ZİBA SEVİNDİK (1968)

ZİBA SEVİNDİK (1968)Ziba Sevindik qızı Hüseynova - 26.06.1968-ci ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində dünyaya göz açıb. İlk təhsilini anadan olduğu kənd orta məktəbində alıb. İncəsənət, musiqi və ədəbiyyata böyük həvəs göstərən Ziba xanım Şuşa şəhərində Şuşa Muğam məktəbində təhsilini davam etdirib.
Ziba xanımın muğam sənətinə duyduğu həvəs onu Bakı şəhərinə gətirib və burda Adil İsgəndərov adına musiqi məktəbində muğam sənətinə dərindən bələd olan Respublikanın Əməkdar artisti İsmayıl Ələkbərovdan dərs alıb. Özünü doğruldan sənətkar ecazkar muğamların mahir ifaçısı olduğuna görə həmin məktəbin fəxri diplomuna layiq görülüb.

Ağstafa rayonunun Eynallı kəndinə gəlin köçən Ziba xanım həyat yoldaşı Hüseynov Elxan Muxtar oğlu ilə 27 il xoşbəxt ailə həyatı yaşasa da, bu xoşbəxtlik çox da uzun sürməyib. 14 avqust 2017-ci ildə uzun sürən ağır xəstəlikdən sonra Elxan bəy dünyasını dəyişib. Allah rəhmət eləsin.

Ziba xanım həm də gözəl anadır. Üç övladını (2 qız, 1 oğlan) sağlam və vətənpərvər böyüdüb, təhsil verib, ləyaqətli vətəndaş kimi cəmiyyətimizin sıralarına qoşub.

25 iyun Ziba xanımın həyat yoldaşı Elxan Hüseynovun, 26 iyun isə özünün ad günüdür. Hər il həyat yoldaşı olmuş Elxan bəyin ad gününü qeyd edir. Öz ad gününü isə əsgərlərimizlə birgə keçirir, əsgərlərimiz qarşısında konsertlər verir.

Ölkəmizdə keçirilən dövlət tədbirlərində, uşaq evləri və qocalar evlərində, o cümlədən, hərbi hissələrdə, bir sıra möhtəşəm konsert tədbirlərində iştirak edib, saysız-hesabsız fəxri fərman və diplomlarla təltif olunub.

Dövlət Filarmoniyasında və Rəşid Behbudov adına Mahnı Teatrında “Şəlalə” ansamblı ilə uğurlu çıxış etdiyinə görə Dövlət Filarmoniyasının və Mahnı Teatrının fəxri diplomlarna layiq görülüb.

Z.Hüseynovanın uğurları bununla bitmir. O, ölkəmizdən kənarda da bir sıra fəxri diplomlarla təltif edilib.
Gürcüstan, Türkiyə, Rusiya, İrandan gələn iştirakçılarla birgə festivallarda çıxışına görə də fəxri diplomlara layiq görülüb.
Qardaş ölkə Türkiyənin Adana, Sivaş, İzmir şəhərlərində ədəbi-musiqili tədbirlərinin iştirakçısı olub.
Türkiyənin Sivaş şəhərində işıq üzü görmüş Antologiya kitabında şeirləri çap olunub.

Bir neçə qəzetdə şöbə müdiri və redaktor müavini vəzifələrində çalışıb.
Bir çox şeirlərin və publisist məqalələrin müəllifidir.
"Muğam mənim həyatımdır""Mən şair olmazdım" adlı iki şeirlər kitabı çap olunub.

Biz də vətənpərvər bacımız Ziba xanıma sənətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



YAŞA, YAŞA, AZƏRBAYCAN

Ey qəhrəman, Ana yurdum,
Yaşa, yaşa, Azərbaycan!
Keşiyində mətin durdum,
Yaşa, yaşa, Azərbaycan!

Ər igidlər oylağın var,
Türkiyətək dayağın var.
Yenilməyən bayrağın var,
Yaşa, yaşa, Azərbaycan!

44 günə çaldın zəfər,
Elim oldu şad, bəxtəvər.
İlhamın var, ər oğlu ər,
Yaşa, yaşa, Azərbaycan!

Laləzardı dağın, daşın,
Gül-çiçəkdir hər qarışın.
Ərdoğan əziz qardaşın,
Yaşa, yaşa, Azərbaycan!

İgidlərin gəlir cuşa,
İstəyini vurur başa,
Deyib- gülür gözəl Şuşa,
Yaşa, yaşa, Azərbaycan!

Şirin dilim, səninləyəm,
İncim, ləlim, səninləyəm.
Doğma elim, səninləyəm,
Yaşa, yaşa, Azərbaycan!
15.06.2021


YAŞA, AY VƏTƏN OĞLU!

Qoy ordumuz var olsun,
Ömrü xoş bahar olsun.
Elim bəxtiyar olsun,
Yaşa, ay Vətən oğlu!

Pozmadın Vətən andın,
Qələbəyə inandın.
Şanlı zəfər qazandın,
Yaşa, ay Vətən oğlu !

Şükür, gördük bu günü,
Bayramı, toy-düyünü.
Xoşbəxt görüm ömrünü,
Yaşa, ay Vətən oğlu !

Vətəni Ana bildin,
Yolunda yana bildin.
Müqəddəs sana bildin,
Yaşa, ay Vətən oğlu !

Yurdumu azad etdin,
Könülləri şad etdin.
Gözəl murada yetdin,
Yaşa, ay Vətən oğlu !

Qurbanam səntək mərdə,
Düşməni saldın dərdə.
Gəzirsən Zirvələrdə,
Yaşa, ay Vətən oğlu !
Yaşa, ay Vətən oğlu !
09.12.2020


QARABAĞIM AZAD OLDU

Gözlədiyim xoş an gəldi,
Sevən qəlbim çox şad oldu.
Şükür olsun, yağılardan,
Qarabağım azad oldu.

Yoxa çıxıb dərd-qəhərim,
İşıqlıdır hər səhərim.
Sevinir kəndim, şəhərim,
Qarabağım azad oldu!

Ordumuz zirvələr aşır,
Sədası ellər dolaşır.
Sevincimiz aşıb-daşır,
Qarabağım azad oldu!

Zəngilanı, Kəlbəcəri,
Düşmənlərdən aldıq geri.
Əzizdi bizə, yurd yeri,
Qarabağım azad oldu!

Silinibdi ağrı-acım,
Fərəhlənir qardaş-bacım.
Cənnətməkan Şuşa, Laçın,
Qarabağım azad oldu!

Öz andına sadiq durdu,
Qəhrəmandır mənim ordum,
Çiçəklənir ana yurdum,
Qarabağım azad oldu!

Nəşəlidir hər bir anım,
Rahat nəfəs alır canım.
Var olsun, Baş Komandanım,
Qarabağım azad oldu!

Sarsılmazdı dağ qüdrətin,
Yenilməzdi ər qeyrətin.
Yaşa, Cənab Prezidentim,
Qarabağım azad oldu!

Ziba coşub, qalxır zilə,
Nəğmə deyir, gülə-gülə.
Müjdə yayır, eldən-elə,
Qarabağım azad oldu!
19.10.2020


"ŞAM İŞIĞI" MƏCLİSİNİN

Sənətin, sözün məbədi,
Yaşayacaq hey əbədi.
Nuru gözəl Nəcibədi,
"Şam İşığı" məclisinin.

Tar-kamanı, həm sazı var,
Könül açan avazı var.
Gülərüzlü Almazı var,
"Şam İşığı" məclisinin.

Sözlə keçir hər bir anım,
Rahatlanır bir az canım.
Təravəti Gilə xanım,
"Şam İşığı" məclisinin.

Gözəlləri şux, göyçəkdi,
Bahar donlu, tər çiçəkdi.
Səbahəti bir mələkdi,-
"Şam İşığı" məclisinin.

Bir dünyadır söz sənəti,
Çoxdu sözə məhəbbəti.
Nəğmə deyər Sədaqəti,-
"Şam İşığı" məclisinin.

Payız, bahar, qış, yay günü,
Hər məclisi bir toy günü.
Qəşəng, gözəldi Aygünü,
"Şam İşığı" məclisinin.

Ömrün keçən xoş anıdır,
Nəğməli toy-nişanıdır.
Ziba xanım heyranıdır,
"Şam İşığı" məclisinin.
14.10.2022


ŞAM İŞIĞI

Hər gecə şamın başına,
Dolandıqca pərvanələr:
Baxıb ondan ibrət alar,
Eşqdə dəli-divanələr.

Sevgi dolu yanar ürək,
Sızıldayıb alışacaq.
Gecə-gündüz saf sevgidən,
Söhbət açıb danışacaq.

Mən də dönüb pərvanəyə,
Yar başına dolanaram.
Bu sevginin atəşinə,
Sevə-sevə qalanaram.

Oturmuşam tənha, yalqız,
Çox yazıram qəmdən, dərddən.
Bəzən olur, yazan zaman,
İşıqlar da sönür hərdən.

Göylər nərə çəkir bu an,
Guruldayıb şimşək çaxır,
Pəncərədən nəmli gözüm,
Məlul-məlul göyə baxır.

Bu an mənim ürəyimdən,
Qəmli, həzin mahnı keçir.
Zülmət gecə dərd-ələmdən,
Sanki mənə bir don biçir...

Yanır hələ şam işığı,
Şam əriyir yavaş-yavaş.
Ömrüm kimi, yanan şam da,
Tam əriyir yavaş-yavaş.

Tək bir şamın ümidiylə,
Elə bil ki, yaşayıram.
Nə yanğı var, şam kimi mən,
Ürəyimdə daşıyıram.

Bilən ola, nə çəkirəm,
Mən ömrümün bu çağında.
Belə keçir, bütün gecəm,
Bax belə, şam işığında!
05.12.2022


OĞLUM AYXANA

Səmalarda nurunu,
Günəş kimi yay, oğlum.
İşıqlandır zülməti,
Ulduz oğlum, ay oğlum.

Qəhrəman əsgər kimi,
Qoru vətəni, oğlum.
Məğlub elə düşməni,
Sevindir məni, oğlum!

Hər birimiz vətənçün,
Verməliyik can, oğlum.
Hünərli ol həmişə,
Ey mənim Ayxan oğlum!

Vətəni qarış-qarış,
Gəzmişəm, dolanmışam.
Bu vətəni özümə,
Doğma, əziz sanmışam.

Sən düşməni əzmlə,
Yumruğunla əz, oğlum.
Gəzdiyim o yerləri,
Sən də rahat gəz, oğlum.

Torpağını yağıdan,
Silib təmizlə, oğlum.
Göz üstündə bəsləyib,
Hər an əzizlə, oğlum!

Ananın tək ümidi,
Dünyada sənsən, oğul.
Sənə oğul demərəm,
Əhdindən dönsən, oğul.

Qoyma ana qəlbini,
Döyünsün intizarla.
Qələbəni qarşıla,
Gül-çiçəkli baharla.

Zərbə endir düşmənə,
Qoy külə dönsün yağı.
Əllərinlə ucalsın,
Azərbaycan bayrağı !

Musiqi beşiyində,
Muğam oxu Xan kimi.
Bülbülləri mat eylə,
Zilə qalx anan kimi.

Hünərvər igid kimi,
Tarixdə qalsın adın.
Al , yağıdan qisasın-
Mübarizin, Poladın.

Bir anatək, ay oğul,
Sənə tövsiyyəm budur.
Bu vətənə arxa ol,
Düşməninə qan uddur.

Bir addım da, irəli
Yaxın qoyma yağını.
Birdəfəlik bu yurddan,
Kəs onun ayağını .

Zəhmli ol düşmənə,
Dostları xoş dindirin.
Yaxşı eşit sözünü,
Hər zaman komandirin.

Harda olursansa ol,
Qoru, öz vüqarını.
Heç bir zaman unutma,
Atanın məzarını.

Vaxt olub, ac qalmısan,
Olmamışam yanında.
Səni düşünmüşəm mən,
Ömrümün hər anında.

Sən mənim Elxanımın,
Mənə yadigarısan.
Ömür adlı bağçamın,
Bəhrəsisən, barısan.

Ömrümə hər bir zaman,
Şərəf, şöhrət-şan oğlum.
Ucal Vətən gözündə,
Ey cəsur Ayxan oğlum!
Qoy fəxr etsin səninlə,
Azərbaycan, can oğlum!!!
08.09.2020





BİR BÖYÜK AZƏRBAYCAN QUR!

Ali Baş Komandan! Ey ulu xalqım,
Uyma fitnəsinə şərin, nahaqqın.
Yerinə qayıdır sənin öz haqqın,
Azadlıq yolunda hər an mətin dur.
Yenidən bir böyük Azərbaycan qur!

Qovaq üstümüzdən dumanı, çəni,
Nura qərq eyləyək, Ana Vətəni.
Məhv edək, qaniçən, mənfur düşməni,
Qayıtsın özünə Göyçə, Zəngəzur,
Yenidən bir böyük Azərbaycan qur!

Düşmənlər dağıtdı gör neçə kəndi,
Uçurtdu hər yeri, bərəni, bəndi.
Alınsın Xocalı, Şuşam, Xankəndi,
Laçın, Kəlbəcərdə xoş toy- büsat qur.
Yenidən bir böyük Azərbaycan qur!

Ordumun təbəssüm görüm üzündə,
Sevinc yaşı hey çağlasın gözündə.
"Yallı" gedək, bir gün Cıdır düzündə,
Düşmənlərin qəddini əy, boynun bur,
Yenidən bir böyük Azərbaycan qur!

Çıxsa da Vətəndə qan dizə kimi,
Qazanaq qələbə, möcüzə kimi.
Doğma Bakımızdan Təbrizə kimi,
Əzəldən ürəkdən məramım budur:
Yenidən bir böyük Azərbaycan qur!
03.11.2020


BÜLBÜL

Gül-çiçəkli bahar vaxtı,
Dolanırsan bağı, bülbül.
Bəzənibdir al güllərlə,
Ömrünün xoş çağı, bülbül.

Yazda qurursan toy-büsat,
Gülür üzə gözəl həyat.
Mənə verdikcə qol-qanad,
Sözdən çələng toxu, bülbül.

Dilləndirib kaman, tarı,
Gerçək elə, arzuları.
Təbiətin bəstəkarı,
Əzəl sənsən- axı, bülbül.

İkimiz verək səs-səsə,
Ruh ver, səni sevən kəsə.
Zibanı salıb həvəsə,
Xoş nəğmələr oxu, bülbül.
Oxu, bülbül, oxu, bülbül!
17.10.2019


OXU, BÜLBÜL

Yaşıl çəmən, göy meşə,
Oxu, bülbül, dincəlim.
Cuşa gələk həmişə,
Oxu, bülbül, dincəlim.

Var sənə məhəbbətim,
Sən sevgim, hərarətim.
Gözəlisən təbiətin,
Oxu, bülbül, dincəlim.

Oxuduqca qalx zilə,
Nəğmələr qoş tər gülə.
Ruhumu gətir dilə,
Oxu, bülbül, dincəlim.

Güldən dəstə bağlayım,
Öz əlimdə saxlayım.
Səninlə bir qoxlayım.
Oxu, bülbül, dincəlim.

Gəl, səni vəsf eyləyim,
Sən oxu, mən dinləyim.
Rahat olsun ürəyim,
Oxu, bülbül, dincəlim.
03.05.2021


QƏLƏBƏ ƏTİRLİ BAYATILAR

Əziziyəm, qara bax,
Yağışa bax, qara bax.
Ömrümün payızında,
Çiçəklənib Qarabağ.

Əziziyəm, gül anım,
Çiçək anım, gül anım.
Al-əlvan don geyibdir,
Cəbrayıl, Zəngilanım.

Əziziyəm, düz indi,
Sözü sapa düz, indi.
Şuşam mənim ürəyim,
Laçın iki gözümdü.

Mən aşiq, kənd-şəhərə,
Bağlarda bar-bəhərə.
Üzdə sevinc, təbəssüm,
Gəl, gedək Kəlbəcərə.

Mən aşiqəm, bəndimə,
Dağ-dərəmə, bəndimə.
Şükür sənə, İlahi,
Qovuşdum Xankəndimə.

Mən aşiq, öz elimə,
Qoşuram söz, elimə.
Gülə-gülə yollanaq,
Ağdama, Fizulimə.

Əziziyəm, beş məndən,
Ordum aldı beş, məndən.
Şəhidlər, rahat yatın,
Qisas aldıq düşməndən.

Əzizim, yaxşı tanı,
Cəsur, ər qəhrəmanı.
Tanrım özü qorusun,
Ali Baş Komandanı!
15.11.2020

Ziba Sevindik,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: