"YADİGAR QALAN SAAT" (Hekayə) Ədəbiyyat » Nəsr 10 Haziran PƏRİXANIM MİKAYILQIZI, “Elm və Təhsil” qəzetinin baş redaktoru, şair-publisist, nasir, araşdırmaçı jurnalist, F.b.Köçərlinin tədqiqatçısı, “Xarı Bülbül” medalı mükafatçısı, “Abdulla Şaiq”, “Xurşid Banu Natəvan”, “Qızıl Qələm”və “Sülh təbliğatçısı” mükafatları laureatı, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondunun “Zirvə” mükafatçısı və Fəxri Diplomçusu YADİGAR QALAN SAAT(hekayə)Qapının bərkdən çırpılması ilə Nəzrinin qacaraq evə qəfil girməsi, evdə olan anasını və fikri əlindəki telefonda olan qardaşını təəccübləndirdi. Nəzrinin bu hərəkəti qardaşı Daşqının xoşuna gəlmədi. O qaşını qaldıraraq bacısına tərəf döndü və:Ay qız, nolub, dalınca qovan var?-deyib, sərt şəkildə iradını bildirdi.Nəzrin özü də bilmərəkdən baş verən bu hərəkətindən pərt oldu. Odur ki, bir söz demədən otağına keçdi. Anası onun ardınca gedib niyə belə qaranəfəs gəldiyini soruşdu. Nəzrinin gözləri işım-işım işıldayırdı, üzündə qəribə bir təbəssüm var idi. Bu gün ilk dəfə idi ki, sevdiyi oğlan onu qapılarına qədər ötürmüşdü. O, anasını qucaqlayıb, öpdü və heç nə olmadığını, qapının təsadüfən əlindən çıxaraq çırpıldığını söylədi. Anası bir söz demədən süfrə hazırlamaq üçün otaqdan çıxdı. Nəzrin də əynini dəyişib mətbəxə, anasına kömək etməyə keçdi. Biraz sonra ailə birlikdə oturub şam yeməyi yeməyə başladılar. Heç kim danışmırdı. Hamı susmuşdu. Aliyə müəllimə qərara almışdı ki, bu gün uşaqları ilə ciddi söhbət eləsin. Artıq hər ikisinin ailə qurmaq vaxtı idi. Nəhayət o bu səssizliyi pozdu, üzünü musiqiyə qulaq asa-asa yemək yeyən Nəzrinə tutub:İşdə nə var nə yox qızım, hər şey qaydasındadırmı?- deyə soruşdu. Nəzrin başını tərpədərək hər şeyin yaxşı olduğunu bildirdi. Ana uşaqlarının hər ikisinin fikrinin telefonda olduğunu görüb gülümsədi və daha heç bir söz demədi. Aliyə müəllimə bu günü söhbət üçün münasib vaxt hesab etmədi. Çünki, Daşqın işdən gələndən kefi yox idi. Anasının suallarına da könülsüz cavab vermişdi. Ona görə yenə söhbətini başqa vaxta saxladı. Aliyə müəllimənin qızı Nəzrin konservatoriyanı bitirdikdən sönra bir müddət musiqi məktəbində fortepiano müəllimi çalışdı. Amma sonradan öz istəyi ilə uşaq bağçasında müsiqi müəllimi işləməklə işinə davam etdi. Artıq iki il idi ki, şəhərdəki özəl bağçaların birində musiqi müəllimi işləyirdi. Yolu bir qədər evlərindən uzaq olsa da uşaqları çox sevdiyindən narazılıq etmirdi. Bir sözlə işi ürəyincə idi. Qardaşı Daşqından fərqli olaraq Nəzrin o qədər söhbətcil deyildi. Daşqın isə söhbətcil olmaqla yanaşı, insanlarla ünsiyyət qurmağı sevirdi. Ona görə onun bu gün belə sakit oturması Nəzrini narahat etdi və o üzünü qardaşına tutaraq zarafatla:Sən xeyir ola qaqaş, nə sakit oturmusan, gəmilərin batıb?-deyə soruşdu.Daşqın:Heç. Bir az kefim yoxdur, -dedi.Nəzrin əl çəkmədi:Niyə?Daşqın him-cimlə bacısına anlatdı ki, ana bilməsin sonra deyərəm. Daşqınla Nəzrin hər ikisi kiçik yaşında ikən ataları Mirzə I Qarabağ döyüşlərinə getmiş və Ağdamda şəhid olmuşdur. O vaxt Daşqın iki yaşını bitirmiş, Nəzrin isə gözlərini dünyaya yenicə açmışdır. Aliyə müəllimə onları minbir əziyyətlə böyüdərək hər ikisinə ali təhsil vermiş və hər ikisini vətənpərvər ruhda tərbiyə edə bilmişdir. İqtisad universitetini bitirən Daşqın hərbi xidmətini başa vurduqdan sonra altı aylıq hərbi kurs keçmiş, hələlik ehtiyatda olan zabit kimi evinə qayıtmış və böyük şirkətlərdən birində iqtisadçı vəzifəsində çalışmağa başlamışdır. Aliyə xanım isə uzun illər idi ki, ibtidai sinif müəlliməsi işləyirdi. O, peşəsinə qəlbən bağlı idi. Bəlkə bu səbəbdən qızı Nəzrin də uşaqlarla çalışmağı çox sevmiş, müəllimlik peşəsini seçmişdir. Ailədə Mirzə atanın yeri görünsə də Aliyə balalarına həm ata, həm ana olmağı bacarmışdır. O övladları ilə fəxr edirdi. Daşqınla Nəzrin həm çalışdıqları müəssisələrdə, həm qohum-əqraba, qonşular arasında öz tərbiyələri, mədəniyyət və qabiliyyətləri ilə hörmət qazana bilmişdilər. Aliyə süfrə arxasında oturmuş balalarını gözucu süzdü. Ürəyindən keçənləri dilinə gətirə bilməsə də, sevinclə onlara baxdı. Sanki övladlarının böyüdüyünü indi hiss elədi. Zərif bir təbəssümlə dodağı qaçdı. Ayağa qalxaraq süfrəni yığışdırmağa başladı. Nəzrin də anasına kömək etmək istədi. Aliyə müəllimə ona:Sən get bir qəşəng çay dəmlə, - dedi. Daşqın onunla eyni universitetdə, lakin başqa fakültədə təhsil alan Gültacı hələ tələbə olarkən bəyənmiş, lakin bu barədə qıza bir söz deyə bilməmişdi. Daşqın hiss edirdi ki, Gültac da ona qarşı biganə deyil. Lakin, münasib bir məqam tapmırdı ki, ürəyini qıza açsın. Tələbə olarkən tez-tez rastlaşan gənclər, Universiteti bitirəndən sonra demək olar ki, bir-birlərini görmədilər. Daşqın şirkətə işə gəldikdən bir qədər sonra təsadüfən Gültac da orada işə düzəlir. Gənclərin tələbə vaxtı baş tutmayan sevdaları çalışdıqları şirkətdə baş tutur. Bir müddət sonra Daşqın ürəyini Gültaca açır və qızın razılığını alır. Onlar hər gün bir-birlərini görür və işdən də bir yerdə çıxırdılar. Daşqın hər gün Gültacı evlərinə qədər ötürürdü. O, Gültaca “sən nə zaman desən anamı sizə elçi göndərə bilərəm” deməsi Gültacın ürəyindən olmuşdu. Hər ikisi qərara gəldi ki, bu yaxınlar da artıq bu məsələni valideynlərinə bildirsinlər. Daşqın hələ anasına deməzdən əvvəl bacısı ilə bu barədə danışır və Nəzrini şirkətlərinə dəvət edərək, Gültacla tanış edir. O Nəzrinə “mən sənə deməyənə qədər anaya söyləmə”, - deyə tapşırır. Nəzrin bunu bircə gün gizlədə bilir. Sevindiyindən, Daşqından xəlvət anasına danışır. Ana isə Daşqına bildirmədən Gültacın ailəsi ilə maraqlanır. Aliyə müəllimənin sevincinin həddi-hüdudu yox idi. Çünki, Daşqın çox gözəl, əxlaqlı bir ailənin qızını sevirdi. Nəzrin isə bağçada işə başlayandan öz təlim-tərbiyəsi ilə ordakıların diqqətini çəkmişdi. Hamı onun xətrini istəyirdi. Bağçanın müdiri Şəhla xanım Nəzrini ilk gündən bəyənmiş, ona xüsusi olaraq hörmət bəsləmişdir. O, arada Nəzrini otağına çağırır, ona ailəsi haqqında suallar verirdi. Şəhla xanım Nəzrini evinin tək övladı olan Elvin üçün almaq istəyirdi. Məqam axtarırdı ki, oğluna Nəzrini göstərsin. Nəhayət ki, bir gün oğlunu yanına çağıran Şəhla xanım buna nail ola bilir. Yaraşığı ilə göz oxşayan Elvin Nəzrinin də ürəyinə yol tapa bilir. Bu gənclərin arasında yaranmış tanışlıq dostluğa, sonra isə sevgiyə çevrilir. Şəhla xanım Nəzrinə elçi getmək istəyirdi. Nəzrin ona görə anasına həm bu, həm də Daşqınla Gültacın məsələsini söyləmək qərarına gəldi. Ana üçün bundan gözəl nə xəbər ola bilərdi ki? Onlar qərara aldılar ki, axşam Daşqınla birlikdə bu məsələni müzakirə etsinlər. Axşam yeməyindən sonra Aliyə müəllimə övladları ilə bu söhbəti etdi və razılığa gəldilər ki, həftə sonu Daşqın üçün elçi getsinlər, ondan iki həftə sonra isə Nəzrinin elçiləri gəlsin. O vaxta qədər də Aliyə müəllimə ana kimi öhdəsinə düşən işlərinin hazırlığını görsün. Aliyə ilə həyat yoldaşı Mirzə əslən Qarabağdan-Qubadlıdan idilər. Otuz il erməni işğalında qalan torpaqlarımızın azad olunacağı günü Mirzə görməsə də, Aliyə ana ümidlə yaşayırdı ki, “heç olmasa mən, övladlarım o günü görsəydik, Mirzənin də ruhu şad olardı”. Həftə sonu Daşqın üçün elçi gedən ana, oglunu nişanladı. Aliyə ana sevincindən az qalmışdı ki, qanadlanıb uçsun. Oğlunun nişanından on gün sonra Nəzrin üçün Elvingildən üzük gəldi. Dünyanı bürümüş pandemiya səbəbindən elə də dəbdəbəli nişan edə bilmədilər. Kiçik bir məclislə ötüşməli oldular. Təki gənclər xoşbəxt olsun. Artıq toyu necə, harda, nə vaxt edəcəklərini düşünürdülər. Sərt qadağalar rejimi başlamışdı. Qohumlar bir-iki ay içərisində hər ikisinin toy məsələsini yığcam şəkildə etməyi düşünürdülər. Torpaqlarımızı otuz ilə yaxın bir müddətdə işğal altında saxlamış mənfur qonşularımızın qəflətən sərhədlərimizi yenidən pozması nəticəsində iyul ayında Tovuzda qarşıdurma baş verdi. Baş verən qarşıdurma hər bir azərbaycanlı kimi bu ailənin də ürəyindən qara qanlar axıtdı. Tovuz hadisələrində şəhid olmuş Azərbaycan Milli Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, Namiq Əhmədovla birlikdə daha bir neçə əsgər və zabitlərimizin şəhid olma xəbəri ölkənin altını üstünə çevirdi. Bütün gənclər ayağa qalxaraq Ali Baş Komandandan hücum əmrini verməyi gözləyirdi. Yüzlərlə könüllülər hərbi komissarlıqların qarşısına toplaşır, onları döyüşə göndərməyi istəyidilər. Daşqın ehtiyatda olan zabit olduğundan istənilən an döyüş nöqtəsinə göndərilə bilərdi. Evdə hazırlıq görürdülər ki, pandemiya səbəbinə görə sərt tədbirlər başlayana kimi Daşqın kəbinini kəsdirsin və Gültacı evinə gəlin gətirsin. Çünki, artıq toyların keçirilməsinə icazə verilmirdi. Bu hal nə qədər davam edəcəyini də kimsə söyləyə bilmirdi. Lakin məsəllərdə olduğu kimi “fələk deyir sən saydığını say, gör mən nə sayıram”. Sentyabr ayı heç xoş gəlmədi. Qarşı tərəfin təkrar-təkrar atəşkəsi pozması nəticəsində Qarabağda yenidən müharibə alovlandı. Bu dəfə Azərbaycan tərəfindən düşmən tərəfə qarşılıq olaraq döyüş üçün qəti qərar verildi: “Torpaqlarımızı son damla qanımıza kimi işğaldan azad etməliyik”. Daşqın da hərbci kimi döyüşə getməli oldu. Aliyə xanımın nitqı tutulmuşdu. Oğluna nə get, nə də getmə deyə bilməzdi. Çünki, hər bir ailənin gəncləri döyüşə getməyə hazır vəziyyətdə idilər. Nəzrinin nişanlısı Elvin də könüllülər sırasında idi. Sabah hər iki gənci yola salacaqdılar. Daşqın evdə bacısını kənara çəkib anasından gizlin ona balaca bir qutu verdi və dedi: Nəzrin mən ağır bir döyüşə gedirəm. Bu ölüm-dirim mübarizəsidir. Mən Gültaca toy gecəsi sürpiz olsun deyə bir qol saatı hədiyyə almışdım. Qismət olmadı onu Gültaca verim. Sən bunu saxla, kimsə bilməsin. Əgər sağ-salamat qayıdaramsa hədiyyəmi ona yenə özüm verərəm, yox əgər taleyimdə şəhidlik varsa, bunu sonradan ona sən verərsən, qoy hər ona baxanda məni xatırlasın. Nəzrin göz yaşları içərisində qutunu çantasına qoydu və qardaşının boynuna sarıldı. Dili söz tutmadı. Yalnız başını tərpədərək “yaxşı”,-dedi. Hər kəs səhəri diri gözlə açdı. Aliyə ana bütün gecəni oturaq vəziyyətdə keçirtdiyindən rəngi avazımışdır. Səhər hamı narahat halda süfrəyə əyləşdi və könülsüz hərə bir tikə yeyib ayağa qalxdı. Hərbi komissarlığın qarşısında qələbəlik idi. Gənclərin üzündə olan qüruru, özünəgüvəni görəndə insana sanki güc, qüvvət gəlirdi. Baxanda görmək olurdu ki, onlar düşmənlə döyüşməyə kədərlə deyil, sevinclə gedirdilər. Daşqını yola salmağa Gültacla bərabər valideynləri Tahir müəllim, Lətafət xanım, qardaşı Elsevər də gəlmişdilər. Elvin də atası Eldar müəllim və anası Şəhla xanımla birlikdə burada idilər. Sabah da Elvini cəbhə bölgəsinə yola salacaqdılar. Gedənlərin sayı çox olduğundan onlar xeyli gözləməli oldular. Adlar yazılmış siyahı oxunduqca çağırışçılar bir-bir onları aparacaq avtobuslara doluşurdular. Növbə Daşqına çatdı. Daşqın hər kəslə ayrı-ayrılıqda görüşdü. Aliyə ana özünü ağlmaqdan zorla saxlamışdı. Avtobus yola düşməyə hazır idi. Daşqın anasına:Fikir eləməyin, bu döyüş əvvəllki döyüşlər kimi olmayacaq. Qələbə tezliklə bizim olacaq,- deyib bir daha anasının boynunu qucaqladı və avtobusa mindi. Aliyə anagil bir xeyli avtobusun arxasınca baxdılar. Kim bilir onun ana ürəyindən nələr keçirdi. Deyilənə görə Daşqıngilin dəstəsini birbaşa Füzuliyə aparırdılar. Hamı bir-bir dağılışmağa başladı. Hər kəs sağollaşaraq evinə döndü. Səhəri gün eynilə bu hadisə Elvingilin yaşadıqları rayonun hərbi komissarlığının qarşısında təkrarlandı. Siyahı oxundu, adı çıxan gənclər doğmaları ilə görüşərək avtobusa əyləşdilər. Gənclərdə ruh yüksəkliyi var idi. Analar isə bəzisi ağlayır, bəzisi göz yaşlarını zorla saxlayırdılar. Döyüşə gedən oğullar isə qürurla valideynlərə əl yelləyir və xahiş edirdilər ki, ağlamasınlar. Hətta gənclərin bəzisi uca səslə “düşmənin başını əzməyə gedirik, niyə ağlayırsız? Və yaxud aslanlar çaqqalların üstünə gedir” kimi sözlərlə zarafatlarından da qalmırdılar. Elvin anasına yaxınlaşdı. Şəhla xanım göz yaşlarını saxlaya bilmədi. Oğlunun boynuna sarılıb hönkürdü. Elvin isə: “Ana həmişə deyirdin ermənilərin başını əzmək lazımdır. İndi gedirik də başlarını əzməyə, niyə ağlayırsan?. Qorxma sənin oğluna güllə dəyməz”,- deyib zarafatla anasının könlünü açmaq istədi. Eldar müəllim də oğlunun zarafatına biganə qalmayaraq: “Ay Şəhla, həmişə özün demirdin ki, müharibə olsa Elvin balam da gedib düşməni qovacaq torpağımızdan”- deyib Şəhla xanıma təskinlik vermək istədi . Avtobus yola düşdü. Danışırdılar ki, Elvingilin dəstəsini də Hadrut-Füzuli bölgəsinə aparacaqdılar. Oktyabrın ilk günləri idi. Ölüm-dirim müharibəsi gedirdi. Hər gün televizorun qarşısında oturub cəbhə xəbərlərini dinlədikcə Aliyə ana o dünyaya gedib qayıdırdı. Artıq bir həftədən artıq idi ki, Daşqın döyüşə getmiş, Cəbrayılın və Hadrutun işğaldan azad olunmasında iştirak etmişdir. Növbəti döyüş əməliyyatı isə Füzulidə olmalı idi. Daşqın burda Elvingilin dəstəsi ilə rastlaşır və onlar birlikdə Füzulinin işğaldan azad olunmasında iştirak etməli olurlar. Çox ağır döyüşlər gedirdi. Düşmən tərəfdən yağış kimi yağan güllələrdən döyüşçülər başlarını qaldıra bilmirdilər. Otuz ilə yaxın bir müddətdə düşmən bu torpaqlarda mövqelərini bərkidərək möhkəm səddlər çəkmiş, saysız-hesabsız tank və piyada əleyhinə minalar basdırmış və çoxlu sayda yeraltı sığınacaqlar hazırlamışdılar. Bu sığınacaqlara yüzlərlə zirehli texnika, minlərlə silah-sursat, patron toplamışdılar. Betondan çəkilmiş səddləri dağıtmaq, irəli getmək nə qədər çətin olsa da bizim ordumuzun müasir texnikası, əsgər və zabitlərimizin torpaq sevgisinin qarşısında bunlar zəif görünürdü. Hücum başlandı. Göz gözü görmür, top, mərmi səsindən qulaq tutulurdu. Daşqın içində kükrəyən nifrətlə onlarla düşmən leşini yerə sərir, ürəyi soyumayırdı. O ətrafına nə qədər göz gəzdirsə də Elvini görə bilmədi. Bizim döyüşçülərimiz həm sayca, həm fiziki baxımdan, həm də döyüş cəhətdən onlardan üstün olsa da yenə şəhidsiz ötüşmək mümkün deyildir. Nəhayət, döyüşçülərimiz sədləri dağıdaraq irəli keçə bilirlər və çoxlu sayda düşmən postları döyüşçülərimizin nəzarətinə keçir. Yüzlərlə düşmən leşləri param parça olaraq ətrafa səpələnmiş, sağ qalanlar isə bütün silah və sursatlarını, hətta zirehli texnikalarını ataraq qaçmağa məcbur olmuşdular. Ara müvəqqəti bir qədər sakitləşsə də ara-sıra güllə səsləri eşidilirdi. Döyüşçülərimiz şəhid olanları və yaralıları arxaya göndərmək üçün götürür və sanitar maşınlarına aparırdılar . Daşqın ayağından yaralansa da arxaya getmək istəmədi. O, Elvinin də ağır yaralandığını və çox qan itirdiyini gördü. Onu çiyninə alaraq tibbi maşına tərəf aparmaq istəyirdi. Bir qədər getmişdi ki, bu zaman düşmən snayperindən açılan güllə Daşqını yerə yıxdı. Döyüş yoldaşları snayperçini dərhal zərərsizləşdirdilər. Lakin Daşqın şəhid olmuşdur. Elvin isə huşunu itirdiyindən bu olanlardan xəbərsiz idi. Köməyə gələn əsgərlərimiz Elvinlə Daşqını başqa yaralılarla və şəhidlərimizlə birlikdə arxa hissəyə göndərdilər. Həkimlər nə qədər çalışsalar da, Elvini xilas edə bilməmişdilər. Axşama dogru Elvin gözlərini əbədi olaraq yumdu. Müharibə görən, döyüşlərdə iştirak edənlər yaxşı bilir ki, ən ağır günlərdə çiyin-çiyinə döyüşmək, qardaş kimi yoldaşını qorumaq nə deməkdir. Döyüşçülərimiz az zaman içərisində bir-biri ilə dost münasibətləri qurmuş, hətta qardaşdan artıq doğmalaşmışdılar. Daşqınla Elvin hər ikisi bu az müddətdə özlərinə xeyli dost tapmışdılar. Dostlar, Daşqınla Elvinin yenicə nişanlandığını, hər iki gəncin təzə qohum olduqlarını və ikisinin də ailələrində tək oğul olduğunu bilirdilər. Elvin isə ailənin yeganə övladı idi. Döyüş dostları göz yaşları içərisində idilər. Hamı onların intiqamını mütləq alacaqlarını deyirdilər. Amma hamını da əsas bir sual maraqlandırırdı. Bu son dərəcə ağır xəbəri onların ailələlərinə kim və necə verəcəkdir? ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.