Borçalı ətirli misralar VƏ YA "DÜNYANI DOLAŞAN SAZ HAVASIYAM"

Borçalı ətirli misralar VƏ YA "DÜNYANI DOLAŞAN SAZ HAVASIYAM" Qədim tarixi, zəngin mədəniyyəti, folkloru və aşıq sənəti ilə məşhur olan Borçalı torpağının ictimai-siyasi həyatında fəal iştirak edən milli qeyrətli ziyalıları, şairləri, məşhur elm, maarif, mədəniyyət, incəsənət və dövlət xadimləri təkcə Gürcüstanda deyil, o cümlədən, Türkiyə, İran və digər ölkələrdə də böyük hörmət qazanmışlar.

Ulu Qarapapaq türklərinin yurdu ilə ilgili bir sıra şifahi xalq örnəkləri - əfsanə, dastan və nağıllar bu gün də yaşamaqdadır. İgid qarapapaqlar yurdu qədim Borçalını bir çox tanınmış el sənətkarları vəsf etmişlər. Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Ziyəddin kimi el sənətkarları, İsa İsmayılzadə, Vilayət Rüstəmzadə, Eyvaz Borçalı, Abbas Abdulla, Xalq şairi Zəlimxan Yaqub kimi Borçalı ədəbi-mədəni mühitindən barınan bu şairlərin hər biri özünəməxsus bədii yaradıcılığı ilə geniş şöhrət qazanmışlar.


Bu müəlliflər içərisində özünəməxsus dəst-xətti və fərdi üslubu ilə seçilən şairlərdən biri də Telli Sənəm Borçalıdır
.
Onun şeirlərinin mövzu çevrəsi rəngarəngdir: vətənə, torpağa, Borçalıya, təbiətə, sevgiyə həsr olunmuş şeirləri səmimiliyi və təbiiliyi ilə seçilir. Real hadisələrə həssas şair münasibəti, yüksək poetik deyim və obrazlılıq Telli Sənəm yaradıcılığının başlıca xüsusiyyətləridir. Onun şeirlərinin mayası xalq ədəbiyyatının zəngin qaynaqlarından, ustad aşıqların söz çeşməsindən barınıb. Uyarlı söz və poetik ifadələrin yerində işlənməsi həmin şeirlərin emosional təsirini, bədii siqlətini artırır və oxunaqlı edir. "Borçalı elindən pərvazlanan", "Mənəm Borçalının kövrək nəğməsi" deyən şair bir türk qızı olaraq bütün Turanı özünə vətən sanır:

Bahar ətirliyəm, yaza bağlıyam,
Könüllər oxşayan naza bağlıyam.
Əzəldən sədəfli saza bağlıyam,
Turandı Vətənim, mən türk qızıyam.

"Bu qarapapaq türk qızı"nın hər misrasından, hər sözündən "məhəbbət adlanan məmləkəti" - doğma Borçalının ətri duyulur.

"Ayna bulaqları ağbirçək nənəm",
"Dağlarına ağsaçlı babam"

- deyən şair Zəlimxan sözüylə gül açan söz"ləriylə deyir:

Sehrə bax, bu sehr gülüm, çiçəklər,
Yanıb kül olsam da, külüm çiçəklər.
Borçalı eşqiylə könlüm çiçəklər,
Bu yurd atam-anam, balamdı mənim.

"Borçalı sevdası", "Borçalım", "Qarapapaqlar", "Borçalının qızları" və bu mövzulu digər şeirlərdə doğma Borçalının mübarizələrlə dolu tarixi keçmişi, füsunkar təbiəti, milli adət-ənənəsi, ustad aşıqların saz-söz dünyası, "Telli Sənəmin Borçalı ətri" və bir də Borçalı çiçəklərinin rayihəsi duyulur.

Şairin lirik qəhrəmanının qəlbən tapındığı, arxalandığı, həsb-hal etdiyi, ümid yeri və yeganə sirdaşı sazdır. Könül sazını telli saza kökləyən şair "Telli sazım" şeirində deyir:

Telli saz, adaşım sənsən,
Min illik yaddaşım sənsən.
Sinəmdə baş daşım sənsən,
Dillən, kövrək telli sazım.

"Dünyanı dolaşan saz havasıyam" deyən şairin "Layla ətri hopmuş şirin dilləri" saza kökləndiyindəndir ki, hər misrası sazla danışır:

Könlümü oxşayan saz havaları,
Olubdu qəlbimin sərvəti varı;

və ya:

Duyğular dil açıb dinir sinəmdə,
Sazla çiçəkləyir, gülür sinəmdə.

və yaxud:

Telli Sənəm, hərdən-hərdən,
Dərdləş telli saznan hərdən

- və s.

Şairin bu səpkili şeirlərində həzinliyin, əzəmət və vüqarın, qəhrəmanlığa çağırışın poetik təsdiqini görürük.
Telli Sənəmin şeirlərində doğma torpaqlarından zorla didərgin salınan soydaşlarımızın torpaq yanğısı, yurd-yuva həsrəti də öz bədii ifadəsini tapmışdır. Onun "Ağlama Qarabağ, Şuşam, ağlama", "Qarabağ", "Mən kiməm", "Azadlıq harayı", "Bayraq eşqi" və s. şeirlərində vətənə, torpağa olan ülvi məhəbbətin tərənnümü görükür.

90-cı ilin 20 Yanvarı xalqımızın qəhrəmanlıq salnaməsidir. Vətənin istiqlalı, milli azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxan və bu yolda şəhidlik zirvəsinə ucalan vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifə yazdılar, öz ölümləri ilə əbədi ölməzlik qazandılar.

Bu gün Şəhidlər Xiyabanı xalqımızın istiqlal abidəsidir. Şair "Azadlıq harayı" şeirində Şəhidlər Xiyabanını xalqın fədakarlıq və qəhrəmanlığının simvolu kimi mənalandırır:

İndi üç rəngli bayrağımdan
Yanvar gecəsinin qeyrəti boylanır.
İndi şəhidlər xiyabanında
Şəhidlərin Azadlıq eşqi
Əbədi tonqal kimi yanır...

"Qəlbində Qarabağ yanğısı yatan", qarabağsızlıq dərdini içində gəzdirən şair torpaqlarımızı işğal edən erməni faşistlərinə qarşı igid oğullarımızı mübarizəyə səsləyir. "Vətənin bağrında xaldı Qarabağ" - deyən şair "Azadlığın nuru ələnən" üçrəngli bayrağımızın həsrətlə "yolunu gözləyən doğma Qarabağ"da tezliklə dalğalanacağına qəlbən inanır. Nikbin və ümidli misralarla süslənmiş "Qarabağ" şeiri belə bir inamı təsdiqləyir:

Ta yola getmirəm mən bu dözümlə,
Döyüşə qalxmışam mən də sözümlə.
Bir gün görəcəyəm ağlar gözümlə,
İgidlər öcünü aldı Qarabağ.

Şairin işğal olunmuş ayrı-ayrı rayonlarımıza həsr etdiyi şeirlərində də torpaq yanğısı, yurd-yuva həsrəti öz poetik ifadəsini tapmışdır. "Mən kiməm" şeirindən bir örnək:

Ömrü əsir düşən qərib bacınam,
Çeşməsi ağlayan Şuşa, Laçınam.
Düşmənlər baş qoyan ağ balıncınam,
Kədərli gözümdən soruş mən kiməm.

Bu şeirlər ona görə bəyənimli və ürəyə yatımlıdır ki, doğma yurd yerlərinə həsrət ovqatı güclü poetiki deyim və obrazlarla, eləcə də yüksək bədii dillə ifadə olunur. Dəqiq ifadə edilib ki, "Poeziya "ən yaxşı sözlərin ən yaxşı düzümü" deyil, poeziya dilin mövcudluq formasıdır" (İ.Brodski).

Səciyyəvidir ki, şair ehtiyac duymadığı və daxilən yaşamadığı mövzunu şeirə gətirmir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi "Mübariz" şeiri şairin qəhrəmana olan məhəbbətinin bədii əksidir. Erməni faşistlərinə qarşı təkbaşına vuruşan, böyük şücaət göstərən və vətən yolunda şəhid olan Mübariz qəhrəmanlığı ilə əbədi ölməzlik qazandı. Vətən yolunda şəhidlik zirvəsinə ucalan Milli qəhrəmanımızın rəşadətindən qürur duyan şair yazır:

Mübarək bir anın yetdiyi anda
Ömrün qapısından çıxdı Mübariz.
Sərrast güllə kimi əsgər adını,
Ölümün adına sıxdı Mübariz.

"Dərdin Qarabağ rəngi", Lələtəpə fatehlərinə həsr etdiyi "Azadlıq eşqi", "Şuşaya, Laçına bayram gəlirmi?", "Zəngilan", "Qarabağ" şeirlərində də işğal altında qalmış yurd yerlərimizə xəyali ekskurs edən şair intizarla, həsrətlə öz yurddaşlarını gözləyən, əsirlikdə olan, gözləri yollarda qalan torpaqlarımızı səmimi duyğularla əks etdirir:

Borçalı elimdi, obamdı mənim
Ürəyi əzəldən saza bağlıyam.
Könlümə Şuşanın dərdi düşəndən,
Vətən həsrətindən qəlbi dağlıyam,
Ruhu qan ağlayan Qarabağlıyam.

"Azadlıq eşqi" şeirində Lələtəpə uğrundakı döyüşlərdə qəhrəmanlıq göstərən və şəhidlik zirvəsinə yüksələn igid əsgərlərimizin məğrur obrazı səmimiyyətlə və yüksək bədiiliklə ifadə olunur:

Boynuma saldığım qırmızı yaylıq,
Ulu şəhidlərin qanıdı, Vətən.
Mənim misralarım şəhidlik ətri,
Səni bu ətrinlə tanıdım, Vətən!

Şair lirik qəhrəmanlarının sevinc və kədərini, ağrı və acısını, mübhəm duyğu və sarsıntılarını daxilən özü də yaşayır. Qəlbini sevgi və məhəbbət üstündə kökləyən şairin bu mövzulu şeirləri onun hiss və həyəcanlarının, narahat anlarının, vüsal və iztirablarının bədii əksidir. Onun lirik qəhrəmanı sevgisində sabitqədəmdir, ona görə də "Ürəyimdə bir ömürlük qonaqsan" - deyir. "Sevgi yollarına qəlbimi sərin" - deyən şair:

Ağarıb saçlarım, bükülüb belim,
Bəyaz bir haraydır saçımda telim.
Sənin xəyalına uzanıb əlim,
Mənim ala gözlüm, məhəbbət ölmür

- deyərək öz sədaqətini və etibarını nümayiş etdirir.

Telli Sənəmin poetik leksikonunda xalq danışıq dilindən gələn ifadələrə də rast gəlinir. Xüsusilə onun qoşmaları, gəraylıları, müxəmməsləri, divaniləri, rübailəri, bayatıları və məsnəviləri yüksək şeiriyyəti və orijinal bədii tutumu ilə diqqəti çəkir. Şairin poetik dilində obrazlı ifadələrin işlədilməsi onun uğurlu bədii axtarışlarından xəbər verir. Məsələn: "Qərib yurd yeri tək göynəyir yaddaş"; "Bəxtimin yoluna dərd olub xalı"; "Qonum dodağına incə gülüş tək"; "Saçımı həsrətlə külək daraqlar"; "Arzular gözümün yaşını içib // Dərd həsrət donunu əynimə biçib"; "Qubardan tutulur yolların gözü // Üşüyür həsrətdən ocağın közü"; "Həsrət çeşməsidir gözümün yaşı"; "Yurda məhəbbətim çiçəklər sanı"; "Ömrümə bir nəfəs yaxın gəl // Qoy çiçəkləsin üzümün təbəssümü"; "İçimdə həsrətli bir Araz axır"; "Həsrətlə adını pıçıldayıram // Öpüşün diksinir dodaqlarında"; "Çırmayıb qolunu yenə küləklər// Qərib ağacların saçını yolur"; "Sənin həsrətini basıb bağrına // Qısılıb sinəmə qollarım mənim"; "Zəhmət imzasıdır hər alın təri" və s.

Telli Sənəmin şeirlərində yerində işlənən bədii təsvir vasitələri, xüsusilə məcazlar və təşbehlər bu şeirlərin bədii siqlətinə bir poetik əlvanlıq və təravət gətirir. Bəzi seçimli nümunələrə diqqət edək:

"Könlüm qədəminə döşənmiş xalı // Sənsizlik sinəmdə bir lalə xalı"; "Baxışın boynuma qolun dolayıb"; "Odlu baxışların doğma ocaqdır // Ruhum şirin-şirin orda isinir"; "Misralar eşqimin gözmuncuğudur"; "Sevgisi çağlayan bulaq kimiydim // Təbəssüm ətirli dodaq kimiydim"; "Boynuma sarılıb dərdin qolları // Geyib qəm köynəyi sevgi yolları"; "Könlümdə eşq adlı od qalanıbdı // Gəl qoxla köksümdə közün ətrini"; "Misra kimi qoşalaşıb beyt olur // Bir-birinə toxunuşu yanağın"; "Alov tonqalına dönüb qucağım // Bahar yelləri tək pıçıldayırsan"; "Oxşa saçlarımı yaz mehi kimi // Oxşana-oxşana yazlanıram mən"; "Bəyaz çiçəyimdir bəyaz saçların // Sevgi duvağıdır hər yaz saçların"; "Yarpaq əlləriylə qədim ağaclar // Min ildir əl edir burda günəşə"; "Yarpaqlar yamyaşıl misralar kimi // Oxunur meşənin dodaqlarında"; "Saçı saralıbdır göy meşələrin // Ürəyi partlayıb güleyşələrin"; "Yarpaqlar tökülür göz yaşı kimi"; "Həsrətin saçıma yağıb qar kimi // Gözlərim dolubdur buludlar kimi"; "Ruhum qələm, Mil düzüdü varağım"; "Kür çayı köksünə düşən hörükdü"; "Ahım bir ocağın sönmüş qorudu" və s.

Şair şeirlərinin bədii təsir gücünü artırmaq üçün yeri gəldikcə alliterasiya və assonanslardan da istifadə edir. Bu səs təkrarı öncə şeirdə ahəngdarlıq yaratmağa xidmət edir. Məsələn:

Ötüb sinəsindən ömür yollarım
Saralıb boynuma misra qollarım;

və ya:

Sözlər çiçək-çiçək açır sinəmdə
Çiçək bağçasına dönüb sinəm də;

və yaxud:

Çiçək açdım, çiçəkləndim yazıynan;

Bəzi şeirlərdə işlənən assonanslar isə hər bir misranın məna tutumuna bir axıcılıq və ahəng gətirir. Məsələn:
Könlümün yarası dərindən-dərin,
Yaxası nəmlidir xatirələrin;

və ya:

Ovcunda qalmışam qəmin, qəhərin,
Arzular bumbuzdu, ümidlər sərin.
Göz yaşı qurumur xatirələrin,
Analı günlərim yadıma düşür;

və yaxud:

Gülə-gülə söz güllənir sinəmdə,
İncə adı güzgülənir sinəmdə;

və yaxud da:

Gül adını güllə yazdım,
Mən səninlə güllü yazdım.
Sənsiz güllü yolu azdım,
İlk ünvanım sənsən, ana

- və s.

Şairin poetik dilində və obrazlı deyimlərində folklor örnəklərindən də məharətlə istifadə duyulur. Onun yüksək poetik özəlliyi ilə seçilən şeirləri folklor poetikasından, el ədəbiyyatından dil aldığındandır ki, bir oxunuşdan oxucu qəlbinə yol açır və yaddaşda qalır. Xalq şairi Məmməd Araz yazırdı ki, "Xoşbəxt şair çox yazan, çox dərc olunan deyil, çox oxunan sənətkardır".

Telli Sənəmin "Sözün Zəlimxan ətri" poeması "Qəlbində sözlərdən ocaq yandıran", "Ömrü söz ətirli", "Ömrünü müqəddəs sözə bələyən", "Bir sözlə min saray hörən", "Sözünün butası heç vaxt solmayan" böyük sənətkarımız, unudulmaz xalq şairi Zəlimxan Yaqubun işıqlı şəxsiyyətinə və böyük sənətinə həsr edilib.

Poemada şairə olan tükənməz el məhəbbəti yüksək bədiiliklə və obrazlı şəkildə ifadə olunub.

Borçalı ətirli misralar VƏ YA "DÜNYANI DOLAŞAN SAZ HAVASIYAM" Ötən illər Telli Sənəm Borçalı üçün uğurlu olub. "Ulduzların melodiyası", "Böyüməyən körpə", "Dərd gülünün bağbanıyam, ana" kitabları "Elm və təhsil" nəşriyyatında çap olunub. Ədəbi fəaliyyətinə görə şair "Səməd Vurğun" ədəbi müsabiqəsinin diplomuna layiq görülüb. O, həm də "Qızıl qələm" mükafatı laureatıdır. Şairin şeirlərini oxuculara sevdirən əsas cəhət geniş fikir dərinliyi, səmimilik, bədii tutum, obrazlı ifadə tərzi, zəngin təşbeh düzümləri, bədii dilinin axıcılığı və səlisliyidir. "Sinəm söz mülküdür", "Sözə bələnibdi ömrüm əzəldən" deyən şairin hər bir şeiri, "ürəyinin söz çeşməsindən" su içib. Onun çağlayan qəlbi daima yazmaq həvəsilə döyünür. Qarşıda hələ onu daha böyük yaradıcılıq uğurları gözləyir. Haqqında müxtəsər söz açdığımız şeirləri şairin poetik imkanlarının genişliyini təsdiqləməklə bizi onunla yeni kitabları ilə görüşlərə səsləyir.

Vəfa XANOĞLAN
Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: