SƏİDƏ ƏŞRƏFQIZININ ŞEİRLƏRİ

SƏİDƏ ƏŞRƏFQIZININ ŞEİRLƏRİ Qarabağım-həsrətindən yandı bağrım

Çadırlarda qalan qaçqın, məlul-məlul nə baxırsan?
Yoxdur qəlbən rahatlığın... alovlanıb hey yanırsan...
Deyirsənmi kaş olaydı, başı qarlı yaylaqlarım.
Ürəyimə can verəydi sərin sulu bulaqlarım!

Köç edəydik Kəlbəcərə...obamızda yaşayaydıq.
Kəndimizin adamları...kaş bir yerə yığışaydıq!
Dağlarımın arasında halay qurub, toy çalaydıq,
İçin-için inildəyən meşələrə səs salaydıq!

Murov dağın ətəyində rahat-rahat dincələydik,
Gəlin qaya zirvəsində buz bulaqdan su içəydik.
20 ildir həsrət çəkən sinəmizə kaş səpəydik,
Üzdü bizi Vətən dərdi o torpağı kaş öpəydik.

Dağlarımın hər daşına, kəsəyinə özüm qurban!
İsti suyu can dərmanı dərdimizə ola dərman.
Qucaq-qucaq kaş yığaydım gül qoxulu qırpbığımdan,
Meyvələri şirin tamlı kaş dərəydim öz bağımdan!

Murov dağı... həsrətindən için-için ərimişəm,
Çadırlarda yaşamaqdan çürümüşəm, ta bezmişəm!
Kəlbəcərə dedim çatım, canımı qurban demişəm!
Yalnız onda bilərəm ki, istəyimə yetişmişəm!

Vətən dərdi yaman olur, onu yalnız çəkən bilir.
O yaralar öz-özünə qövr eləyir.
Gecə-gündüz gözlərinə azca yuxu da getməyir,
Qarabağı itirmişik...ürək buna heç dözməyir!

Qarabağım... həsrətindən için-için yandı bağrım.
Bulaqların şırıltılı ahəngiylə mən yatardım.
Səhər tezdən bülbüllərin xoş səsiylə oyanardım,
Gül-çiçəkli yamaclara heyran-heyran boylanardım!

Çarəsizik əllərimiz...heç bir yerə gedib çatmır.
Bu dar qəfəs, bu çadırlar qəlbimizə heç cür yatmır!
Qan içənlər kəsib yolu öz yurduma əlim çatmır.
Qarabağım, ulu yurdum! Haqq öz yolun niyə tapmır!
29 iyun 2014


Əsir düşüb-Həsənimiz, Dilqəmimiz, Şahbazımız

Əsir düşüb Həsənimiz, Dilqəmimiz, Şahbazımız...
Öz yurdumdu Qarabağım... nədir bizim günahımız!...
20 ildir qan içində inildəyir torpağımız!
Erməniyə girov qalıb ata-baba məzarımız.

Atasının məzarını...ziyarətə gedib Şahbaz...
Torpağını qucaqlayıb sakitləşə bəlkə, bir az...
O torpaqdan götürüb ki, gözlərinə çəkə az-az...
Öz yurdumdu...Qarabağım...bu haqsızlıq, heç yaramaz!

Sıldırımlı qayaları...qorxa-qorxa o yarıbdı...
O üç igid...həftələrlə elə olub ac qalıbdı.
Tovuzların arasından öz kəndini o tapıbdı...
Kəlbəcərim gözəl yurdum...qucaqlayıb ağlayıbdı...

Vətən dərdi, yurd həsrəti... gətiribdi onu bura...
O dərələr, o yamaclar hədsiz doğmadır onlara...
Ayaqyalın...dostlarıyla çox qalxıbdı yaylaqlara...
Uşaqlığın xatirəsi...həkk olunub cığırlara...

Şır-şır axan şəlalənin ahəngiylə mürgüləyib...
Sanki sular pıçıltıyla, ona həzin layla deyib...
O xoş günlər...şirin anlar...xatirindən silinməyib...
Orda ölüm olsa belə, Vətənimi görüm deyib!...

Cəsarətli addım atıb...Dilqəm, Şahbaz, Həsən...
Deyən yoxdur, ay erməni, bu qanlardan doymadın sən?
Süfrəmizə soxularaq bizə qənim kəsilibsən!...
Cənnət-məkan Qarabağı-xarabaya döndəribsən!

Qarabağın...buz bulağın, axı qədrin nə biləsən!?
Başdan-başa möcüzədir, o sehiri görməyirsən!
Çünki qəlbən çox xainsən, ancaq qanlara hərissən!
Xocalının nəslin kəsdin, qaniçici bir vəhşisən!

Həsən artıq öldürülüb...meyidimiz gavurdadır.
Dilqəmimiz, Şahbazımız bilinməyir nə haldadır!..
Qalx ayağa Azərbaycan! İgidrlərin çox dardadır!
20 ildir biz susuruq...artıq döyüş məqamıdır!

Şəhidlərin məzarları...bunu bizdən tələb edir!
Qalx ayağa Azərbaycan!...qisasımı alın deyir!
Biz basılmaz məğrur xalqıq! tez hücuma keçin deyir!
Ermənilər quduzlaşıb...bu azğınlıq hara gedir!..

Tərtərimin igid oğlu Vəzir durub yol üstündə...
Sağ qalsaydım...Şahbazı mən götürərdim an içində...
Ermənilər qaçışırdı Vəzir adı çəkiləndə...
Hardasınız igidlərim...yetin dada dar günümdür!
30 iyun 2014


Ağla, torpağım, ağla

Yurd yeri şirin olar,
Əlimizdən aldılar.
Bizə bir dağ vurdular...
Bizi qaçqın saldılar
Ağla, torpağım, ağla!

Sinəsi dağlı qaçqınlar!
Şəhid balalı qaçqınlar!
Biçildilər, doğrandılar,
Ağla, torpağım, ağla!

20 ildir vətənsizik,
Yurdan-yurda köç edirik.
Haqqımızı istəyirik,
Ağla, torpağım, ağla!

Səsimə səs ver dağlarım,
Yoxdu mənim bir dayağım,
Ərşə çıxıb hay-harayım...
Qucağında daldalanım...
Ağla, torpağım, ağla!

Bulağından su içəydim
Ürəyimə kaş səpəydim...
Rahat-rahat dincələydim!
Yox olaydı, dərdim-qəmim!
Ağla, torpağım, ağla!

Gözlərimə gələydi nur,
Havan təmiz, suyun billur...
Bir az...könlümü ovundur...
O yerlərdən, vallah, yoxdur!
Ağla, torpağım, ağla!

SƏİDƏ ƏŞRƏFQIZI,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: