“Bir nəslin dörd fəsli”

“Bir nəslin dörd fəsli” Valeh Bahaduroğlu
AYB-nin üzvü,
Prezident mukafatçısı.



Bu günlərdə İmişli rayonunda yaşayıb-yaradan, əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağların “Bir nəslin dörd fəsli” adlı kitabı işıq üzü görüb.
Milli dəyərlərə, ədəbi irsə həmişə dərin sayğılarla yanaşan müəllifin bu kitabına görkəmli xalq yazıçısı və şairlərindən Rəsul Rzanın, Nigar Rəfibəylinin, Ənvər Məmmədxanlının və Anarın yaradıcılığını pedaqoji baxımdan incələyən yazılar daxil edilmişdir. Xatırlatmaq istəyirəm ki, bu sənətkarların yaradıcılığı haqqında zaman-zaman yazılar qələmə alınmış, sanballı monoqrafiyalar yazılmış, dissertasiyalar müdafiə olunmuşdur.
Bu yazıçı və şairlərin , xüsusilə də Rəsul Rza və Anar yaradıcılığı ədəbi tənqidin süzgəcindən keçmiş, bütün asbektlərdən təhlil olunmuş, ədəbi məktəb statusu almışdır. Bu gün də R.Rza ədəbi məktəbi yaşamaqdadır və neçə onilliklər boyu da yaşamaq şansındadır.
Kitabın ön söz müəllifi, xalq şairi Nəriman Həsənzadə yazılan məqalələrə yüksək dəyər vermiş, müəllifi alqışlamışdır. Həm də gənc nəslin təlim-tərbiyəsi ilə müntəzəm olaraq məşğul olan bir ziyalının araşdırma mövzusu olaraq Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığına müraciət etməsini təbii saymışdır. Nəriman müəllimin təbirincə desək, əsərlərinin yüksək vətənpərvərlik, sədaqətlilik və vəfadarlıq qayələrinə görə bu sənətkarların hər birinin yaradıcılığı yetərincə dəyərli və arzuolunandır. Yeni insan tərbiyəsi müstəvisində onların yaradıcılığının müstəsna əhəmiyyəti və yeri var.
Adı çəkilən sənətkarların yaradıcılığı yuxarda dediyimiz kimi, ədəbiyyatşunaslıq baxımından kifayət qədər araşdırılsa da, Səxavət müəllimin öz tədqiqat obyektinə cəmiyyətimiz üçün çox gərəkli olan pedaqoji yönümdən işıq salmağı son dərəcə əhəmiyyətli və maraqlıdır.
Məsələn, Rəsul Rza “Dünyanın dərdi” adlı şerində öz əsrdaşının rahatsızlığının əsl səbəbini belə anladır.

Bir gün var olan,
bir gün yox olacaq axırısı.
Məni yatmağa qoymur
Dünyanın dərdi,
Torpağın ağrısı.

Kitabın müəllifi isə bu misralara yüksək əxlaqi-tərbiyəvi yöndən yanaşır. “... Və bu gün gənc nəsil məhs insanı yatmağa qoymayan, dincliyini əlindən alan dünyanın dərdini, torpağın ağrısını anlamağa hazırlanmalıdır. Bu, çağdaş təhsilimizin başlıca amalı, həyat proqramı olmalıdır. Bu cür sənətkarları sadəcə mütaliə etmək yox, hər şeydən əvvəl dərk etmək, anlamaq və anlatmaq lazımdır. Özü də bütün zamanlar üçün.”
Bu gün “Vətən”, “Torpaq” anlayışı gənc nəslin, yeniyetmələrin dərkində şüar kimi, gəlişi gözəl söz kimi yox, tam gerçəkliyi əks etdirə bilən doğma, müqəddəs bir məkan, qəlbin, ruhun ayrılmaz hissəsi kimi səciyyələnməkdə, yolunda şəhidlik zirvəsinə qədər ucalmaq anlamındadır. Unudulmaz şair qürurla yazır ki:

Mən vətənin qoynundayam
Vətən mənim qoynumdadır.
Həm qeyrəti,
həm qayğısı,
həm şöhrəti –
Böyük borcu boynumdadır.
Boynumdadır!

İstedadlı yazıçı-pedaqoq Səxavət Tağlar bu misraları misal gətirməklə, onun orta məktəb şagirdlərinin mənəvi hücrələrində vətənin qürur mənbəyi olduğunun təsdiqini verməsini ortaya qoyur. “Böyük borcu boynumdadır” misrası gənc nəslin boynuna daha şərəfli və məsuliyyətli vəzifələr qoyur. Budur tədqiqin, təbliğin, araşdırmanın gücü. Sənətə, sənətkara böyük “Mən” in boyundan baxmaq.
Biz inanırıq ki, Səxavət Tağların bu kitabı pedaqoqların, təhsil işçilərinin stolüstü kitabı olacaq. Ona görə olacaq ki, həcmcə kiçik olsa da böyük ürəklərin istisini əks eləyən tutum gücünə malikdir.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: