Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Bakılı” klubunda bu ölkədəki Azərbaycan diaspor rəhbərləri və fəallarının görüşü keçirilib.
Görüşün məqsədi noyabr ayına təsadüf edən Azərbaycanın dövlət bayramlarını, eləcə də müstəqilliyimizin 25-ci ildönümünü qeyd etməkdir.


Üzvlərinin əksəriyyəti Bakıdan köçmüş yəhudilərin olduğu “Bakılı” klubunun sədri Elmira Əşrəfova noyabr ayında qeyd edilən Azərbaycanın mühüm bayramları Bayraq günü, Konstitusiya günü, Milli dirçəliş günü haqqında məlumat verib.

Daha sonra çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova Azərbaycanın müstəqillik tarixindən danışıb.
Diaspor rəhbəri eyni zamanda, Azərbaycanda bütün dövrlərdə - həm müstəqillik qazandıqdan sonra, həm də ondan əvvəl milli azlıqların, xüsusulə də yəhudilərin hüquqlarının qorunmasından bəhs edib. S.Patzer-İsmailova Azərbaycanın, xüsusilə də Bakı şəhərinin tarixən multikulturalizm ənənələrinin qorunduğu az sayda məkanlardan olduğunu vurğulayıb. Azərbaycan və yəhudi icmalarının hətta Azərbaycandan kənarda da dostluq münasibətlərindən danışan S.Patzer-İsmailova deyib ki, Azərbaycanda yəhudilərə olan isti münasibət artıq beynəlxalq aləmə də bəllidir və Azərbaycan “antisemitizm“in olmadığı müstəsna ölkələrdən biridir. Samira Patzr-İsmailova 2016–cı ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Multikulturalizm ili elan edildiyini də vurğulayıb.

Tədbirdə “Bakılı” klubunun sədri Elmira Əşrəfovanın iki xalq arasında dostluğun qorunması istiqamətində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib.
Sonda klubun yaradılmasının 10 illiyi münasibətilə təbriklərini çatdıran S.Patzer-İsmailova klubun sədri Elmira Əşrəfovaya “Azərbaycanda qonaq olarkən – mədəniyyət və mətbəx” kitabını təqdim edib. Beynəlxalq Frankfurt kitab sərgisində təqdim edilən bu kitab AAK-ın təşəbbüsü, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə alman fotoqraf Barbara Lutterbekin Azərbaycan haqqında təəssüratları əsasında hazırlanıb və Almaniyanın “Vinand” nəşriyyatında çap edilib.
Qeyd edək ki, “Bakılı” klubunun təşkil etdiyi tədbir Berlin şəhərinin tarixi Mərkəzi Sinaqoqunun “Mifqaş” zalında keçirilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: