Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib 2017-ci il Noyabrın 25-də
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika
müşavirəsi keçirilib.


Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi
Əli Əhmədov
noyabrın 21-də YAP-ın yaranmasının 25 illlik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib Əli Əhmədov qeyd edib ki, bu münasibətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin iştirakı ilə təntənəli mərasim təşkil olunub. Həmin mərasimdə partiyamızın Sədri İlham Əliyevin çox maraqlı və genişməzmunlu çıxışında keçilən yola çox yüksək qiymət verilib, YAP-ın Azərbaycanın ictimai və siyasi həyatındakı böyük və vacib rolu birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, partiyamızın bundan sonrakı dövr ərzində qarşısında duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.

Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bu 25 il ərzində möhtəşəm bir tarix yaradıb. Qarşımızda isə yenə də şərəfli bir yol dayanır: "Azərbaycanın müasir tarixini, insanlarımızın taleyini, həyatını Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bu 25 il ərzində, xüsusilə də Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən bütün mütərəqqi, müsbət dəyişikliklər, inkişafı özündə əks etdirən bütün faktlar, Azərbaycanın müstəqil dövlətinin qurulması və onun iqtisadi və sosial cəhətdən inkişafı, ölkəmizin simasının köklü surətdə yenilənməsi, müasirləşməsi , ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi və saya biləcəyimiz bu günkü həyatımızı, dövlətimizin gerçəkliklərini, inkişafını əks etdirən bütün müsbət, pozitiv cəhətlərin hər biri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Onun titanik fəaliyyəti ilə, 2003-cü ildən sonra isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində bu irəliləyişlər əldə edilibdir".

YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, əldə olunan nailiyyətlər, yaradılmış baza Yeni Azərbaycan Partiyasının böyük ictimai dəstəyi və nüfuzu, siyasi çəkisi, partiyamızın sıralarında birləşən insanların say etibarilə çox olması, əhalinin Yeni Azərbaycan Partiyasının üzvü olmayan təbəqələrinin YAP-ın ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləməsi bundan sonrakı dövrdə də Yeni Azərbaycan Partiyasının həyatının, fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin də uğurlu olacağına şəksiz inam yaradır.

Müşavirədə Yeni Azərbaycan Partiyasının İdarə Heyəti, eləcə də İcra Katibliyi tərəfindən qəbul edilmiş qərarların və tövsiyyələrin partiyanın rayon və şəhər təşkilatları tərəfindən icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və hərtərəfli fikir mübadiləsi aparılıb.

Müşavirədə həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinə başlanması ilə bağlı İcra Katibliyinin tapşırıq və tövsiyyələri rayon və şəhər təşkilatlarının sədrlərinin diqqətinə çatdırılıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: