“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru ilə görüşdülər "Borçalı" Cəmiyyəti 13 Temmuz Cənab Paata Xizanaşvili ilə görüşdə “Elat-Dmanisoba bayramı” ilə bağlı müzakirələr aparılıbIyulun 7-də “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru cənab Paata Xizanaşvili ilə görüşüblər. Görüşdə “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında formalaşan İdarə Heyətinin iki üzvü – Kamran Xəlilov və Anar Həsənli ilə yanaşı, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev iştirak edib. Görüş zamanı, ilk olaraq, cənab Paata Xizanaşviliyə “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağı haqda məlumat verilib və yeni sədrin salamı çatdırılıb. Kvemo Kartli (Borçalı) qubernatorunun diqqətinə o da çatdırılıb ki, “Borçalı” İctimai Cəmiyyətinin son 7 illik fəaliyyəti qənaətbəxş olmasa da, cəmiyyətin yeni rəhbərliyi Gürcüstan və Azərbaycan, eləcə də gürcülərlə azərbaycanlılar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün körpü rolunu oynamaqda israrlıdır. Cənab Paata Xizanaşvili “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin səmimi dostluq təklifindən məmnun qaldığını və tezliklə Azərbaycan rəsmi qurumlarının yeni sədrin legitimliyini tanıyacağına ümidvar olduğunu bildirib. Kvemo Kartli (Borçalı) qubernatoru vurğulayıb ki, “Borçalı” İctimai Cəmiyyətinin fəaliyyəti rəsmi müstəviyə keçdikdən sonra, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün yeni rəhbərliklə bir çox sahələrdə əməkdaşlığa hazırdırlar. Daha sonra cənab Paata Xizanaşvili “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələrinə iyulun 26-da Gürcüstan hakimiyyəti tərəfindən təşkil olunan “Dmanisoba bayramı” haqda məlumat verib. Qubernator bu bayram tədbirində “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin də iştirakının arzuedilən olduğunu bildirib və cəmiyyətin sədrini, İdarə Heyəti üzvlərini, o cümlədən bütün tərəfdarlarını “Dmanisoba bayramı”na dəvət edib. Müzakirələr zamanı “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri qubernatorun diqqətinə çatdırıb ki, bu il “Dmanisoba bayramı” adı altında keçiriləcək tədbiri son illər borçalılar “Elat bayramı” kimi qeyd ediblər. Odur ki, cənab Paata Xizanaşvilidən “Elat bayramı” ənənəsinin qorunub-saxlanılması xahiş olunub. Nəticədə tərəflərin razılığı ilə qərara alınıb ki, iyulun 26-da keçiriləcək tədbirin adı “Elat-Dmanisoba bayramı” olsun. Onu da qeyd edək ki, tədbirin təşklində “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin də iştirakı nəzərdə tutulub. Görüşdə qərara alınıb ki, hələlik açıq qalan müəyyən detalları müzakirə etmək üçün “Elat-Dmanisoba bayramı”ndan bir neçə gün əvvəl “Borçalı” İctimai Cəmiyyətinin sədri Kərəm Məmmədli və İH üzvlərinin bir qrupunun iştirakı ilə cənab Paata Xizanaşvili ilə növbəti görüşü keçirilsin və bu zaman bütün suallara aydınlıq gətirilsin. Görüşün sonunda, tərəflər iyulun 26-da keçiriləcək “Elat-Dmanisoba bayramı”nın Gürcüstan-Azərbaycan və hər iki dövlətin xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcək möhtəşəm bir tədbir olacağına böyük inam hiss ifadə ediblər. “Borçalı” İctimai Cəmiyyətinin Mətbuat Xidməti. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.