Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qeyd edilib Dünya » Avropa 11 Mayıs Paris, 11 may, 2016, AZƏRTACAzərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.Fransadakı səfirimiz Elçin Əmirbəyov tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, Ulu Öndərin hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylə çalışdığını və 1994-cü ildə atəşkəs imzalandığını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verib, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün yorulmadan çalışıb. Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir və müntəzəm şəkildə atəşkəs rejimini pozur. Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə qadirdir, ancaq Heydər Əliyevin sülh mövqeyinə sadiq qalaraq Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həllinə üstünlük verir.Ulu Öndərin Azərbaycanın gələcəyi üçün böyük layihələrə imza atdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, atəşkəsdən sonra bu dahi şəxsiyyətin əsas məqsədi ölkədə stabilliyi və iqtisadi inkişafı təmin etmək olub. Ümummilli Lider bu məqsədlə dünyanın böyük neft şirkətləri ilə “Əsrin kontraktı”nı imzalayıb. Daxili stabilliyi yaratmaqla xarici sərmayəçilərin diqqətini ölkəyə çəkib. Eyni zamanda, Ulu Öndər ölkədə demokratiyanı, dünyəviliyi və multikulturalizmi möhkəmləndirməyə də böyük önəm verib. Azərbaycan Avropa Şurasına üzv olub və ölkədə böyük siyasi islahatlar aparılıb. Əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin birgə yaşaması dünyada ən gözəl nümunəyə çevrilib. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə mədəniyyət, din və dil müxtəlifliyinin qorunub saxlanılması təmin olunub. Bu irsi qoruyub saxlamaq və yaymaq üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük layihələr həyata keçirib. Bakı mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqa dair bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Belə tədbirlərdən sonuncusunun aprelin 25-dən 27-dək Bakıda müvəffəqiyyətlə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olduğu diqqətə çatdırılb. Yuxarıda deyilənlərin Azərbaycanın möhkəm, müasir, dünyəvi, müstəqil ölkə olması və bütün qonşu ölkələrlə sülh şəraitində yaşamasıni arzulayan Heydər Əliyev siyasətinin tərkib hissəsi olduğu bildirilib.Səfirdən sonra Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin təsisçisi olduğunu vurğulayıb. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. İki ölkə arasında olan əlaqələrin yüksək səviyyəyə çatmasında Ulu Öndərin xidmətlərindən danışılıb.Fransalı millət vəkili muğamdan danışanda ilk növbədə Şuşa şəhərinin yada düşdüyünü bildirib. Şuşanın Azərbaycanın musiqi mədəniyyətinin beşiyi olduğu diqqətə çatdırılıb. Aleksandr Dümanın Şuşaya səfəri zamanı Qarabağ xanının qızı Natəvanla görüşü xatırlanıb. Əhalisinin 95 faizi azərbaycanlılar olan Şuşa şəhərinin 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığı və işğal edildiyi bildirilib.Qeyd olunub ki, erməni ordusunun hücumu zamanı 480 nəfər öldürülüb, 600 nəfər yaralanıb və 552 uşaq valideynlərini itirib. Şuşada olan məktəblər, tarixi və dini abidələr dağıdılıb.Fransalı millət vəkili iştirakçıları 24 ildir müstəqilliyini və azadlığını itirmiş Şuşa haqqında düşünməyə səsləyib və onun tezliklə azad olunacağına ümid etdiyini bildirib.Sonda muğam musiqisindən ibarət konsert təşkil olunub. Tarzən Rövşən Qurbanov və kamançaçı Ceyhun Muradovun müşayiəti ilə Xalq Artisti Aygün Bayramova muğamlarımızı ifa edib.Şəhla AğalarovaAZƏRTAC-ın xüsusi müxbiriParis. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.