ÖLÜM SEVİNMƏSİN QOY - Ziyafət Hüseynov

ÖLÜM SEVİNMƏSİN QOY - Ziyafət Hüseynov
“Həyat beşiklə məzar arasındaki sınaq müddətidir”.
Atalar sözü.


Hüseynov Ziyafət Ağasadiq oqlu 1955-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. 1973-cü ildə indiki Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbi bitirmiş və həmin il Bakı Texniki Peşə Məktəbinə qəbul olmuşdur. 1974-cü ildə məktəbi fərqlənmə diplomu ilə bitirərək tərtibatçı rəssam ixtisasına yiyələnmişdir. 1974-1976-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda təhsil almışdır. 1981-1983-cü illərdə qiyabi yolla Əli Bayramlı Sənaye Texnikumunda “Texnik-Texnoloq” ixtisası üzrə təhsil almışdır.


Ziyafət Hüseynov 1975-ci ildən indiki Şirvan şəhərinin ictimai-sosial həyatında fəal iştirak etməyə başlamış, pioner və məktəblilər evində rəsm dərnəyinə rəhbərlik etmişdir. 1978-ci ildə indiki Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbdə rəsm-rəsmxətt müəllimi işləmişdir. 1998-ci ildən Əli Bayramlı Türk liseyində rəsm dərnəyinin rəhbəri və müəllim kimi fəaliyyət göstərmişdir. İndiki Şirvan şəhərində muzey işinin təşkili və muzey eksponatlarının toplanmasında Ziyafət Hüseynovun böyük xidmətləri olmuşdur. O, 1980-cı il tarixdən 1990-cı il tarixədək indiki Şirvan şəhər tarix-diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildə indiki Şirvan şəhərində Rəsm Qalereyasının açılmasına təşəbbüs göstərmiş və buna nail olaraq yarandığı gündən 2017-ci ilədək qalereyaya rəhbərlik etmişdir.

Ziyafət Hüseynovun rəssam kimi yaradıcılığı çox şaxəliliyi ilə fərqlənmişdir. Rəssam sulu boya, texnika ilə əsərlər işləməyə üstünlük vermiş və bu texnikanın şagirdlər tərəfindən mənimsənilməsinə nail olmuşdur. O, həmçinin ümumşəhər tədbirlərinin hazırlanmasında da yaxından iştirak etmiş, iri həcmli plakatlar hazırlamışdır.
Ziyafət Hüseynov 2020-ci aprel ayının 29-da vəfat etmişdir.
Üç övlad, 4 nəvə yadigarı qalmışdır. Övladları Nicat, Çinarə, Turanə. Nəvələri Tunar Vəliyev, Şövkət Vəlizadə, Rəşad Əmirov, Alim Əmirov.

Oğlu Nicat Hüseynov 1997-ci ilin iyun ayının 4-də Şirvan şəhərində anadan olub. 2003-cü ildə Şirvan şəhər Nofel Quliyev adına 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2014-cü ildə Şirvan şəhər Bəhruz Aslanov adına tam orta məktəbin 11-ci sinfini bitirib. 2015-ci ilin iyul ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılıb. Ağdamda yerləşən “N” saylı hərbi hissədə hərbi xidmət borcunu ləyaqətlə yerinə yetirib. Bu müddətdə snayper kursunu bitirən Nicat aprel döyüşlərinin könüllü iştirakçısı olub və yüngül xəsarət alıb. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Araz Zavodunun təhlükəsizlik və mühafizə idarəsində böyük atıcı işləyib. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən sentyabr ayının 29-da cəbhəyə yolanıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmək və şəhidlərin qisasını almaq onun ən böyük arzusu idi. Mərdlik, cəsarətlik, döyüş tapşırıqlarının dəqiqliklə yerinə yetirmə xüsusiyyəti qısa müddətdə komandanlığın diqqətin çəkib və Nicatın bölük komandiri seçilməsinə səbəb olub.
Şəhidin bacısı Çinarə Vəliyevanın dediyinə görə Nicat Füzuli rayonunun Qarxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək 30 yaralı əsgəri neytral zonadan çıxarıb özü də qəhrəmancasına şəhid olub.
El-obanın fəxri qəhrəman vətən oğlu Nicat Hüseynov 11 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər şəhidlər xiyabanında dəfn olunub. Müzəffər ordumuzun əsgər və zabitlərinin hərbiçilərinin döyüşlərdə göstərdiyi igidliklər dövlətimiz, Ölkə Rəhbərimiz tərəfindən yüksək qiymətləndirilib. Vətənimizin ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Nicat Ziyafət oğlu Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailənin 2-ci övladı Çinarə Vəliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bitirib. 2011-ci ildən vaxtı ilə atasının direktor olduğu Rəsm Qalereyasına rəhbərlik edir.
Ailənin 3-cü övladı Turanə isə evdar qadındır. Nəvələrindən Tunar, Şövkət, Rəşad məktəbli, Alim isə azyaşlıdır.
Şirvan şəhərinin tanınmış rəssamı pedaqoq və Şirvan Dövlət Rəsm Qalereyasının qurucusu Ziyafət Hüseynov 29 aprel 2020-ci il tarixdə uzun sürən xəsdəlikdən sonra vəfat etmişdir.

Nahidə Nail qızı Məmmədova

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: