Rövşən GƏNCƏLİ (1956): "Qocalıq yaxamı yaman alıbdı..." Ədəbiyyat » Müsabiqə 23 Eylül Rövşən Gəncəli (Yusifov Rövşən Məmməd oğlu) -1956-cı il iyunun 5-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Təzəkənd kəndində anadan olub.1973-cü ildə Təzəkənd orta məktəbini əla qiymətlərlə bitirib. 14.11.1974-cü ildən 18.11.1976-cı ilə qədər hərbi xidmət borcunu yerinə yetirib.1978-ci ildə AzKTİ-nun kənd təsərrüfatının elektirikləşdirilməsi fakultəsinin qiyabi şöbəsinə qəbul olub. 1984-cü ildə AzKİ-nu bitirib. Marneuli rayonunun İmir kəndindəki DSZ-da Baş mühəndisin müavini, Baş energetik işləyib. 1990-cı ildə Borçalıda baş vermiş məlum hadisələrdən sonra, o da doğma Borçalıdan köçmək məcburiyyətində qalıb. Uzaq Rusiyaya üz tutub. Çelyabiniski vilayətinin Troitski rayonunda idarə rəhbəri, direktor, baş direktor və Bələdiyyənin sədri vəzifələrində işləyib.R.Gəncəli, eyni zamanda, təhsilini də davam etdirib. 1998-ci ildə Çelyabinsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.2013-cu ildən Bakıda yaşayıb-yaradır.Rövşən Gəncəli həm də güclü qələm sahibidir. İstedadlı şair və savadlı yazıçı kimi tanınır. "Elə yaşa sən ömrünü”, "Yaşamağa nə var ki”, "Yalan Dünyadı", ”Yaxşılığı unutma” və ”Qalan Dünyadı” adlı 5 kitab müəllifidir. Kitabların hər biri 300 səhifədən çoxdur.Hərəsi üç yüz əlli səhvədən artıq olan “Şərəfsiz adam”, "Hikmətli sözlər və Bayatılar” və s. adlı dörd kitabı isə çapdadır. Şeirləri müxtəlif mətbuat orqanlarında, internet saytlarında,"Zirvə", "Sazlı-sözlü Borçalı" və "Canım Azərbaycanım" adlı poeziya antologiyalarında dərc olunub.Biz də hörmətli soydaşımız istedadlı, müdrik şair və yazıçı Rövşən Gəncəliyə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.az-ın dəyərli oxucularına təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az İSTƏYİRƏM Azərbaycan vətənimdir, millətimdir, dilim mənim, Dalğalanır asimanda yenilməz bayrağım mənim. Atam,anam ürəyimdir,müqəddəs torpağım,mənim. Millətimə canım qurban, gözəl bir dövran istərəm. Yağı düşmən ayaq basıb,torpaq qana boyanıbdır. Dərd içində açmır güllər,axan çaylar dayanıbdır. Qisas almaq arzusuyla oğul, qızın oyanıbdır. Qarabağda düşmənlərin yurdunu viran istərəm. Azad edək daşnaqlardan,çiçəklənsin torpağımız, Qoy ucalsın bu dünyada zirvələrə vüqarımız. Dalğalansın, şəfəq saçsın Qarabağda bayrağımız, Qəm, qüssədən uzaq olaq, xalqı firavan istərəm. Bu Rövşənin arzusudur vüsət alsın qüdrətimiz, O allahdan hədiyyədir tükənməyən sərvətimiz. Yayılıbdır bu dünyada hər bir yana hörmətimiz, Cənnət olsun torpağımız, xalqımı xoşbəxt istərəm. DƏRDİMİ Qəlbimi yandıran sirlərim çoxdur, Olmadım alüdə, gözlərim toxdur. Fikirdən gözümün yuxusu yoxdur, Yükləsəm götürməz dəvə, dərdimi. Can dedim:-könlümə yara vurana, Yol göstərdim,özüm düşdüm borana. Daşıdım gecələr dağa,arana, Bilmədim,söyləyəm kimə,dərdimi. Çağırdım fələyi,canım almadı, Qəlbimi yandırdı,bilən olmadı. Alışdı ürəyim, dözüm qalmadı, Yenə də salmadım dilə,dərdimi. Olubdur hər kəsin canıyananı, Gəzib dolanmışam bütün cahanı. Axtardım,tapmadım dahi insanı, Baxa sifətimə, bilə, dərdimi. Uzaq oldu məndən bacım,qardaşım, Olmadı dünyada qanan sirdaşım. Çəkir azarımı həyat yoldaşım, Danışsam qurtarmaz ilə, dərdimi. Rövşənəm,nadanın küsmə dilindən, Loğvanın, yaxşılıq gəlməz əlindən. Söyləsəm oynayar dağlar yerindən, Yüklədim yıxıldı filə, dərdimi. OĞLUM Oğullarım: Məmməd və Hikmətə. Hörmət et kəsdiyin duza, çörəyə, Zəhmətə qatlanan çatar diləyə. Şüşədən kövrəkdir, dəymə ürəyə, Layiqli oğul ol, elinə, oğlum. Varlını görəndə dizə çökərlər, Yoxsulu alçaldıb gözün tökərlər. Yaltağı,alçağı başa çəkərlər, Gəlməsin yalanlar dilinə,oğlum. İnanma arsızlar qeyrət çəkələr, Müftəxor adamlar bostan əkələr. Həyatda dəb olan haram tikələr, Dəyməsin heç zaman əlinə,oğlum. Rövşən sevər insanların mərdini, Bilən azdır yaxşılığın qədrini. Yoxsulun,yazığın olan dərdini, Yük eylə həmişə belinə,oğlum. YAN KEÇİR Yaman pisdir əl aşağı düşəndə. Bəxt,yığvalın üz döndərib küsəndə. Ciblərində qara yellər əsəndə. Baxır sifətinə,hamı yan keçir. Danışanda,həqiqətdir yeganə. Qohuma,qonşuya olma biganə. Dəyişib adamlar,dönüb zəmanə. Dünən əl tutduğun,bu gün yan keçir. Bu dünyanı qarış-qarış gəzmişəm. İnsanlarda hər sifəti görmüşəm. Bu fanı dünyadan vallah bezmişəm. Dolanır başıma,ölüm yan keşir. Rövşənəm,çox gözəl keçdi gəncliyim. Neçə illər ömür yolu keçdiyim. Məclis qurub,meşələrdə içdiyim. Bu gün üz döndərib, dönüb yan keçir. GƏRƏK OLSUN El,obanın yaddaşında qalmağa. Dərdlilərin qadasını almağa. Mehriban danışıb yola salmağa. Adamın dilində bal gərək,olsun. Yaltaqlıqla muradına çatanın. Namərd olub,dostlarını satanın. Namusu,qeyrəti,arı atanın. Başına örtməyə şal gərək,olsun. Atanın,ananın çəkin nazını. Qisməti kəsəndə götür azını. Çalıb,oxuyanda telli sazını. Qiyməti verməyə el gərək,olsun. Gədanın verdiyi çörək yeyilməz. Barsız ağaclarda budaq əyilməz. Hər gördüyün quşa durna deyilməz. Durnanın başında tel gərək,olsun. Qədəm qoyub məclislərə girəndə. Mənasız danışıb,yersiz güləndə. Kiminsə sözündə nöqsan biləndə. Üzünə deməyə dil gərək,olsun. Halaldan yığılan sərvət tükənməz. Hər ata ağıllı oğul əkəmməz. Hər adam elinin yükün çəkəmməz. Rövşənəm,çəkməyə bel gərək,olsun. BİLMİRƏM Qocalıq yaxamı yaman alıbdı, Tutulub dizlərim əldən salıbdı. Duz kimi əridim,nəyim qalıbdı? Çatam ya doxsana,yüzə,bilmirəm. Cavanlığı keçirmədim boşuna, Həzz alırdım,çox gəlirdi xoşuma. Qız,gəlinlər dolanırdı başıma, İndi qocalmışam,dözə bilmirəm. Daş götürüb ovucumda əzərdim, Qəvvas olub dəryalarda üzərdim. Qartal kimi zirvələrdə süzərdim, İndi qapıdaca gəzə bilmirəm. Yastıqardan Başkeçidə baxardım, Şimşəkkimi parlayardım,çaxardım, Sarfdərəni qaça-qaça çıxardım, İndi pilləkəni çıxa bilmirəm. Dostlar ilə gözəl məclis qurardım, Aşıq çalar,yavaş-yavaş vurardım. Qoz,fındığı dişlərimlə qırardım, İndi çəkişlə da qıra bilmirəm. Rövşənəm,xəyalım gəzir,dolaşır, Gəncliyə seyr edir,hövsələm daşır, Bəzən də görürəm ağılım çaşır, Olanı yadıma sala bilmirəm. VAR Başına döndüyüm,ay elim,obam, Görün,bu dünyanın neçə üzü var. Seçir insanları,həyat yolundaƏ Kimiyə dərəsi,kimə düzü var. Dərk edib ələnib ələkdən keçin, Haqqı,ədaləti,vicdanı seçin. Köçəndə dələduz,nanəcib üçün, Cəhənnəm odunda yanan közü var. Beş manat olanda mənliyi satma, Qohumla,qardaşla aranı qatma. Əbədi dünyada böhtanlar atma, Bütün əməlləri görən gözü var. Qazancın olubsa günah adında, Olsan da torpağın yeddi qatında. Cəzasız qalmazsan,saxla yadında, Gözə görünməyən haqqın özü var. İnsanlar fanidi,gəldi,gedərdi, Ayrılıq göz yaşı,ölüm betərdi. Yaxşılıq etməsən ömür hədərdi, Rövşənin nə qədər sirli sözü var. AŞIQ Yığışmışıq Borçalının elində, Gözəl bir nəsilin toy məclisində. Götür sazı aşıqların dilində, Bala-bala ustadnamə çal,aşıq. Elə hava çal ki,əllər oynasın, Mizrabı vur,sazda tellər oynasın. Sevinsin gözəllər,ellər oynasın, Bu məclisin yaddaşında qal,aşıq. Çal sazını,aləm nura boyansın, Yolnan keçən, axan çaylar dayansın. Dərdlər çəkən,xəstə könlüm oyansın, Ustadları, sən yadına sal, aşıq. Rövşənin nahaqdan dönməz ürəyi, Unutmaz, kəsdiyi duzu, çörəyi. Telli sazdır bircə arzu,diləyi, Elə çal ki,ürəyini al,aşıq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.