Çingiz Rzayev (1971)

Çingiz Rzayev (1971)Çingiz Əmraslan oğlu Rzayev -
1971-ci il yanvarın 8-də
Ağsu rayonunun Bico kəndində anadan olub.
1978-1988-ci illərdə Bico kəndindəki
A.Cəbiyev adına tam orta məktəbdə təhsil alıb.
1988-1989-cu illərdə Ağsu şəhər texniki
peşə məktəbində oxuyub.
1989-1991-ci illərdə Sovet ordu sıralarında xidmət edib.
1991-ci ildən 2000-ci ilə qədər Rusiyanın
Rostov vilayətində yaşayıb.
2000-ci ildən Sumqayıt şəhərində yaşayır.
Bir çox şeirlər, qəzəllər və rübailərin müəllifidir.

Biz də Çingiz Rzayevə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Tahirə QARABAĞLI,
ZiM.Az



İLLƏR

Ömrüm çiçək kimi saralıb solur,
Ay illər siz hara tələsirsiniz?
Fərəhli günlərim keçmişdə qalır,
Ay illər siz hara tələsirsiniz?

Ötən günlərimi xəyal eyləyib,
Neçə xatirəyə məni bələyib,
Başıma ağappaq qarı ələyib,
Ay illər siz hara tələsirsiniz?

Saxlaya biləydim sizi daim kaş.
Əvvəlki həvəs yox, dəyişilib yaş.
Barı başım üstən adlayın yavaş,
Ay illər siz hara tələsirsiniz?


RÖYA

Bu dünya bir röyaymış,
Kainatın özü boyda.
Keçilən həyat yolu bir yalanmış,
Sanki mənim gördüyüm o bir yuxuymuş,
Həyatımın özü boyda.
Sandığım xoşbəxtliyim adi ilğım,
Çırpınan ürək olub gül tək solğun.
Sözlərim dildə donub,
Sanki onun varlığı bir xəyalmış
məhəbbətin özü boyda.
Sevginin rəmzi mənə zəhər dolu bir piyalə,
Qoy içim, süz ver onu əllərinlə,
Sanki mənə sevginin özü süzür, gülümsəyib İblisanə...
Sevginin özü süzür gülümsəyib İblisanə...


RÜBAİLƏR

Gözümün nuruydu o nazlı dilbər,
Bir daha böyləsin yaratmaz bəşər.
Zalım çərxi-fələk o gözəlliyi,
Torpağa çevirdi qalmadı əsər.

Məhəbbət alovu dolmuş qəlbimə,
Gətir ey gülüzlüm səadət mənə.
Varsa bu cahanda xoşbəxtlik inan,
Sənin həyatında olmaqdır mənə.

Səadət günəşi düşməmiş gülə,
Ömrün gülüstanı verildi yelə.
Biganə sevinir əğyarlar gülür,
Leyk deyilməmiş sözüm var hələ.

Ey afət, gəl eylə camala nəzər,
Heyvatək saraldım əlindən həzər.
Çoxmu incidəcək bu nazın məni?
Sənə aşiq olan canından bezər.


QƏZƏLLƏR

Mənim bu aləm içrə sərvi Xuramanım var,
Qaşları kaman kimi qövmü vəfadarım var.
Dillənsə inci təki dürr ələnər ləblərdən,
Dili bal, gözləri zəm-zəm, sinədə narım var.
Ay üzlü bir mələkdir ahu kimidir baxışı,
Camalda xallarıdır həqqtəala naxışı.
Sanıram göylərdəyəm tutanda o əllərdən,
Sahibi mən zamanam gülüzlü dildarım var.

***

Yanma gəl eşq oduna, ey ürəyim, eşq deyilən əfsanədir,
Uyma sən gözəllərin fitnəsinə sevgi deyil bəhanədir.
Odlanıb eşqlə edən ahu-fəğan zavallılar,
Biçarə Məcnun kimi səhralarda divanədir.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: