğmalığı, təbiiliyi ilə elə sənin öz anandır: qocalığına yandığın, kədərinə ağladığın öz anan:

Dünyanın hər yanı boşalıb gedir,
Anamın tayları köçür dünyadan.

Ana kədərinin ölçüsü yoxdur Fərqanə xanımın şeirlərində:

Səni təzə ildə itirdim, ana...
Heç nə gözlərimə təzə görünmür.

Fərqanə xanım lirik, həzin şeirləriylə nə qədər kövrək, həssas idisə, İctimai-siyasi motivli şeirlərində bir o qədər ciddi, sabit mövqeli idi:

Alsın qiymətini xalq tərəfindən
Gərək söyülməsin şairin başı – deyəndə o çox şeyləri nəzərdə tuturdu...

Daha nəyin qalıb... haran göynəsin...
Dağlara dağ çəkdik... Aran göynəsin...
Qoy bir az duz səpim... yaran göynəsin...
Laçınsız Laçını oynama, qardaş...
- deməklə şair əsirlikdə olan Qarabağımıza ana kimi ağı deyirdi...
Şeirin gücü-qüvvəti həm də ondadır ki, oxucu onunla gözü qarşısında mənzərə yarada, hər hansı bir epizod cıza bilsin. Belə şeirlər oxucu beyninə həmişəlik həkk olunur, müəllifini unutdurmur. Azərbaycan ədəbiyyatında belə mükəmməl şairlərdən biri də Fərqanə Mehdiyevadır. Onun yaradıcılığı boyu bütün əsərləri özlüyündə bir səhnədir, filmdir. Bu fikrimi mən “Daşyonanla söhbət”, “Papaq qoymağa yer yoxdu”, “Payızın yanında gözlərsən məni”, “Məndən sevgi şeiri istəyir qızım”, “Xatirə gecəmə gələcək dostlar” və bir çox başqa əsərləri ilə doğrulduram. Fərqanə xanım həm də sadə, anlaşıqlı şeir dilinə yalnız bəşəri fikirləri hopdururdu. Xırda, cılız hisslərdən, səthi düşüncələrdən çox-çox uzaq idi. Öz ağrı-acılarını, “qara kağız gələn ömrünün” kədərini belə incəliklə, məharətlə bəşəri duyğularının arxasında gizləyə bilirdi:

Məlahət əlində çiçək dəstəsi,
Dostlardan mən ollam elə siftəsi,
Yaxıb-yandıracaq gör neçə kəsi
Xatirə gecəmə gələcək dostlar...

Və yaxud poetikləşmənin ən gözəl nümunəsi kimi:
Ağlağan şeirimin sətirlərindən,
Gülümsər şəklimi asın indidən - misralı şeirini nümunə göstərmək olar.
Mən həyatda yaxınlarımın, dost və sirdaş bildiklərimin itkisi ilə barışa bilmirəm. Şair itkisi mənim üçün Vətən, torpaq itkisi kimidir... Xəstəliyini eşidəndən özümə gələ bilmirdim. WhatsAppla hərdən, vacib sözümüz olanda danışırdıq. Onu narahat etməkdən, yormaqdan çəkinirdim. Hər dəfə görüşəndə isə gözlərim üzündə, get-gedə dəyişən cizgilərində qalırdı. Bircə gözlərindəki həyat eşqi idi solmayan. Özündən nəsə soruşmağa ürəyim gəlmirdi. Dostlarla bölüşürdük kədərimizi. Doğma bacısı qədər sevdiyi, ən yaxın rəfiqəsi, sirdaşı Aləmzar Sadiqqızı ilə dərdləşirdik...

Bir yığın istəyi solar heç olar,
Nə boyda arzusu gedər köç olar,
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız yazın indidən.

Mən bu gün həm Fərqanə xanımın yoxluğuna, həm də artıq “gec olan” yazıma üzgünəm... Yaxınlarını, dostlarını ömürlük davam edəcək və bu gün 40-cı günündə durduğumuz həsrətə böldü Fərqanə xanım... “Göylər şairlərindi” deyirdi... Ruhunu əbədi olaraq göylərə uçurdu! Məkanın cənnət olsun, əziz Bacım, unudulmaz Şair!

Sevinc MƏMMƏDOVA
ZiM.AZ-ın Şimal bölgəsi üzrə xüsusi müxbiri,
Azərbaycan Yazıçılar Birliyi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
şair-publisist


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: