NOVRUZ GƏNCƏLİ (1921-1995)

NOVRUZ GƏNCƏLİ (1921-1995) Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov) - 1921-ci il sentyabr ayının 12-də Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub. O İsmayıl Zəbih ki, onun da özünəməxsus bir şairlik qüdrəti vardı. Səkkiz yaşında olarkan atasını vaxtsiz itirən Novruz, böyük qardaşı Qulamhüseyn Gəncəlinin himayəsində yaşayıb va boya-başa çatmışdır. O, 1934-cü ildə Z.A.Tağıyev adına Toxuculuq fabrikinin nəzdində olan 63 saylı orta məktəbdə ibtidai təhsil alıb. Sonradan ailəsi ilə birlikdə Gəncəyə köçüb. 1939-cu ildə Gəncə şəhər 3 saylı Beynəlmiləl orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakültəsinə daxil olub.

O, təhsil aldığı dövrdə, eyni zamanda, 1939-1940-cı illərdə kitabxanada Azərbaycan şöbəsinin müdiri, 1940-1941-ci illərdə isə İncəsənət muzeyinda ekskursiya rəhbəri vəzifəsində çalışıb. Universitetin ikinci kursunda o, əyani şöbədən qiyabiyə keçib. 1941-1943-cü illərdə Lerik rayonunun bir neçə orta məktəbində müəllimlik edib. Hətta burada məktəb direktoru kimi də peda-qoji fəaliyyət göstərib. 1943-1946-cı illərdə Bakıda Dövlət Təh-lükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışıb. 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilib. 1946-1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının "Natəvan" klubunda çalışıb. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında poeziya üzrə məsləhətçi kimi də fəaliyyət göstərib.

1950-1960-cı illərdəki zaman kəsiyində müxtəlif vaxtlarda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi, "Ədə-biyyat qəzeti" redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbay-can Baş Mətbuat İdarəsində və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində isə təlimatçı işıəyib. 1960-1976-cı illərdə "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini olub.

Yaradıcılığa çox erkən başlamış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Odlu ürəklər" adlanan ilk kitabı 22 yaşında işıq üzü görüb. Sonrakı illərdə "Unudulmaz günlər", "Şeirlər", "Dalğalar", "Mənim mahnılarım", "Üç dost", "Könüllər açılanda", "Unuda bilmirəm", "İnsan və qızılgül", "Pyeslər", "Şah və tutuquşu", "Seçilmiş əsərlər", "İnsan, od su", "Ədəbi dost" və s. şeir kitabları nəşr olunmuşdur. Ümumilikdə 14 kitabı nəşr olunub.
C.Bayronun "Gavur", "Y.Çarentsin "Hamı üçün" poemalarını, A.Makayonokun "Tribunal", C.Patrikin "Missis Sevinc", B.Brextin "Kuraj ana və onun uşaqları" pyeslərini, eləcə də onların onlarla şeirlərini doğma Azərbaycan dilimizə tərcümə etmişdir.
Sovet dövründə bir sıra medallarla təltif olunmuşdur.
Novruz Gəncəli 80-ci illərdə Maştağa Mədəniyyət Evində Səməd Vurğun poeziya klubunun rəhbəri olmuşdur.

Görkəmli şair-dramaturq, tənqidçi, tərcüməçi, müəllim və ictimai xadim Novruz Gəncəli 1995-ci il oktyabrın 19-da Bakıda vəfat etmiş, Maştağada Pirşəhid qəbristanlığında dəfn olunmuşdur.

Biz də Novruz Gəncəliyə Allahdan rəhmət diləyir, “Ruhu şad olsun!..”- deyirik və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az


NOVRUZ BAYRAMI

Əziz dostlar, gəldi Novruz - təzə gün,
Bahar donlu bayramımız mübarək!
İllər ilə gözləmişik yolunu,
Xoş arzumuz, niyyətimiz mübarək!
Bahar donlu bayramımız mübarək!

Həyət-baca ağardılır tər-təmiz.
Gəl-gəl deyir, göz oxşayır, otaq, miz.
Yer- yemişlə dolu olsun süfrəmiz,
Səliqəmiz - sahmanımız mübarək!
Bahar donlu bayramımız mübarək!

Süfrələrə bəzək verər xonçalar,
Əlvan şamlar yanar, könül xoş olar.
Qonaq evi gah dolar, gah boşalar,
Söhbətimiz, kəlamımız mübarək!
Bahar donlu bayramımız mübarək!

Qohum-qardaş bir-birini yad eylər,
Bəxşiş ilə bir-birini şad eylər.
Qız köçürər, üzük verər, ad eylər,
İlqarımız- peymanımız mübarək!
Bahar donlu bayramımız mübarək!

Ürəklərdə xoş duyğular yarışar,
Məhəbbətin eşqi, odu alışar.
Küsülülər belə gündə barışar.
Novruz deyər, bu anımız mübarək!
Bahar donlu bayramımız mübarək!

Bu gün Araz coşub vəcdə gələcək,
Həm bu sahil, həm o sahil güləcək.
Bu sevinci alqışlayır gələcək,
Çiçək açmış məramımız mübarək!
Bahar donlu bayramımız mübarək!
1967


ANANIN SƏSI

1.
Ana qəlbim odlanır
söz düşəndə davadan,
Bəs deyilmi, ey insanlar,
töküldü qan, axdı qan,
Bəs deyilmi, qara torpaq
su içdi gözyaşından?!

Nəqarət:
Yer üzündə dostu olsun
gərək insan insanın,
Qəlbimdəki bu arzular
arzusudur zamanın.
Mən anayam, bu səsimdə
yerin, göyün dərdi var,
Sülhə gəlin, ey insanlar,
yoxsa dünya məhv olar.

2.
Silahları yandırın,
ərşə qalxsın tüstüsü,
Hər obada, hər bir evdə
qanad açsın sülh sözu,
Üzü gülsün insanların,
bayram etsin yer üzü.


UNUDA BİLMİRƏM...

Ayrı düşdük, aylar ötdü il oldu.
Sənsiz qəlbim bir çağlayan sel oldu.
Bağça saldım, qönçə açdı gül oldu,
Neyçün səni bəs unuda bilmirəm?

Min rəng verir bahar hər bir çiçəyə
Ruh gətirir hər qəlbə, hər ürəyə
Mən çatıram min arzuya, diləyə
Neyçün səni bəs unuda bilmirəm?

Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir birinə edər oğlan-qız adət.
Doğrudanda yoxsa saf eşq, məhəbbət?
Neyçün səni bəs unuda bilmirəm?..



SALAMAT QAL

Qazaxda böyük Səməd Vurğunun70 illiyində
ilhamla çalıb-çağıran el aşığına.


Aşıq, gəlib çatdı ayrılıq dəmi,
Qatar yaxınlaşır, sən salamat qal!
Gönlün ayrılmasın eldən, obadan,
Saçına düşsə də dən, salamat qal.

Yoxdu bu dünyanın heç dəyanəti,
Gec-tez qismət edir bizə həsrəti.
Qoyma elə yaxın dərdi, möhnəti;
Daima çal-çağır şən, salamat qal.

Görüb öpmədiyim yoxdu bir bulaq,
Kəpəzə, Murova olmuşam qonaq.
Qışda Muğanda ol, yazda dağa qalx,
Görmə ömrün boyu çən, salamat qal!

Təbiət nə verib birbəbir alır,
Baxmır kimliyinə atından salır.
Bizdən bu dünyada yaxşılıq qalır,
Düşmə yaxşılardan gen, salamat qal.

Vurğunun gözüylə bax bu cahana,
Ömrü qurban verdi Azərbaycana.
Şair şöhrətimçin borcluyam ona,
Novruz Gəncəliyəm mən, salamat qal.
Qazax, 18.XI. 1976.


GÖY-GÖL

Yenə görüşünə uçdu xəyalım,
Sızladı qəlbimin telləri, Göy-göl!
Qalıbdır yanında əziz ömrümün
Ən əziz, ən şirin illəri, Göy-göl!

Şahidi olduğun ilk məhəbbətin,
Vəfasız gülünü unutmaq çətin!
Sənin xan Kəpəzə pak sədaqətin
Vəfaya səsləsin gülləri, Göy-göl!

Deyirlər, dizinə qoyub başını,
Almısan Kəpəzin başdan huşunu.
Qaydadır, tutular can sirdaşını,
Görən aşiqlərin dilləri, Göy-göl!

Sevincdən Kəpəztək kaş lal olaydım,
Görəydim yarımı bihal olaydım,
- Başı sinəm üstə daş-sal olaydım,
Əhdə mat qoyaydım elləri, Göy-göl!

Qövsü-qüzeh ilə sinən üstə yaz:
"İlk eşq, ilk məhəbbət heç unudulmaz!"
Sənintək vəfalı olmamış, olmaz
Dünyada hər gözəl, hər pəri, Göy-göl!


MƏNƏM

Mən qovdum vətəndən qara kabusu,
Candan əziz tutdum arı, namusu.
Sən ey qəm bilməyən gələcək nəsil!
Üzümü görməyi eləsən arzu, Bax,
üfüqdən qalxan al səhər mənəm!
Qəlbinin istəyi o zəfər mənəm!

Həyatın açarkən solmaz gül, çiçək,
Günün bir-birindən gözəl ötəcək.
Baxıb gözəlliyə dan söküləndə
Coşub sevincindən bülbül ötəcək...
Dinlə o nəğməni, o bülbül mənəm!
Ruhunu oxşayan o könül mənəm!

Bahar çağlarında yaşıl çəmənə,
Laləyə, nərgizə, göy yasəmənə;
Günəştək dünyaya səadət saçan
Bu azad ellǝrǝ, azad vətənə
Xilqətin verdiyi yaraşıq mənəm!
Bu torpaq, bu hava, bu işıq mənəm!

Nəğmələr qoşduğun yaza, payıza,
Göylərin bəzəyi aya, ulduza;
Vurğunu olduğun, vədə aldığın
Ürəkdən sevdiyin vəfalı qıza
Eşqin, məhəbbətin, can sözün mənəm!
Əzizim, bəlkə də sən özün - mənəm!


SƏNƏ NƏ OLDU?

Məni görən zaman əldən gedən dost,
Dinib-danışmırsan, sənə nə oldu?
Xeyrimdə, şərimdə başda olardın,
Bizə qarışmırsan, sənə nə oldu?

Bəlkə bizdən sənə bir söz deyən var,
Deyirlər, aranı söz-söhbət pozar.
Soruş, ürəyində qalmasın qubar,
Neçin soruşmursan, sənə nə oldu?

Baxışın, söhbətin, sözün soyuyub,
Mərdlikdə, dostluqda gözün soyuyub,
Yerişin dəyişib, üzün soyuyub,
Bizə yaraşmırsan? Sənə nə oldu?

Hə, düşdü yadıma, artıb vəzifən,
Böyük sayaq olub, dəyişmisən sən,
Sadə adamlara bildim, indi mən,
Neçin qovuşmursan... sənə nə oldu?


ELÇİ GÖZLƏRİM

Qəlbimin elçisi sǝrraf gözlərim
Yenə ay axtarır, ulduz axtarır.
Gönlümün sirrini pünhan eyləyib,
Şirin nəzərlərlə yalqız axtarır.

Harda bir qız görür süzür gizlincə,
Güllərin gülünü gəzir gizlincə,
Kiçik bir nöqsandan küsür gizlincə,
Boyunu-buxunu dümdüz axtarır.

Gəncəli, şübhəli qalmasın sözüm,
Hissimə, duyğuma heyranam özüm.
Bir zaman özümçün yar gəzən gözüm,
İndi oğlum üçün bir qız axtarır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: