SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ ALİM

SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ  ALİM Azərbaycan pedaqoji fikrinin həmişə görkəmli nümayəndələri olmuş,var və olacaqdır. Pedaqogika elminə çoxsaylı dəyərli əsərləri liə töhfə verən alimlərdən biri elmi ictimaiyyətdə aktiv və əməkdaşlıq fəaliyyəti ilə tanınan Şahrza Oğul oğlu Ağayevdir.

İlk olaraq Şahrza Ağayevi “Masallı toponimləri” kitabının həmmüəlliflərindən biri kimi tanımışam. 1992-ci ildə işıq üzü görən “Masallı toponimləri” kitabının digər müəllifi qardaşı Musarza Mirzəyevdir. Akademik Ziya Bünyadovun “diplomsuz alim” adlandırdığı Musarza Mirzəyev bölgənin salnaməsini yazanlardan biridir. Məhz onun və Mirhaşım Talışlının yazdığı kitab və məqalələr məni bölgənin tədqiqinə sövq etmişdir.
Şahrza müəllimlə şəkilli (zahiri görünüş) tanışlığım “Yeni Azərbaycan” qəzeti vasitəsilə olmuşdur. Qəzetin 17 fevral 2011-ci il tarixli sayında 60 illik yubileyi ilə bağlı Şahrza müəllimin şəklinin də yer aldığı Nardar Bayramlının “Şərəfli ömür yaşayan insan” başlıqlı yazısı dərc edilmişdir. Şahrza müəllim haqqında yazı olan hissəni kəsib şəxsi arxivimə qoymuşdum.
Şahrza müəllimlə şəxsi tanışlığım isə 2012-ci ilin əvvəllərinə təsadüf edir. Həmin vaxt “Lənkəran toponimləri” kitabı üzərində işləyirdim. Şəxsi kitabxanamda olmayan “Masallı toponimləri kitabından ədəbiyyat kimi istifadəni məqsədəmüvafiq hesab etdiyim üçün mənbəni əldə etməkdən ötrü müəllim yoldaşlarım - məktəbimizin direktoru Amid Həsənov və Elnur Mənsumovla birlikdə Musarza Mirzəyevin yaşadığı Masallı rayonunun Mahmudavar (Mədo) kəndinə getdik. Nişan verilən ünvana çatdıqda darvazanın qarşısında 3-4 nəfərin dayandığını gördük. Salamlaşdıqdan sonra “Musarza müəllimin evi buradırmı?” – soruşdum. “Bəli” deyən şəxs mənə tanış gəldiyindən talış dilində ondan “Siz Şahrza Ağayev deyilsiniz?” – soruşdum. Yenidən “bəli” cavabını aldıqdan sonra qovluğumdan “Yeni Azərbaycan” qəzetindən kəsib götürdüyüm Şahrza müəllim haqqında olan yazını çıxarıb ona uzatdım. Haqqında gedən yazını və şəklini gördükdən sonra mənim kimliyim və gəlişimin məqsədini öyrənən Şahrza müəllim “sən əsl ziyalısan, Musarza müəllim evdə yoxdur, o, harada olsa bu dəqiqə sizin üçün taparam” dedi. Musarza müəllimlə görüşməyimə və kitabın əldə edilməsində mənə yardımçı oldu.
Beləliklə, Şahrza müəllimlə şəxsi tanışlığımızın və hətta, dostluğumuzun əsası qoyulmuş oldu.
Şahrza Oğul oğlu Ağayev 1951-ci il yanvarın 22-də Azərbaycanın dilbər guşələrindən biri olan Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. 1968-ci ildə Mahmudavar kənd tam orta məktəbini, 1974-cü ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1974-1978-ci illərdə Mahmudavar kənd tam orta məktəbində müəllim, 1978-1989-cu illərdə Mahmudavar kənd səkkizillik (indiki ümumi orta) məktəbində direktor işləmişdir. Pedaqoji elmlər doktoru, professor Zahid Qaralovun dəvəti ilə 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) konkurs qaydası üzrə işə qəbul olunmuşdur. Burada “Kənd məktəbi problemləri” şöbəsində kiçik elmi işçi, böyük elmi işçi və müdir vəzifələrində çalışmış, bir müddət “İbtidai təlim şöbəsinə” rəhbərlik etmişdir. 1994-cü ildə “Kənd ümmumtəhsil məktəblərində şagirdlərin ictimai-faydalı və məhsuldar əməyinin səmərəli təşkili yolları” mövzusunda namizədlik (indiki fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsini, 2004-cü ildə isə dosent elmi adını almışdır. 1999-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsil və məktəbəqədər tərbiyə kafedrasında müəllim, baş müəllim və dosent işləmişdir. 2015-ci ildən AMİ-nin ADPU-ya birləşməsi ilə əlaqədar olaraq ADPU-nun İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası kafedrasında çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Təhsil Şurasının üzvü, qabaqcıl təhsil işçisidir.
Şahrza Ağayev “Ümumtəhsil məktəblərində əmək hazırlığının nəzəri və praktik problemləri” mövzusunda yazdığı doktorluq dissertasiyasını başa çatdırıb Dissertasiya Şurasına təqdim etsə də, səhhətində yaranmış xırda problem üzündən doktorluq dissertasiyasının müdafiəsi bir qədər gecikir.
Şahrza müəllim 51 kitabın, o cümlədən bir çox dərsliklərin, dərs vəsaitlərinin, metodiki tövsiyələrin və həmçinin çoxlu sayda elmi və publisistik məqalənin müəllifidir. Onun “Əmək təlimi” və ya hazırda “Texnologiya” adlanan fənnə dair çoxlu metodik kitab və məqalələri işıq üzü görmüşdür. Şahrza müəllim bu sahə üzrə bəlkə yeganə mütəxəssisdir ki, Texnologiyanı nəzəri və praktik cəhətdən işləmişdir. Çünki, onun bu sahə ilə bağlı yazdığı kitab və məqalələr, bənnalıq, dülgərlik, xarratlıq, suvaq çəkmə və rəngsazlığı bacarması və bu işlərdə özünü bir usta kimi sınaması bunu söyləməyə əsas verir.
Şahrza müəllimin həmmüəllif olduğu “Masallı toponimləri” (1992)kitabı, talış dilində “Əlifba” (1996) və II siniflər üçün “Talış dili” (2006) dərslikləri şəxsi kitabxanamın “qızıl fond”una daxildir.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Şahrza Ağayev tədqiqatçı-pedaqoq alim kimi respublikamızın ümumtəhsil məktəbləri ilə sıx əlaqə saxlayır. Bir neçə gün öncə çalışdığım məktəbdə olması, məktəbin pedaqoji kollektivi ilə qarşılıqlı fikir mübadiləsi aparması bunun bariz nümunəsidir. Şahrza müəllim pedaqoji kollektivlə görüşdən sonra 70 illiyi ilə bağlı yazılan “Şərəfli alim ömrü” kitabını mənə hədiyyə etdi.
“Şərəfli alim ömrü” kitabı 2021-ci ildə Bakıda, “Elm və Zəka” nəşriyyatında çap olunmuşdur. Kitabın müəllifləri Fərahim Sadıqov və Aytən Mövsümlüdür. Fərahim Sadıqovun təqdimatına zənnimcə ehtiyac yoxdur. Azərbaycan pedaqoji fikrinin tanınmış simalarından biri olan pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov müxtəlif vaxtlarda “Naxçıvan” və “Azərbaycan” Universitetlərinin rektoru olmuş, “Pedaqogika” jurnalının təsisçisi və baş redaktorudur. Kitabın elmi redaktoru əməkdar elm xadimi, pedaqogika elmləri doktoru, professor Fərrux Rüstəmovdur.
“Şərəfli alim ömrü” kitabı yubileylə bağlı kitab olsa da, o ənənəvi yubiley kitablarından bir qədər fərqlənir. Azərbaycan Respublikası Bakı Elm-Təhsil Mərkəzinin sifarişi ilə işıq üzü görən 270 səhifəlik kitabda ailə albomu, ümumiyyətlə heç bir şəkil verilməmiş, burada alimin 70 illik yubileyi ilə bağlı doğmalarının, öz ailəsinin, elm adamlarının, ictimai-siyasi xadimlərin ürək sözləri, təbrikləri və Şahrza müəllimin elmi yaradıcılığından seçmələr yer almışdır.

Son olaraq Şahrza müəllimi 70 illik yubileyi, müəlliflər Fərahim Sadıqov və Aytən Mövsümlünü hazırladıqları tədqiqat xarakterli “Şərəfli alim ömrü” kitabın işıq üzü görməsi münasibətilə təbrik edir, onlara can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun
Havzava kənd tam orta məktəbinin tarix müəllimi,
bələdiyyə və AJB-in üzvü,
“Qızıl qələm” mükafatı laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: