Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən blogger Lapşin suçlu kimi Azərbaycana ekstradisiya olundu və o, artıq BAKIdadır!..

Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən blogger Lapşin suçlu kimi Azərbaycana ekstradisiya olundu və o, artıq BAKIdadır!.. 2017-ci il fevralın 7-də Belarus Ali Məhkəməsi keçən ilin dekabrında rəsmi Bakının sorğusu əsasında saxlanmış blogger Aleksandr Lapşinlə bağlı yekun qərarı elan edib.
Məhkəmə onun ölkəmizə ekstradisiyası barədə Belarus Baş Prokurorluğunun 18 yanvar tarixli qərarından verilən apelyasiya şikayətini təmin etməyib.
Bundan öncə Minsk Şəhər Məhkəməsi də analoji qərar çıxarmışdı.

Bu, o deməkdir ki, Lapşinin ölkəmizə təhvil verilməsi haqda qərar dərhal qüvvəyə minmiş sayılıb.
Kremlin, rəsmi İrəvanın və İsrail hakimiyyətinin açıq himayəsi altında olan blogger Azərbaycanın və Belarus iqtidarının qətiyyəti sayəsində Azərbaycana ekstradisiya olunub.

Blogger Aleksandr Lapşin ittiham olunmaq üçün artıq Azərbaycana gətirilib.
Onun Azərbaycanda ilk təmas qurduğu jurnalistlər olub. Onlar Azərbaycan Respublikasının qanunlarını pozaraq, cinayət əməli törətmiş və separatçı ermənilər üçün təbliğat xarakterli fəaliyyət aparmış Lapşinin Bakıdakı suçlu statusunda ilk fotolarını çəkməyə nail olublar.

Qeyd edək ki, 40 yaşlı Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır.
O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib.

Azərbaycanın Baş Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başladılıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanları Lapşini ötən ilin dekabrında saxlayıblar.

Rəsmi Minsk üçlü vətəndaşlığa (İsrail, Rusiya, Ukrayna) malik yəhudi bloggerin qeyd-şərtsiz azad edilməsi ilə bağlı ələlxüsus Rusiyanın (xarici işlər naziri Sergey Lavrov, XİN sözçüsü Mariya Zaxarova, ombudsman Tatyana Moskalkova) təzyiq-təhdidlərinə, məhkəməyə təsir cəhdlərinə baxmayaraq, siyasi iradə göstərdi və sözünü tutdu. Zatən, prezident Aleksandr Lukaşenkonun ötən həftəsonu mətbuat konfransında səsləndirdiyi məlum fikirlərdən də aydın idi ki, Belarus hökuməti məsələdə Moskva qarşısında geri çəkilmək niyyətində deyil. Elə də oldu.

İndi məsələ artıq bütünlüklə Bakının siyasi iradəsi altına keçir.

Ayrı sözlə, Lapşinin taleyini sırf Azərbaycan, onun prezidenti həll edəcək.

Onu da diqqətə çatdıraq ki, Lapşin və anası prezident İlham Əliyevə əfvlə bağlı yazılı müraciət ünvanlayıblar.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: