"Azərbaycandakı seçkilər şəffaf şəkildə keçib" - YAP-dan açıqlama YAP, Azərbaycan, Siyasət 1 Kasım Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu. Hesab edirəm ki, bu seçkilər tam qanuna uyğun, demokratik və şəffaf şəkildə keçirilib. Secki-2015.az saytı xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında belə deyib. O bildirib ki, qanunvericiliyə uyğun olaraq seçki məntəqələri 8.00 da açılıb, 19.00-da bağlanıb.“Seçicilər səsvermə prosesində kifayət qədər fəal iştirak ediblər. İlkin nəticələrə görə, seçicilərin 55 faizdən çoxunun səsvermədə iştirak etməsi müsbət haldır. 5 il əvvəlki səsvermədə isə iştirak edən seçicilər 49,6 faiz idi. Bu, bir daha göstərir ki, seçkilər yüksək səviyyədə keçirilib. Seçki kampaniyası, eləcə də səsvermə zamanı qanun pozuntuları qeydə alınmayıb. Bu, onu deməyə əsas verir ki, səsvermə normal keçib”,- Ə. Əhmədov vurğulayıb.YAP-ın budəfəki seçkilərdə ən çox namizədlə iştirak etdiyini bildirən Əli Əhmədov qeyd edib ki, partiya tərəfindən 117 nəfərin namizədliyi irəli sürülmüşdü. Sonradan onlardan 2 nəfəri namizədliyini geri götürdüyündən partiya seçkiyə 115 nəfərlə qatıldı.Baş nazirin müavini bildirib: “Hesab edirik ki, YAP-ın namizədlərinin böyük şansı var. İnanırıq ki, namizədlərimizin böyük hissəsi Azərbaycan seçicilərinin rəğbətini qazanacaq. Bildiyiniz kimi, səsverməni izləmək üçün “exit-poll”lar da keçirilib. Həmin sorğuların ilkin nəticələri də bir qədər əvvəl söylədiyim fikirləri təsdiqləyir. İnanırıq ki, “exit-poll”la MSK-nın sonda açıqlayacağı nəticələr arasında elə böyük fərq olmayacaq”. “Əminik ki, YAP Milli Məclisdə yenə də ən çox sayda təmsil olunan partiya olmaq hüququnu özündə saxlayacaq. Təbii ki, bu seçkilərdə digər siyasi partiyalar da iştirak edib. Səsverməni həm daxili, həm xarici, həm də YAP-ın müşahidəçiləri izləyib. Həmin müşahidələrin nəticələri də onu deməyə əsas verir ki, Azərbaycanda növbəti parlament seçkiləri ədalətli və şəffaf şəkildə, demokratik əhval-ruhiyyədə keçib”,- deyə YAP icra katibi qeyd edib.Əli Əhmədov seçkinin normal şəraitdə keçməsini Azərbaycandakı ictimai-siyasi sabitliyin göstəricisi kimi qiymətləndirib: “Bu mənada YAP-ın uğurları, ölkədəki ictimai-siyasi sabitlik Azərbaycan seçiciləri tərəfindən dəstəklənir. Eyni zamanda, bu, prezident İlham Əliyevin siyasətinə, vətəndaşların Azərbaycan hökumətinə müsbət münasibətinin ifadəsidir”.Sosial şəbəkələrdə səsvermə prosesinin gedişinə kölgə salmaq cəhdlərinə də münasibət bildirən Əli Əhmədov qeyd edib ki, qanun pozuntusu olduğu iddia edilən bütün faktlar ciddi araşdırılacaq, əgər həqiqətən də orada nöqsanlar varsa, məsələ yalnız qanun çərçivəsində həllini tapacaq. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.