Azərbaycanda halal otellərin açılması gündəmdədir Digər » Sosial 14 Mart Ölkəmizdə “halal turizm”in inkişafı gəlirlərin artmasına səbəb olacaq.Tailandda müsəlmanlar üçün ilk “halal” otel istifadəyə verilib. “Al-Meroz” mehmanxanası Banqkokun müsəlmanların çoxluq təşkil etdiyi ərazidə yerləşir. Yeni oteldə 242 nömrə var və hələ ki, otelin müsəlman müştəriləri ümumi ziyarətçilərin təqribən 50%-ni təşkil edir. Məlumata görə, otel rəhbərliyi tez bir zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə təqdimat mərasimləri keçirməyi planlaşdırır.Belə otellər islam dəyərləri ilə yaşayan, həmçinin mühafizəkar insanların ailələri ilə rahat şəkildə istirahətinə və səyahətinə şərait yaradır. Bəs “halal” otelləri digərlərindən fərqləndirən cəhətlər nədir və bu tip otellər Azərbaycanda fəaliyyət göstərirmi?Azərbaycanda əlaqə saxladığımız otellərin və turizm şirkətlərinin əksəriyyəti “halal” otelçilik barədə məlumatsız olduqlarını dedilər. Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin meneceri Tərlan Cəbiyev bildirdi ki, belə otellər çox bahalı olduğu üçün Azərbaycanda bu tip otelə rast gəlinmir. Onun sözlərinə görə, əgər Azərbaycanda bu tip ucuz otellər tikilərsə, o zaman “halal turizmi” inkişaf etdirmək olar.Bakının mərkəzində yerləşən otellərdən birinin əməkdaşı isə bildirdi ki, paytaxtda halal otel olmasa da dindar müştərilərə fərdi qaydada yanaşılır. “Elə müştərilər var ki, onlar spirtli içki, donuz əti və digər islam adətlərinə uyğun olmayan xidmətləri istəmir. Bu zaman mətbəxə və başqa müvafiq yerlərə xəbər verilir ki, nəzərə alınsın. Xüsusilə spirtli içkilər yığışdırılır. Amma tamamilə “halal” otel kimi xidmət göstərmirik”, – deyə otellərdən birinin əməkdaşı bildirdi.“Azərbaycanda bu tip otellərə maraq yüksək olsa da hələlik fəaliyyət göstərmir”. Turizm şirkətlərindən birinin direktoru, turizm mütəxəssisi Elxan Vəliyevin sözlərinə görə, “halal” otellərdə infrastruktur ənənəvi otellərdən çox fərqlidir. “Belə otellərin ərazilərində ibadət yerləri, qadınlar və kişilər üçün ayrılıqda nəzərdə tutulmuş çimərlik, hovuz, spa və idman mərkəzləri, saunalar əsas şərtdir. Həmçinin bu tipli otellərdə spirtli içkilər və islam adətlərinə uyğun olmayan yeməklər təklif edilmir”, – deyə Elxan Vəliyev bildirdi.Mütəxəssis qeyd etdi ki, Azərbaycanda “halal” otellər fəaliyyət göstərməsə də bu turizm növünə tələb kifayət qədərdir. Bu sahəni inkişaf etdirmək üçün maarifləndirmə aparılmalı, “halal” otellərdə işləmək üçün mütəxəssislər yetişdirilməli, qiymət strategiyası formalaşdırılmalı, xaricdə təbliğat aparılmalı, bu sahə ilə məşğul olan sahibkarlara vergi güzəştləri tətbiq edilməlidir”, – deyən Elxan Vəliyev əlavə etdi ki, tətbiq edilən bu qaydaların pozulmaması üçün koordinasiya şurası yaradılmalıdır. Hamı yemək üçün Azərbaycana gələcəkAzərbaycanda zəif inkişaf edən bu sektora xarici dövlətlərdə xüsusi diqqət yetirilir. 2015-ci ilin statistikasına görə, “Halal” turizm xidmətlərinin 85%-ni Malaziya, 60 %-ni isə Türkiyə öz əlində saxlayır. Türkiyədə bu biznesə“halal turizm” deyirlər. Dünyanın əksər ölkələrindən mühafizəkar müsəlmanlar belə istirahət yerlərini seçirlər. Dünya Halal İttifaqının məlumatına görə, “halal turizm”i daha da inkişaf etdirməklə Türkiyə 2023-cü ildə 50 milyon turist hədəfinə çata bilər. Əgər 2002-ci ildə Türkiyədə ancaq 5 belə otel olubsa, indi onların sayı 80-ə yaxındır. Bu otellər müştərilərinə təkcə alkoqolsuz içki təklif etmirlər. Burada həmçinin ancaq qadınların daxil ola biləcəyi qapalı hovuzlar, qapalı çimərliklər, məscidlər var. Türkiyədə qadınlar üçün ayrılan çimərlik“Halal turizm”i inkişaf etdirmək üçün görülə biləcək tədbirlərAzərbaycanda da bu sahə inkişaf etdirilsə, islam ölkələrindən gələn turistlərin sayında artım hiss olunar. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov isə ANS PRESS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda bu sahə üzrə ixtisaslaşan turizm şirkəti fəaliyyət göstərir. “Onlar əsasən İran və Körfəz ölkələrindən gələn turistlərə xidmət edirlər. Bir neçə il öncə isə bu sektorda İslam Əməkdaşlığı Təşkilatının layihəsi həyata keçirilirdi. Azərbaycandan da bir neçə şirkət həmin layihədə iştirak etdi. Bu layihə çərçivəsində Azərbaycana turistlər səfər ediblər”, – deyə Vüqar Şıxəmmədov qeyd etdi.Vüqar Şıxəmmədov bildirdi ki, turizm şirkətləri bu sahədə maraqlı ola bilərlər. “Belə layihələrin həyata keçirilməsi islam ölkələrindən gələn turistlər üçün maraqlıdır. Həm İrandan, həm də Körfəz ölkələrindən turistlərin Azərbaycana cəlb olunması bizim üçün prioritet səhələrdəndir. Bu sahədə işlər davam etdirilir”, – deyə nazirlik rəsmisi bildirdi. Azərbaycanın od tutub yanan qiymətləriİlk “halal” otellər xristian dövləti olmasına baxmayaraq İngiltərədə istifadəyə verilib. Daha sonra Malayziya, Türkiyə, Səudiyyə Ərəbistanı,Sinqapurda bu tipli otellər tikilməyə başladı. Bu isə müsəlman turistlərin diqqətini cəlb etdi. Müsəlmanlar 2014-cü ildə turizm üzrə 145 milyard dollar xərcləyiblər. Onlar pullarının 36 milyard dollarını alış-verişə, 26 milyard dollarını qidalanmaya, qalan hissəsini isə digər ehtiyaclara xərcləyiblər. Ötən il də müsəlmanların əksəriyyəti istirahət üçün Dubay, Kuala Lumpur, İstanbul vəAntalyanı seçiblər. 2014-cü ildə 142 milyon müsəlman turist kimi səyahətə çıxıb. “Halal turizm”in geniş yayıldığı dövlətlər (Türkiyə, Səudiyyə Ərəbistanı, Malaziya, Sinqapur- qırmızı xətlə işarələnib)Azərbaycanda bu turizm növü geniş inkişaf etsə, gəlirlərimizə əhəmiyyətli dərəcədə təsir edəcək. Ümumilikdə, ölkədə kənd təsərrüfatının, sənayenin elə sektorları var ki, hələ də zəif inkişaf edib. Turizm sahəsində isə “halal” otelçiliyi bu sahəyə aid etmək olar. Amma bu sahənin inkişafı Azərbaycanın otelçilikdən əldə etdiyi gəlirlərin artmasına ciddi təsir edə bilər. Bunun üçün isə turizm şirkətləri dövlətin dəstəyi ilə təbliğat aparmalıdırlar. Azərbaycana “halal” otellər vasitəsi ilə xüsusilə ərəb ölkələrindən və Avropadan miyonlarla müsəlman turist cəlb etmək olar. Bu sahənin inkişafı Azərbaycanın milli maraqlarına da uyğundur. Çünki Azərbaycan multikultural dəyərlərlə dünyaya yeni cəmiyyət modeli təqdim etmək istəyir. Azərbaycanın multikultural dəyərlərini dünyaya təbliğ etmək üçün “halal turizm” əsl vasitəyə çevrilə bilər. Bu sektorun inkişafı həm maliyyə, həm də dəyərlərimizin təbliği baxımından önəmlidir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.