BİR İÇİM SU KİMİ...

BİR İÇİM SU KİMİ... 21-ci yüzil hər şeyin qısa, amma anlamlı olmasını tələb edər.
Romanlar da gödəlmiş, hekayələr də kiçilmiş, şeirlər daha da balacalaşmağa başlamiş görünməkdədir.
Buna ədəbiyyat nəzəriyyəsində postmodernizm ədəbi cərəyanı da deyilir.
Haqqında söhbət açdığımız şeirlərə məhz bu gözlə baxa bilərik.
Şeirlərin müəllifi
Gürkan Doğandır.

1961-ci ildə anadan olmuşdur.
Orta məktəbi Anqarada tamamlamışdır.
Anqara Hacəttəpə Universitəsi dilçilik bölümündən məzun olmuşdur.
Elmlər doktoru elmi dərəcəsini 1992-ci ildə İngiltərədə Mançester Universitəsində almışdır.
Türkiyə universitələrində dosent, professor çalışmışdır.
2011-ci ildən Ardahan Universitəsi rektor yardımçısı (müavini) vəzifəsini yerinə yetirir.

Həm də sevilən bir şairdir. “Kiçik şeylər”, “Ortancıllar”, “Mavi”, “Veranda” adlı şeirlər kitablarının müəllifidir.

Şeirlərində də özünün xasiyyəti sayaq təmiz bir səmimilik hiss edilir.

Şairin poetik deyimlərində obrazlılıq zəngindir. Misralarında sözlərin üst (görünən, bilinən) anlamlarından daha çox pünhan (gizli, görünməyən) anlam çalarları ağır basır.

Budur, onun “Veranda” (artırmalı eyvan) ismini verdiyi toplu şeirlər güldəstəsi önümüzdədir. Maraqlı və məntiqlidir ki, kitabın hər səhifəsində yalnızca bir şeir yerləşdirilmişdir. Bəzi səhifələrdə hətta iki, üç sətir vardır. Hiss edirsən ki, səhifələrdəki ağ (boş) yerlər oxucuyu bu qısa şeirlərin mesajladığı göndərmələr çevrəsində düşünüb daşındırmaq məqsədi güdür.
Bu şeirlər bir damla şeh, bir ilıq meh kimidir, bir çaxım şimşək, bir əsim külək kimidir, bir çimdik un, bir içim su kimidir.
Lakonik. Qısa. Sadə, sadə olduğundan daha ziyadə klassik. Oxunaqlı, oxunaqlığından daha önəmlisi – düşüncələrə, xəyallara daldıran.

Gürkan Hocanın bu bir içim su tək ürəyə yatan şeirlərindən 33 örnəyi Azərbaycan Türkcəsinə uyğunlaşdıraraq, bu tərz şeirlər haqqında şeirsevərlərimizdə təəssürat oyatmaq fikriylə oxucularımıza təqdim edirik.

Şurəddin MƏMMƏDLİ
Türkiyə Ardahan Universitəsi professoru


---------------------------------------

GÜRKAN DOĞAN

* * *


ağlım kəsmədiyi
bir göz tutulmasıdır
ağlım kəsmədiyi
bir söz tutulmasıdır
bu mövsümdə eşq

* * *

barmaq izlərin varmış
əl vurduğum ulduzlarda
nə gözəl

* * *

başqa adları
yadırğamaqdır eşq
anlamlara anlam qatıb
anlamamaqdır eşq
gün boyunca yerə baxıb
çalıb çapmaqdır eşq
küsəyən olmaqdır
xəyalları tapmaqdır eşq

* * *

bədən üçün sevişmək
bir anlığa da olsa
qaranlıqları dəyişmək

* * *

bənzətmələrin də bənzədi
bizimkilərə daha
sən ki bəzək vurardın sözlərinə
rəngbərəng
daha oyun yaşında
böyüksən artıq əzizim
nə yazıq
indi sənin də ağlın başında

* * *

bileti əlində bir nəşə var
özünə belə aid olmayan bu səslərdə
yuxarıda deyə azad sandığımız
səmaya mıxlanmış qəfəslərdə

* * *

bir kənd toyuna gedən kimiydin
gözlərinə sürdüyün o ilkbahar rəngiylə
həm qız eviydin
həm də oğlan eviydin

* * *

bir quş sıxışıb qalmış
iki qəlb arasında
bir qəlb ağrısıdır bu eşq
bir quş çağrısıdır bu eşq
ölümcül qəlb yarasında

* * *

bu dünya bizdən ibarət deyil canım
bilirsən
bir qələmin ucu yetməz
ağıl məhsulu kağızlara
buğda dəyirmana möhtac
və dəyirmandakı mən
qəmli ağılara canım
ağılara

* * *

bu səssizlik
əvvəlimi
sonrasımı
dodaqdakı
qəfil başlayan
fırtınanın

* * *

bütün bildiklərin
özümdən gizlədiyim sirrlər
bildiklərini söyləmə ha
ürəyim yerindən oynar

* * *

cavabını bildiyim sualları
min dəfələrlə soruşaraq
sual oluram
hər gəlişində yenidən açıb
gedişinlə soluram

* * *

elə bir dostdur ki
zaman
sonuna qədər
düşmən

* * *

əlimdə deyil
sevgilim
əlimdə olmasa da
yandırır əlin

* * *

həm gec
həm də yanlış qərar kimi durar
gözəlim baharı heçə sayıb
budaqlar üzərində qalmış
bu çirkin qar

* * *

hər hansı bir nişan günü
qəribə bir həyəcan bürüyərkən
dörd yanı
burum burum
dəli bir irmağa minib
dənizə qarışmalı insan
və anlamı olmalı yaşamın
bir ömür boyu axıb
axırda dənizə qarışmanın

* * *

illah da gedib
bir buludun altında durmalı deyilsən
deyərsənmiş mənə məgər
elə bir şıdırğı yağışmış ki bu
Nuhun gəmisinə sığınmaya dəyər

* * *

ipi səndə bir suçdur
bu qanadsız çərpələng

* * *

kəlmələri qırağa atıb
ilk kərə oynadığımız şeir bağçasında
açmalıyam gözlərimi
qorxmuram dilimdən xəta çıxacağından

* * *

mavi qəlbli bir uşaq nağılıydın sən
çünkü görər görməz qaçıb
konfet gətirmişdin
yayda da açılmayan bir ailə çayxanasıyam
deyə mən
kəlmələrdən bax o gün soyunmuşdum
taxta masama ehmalca ilişib
şırıl şırıl döküldükçə
incə belli stəkanın içindəki
dovşan qanı
sən

* * *

mən gəldim
sel gəldi
sən getdin
qum qaldı
sel getti
mən qaldım

* * *

nə gözəldir torları çəkmək
heç vecinə almadan
gah dolu
gah boş
sadəcə torları dartmaq
bəzi balıqları ağlatsa belə
yenə də hoş

* * *

olsan da fərq etməz
olmasan da
deyə yazsam bir gün
sıxılıb darılma
şeirdir sanıb
vecinə alma

* * *

orda bir sən var
məndən də
səndən də uzaqda
orda bir sən var
sənə
məndən də uzaqda

* * *

özünü islatmayan bir yağış
gün boyu yağsa da şıdırğı
yağışdırmı

* * *

sevincin üzümə vuruşudur
həyəcanların salama duruşudur
keçişin

* * *

sən heç
gecə yarı
dünyanın ən mənalı dörd misrasını
yazdım deyə
seyr etdinmi ulduzları

* * *

sözləriniz də
geyimləriniz kimicə
həm tanıdan
həm yanıldan

* * *

susaraq
sözdə boğula bilər insan
məharətdir
insanın ağız dolusu susması
bax beləcə susmaq
sözlərə taxılmış
qoşa qanaddır

* * *

uzanırsan üzümə
qısqıvraq
və gödəlir yaşam
bax o an uzanır ömrüm
və gödəldikcə
çoxalır yaşım

* * *

ürəyimdir
ən balaca şeylərin
ən böyük yanğın yeri

* * *

vəfa bizdə üzüm bağı kimidir
sizcə bir qədəh şərabdır sanki

* * *

yaşım uyğundur
illər öncə sıyrılmışam kəfənimdən
yəni nə ağlım qalmış indi
nə də fikrim vecimədir
çünkü gül bilir ki
eşq mavi bir mərhəm
yəni sən
yəqin tikan xətrinə
bəs həyat nədir deyərsən
məncə ömürlük bir yara
qabıq bağlamaz demişdim ha
bax elə o anda sarılmalısan mənə
bəlkə bir ilkyaz günü
quşlar bizə güvənərkən
dar bir eyvanda


Zİm.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: