Uğursuz siyasətçinin liderlik iddiası...

Uğursuz siyasətçinin liderlik iddiası... Arzuman LOĞMANOĞLU,
"Yeni Sözçü" qəzetinin baş redaktoru


"Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) 25 iyun 2016-cı il tarixli növbədənkənar konfransından günlər ötsə də, onun nəticələri ilə bağlı razılaşmayanlar hələ də var. Konfransın qərarını tanımayanların başında isə Cəmiyyətin sabiq sədri Zəlimxan Məmmədli dayanır.

Azərbaycan siyasi səhnəsində uğur qazana bilmədikdən sonra "Borçalı” ictimai cəmiyyəti ilə özünü gündəmdə saxlamağa çalışan Zəlmixan Məmmədlinin indi Cəmiyyətin 25 iyun 2016-cı il Konfransının qərarlarını qəbul etməməsini, sədrlikdən əl çəkmək istəməməsini anlamaq da olar.

Axı, Zəlimxan Məmmədli Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyevdən fərqli olaraq, AXCP-dən kənarlaşdırıldıqdan sonra nə özünün lider olduğu siyasi partiya yarada bildi, nə fərdi qaydada uğur qazanıb deputat seçildi. Siyasi partiya lideri və ya deputat ola bilməyən uğursuz bir siaysətçinin yeganə sığınacaq yeri ictimai birliklər, qeyri-hökumət təşkilatları ola bilər. Zəlmixan Məmmədli də bu yolu tutub. Ancaq onun "Borçalı” ictimai cəmiyyətinin sədri vəzifəsində fəaliyyəti uğurlu alınmayıb.

Məsələn, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacarın Zəlmixan Məmmədli haqqındakı ittihamlarını xatırlamaqla "Borçalı” İctimai Cəmiyyətinin sabiq sədrinin fəaliyyətinin nədən ibarət olduğu məlum olar.

Qeyd edək ki, İsmayıl Qacar Zəlimxan Məmmədlini hansısa dövlətin gizli sifarişini həyata keçirərək Borçalı türkləri, Borçalıda fəaliyyət göstərən təşkilatlar arsında, Azərbaycandakı əslən Borçalıdan olan ziyalılar arasında nifaq toxumu səpməkdə ittiham etmişdi. Halbuki, "Borçalı” ictimai cəmiyyətinin qarşısında duran məsələlər əslən Borçalı əsilli insanları ictimai, mədəni-mənəvi cəhətdən birləşdirmək, Borçalıdakı insanların problem və qayğılarının həllinə çalışmaq, bölgədə fəaliyyət göstərən təşkilatlar arasında birləşdiricilik rolu oynamaq, Azərbaycan və Gürcüstan hökumətlərinin mədəni əlaqələrinin inkişafına kömək etmək kimi məsələlərdən ibarət olmalıdır.

"Borçalı” ictimai cəmiyyəti 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıqdan sonra məhz bu prinsiplər əsasında fəaliyyət göstərib. Bunun nəticəsidir ki, Cəmiyyətə qarşı indiyinə kimi heç bir iradlar da olmayıb.

"Borçalı”ictimai cəmiyyəti ilə bağlı iradlar, tənqidlər və hətta ittihamlar məhz Zəlmixan Məmmədlinin sədrliyi dövründə meydana çıxıb. Hətta belə iddialar var ki, Rusiya xüsusi xidmət orqanları ilə borçalıların əlaqə yaratmaq ənənəsini məhz Zəlimxan Məmmədli qoyub. Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacar tərəfindən səsləndirilən bu iddia indiyədək Zəlimxan Məmmədli tərəfindən əsaslı şəkildə təkzib olunmayıb.

Rusiya xüsusi xidmət orqanlarının aborigen borçalılardan və başqa milli azlıqlardan istifadə edərək, bölgədə ziddiyyət və koflikt yaratmaq istəyi isə həmişə olub və son on ildə bu cəhdlər daha da güclənib. Bu məsələləri Gürcüstanda stabilliyin pozulmasına, Azərbaycanla münasibətlərin zədələnməsinə, ölkə üçün həyati əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinə təhlükə yarada biləcək cəhdlər olaraq dəyərləndirmək olar. Ona görə də, Azərbaycan dövləti bu məsələdə həmişə aydın mövqe tutub, Gürcüstanda qeyri-stablliyə yol verməmmək üçün hər cür fədəkarlıq edib.

Azərbaycan Respublikasının milli maraqları ilə ziddiyət təşkil edən bu məsələlərlə bağlı "Borçalı” ictimai cəmiyyəti Zəlmixan Məmmədlinin sədrliyi dövründə prinsipial mövqe tuta bilməyib. Sədr olduğu dönəmlərdə özünün addımlarını "QHT-lər haqqında”qanunun və Cəmiyyətin nizamnaməsinin müddəalarına uyğun apara bilməyib. İctimai birliyin fəaliyyət istiqamətini dəyişərək ona siyasi rəng verib. Bütün bunlar zaman-zaman Zəlimxan Məmmədliyə və bütövlükdə "Borçalı” ictiami cəmiyyətinə qarşı haqlı tənqid və ittihamların meydana çıxmasına səbəb olub. Nəhayət, Cəmiyyətin təsisçiləri və fəalları iyun ayının 25-də növbədənkənar konfrans çağıraraq Zəlimxan Məmmədlini sədrlikdən kənarlaşdırıblar.

Bununla belə, Zəlimxan Məmmədli Cəmiyyətin təsisçilərinin və fəallarının iradəsi ilə barışmaq və sədrlik iddiasından əl çəkmək istəmir. Özünü də cəmiyyətin adını da nüfuzdan salmaqda davam edir. Əlbəttə, bu məsələ tezliklə hüquqi müstəvidə öz həllini tapacaq. Ancaq Zəlimxan Məmmədli bu günə kimi "Borçalı” ictimai cəmiyyətinin imicinə vurduğu ziyanı anlamaq istəmir.Və qurumda qəsdən ikitirəlik yaranmasına şərait yaradır və bununla da ictimai fikrə təsir göstərməyə çalışır.

Bu isə görünür, onun "Borçalı” ictiami cəmiyyətinə, bütövlükdə Borçalıya və borçalılara son zərbəsidir. Ancaq bunun da sonu var. Bundan sonra Zəlimxan Məmmədlinin həmyerlilərinin məclislərinə hansı üzlə gedəcək?

O, bu haqda düşünsə özünün olan-qalan hörmətini saxlamış olardı. Amma görünür, təəssüf ki, o, bunu istəmir...

Bütün hallarda "Borçalı” ictiami cəmiyyəti isə üzərindəki bu ağır yükü atmalı, Zəlimxan Məmmədli isə özünün sonrakı fəaliyyətini götür-qoy etməlidir.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: