GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI

Gürcüstan Demokratik Respublikası - 100

Yerli özünüidarəetmə orqanları – “eroba” seçkilərinin təşkili məsələsi Gürcüstan Demokratik Respublikasının (GDR) ilk parlamenti funksiyasını daşıyan Gürcüstan Milli Şurasında gündəmə daşınan ilk mövzulardan biri olur. Həyata keçirilən müvafiq tədbirlərdən sonra 1918-ci ilin iyun-iyul ayları ərzində GDR-in ərazisinin böyük hissəsində qəza seçki komitələri fəaliyyətlərini bərpa edir, qəzalar üzrə seçkilərin tarixi təyin olunur və seçkilər üç mərhələyə bölünür.
Seçkilərin birinci mərhələsi 1918-ci ilin avqustundan dekabr ayınadək 12 qəzada (Tiflis, Kutais, Qori, Senak, Ozurget, Telav, Şorapan, Sığnaq, Duşet, Zuqdidi, Raca və Leçxum qəzaları) təşkil olunur. İkinci mərhələdə seçkilər 1919-cu ilin fevral-mart aylarında Abxaziyada (Qumista, Kodor, Samurzağan və Qudauta qəzaları) və oktyabrda Borçalı, Tianet və Axalsıx qəzalarında keçirilir. “Eroba” seçkilərinin sonuncu mərhələsi isə 1920-ci ilin iyul-avqust aylarında keçirilir və Axalkələk qəzasını əhatə edir.


Tiflis qəzası üzrə seçkilər

Respublikada “eroba” seçkilərinə hazırlıq işlərinə ən erkən Tiflis qəzasında başlanılır. Qəza üzrə seçkilərin təlimatçısı vəzifəsinə Mixail İşxanov təyin edilir və seçicilərin sayının 42 min nəfər olduğu müəyyən edilir.
Qəzada seçkilər ilkin olaraq iyul ayının əvvəlinə təyin edilsə də, texniki çətinliklər ucbatından qəzanın nəzdində yaradılmış 5 seçki dairəsinin (Qareubani, Sərticala, Məngilis, Beloklyuç-Ağbulaq, Qarayazı) hər birində 14 iyuldan başlayıb 15 noyabrda bitməklə müxtəlif tarixlərdə təşkil olunur. Seçkilər ən gec Qarayazı dairəsində, yerli türk-qarapapaq əhali yaylaqdan döndükdən sonra keçirilir.

Qarayazıdan “eroba” qlasnılarının (deputatlarının) seçkiləri üçün 2 namizəd siyahısı irəli sürülür:

GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKIGÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI
“Sakartvelos Respublika” qəzetinin növbəti 31 iyul 1918-ci il tarixli 6-cı sayında düzəliş edilərək, Məşədi Əbdul Məşədi Mustafa oğlunun adının Sosial-Demokrat Fəhlə Partiyasının namizədləri arasında 8-ci sırada çap olunması gərəkliyi bildirilirdi.
Ümumilikdə Tiflis qəzası üzrə seçkilərdə 18 316 səs verilir, yəni ki, seçki aktivliyi 43,6 % olur. Ümumi səslərin 75,79 %-ni Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyası və Gürcüstan Sosialist-Federalist İnqilabçı Partiyasından ibarət Sosialist bloku, 24,19 %-ni isə Gürcüstan Milli-Demokrat Partiyası ilə partiyasız namizədlərin bloku toplayırlar. Beləliklə, qəza “erobası”na seçilən 45 qlasnıdan 33-ü - Sosialist blokunu, digərləri GMDP və partiyasız namizədləri təmsil edir.
Türk namizədlərdən Allahverdi Məmmədov, Əli Hüseyn oğlu və Pərixanım Sofiyeva (hamısı Qarayazı dairəsindən) Tiflis qəzasının “eroba” qlasnıları, yəni yerli özünüidarəetmə orqanlarının deputatları seçilirlər. “Saxalxo sakme” qəzeti P.Sofiyevanın seçilməsini xüsusi vurğulayaraq yazırdı:
“Bir sevindirici hal xüsusi qeyd olunmalıdır. Qlasnıların sırasına Qarayazı bölgəsindən irəli sürülmüş müsəlman qadın Pəri-xanım Sofiyeva daxildir”.
Tiflis qəzasının “eroba” qlasnılarının ilk toplantısı 2 dekabr 1918-ci ildə keçirilir.
Müstəqil, heç bir partiyada təmsil olunmayan Pərixanım Sofiyeva sonradan GSDFP-nin sıralarına keçir. Qeyd edək ki, P.Sofiyeva dünyada demokratik yolla deputat seçilmiş ilk müsəlman qadın olmuşdur. Bu fakt gürcü tədqiqatçısı İrakli Xvadaqianinin və Gürcüstanda yaşayan ingilis əsilli jurnalist Uilyam Danbarın (William Dunbar) da diqqətini çəkmişdir.
Yuxarıda təqdim etdiyimiz, “Sakartvelos Respublika” qəzetinin 30 iyul 1918-ci il tarixli sayında çap olunmuş Tiflis qəzası üzrə “eroba” qlasnılarının siyahısından əslən Qarayazının Qaracalar kəndindən olan Pərixanımın 1884-cü ildə doğulduğunu müəyyən etmək mümkündür. Onun mənsub olduğu Sofiyevlər (Sofular) nəsli Tiflis quberniyasının məşhur ağa nəsillərindən biri olmuşdur. Sofiyevlər, xüsusilə də Sofu bəy Sofiyevin oğulları Allahverdi və Rəhim 1905-ci ildə erməni silahlı dəstələrinin Tiflis şəhərində dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınlara qarşı Tiflis quberniyasının cənubunda başlamış xalq hərəkatında fəal iştirak etmişlər. Bu nəslin nümayəndələrindən olan polkovnik Nuh bəy Sofiyev Azərbaycan Xalq Cümhuriyyəti ordusunun polkovniki, Qusarda qərar tutmuş 1 saylı “Tatar” (Azərbaycan) süvari alayının komandanı olmuşdur.
Pərixanım Sofiyevanın törəmələri indinin özündə də Tiflisin yaxınlığındakı Qaracalar kəndində yaşayırlar. P.Sofiyevanın qardaşı nəvəsi Əli Əhməd oğlu Sofiyevdən əldə etdiyimiz bilgilərə görə, Pərixanımın Halay ağa, Həmid ağa, Canar ağa, Məcid ağa, Mucud ağa, Almaz ağa, Hacı ağa və Məmməd ağa adlı səkkiz qardaşı, Böyükxanım və Kiçikxanım adlı iki bacısı olmuşdur. Böyükxanım bir urum (türkdilli yunan) ilə ailə qurmuş və Tiflis şəhərində yaşamışdır. Onun vəfatından sonra Tiflisdəki evinə Pərixanım sahiblik etmişdir. Həmin evdə Pərixanımın öz övladı olmadığına görə, qardaşı qızı Pompul xanımı övladlığa götürmüşdür. Pompul xanımın həyat yoldaşı Murad müəllim hazırda Qaracalar kəndində ömrünün ixtiyarlıq çağını yaşayır.
Kənd sakinlərinin dediyinə görə, P.Sofiyeva zahiri görünüşcə orta boylu, gözəl sifətə malik sarışın qadın imiş, gürcü və rus dillərində sərbəst danışırmış, qəlyan çəkirmiş, eyni zamanda Quran oxumağı da bilirmiş. Tiflisdə yaşadığı dövrdə kəndə tez-tez faytonla gedib-gəlirmiş. Hökmlü, sözü ötgün və əməli kəsərli xanım imiş. Bu xüsusiyyətlərinə görə kənddə onu “kişi Pəri” adlandırırlarmış. Pərixanım həm də xeyriyyəçi imiş, gənc xanımların təhsil almasına xüsusi diqqət yetirərmiş. Tiflisdəki evini yaşamaq üçün təmənnasız bir rus həkim ailəsinə veribmiş.
1921-ci ildə Gürcüstan bolşevik işğalına məruz qalandan sonra “eroba”lar ləğv edilir. Məcburi surətdə kollektivləşmə sisteminə keçid zamanı Sofiyevlər taleyin ağır sınağına tuş gəlirlər. Onların bir çoxunun var-dövləti müsadirə olunur, bir çoxu sürgünə göndərilirlər. Deyilənlərə görə, Pərixanımın üç qardaşı Rusiyanın Kursk vilayətinə sürgün edilir. Ağa nəslindən olduqları üçün kənddə “Ağalığın uşaqları” adı ilə də tanınan Sofiyevlərin bəziləri təqiblərdən yaxa qurtarmaq üçün soyadlarını dəyişməyə məcbur olurlar. Onların bir hissəsi hazırda Məmmədov soyadını daşıyır. Yeri gəlmişkən qeyd edək ki, görkəmli coğrafiyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da bu nəsildəndir, daha dəqiq desək, Pərixanımın qardaşı Məcid ağanın nəvələrindəndir.
Pərixanım Sofiyeva 1951-ci ildə vəfat etmiş və dünyaya göz açdığı Qaracalar kəndində, Sofiyevlərin nəsil qəbiristanlığında bacılarının yanında dəfn olunmuşdur.

Borçalı qəzası üzrə seçkilər

Borçalı qəzasına seçkilər seçki prosesinin ikinci mərhələsində − 8 və 15 iyun 1919-cu il tarixlərində keçirilir. 1919-cu ilin may ayından aktiv fəaliyyətə başlayan qəza seçki komitəsi Yekaterinenfelddə yerləşir. Mətbuat səhifələrində yayımlanmış məlumatda Mərkəzi Seçki Komissiyasının (MSK) Borçalı və Tionet qəzalarında seçkilərin təşkilini bu qəzaların daxil olduğu Tiflis quberniyasının təlimatçılarına həvalə etdiyi bildirilirdi. MSK-nın qərarına görə, quberniya təlimatçısı adı çəkilən qəzalarda seçki komissiyalarını formalaşdırdıqdan sonra bu komissiyalar ondan asılı olmayaraq müstəqil şəkildə fəaliyyət göstərməli idilər. MSK üzvlərindən A.Axmeteli və Q.Veşapeli bu qərarla razılaşmırlar və sözügedən qəzalarda seçkilərin keçirilməsini əlaqələndirəcək xüsusi səlahiyyətli şəxsin təyin olunması zərurətini əsaslandırmağa çalışırlar.
Nəticə etibarilə Borçalı qəzası üzrə seçkilərin təlimatçısı vəzifəsini Qiorqi Bartğulaşvili icra edir. Qəza 5 seçki dairəsinə (Borçalı, Yekaterinenfeld, Şulaver, Başkeçid, Tsalka) bölünür.
“Sakartvelo” qəzetinin 1919-cu il 31 may tarixli sayında Borçalı qəzasında seçkilərlə bağlı ilkin hazırlıq işlərinin artıq yekunlaşdığı, seçicilərin siyahılarının yoxlanıldığı qeyd olunur və 31 mayın əlavə siyahıların verilməsi üçün son tarix olduğu bildirilir. Qeyd edək ki, həmin dövrdə yerli türk-müsəlman əhalinin çoxu yaşam tərzinə uyğun olaraq qəzanın dağlıq ərazilərində, o cümlədən Ermənistanla neytral zona elan olunmuş Loru nahiyəsinin dağlarında yaylaqda idi. Əvvəlcə qəza “eroba”sına seçki dairələri üzrə seçici sayına müvafiq Tsalkadan - 10, Şüləverdən - 7, digər dairələrin hər birindən isə 5 qlasnının seçilməsi müəyyən edilmişdisə, sonradan kiçik dəyişiklik edilir və Şüləverdən – 5, Yekaterinenfelddən isə 6 qlasnı seçilir.
Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyası və müsəlmanların “Hümmət” Sosial-Demokrat Fəhlə Partiyası seçkilərdə ümumi birləşdirilmiş 1 saylı siyahı ilə iştirak edirlər.
Borçalı, Başkeçid, Şüləver və Yekaterinenfeld dairələrində 8 iyunda, Tsalka dairəsində isə 15 iyunda keçirilən “eroba” seçkilərində 42 661 ümumi seçicidən 22 450 nəfər iştirak edir, yəni ki, seçici aktivliyi 52,6 % təşkil edir. Nəticələr aşağıdakı şəkildə əks olunur:
- Sosial-demokratlar (GSDFP və “Hümmət”in vahid siyahısı) – 8 658 səs (38,5 %);
- Partiyasız müxtəlif qruplar – 6 993 (31,1 %);
- Sosialist-Kolonistlər – 1 405 (6,25 %);
- GSİP – 4 637 (20,65 %).

Dairələr üzrə seçkilərin nəticələrinə nəzər salaq:

Şüləver dairəsində qlasnılığa namizədliyi irəli sürülmüş şəxslərin hamısı Sosial-Demokrat Fəhlə Partiyasının üzvləri idilər. Bu dairədə seçici siyahısına uyğun səsvermə hüququ olan 4795 nəfərdən 1972 nəfər seçkidə iştirak edir. Aşağıdakı şəxslər qəza yerli özünüidarəetməsinə qlasnı seçilirlər:

- Popandopulo Nikol Saba oğlu;
- Çatulov Nikoloz Abram oğlu;
- Hüseyn Bayramqulu oğlu;
- Çatinov Misak Simon oğlu;
- Zakalaşvili Petre Teodor oğlu.

Başkeçid dairəsində də namizədlərin hamısı sosial-demokratların təmsilçiləri idilər. Səsvermədə seçici siyahısında adı əks olunmuş 6416 nəfərdən (ilkin siyahıda 5625 nəfər olub) 2947 nəfər iştirak edir. Bu dairədən qəza erobasına qlasnı seçilirlər:

- Bartğulaşvili Qiorqi Zakariya oğlu (qəza seçki təlimatçısı);
- Gürcüyev Timote Trifon oğlu (Ergişoğlu kəndi);
- Pirməmməd Ovçuyev (Qəmərli kəndi);
- Korinteli Aleksandr Konstantin oğlu (aqronom);
- Selimaşvili Saba Qriqol oğlu (Didi Dmanisi kəndi).

Borçalı dairəsində namizədlərdən ibarət 3 siyahı – GSDFP və “Hümmət”in siyahısı (siyahı № 1), sosialist-kolonistlərin (siyahı № 2) və Kəndlilər qrupunun (siyahı № 3) siyahısı təqdim olunur. Səsvermədə 6709 seçicidən 2642 nəfər iştirak edir. 1806 nəfər - 1 saylı, 713 nəfər - 2 saylı, 123 nəfər isə 3 saylı siyahılara səs verir. Dairə üzrə qəza qlasnısı seçilirlər:

- Əbdüləziz Şərifov (siyahı № 1 üzrə - jurnalist, Tiflis şəhəri);
- Məmməd Hacı oğlu (siyahı № 1 - təsərrüfatçı, Axlımahmudlu kəndi);
- Molla Əhməd Hacı oğlu (siyahı № 1 - təsərrüfatçı, Görarxı kəndi);
- Hüseyn Vəkilov (siyahı № 1 - təsərrüfatçı, Təkəli kəndi);
- Məşədi Bala Aslan oğlu (siyahı № 2 üzrə).

Yekaterinenfeld dairəsində də 3 namizəd siyahısı (№ 1 – Sosial-demokratlar, № 2 – Sosialist-kolonistlər qrupu, № 3 – Kəndlilər qrupu) irəli sürülmüşdür. Seçkidə 8909 seçicidən 3220 nəfər səs verir. Bu səslər siyahılar üzrə bu şəkildə bölünür: siyahı № 1 – 1933 səs, siyahı № 2 – 692 səs və siyahı № 3 – 595 səs. Bu dairədən qəza “eroba”sının qlasnısı olmaq hüququnu qazanırlar:

- Ramişvili Rafiel Qiorqi oğlu (sosial-demokrat, Tiflis şəhəri);
- Kimerle Ernst Yakov oğlu (sosial-demokrat);
- Qurban Həsən oğlu (sosial-demokrat, Saraçlı kəndi);
- Molla İsa Molla Nəsib oğlu (sosial-demokrat, Bolnis-Kəpənəkçi);
- Meyyer Fridrix Lüdviq oğlu (sosialist-kolonist);
- Kromer Eduard İvan oğlu (sosialist-kolonist).

Tsalka dairəsindən namizədlərin 4 siyahısı təqdim olunur. Bu siyahılardan beşi (№ 1, № 2, № 4, № 5, № 6) heç bir partiyaya daxil olmayan qrupların, biri isə (№ 3) sosialist-inqilabçıların siyahısı olur. Seçkidə səsvermə hüququ olan 15 832 nəfərdən 11 669 nəfər iştirak edir. Onlardan 4 768 nəfər sosialist-inqilabçılara səs verir. Bu səslərdən 131-i etibarsız sayılır. Digər siyahılar üzrə səslər belə bölünür: № 1 – 759 səs, № 2 – 575 səs, № 4 – 3516 səs (buradan 367 səs etibarsız sayılır), № 5 – 1361 səs (buradan 114 səs etibarsız sayılır), № 6 – 690 səs (onlardan 145 səs etibarsız sayılır). Qəza qlasnısı olmaq hüququnu qazanırlar:

- Şərifov Ağa Bəy oğlu (siyahı № 1 üzrə − partiyasız);
- Parmaryants Amayak Ovakim oğlu (siyahı № 2 üzrə − partiyasız);
- Akritas Panayot Qiorqi oğlu (siyahı № 3 – sosialist-inqilabçı);
- Şahbazov Kiriak İvan oğlu (siyahı № 3 – sosialist-inqilabçı);
- Qubasarov Filos Akop oğlu (siyahı № 3 – sosialist-inqilabçı);
- Pilaqov Evstafiy Vasili oğlu (siyahı № 3 – sosialist-inqilabçı);
- Tsandekov Pavel Apostol oğlu (siyahı № 3 – sosialist-inqilabçı);
- Çaqulov Nikolay Feofil oğlu (siyahı № 4 − partiyasız);
- Petrosov Vasiliy Qavril oğlu (siyahı № 4 − partiyasız);
- İoanridi Pyotr Anastas oğlu (siyahı № 4 − partiyasız).

Borçalı dairəsindən soydaşlarımızdan Molla Əbdülhacı Əfəndi oğlunun (təsərrüfatçı, Kosalı kəndi), Yekaterinenfeld dairəsindən isə Molla Qara Musa oğlu (Arıxlı kəndi) və Molla Qurban Hacı oğlunun GSDFP və “Hümmət”in vahid siyahısı üzrə namizədlikləri irəli sürülsə də, onlar seçilmə imkanını əldə edə bilməmişdirlər.
Beləliklə, dairələr üzrə Şulaverdən – 5 qlasnı (hamısı GSDFP-dən), Borçalıdan - 5 (GSDFP-4, sosialist-kolonist – 1), Yekaterinenfelddən – 6 (GSDFP – 4, sosialist-kolonistlər - 2), Başkeçiddən – 5 (hamısı GSDFP-dən), seçkilərin ən sonda keçirildiyi Tsalkadan isə 10 (3 müxtəlif partiyasızlar qrupu – cəmi 5, GSİP – 5) qlasnı seçilir.
Ümumilikdə qəza “erobası”na seçilmiş 31 qlasnıdan GSDFP və “Hümmət”i – 18, partiyasız qrupları – 5, GSİP-ni – 5, sosialist-kolonistləri isə 3 nəfər təmsil edir. Çox keçmədən partiyasız qlasnılardan bir neçəsi sosialist-inqilabçıların sıralarına keçir.
20-22 iyul 1919-cu il tarixlərində Yekaterinenfeld koloniyasında Borçalı qəza erobasının ilk iclası keçirilir. İclasda 24 qlasnı iştirak edir. Onlardan 17-si sosial-demokratlar (7-si – müsəlman, 5-i - gürcü, 2-si – alman və 2-si – yunan), 7-si isə sosialist-inqilabçılar (milliyətcə 4-ü yunan, 3-ü – erməni) olur. Tədbirdə GDR daxili işlər naziri P.Çiçinadze, Müəssislər Məclisinin üzvü E.Sirbiladze, dəftərxananın vitse-direktoru və Daxili İşlər Nazirliyinin katibi iştirak edirlər. İlk öncə qlasnıların təntənəli surətdə aşağıdakı məzmunda andiçmə mərasimi keçirilir:
“Mən, Borçalı qəzasının erobasının qlasnısı Gürcüstan Demokratik Respublikasının xalqı və hökuməti qarşısında öz müqəddəs vəzifəmi icra etməyə başlayaraq, ədalətlə milliyətindən asılı olmayaraq əhalinin və Respublikanın maraqlarına xidmət edərək bütün işlərimdə zəhmətkeş xalqın və öz vicdanımın səsini dinləməyə təntənəli şəkildə söz verirəm”.
Toplantıda salamlama nitqi ilə daxili işlər naziri çıxış etdikdən sonra sayları 5 nəfər üzvdən ibarət “zemstvo uprava”sı (“eroba” idarəsi) formalaşdırılır; üzvlərdən ikisi ‒ iqtisadi elmlər namizədi P.M. Kavkasidze və iqtisadi elmlər namizədi R.A. Ramişvili kənardan dəvət olunurlar, üçü isə ‒ Ə.Q. Şərifov (Moskva Kommersiya İnstitutunun 4-cü kurs tələbəsi), N.S. Papandopulo (milliyətcə yunan, orta təhsilli xalq müəllimi) və E.İ. Kromer (milliyətcə alman, orta təhsilli) qlasnılar arasından seçilirlər. P.M. Kavkasidze “uprava”nın sədri seçilir. İclasda “uprava”nın sədrinə 2500 rubl, üzvlərinə isə 2250 rubl aylıq məvacib təyin olunur, həmçinin, “uprava” nəzdində 12 şöbə ‒ inzibati, məhkəmə, aqronom, aqrar, maliyyə, statistika, mühasibatlıq, tibbi-sanitar, veterinar, xalq maarifi, ərzaq və texniki şöbələr təsis edilir. Əziz Şərifova xalq maarifi, tibbi-sanitar və veterinar şöbələr həvalə olunur. Borçalı qəza “eroba”sının ilk toplantısının iştirakçılarının ‒ Borçalı “eroba” şurasının sədri Al.K. Korintelinin, “eroba upravası”nın sədri P.M.Kavkasidzenin və üzvləri Ə.Q. Şərifovun, E.İ.Kromerin, N.S. Papandopulonun, R.A. Ramişvilinin, eləcə də toplantıya qatılan “eroba qlasnıları”nın birgə fotoşəkli gürcü dilində nəşr olunan “Teatr və həyat” dərgisinin 1919-cu il 12-ci sayında dərc olunaraq tarixin yaddaşına həkk olunmuşdur.
“Qafqaz şəhəri”nin Borçalı qəzası üzrə bölgə müxbiri İ.Arselovun Yekaterinenfelddən verdiyi məlumatdan Ə.Şərifovun Borçalı qəza “erobası”nın “uprava”sının təhsil, səhiyyə, baytarlıq sahələrinə məsul əməkdaşı kimi fəaliyyətinin məhsuldar olduğu aydınlaşır. İnzibati binasının olmaması səbəbindən “uprava”nın faktiki olaraq avqust ayının ikinci yarısında fəaliyyətə başladığı, ancaq buna rəğmən qısa müddət ərzində çox iş gördüyü vurğulanan məlumatda, xüsusən də inzibati aparatın bütövlükdə yeniləndiyi, qəzaya həkimlər, feldşerlər, tibb bacıları və müəllimlərin dəvət edildiyi, bir neçə həkim, veterinar və feldşer məntəqəsinin açıldığı qeyd olunurdu.


Tiflis şəhəri üzrə seçkilər

30 iyul 1917-ci ildə seçilmiş Tiflis Şəhər Dumasının səlahiyyət müddəti 31 dekabr 1918-ci il tarixində bitir. Bundan iki ay əvvəl isə yeni seçki hazırlıqlarına başlanılır.
1918-ci ilin oktyabr ayında Tiflis Şəhər Duması M.Rusianın sədrliyi altında seçki komissiyası yaradır. Parlament və hökumət 17 dekabr 1918-ci ildə “Şəhər şuralarının qlasnılarının seçkiləri” qaydasını təsdiq edir. 37 maddədən ibarət qaydaya görə, seçkilərdən sonra Tiflis Şəhər Dumasının Tiflis Şəhər Şurası adlandırılması qərara alınır, 2 il müddətinə seçiləcək Tiflis Şəhər Şurasında qlasnıların sayı isə 120-dən 90-a endirilir. Etnik və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq seçici siyahıları tərtib olunmağa başlandığı müddətdən ən azı 20 il əvvəl şəhərdə yaşayıb işləyən istənilən paytaxt sakininin qlasnılığa namizədiyi irəli sürülə bilərdi.
Tiflis Şəhər Şurasına seçkilər 2 fevral 1919-cu il tarixinə təyin edilir və seçki təbliğatına start verilir. Təbliğat-təşviqat kampaniyası siyasi xarakter alır və şəhərin problemləri arxa plana keçir. “Ertoba” qəzeti paytaxt şurasına seçkilərin Gürcüstan Müəssislər Məclisinə seçkiləri azacıq önlədiyinə eyham vuraraq yazırdı: “Tiflis seçkiləri demokratiyanın ilk imtahanıdır, tarixi qiyməti və dəyəri hələ də çətin dərk edilən böyük, olduqca vacib siyasi dəyişikliklərdən sonra qüvvələr nisbətinin müəyyən olunması üçün ilk addımdır”.
GDR hökumətinin 16 iyul 1918-ci il tarixində təsdiq etdiyi “Gürcüstan Demokratik Respublikasının vətəndaşlığı (təbəəliyi)” haqqında qaydalara əsasən 1914-cü ilin 19 iyul tarixinədək respublikanın istənilən inzibati vahidində yazılı, qeydiyyatda olan sakinlər Gürcüstan vətəndaşı hesab olunurdular. Qanunvericilikdə ikili vətəndaşlıq nəzərdə tutulmurdu. Gürcüstan vətəndaşlığı olmayan tiflisli səsvermə hüququndan məhrum edilirdi.
Ölkə vətəndaşlığını qəbul edə bilməyən Tiflis ermənilərinin və ruslarının bir çoxu vətəndaşlıq haqqında qaydaları narazılıqla qarşılayaraq şəhər dumasının fəaliyyətinə, eləcə də ona yeni seçkilərin keçirilməsinə maneəçilik törədirlər. Qeyd edək ki, rus ordusu Tiflisi tərk etdikdən sonra şəhərdə qalan rus könüllüləri Gürcüstan vətəndaşlığını almamışdılar. 1918-ci ilin dekabr ayında baş vermiş erməni-gürcü müharibəsi zamanı xeyli sayda Tiflis ermənisi şəhərdən çıxmışdı. Qalan ermənilərdən də Gürcüstan vətəndaşlığını qəbul etməyənlər az deyildi. Rusiya Sosialist-İnqilabçı Partiyasının (eserlər) Gürcüstan təşkilatının üzvləri və “Daşnaksutyun” şəhər şurasına seçkiləri boykot etmək qərarına gəlirlər. Tarixçi-alim M.Kvaratsxeliya yazır ki, daşnaklar və eserlər bu addımla seçkiləri pozmağa, hökuməti və gürcü ictimaiyyətini sözügedən məsələdə güzəştə getməyə məcbur etməyə cəhd edirdilər.
1918-ci ilin 23 dekabr tarixində keçirilmiş Tiflis Şəhər Dumasının iclasında daşnaklardan başqa bütün digər fraksiyaların “qlasnıları” iştirak edirlər. İclasda şəhər başçısı Nikoloz Eliava davam edən gürcü-erməni müharibəsi barədə məlumat verir, eyni zamanda daşnakların tədbirə qatılmamalarının səbəblərinə aydınlıq gətirməyə çalışır. O, şəhər şurasının qlasnısı olan 30 daşnakdan 6-8 nəfərin həbs olunduğunu və onların azadlığa buraxılması üçün general-qubernator qarşısında vəsatət qaldırdığını bildirir. General-qubernator şəhər başçısına həbs olunan daşnakların Gürcüstan hökumətinin arayışına əsasən, qlasnı kimi yox, Gürcüstanın Ermənistanla müharibədə məğlubiyyətini arzulayan şəxslər kimi cinayət məsuliyyətinə cəlb olunduğunu açıqlayır. İclasda silahlı erməni milislərinin tərksilah edilərək xidmətdən azad olunması məsələsi də müzakirə olunur. Məlum olur ki, yalnız Gürcüstan təbəəliyində olmayan erməni milislərin vəzifələrinə xitam verilmişdir.
“Sakartvelo” qəzetinin 1919-cu il 26 yanvar tarixli sayında yayımlanan “Daşnakların boykotu” sərlövhəli məqalədə daşnakların seçkilərə qatılmamaq qərarı təhlil edilərək qeyd olunur ki, ”Daşnaksutyun” seçkilərə qatılacağı halda Gürcüstan-Ermənistan müharibəsi nəticəsində yaranmış vəziyyətə görə, dini mənsəbindən asılı olmayaraq Tiflis ermənilərinin hamısı o partiyaya səs verəcəkdi. Məqalədə daşnakların bu qərarının müsbət və mənfi yönləri diqqətə alınaraq, onun dəyişməyəcəyi təqdirdə Tiflisdə mühüm ölçüdə mülkiyyət sahibi olan ermənilərin şəhər üzərində iddialarına son veriləcəyi və Tiflisin gürcü şəhərinə çevriləcəyi vurğulanırdı. “Ertoba” qəzetinin redaksiyası şəhərin erməni əhalisini seçkilərdə iştirak etməyə çağıraraq, səsvermədə iştirak etməyənlərin qeyri-iradi daşnakların yardımçısı olduğunu, vətəndaşlıq borcunu yerinə yetirmədiyini bəyan edirdi.
1919-cu ilin 19-23 yanvar tarixlərində seçicilərin siyahısı şəhərin 13 nöqtəsində asılır. Daşnaklardan fərqli olaraq, eserlər boykot qərarından vaz keçərək seçkilərə qatılırlar. Tiflisin türk-müsəlman əhalisi də müxtəlif siyasi təşkilatların sıralarında seçkilərdə fəal iştirak edir. Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının Tiflis komitəsi tərəfindən irəli sürülmüş və “Sakartvelos Respublika” qəzetinin 1919-cu il 19 yanvar tarixli sayında çap olunmuş Tiflis Meriyasına qlasnılığa namizədlərin siyahısında türk-müsəlmanlardan dörd nəfərin – 20-ci sırada Qafarov Əhməd, 70-ci sırada Xanəhmədov Abbasqulu, 90-cı sırada Əfəndiyev Ziyəddin (böyük ehtimalla, əslən Arıxlı kəndindən olub Ziya Borçalı imzası ilə tanınmış maarifçi və tədqiqatçı) və 101-ci sırada İsmayılov İsmayılın adları əks olunur. Həmin qəzetin bir həftə sonra – 26 yanvar tarixində yayımlanmış sayında Tiflis Şəhər Şurasına bütün siyasi qruplar üzrə qlasnı namizədlərinin tam siyahısı dərc olunur. Siyahı əsasında seçkilərə qatılan siyasi partiya və təşkilatlar barədə cədvəl şəklində tərtib etdiyimiz qısa məlumatı təqdim edirik:

GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA SEÇKİLƏRDƏ AZƏRBAYCANLILARIN İŞTİRAKI Cədvəldən göründüyü kimi, türk-müsəlman namizədlər dörd siyasi partiya və təşkilatın – Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının, Tiflis Ev Sahibləri və Sahibkarları İttifaqının, seçki siyahısı əsasən qeyri-gürcü namizədlərlə komplektləşdirilmiş Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının və namizədlərinin hamısı istisnasız türklərdən ibarət Gürcüstan Müsəlmanları Milli Şurası sıralarında seçki mübarizəsi aparırlar.
Seçki təşkilatçıları tərəfindən seçkilərin demokratikliyinin və şəffaflığının təmin olunması üçün bir sıra vacib məsələlərlə yanaşı, şəhərin müsəlman əhalisinin dini inanc və özəllikləri də nəzərə alınır. “Sakartvelos Respublika” qəzeti “Müsəlman qadınlar” başlıqlı məlumatında yazırdı: “2 fevralda keçiriləcək şəhər şurasına qlasnı seçkilərində müsəlman seçici qadınlarının bülleten atmaları üçün şəhərin müsəlman kəsimində, 5-ci komissarlıqda şəhər rəhbərliyi tərəfindən ayrıca seçki qutusu qoyulmuşdur”.
Bütün zəruri təşkilati işlər vaxtında yerinə yetirilir və 2 fevralda Tiflis Şəhər Şurasına seçkilər keçirilir. 35 366 nəfərin (ümumi seçici sayının 51 %-i) iştirak etdiyi səsvermədə ilk üç yeri tutan siyasi partiya-təşkilatların topladığı səslərin sayı və şəhər şurasına keçirməyə nail olduqları qlasnıların sayı aşağıdakı şəkildə əks olunur:
GSDFP – 16 909 səs (69 qlasnı);
GMDP – 3 806 səs (10 qlasnı);
GSFİP – 2 924 səs (7 qlasnı).
Gürcüstan Müsəlmanları Milli Şurası olduqca zəif nəticə göstərərək cəmi 7 səs toplayır və Tiflis Şəhər Şurasında təmsil olunmaq imkanını əldə edə bilmir.
Tiflis Şəhər Şurasına seçkilərə qatılmış türk-müsəlman namizədlərdən yalnız sosial-demokrat Əhməd Qafarov qlasnı seçilir.
(Qeyd edək ki, bundan əvvəlki Tiflis şəhər özünüidarəetməsində müsəlmanlar – 3, gürcülər – 38, ermənilər – 48, ruslar - 18 nümayəndə ilə təmsil olunurdular. Şəhər dumasının qlasnıları arasında ukraynalı, yəhudi, polyak və osetinlərin nümayəndələri də vardı).
10 fevral 1919-cu ildə Tiflis Şəhər Şurasının ilk iclası keçirilir. GDR hökumətinin sədri Noe Jordaniyanın iştirak etdiyi toplantıda Aleksandr Lomtatidze şəhər şurasının sədri, Vasil Xaxanaşvili isə katibi seçilirlər. GDR-in “yerli özünüidarəetmə orqanlarında dilin istifadəsi haqqında” 14 yanvar 1919-cu il tarixli qanunu əsas götürərək, Tiflis Şəhər Şurası paytaxtın yerli özünüidarəetmə orqanında iş dilinin gürcü dili olması barədə qərar qəbul edir, tutduğu vəzifədə qalmaq istəyən qeyri-gürcü əməkdaşlar üçün isə gürcü dilinin öyrənilməsi üzrə axşam kursları açılır. 1920-ci ilin 2 yanvarından etibarən şəhər idarəsinin dəftərxanasında gürcü dilini bilməyən əməkdaşlar işdən azad olunmağa başlayırlar.
4 aprel 1919-cu ildə qəbul olunmuş qanuna görə, yerli özünüidarəetmə orqanlarında işləyənlərə eyni zamanda Müəssislər Məclisinin üzvü olması qadağan olunmurdu. Tiflis Şəhər Şurasının xeyli sayda qlasnısı bu hüquqdan yararlanırdı.
Yekun olaraq qeyd edək ki, Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanlarına – “eroba”lara seçkilərdə bütün qəzalarda solçular böyük səs üstünlüyü ilə qalib gəlmişdirlər.

Fəxri VALEHOĞLU-HACILAR,
tarix elmləri doktoru,
Azərbaycan Respublikasının Gürcüstandakı
Səfirliyinin birinci katibi
(haciyevf@yahoo.com)


Aytən MƏRDAN HACILAR
Valeh Hacılar Beynəlxalq
Elmi-Mədəni Araşdırmalar Vəqfinin əməkdaşı.


ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: