AZAD ABDULRAHMANOV (1984)

AZAD ABDULRAHMANOV (1984) Son illər Borçalı ədəbi mühitinə bir sıra istedadlı gənclər gəlməyə başlamışdır. İstər poeziya sahəsində və istərsə də nəsr sahəsində onlar, bir-birindən gözəl əsərlər yazıb çap etdirirlər. Belə gənclərdən biri də 4 oktyabr 1984-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Xocerni kəndində ziyalı ailəsində anadan olan Azad Hüseyn oğlu Abdulrahmanovdur.

O, ibtidai və orta təhsilini öz kəndində yerləşən Xocerni tam orta məktəbində alıb, məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialının hüquq fakültəsində qəbul olub və 2006-cı ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirib. 2009-cu ildən 2011-ci ilə qədər Xocerni tam orta məktəbində müəllim işləyib.
Kiçik yaşlarından bədii yaradıcılıqla məşğul olan Azad ara bir dövrü mətbuatda da şeirlərini çap etdirir.
“Şərqin səsi”, "Müstəqil Respublika", "Region-Press", "Ozan" qəzetilərində, bir neçə almanaxlarda onun şeirləri çap olunub.
Azad Abdulrahmanov “Üfüqdən parlayan günəş” adlı bir kitabın, Azərbaycanın Xalq Şairi Zəlimxan Yaquba həsir etdiyi "Şair Zəlimxan" və Türküyənin Suriyada apardığı antiterror əməliyyatına həsr etdiyi "Afrin" adlı poemaların müəllifidir.
Ailəlidir, iki qız övladı var.

Biz də A.Azada yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



ZƏFƏR BAYRAMIMIZ MÜBARƏK OLSUN!

8 Noyabrdı, zəfər günüdü,
Milli Ordumuzun hünər günüdü.
Üzmüzün, gözmüzün gülər günüdü.
Könüllər durulsun, ruhlar durulsun,
Zəfər bayramımız mübarək olsun.

Kamandir güvəndi mərd əsgərinə,
Ölümdən qorxmayan igidlərinə.
Türkün zəkasına, Türkün gücünə.
Qoy dünya yerindən ayağa dursun,
Zəfər bayramımız mübarək olsun.

Ərdoğan, İlhamla bərabər oldu,
Ər qardaş qardaşdan xəbərdar oldu.
Meydanda düşmənin yeri dar oldu.
Birliyin əbədi taxtı qurulsun,
Zəfər byramımız mübarək olsun.

Haqqın var ey xalqım fərəhlənməyə,
Şanlı qələbənlə çiçəklənməyə.
Mahnılar oxuyub, şeir deməyə.
Nə ürək yorulsun, nə dil yorulsun,
Zəfər bayramımız mübarək olsun.

Ömürlər gördük biz, cana can olan,
Yurda Günəş olan, yurda dan olan.
Vuruşa-vuruşa qəhrəman olan.
Bütün qaziləri Allah qorusun,
Zəfər bayramımız mübarək olsun.

Şəhidlər qanıdı hər bir dağ, dərə,
Canımız qurbandı bu şəhidlərə.
Bu azad, bu geniş, bu saf göylərə.
Şanlı bayraqlarla naxış vurulsun,
Zəfər bayramımız mübarək olsun.

Azad kim baş əyməz bu ər bayrağa?
Odur nəfəs verən can Qarabağa.
Dəmir iradəyə, dəmir yumruğa,
Gələnlər vurulsun, gedən vurulsun,
Zəfər bayramımız mübarək olsun.
08.11.2022


VƏTƏNƏ MƏHƏBBƏT
YANMAQDAN KEÇİR


Vətənə məhəbbət yanmaqdan keçir,
Vətənin halına yanasan gərək.
Vətən od içində qalıbsa əgər,
Özünü odlara atasan gərək.

Qocaldıq Xan kəndi, Xan deyə-deyə
Xocalı fəryadı qarışdı göyə.
Vətəni göynədib dərd öldürməyə!
Dərdinə dərmanı tapasan gərək.

Düşmənlə savaşmaq cürət işidi
El-oba işidi, millət işidi.
Bu iş namus işi, qeyrət işidi
Xalqın köməyinə çatasan gərək.

Vətən oğulların pələng, şir, aslan
Lazımdı hər zaman məğrur durasan.
Yadın havasıyla oynamıyasan
Yurdun sığalına yatasan gərək.

Ay Azad kim deyir meydanımız dar?
Türük al qanıyla tarixlər yazar
Dünyaya səs salan əcdadımız var
Kökünü dərk edib qanasan gərək.
19.12.2021


BORÇALI

Haqqın var əbədi əzizlənməyə,
Canımda canımsan sən ey Borçalı.
Qoymadın könlümü dara düşməyə,
Damarda qanımsan sən ey Borçalı.

Məcnunlar yaratdı saf məhəbbətin,
Əl çatmaz zirvədi aşıq sənətin.
Dünyaya səs saldı gur şeirlərin,
Zəlimxan ruhumsan sən ey Borçalı.

Günəşim oldun hey, günə sığındım,
Harada olsam da, ünə sığındım.
Səni məkkəm bildim, sənə sığındım,
Xilaskar Nuhumsan sən ey Borçalı.

Sönməz ocaqlarda alovun, odun,
Koroğlu nərənlə bizi qorudun.
İzi var bu yurdda Dədə Qorqudun,
Dədələr yolumsan sən ey Borçalı.

Qafqazın gözüdü aranın, dağın,
Türkün ruhundadı Boz Qurd bayrağın.
Doğmadı hər qarış daşın, torpağın,
Anamsan, atamsan sən ey Borçalı.

Ən uca yerimsən, ucalmaq üçün,
Tükənməz gücümsən, güc almaq üçün.
Bu gözəl cahanda yaşamaq üçün,
Havamsan, suyumsan sən ey Borçalı.

Səninlə, ilhamı coşqulu çayam,
Çırağam, günəşəm, ulduzam, ayam.
Azadam, qulunam, qulluğundayam,
Sultanım, şahımsan sən ey Borçalı.
26.09.2022


SƏNƏ AŞİQ OLAN,
VURULAN MƏNƏM


Yalandan sevirəm deyən çox olar,
Sənə aşiq olan, vurulan mənəm.
Məhəbbət dağımın bulağı sənsən,
Eşqin çeşməsində durulan mənəm.

Gah yanan çırağam, gah əriyən şam,
Hazıram eşq üçün dağları aşam.
Romana dönmüşəm, kitab olmuşam,
Sanma ki, sevgidən yorulan mənəm.

Ürəyim doymayır ala gözündən,
Bal damır o şirin, şəkər sözündən.
Sevgi-məhəbbətin üfüqlərindən,
Hər səhər Günəş tək doğulan mənəm.

Məcnunu olmuşam gözəlliklərin,
Nazını çəkmişəm saf görüşlərin.
Ey bəxtəvər canan olsun xəbərin,
Sevgimə vəfalı yar olan mənəm.

Azadam,xoşbəxtəm, canda canımla,
Könlümü coşduran eşq baharımla.
Bu qollu-qanadlı duyğularımla,
Əbədi ölməyən, sağ olan mənəm.
10.12.2021


QOCALMA, ANA

Yollar qıfıllıdı, bax gələnmirəm,
Yerimdə dayanıb, dincələnmirəm.
Oyun nə oyundu? heç bilənmirəm,
Qalmışam qürbətdə mən yana-yana,
Gözlə, mən gəlincə qocalma ana.

Bilirəm bu həsrət qocaldır səni,
Qəriblik kövrəldib ağladır səni,
Bil ki,bəd xəbərlər aldadır səni,
Uyma hər deyilən bu ağ yalana,
Gözlə mən gəlincə qocalma ana.

Neynirəm mən sənsiz quru dünyamı?
Mən səndə tapmışam duru dünyamı,
Qoru dağılmasın, qoru dünyamı!
Həsrətəm o nurlu, işıqlı dana,
Gözlə mən gəlincə qocalma ana.

Ömürdən xoş günüm, güzarım sənsən,
Dağlardan ucamsan, vüqarım sənsən
Nərgizim, bənövşəm, baharım sənsən,
Səninlə bağlıyam dağa, arana,
Gözlə mən gəlincə qocalma ana.

Qoy çıxım zülmətdən Günəşə sarı,
Ərisin könlümün qoy buzu, qarı,
Sınmasın ruhumun qoy qanadları,
Səfərdən-səfərə çıxım hər yana,
Gözlə mən gəlincə qocalma ana.

Ana ağ saçının telinə qurban,
Ana o, qabarlı əlinə qurban,
Mənə oğul deyən dilinə qurban,
Borcum var şam kimi əriyən cana,
Gözlə mən gəlincə qocalma ana.

Səndədir qəlbimin yaz gözəlliyi,
Dastan gözəlliyi, saz gözəlliyi,
Səninlə yaranır söz gözəlliyi,
Varlığın döndərib məni ümmana,
Gözlə mən gəlincə qocalma ana.

Azadın vətəni adındı, adın
Sən ulu vətənim, sən ulu qadın,
Sönməyən əbədi ocaq qaladın,
Qurbanam o nurlu, gur çırağına,
Gözlə mən gəlincə qocalma ana.
19.11.2021


GÖZƏL DÜNYA

Baxıb vurğun könlümüzə,
Sevinc əkdi gözəl dünya.
Eşqə düşən qəlbimizə,
Sığal çəkdi gözəl dünya.

Ölüm yoxdu, ruh sevəndə,
Ömrə hər gün yaz gələndə,
Sevənlərin gözlərində,
Gül-çiçəkdi gözəl dünya.

Can əritdik qadasına,
Döndük sazın havasına
Ömrün sevgi dünyasına,
Bər-bəzəkdi gözəl dünya.

Yar gözündə görsən onu,
Saf sular tək içsən onu,
Sən nə qədər sevsən onu
Sevəcəkdi gözəl dünya.

Şeir dedik qaşa-gözə,
Bağ-bağçaya, dağa-düzə,
Harda olsaq, görüşmüzə,
Gələcəkdi gözəl dünya.

Başa çəkdi məhəbbəti,
Gözəlliyi var eylədi,
Azad hər an bizimlədi,
Demə təkdi gözəl dünya.
13.10.2021


BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ
BIR DAHA ENMƏZ!


Müstəqillik günümüz mübarək olsun. Uzun illər əsarətdə yaşayan və ən nahayət tarixi şəxsiyyətlərmizin qətiyyətli mübarizəsi nəticəsində öz parlaq azadlığına qovuşan müstəqil və azad Azərbaycanmıza eşq olsun. Millətmizin gözü aydın olsun və gözəl vətənmizin hər zaman başı uca və qüdrətli adı dillərə dastan olsun.
Yaşasın qüdrətli ordusu olan Azərbaycan dövlətimiz və vətən uğrunda, torpaq, ar-namus, qeyrət uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarımız.


Vətən yalnîz dağlar, dərələr deyil,
Vətən qəlbimizdə yanan atəşdi.
Vətən azadlıqdî, vətən ümidi,
Vətən üzümüzə doğan günəşdi.

Dilində vətənin müqəddəs adî,
Vətən üçün ölümə gedir igidlər.
Vətənin eşqiylə yaşayıb ölmək,
Budur insan üçün ən böyük hünər.

Məni vətənimdən ayıra bilməz,
Gurlasa başımın üstündə duman.
Köksümün içində döyünən ürək,
Vətənin eşqiylə vuracaq hər an.
18.10.2022


ÇIXARIN A DOSTLAR,
ATIN MASKANI


Vaxt-vədə yetişdi, mayın biridi,
Çıxarın a dostlar, atın maskanı.
Neçə ki can sağdı, ömür diridi,
Çıxarın a dostlar, atın maskanı.

Dözdük, tab gətirdik gör neçə ilə,
İnsanı öldürən dərd olmaz belə.
Gəlin sağollaşaq karona ilə,
Çıxarın a dostlar, atın maskanı.

Hər işin başında bir rəhbər durar,
Başdan bulanmasa sular durular.
Nə qorxu, nə ürkü, nə həyacan var,
Çıxarın a dostlar, atın maskanı.

Peyvənd vur, kovid al deyən çox oldu,
Bunu deyənlərin qarnı tox oldu.
Viruslar qırıldı, öldü, yox oldu,
Çıxarın a dostlar atın maskanı.

Saralıb- solmaz bu mənim şah sözüm,
Dərmansız, dəvasız gələcək bizim.
Can vermək üzrədi karantin rejim,
Çıxarın a dostlar atın maskanı.

Gəlmişik həyatda xoşbəxt olmağa,
Yaşamaq eşqiylə qanadlanmağa.
Tanrı hava verib nəfəs almağa
Çıxarın a dostlar atın maskanı,

Deyirəm ay Azad imana gələk.
Dünyanı yaradan Allahı sevək,
Əvvəlki çağmıza qayıdaq, dönək,
Çıxarın a dostlar atın maskanı.
01.05.2022


SAVAŞI GEDİR

Yenə də şəhid var, Vətən yolunda,
Cəbhədə qeyrətin savaşı gedir.
Məmurlar şan gəzir neftin pulunda,
Sarayda şöhrətin savaşı gedir.

Bu geniş dünyadı, kasıblara dar,
Qəddarlıq nə qəlbə, nə ruha yatar.
Hücuma keçibdi bahalaşmalar,
Küçədə millətin savaşı gedir.

Dolub daşmaqdadı nisyə dəftəri,
Heç toxun olarmı acdan xəbəri?
Yetimin, yesirin artıb qəhəri,
Hər yerdə qiymətin savaşı gedir.

Ay Azad bu nə dərd, bu nə azardı?
Ədalət hardadı, vijdan hardadı?
Əzildikcə əzilən can boğazdadı,
Zülümün, zillətin savaşı gedir.
25.01.2022


AZAD ABDULRAHMANOV (1984)EL YAŞADIR RUHUMU

Yurdum gözümdə çiçək,
El yaşadır ruhumu.
Sevinc yağır yağış tək,
Sel yaşadır ruhumu.

Qəlbim ellə döyünür,
El gülsə ürək gülür.
Eşqim çəmənə dönür,
Gül yaşadır ruhumu.

Kim doyar pir ocaqdan?
Sazdan-sözdən, ustaddan,
Bal süzülür dodaqdan,
Dil yaşadır ruhumu.

Azad ölərmi daha?
Yaxınlaşır Allaha.
Dəryada damlam baha,
Ləl yaşadır ruhumu.
10.01.2022


MƏN

Nə gözüm kölgəli, nə üzüm qara,
Ruhumda dağ kimi ucalmışam mən.
Uymadım heç zaman şöhrətə, vara,
Nəfsimi yenməyi bacarmışam mən.

Məni tək qoymadı el məhəbbəti,
Bəslədim körpə tək bu sədaqəti.
Yurdumdu-yuvamdı söz təbabəti,
Söz adlı dərmanla sağalmışam mən.

Duyğular sazımda coşanda tellər,
Könül sarayımda açıldı güllər,
Getmədi ömürdən hədərə illər,
Enişdən- yoxuşdan bac almışam mən.

Azadam; halalıq bəsimdi, bəsim,
İlahi səslərə qarışdı səsim,
Tükənməz ilhamım, eşqim, həvəsim,
O, böyük Allahdan güc almışam mən.
01.04.2022


ŞAİR ZƏLİMXAN

Böyük şairmiz nur içində uyusun.
Sevimli şairimiz Zəlimxan Yaqubun bu gün anım günüdür. Cismən aramızda olmasa da, ruhən, mənən hər zaman bizimlədi o, gözəl şairimiz. Allah rəhmət eləsin. Ruhu şad olsun əbədiyaşar ölməz şairmizin.
O, qüdrətli şairmizə həsir elədiyim "Şair Zəlimxan" poemasından bir neçə beyitləri sizinlə bölüşmək istədim.


Təbiət vurğunu idi,
Böyük şair Zəlimxan.
Təbiətdən yaratdı,
Onu böyük Yaradan.

Hardan gəlir bu coşqu?
Hardan gəlir bu yaddaş?
Zəlimxanın dilində,
İstiləşir soyuq daş.

Ruh kimi dindirirdi,
Dağı, daşı, qayanı.
Görmədim bu dünyada,
Zəlimxan tək yazanı.

Çiçəklərdən yarandı,
Zəlimxanın varlığı.
Əqidəsi, amalı,
Duruluğu, saflığı.

Azadın da ruhunda,
Bir çəməndi al-əlvan.
Saralmayan, solmayan,
Bir çiçəkdi Zəlimxan.

Başı qarlı dağları,
Seyr edərək kam aldın.
Sən də o dağlar kimi,
Zirvələrə ucaldın.

Çeşmələrdən yazarkən,
Damla-damla duruldun.
Coşqun bulaqlar kimi,
Coşub Zəlimxan oldun.

Bahar oldu Güllü ana,
Zəlimxanla qış dünyamız.
Dolu oldu, zəngin oldu,
Zəlimxanla boş dünyamız.

Güllü ana demək səni,
Tanrım nurlu dan yaradıb.
Zəlimxanı yaratmağa,
Səni Zəlimxan yaradıb.

Söz sultanı, söz şahı,
Sözün hökmdarıydı.
Malı, mülkü, baratı,
Söz ən zəngin varıydı.

Heç kəs sözə bu qədər,
Qatanmadı şirinlik.
Zəlimxanın var idi,
Sözlərində dərinlik.

Hədər yerə keçmədi,
Bu zəhməti, əməyi.
Zəlimxanın bu yolda,
Qələm oldu köməyi.

Qələmindən keçirdi,
Yeri-göyü, dağları.
Qələm ilə şumladı,
Söz adlı torpaqları.

Sığmadı varaqlara,
Ürəyindən qopanlar.
Hanı Zəlimxan kimi?
Gözəl şeir yazanlar.

Sızıldadın Şuşaya,
Kəlbəcərə, Laçına.
Söz ilə cəza verdin,
Torpaqları satana.

İrəvan da, Göyçə də,
Sızlayan yaran oldu.
Təbriz,Dərbənd ağlayan,
Göz yaşlı anan oldu.

Azad bələd qəlbinə,
Həm sevincdi, həm kədər.
Ömür dəyirmanında,
Nələr üyütdün, nələr.

Xocalı faciəsi,
Sözün göynəyən yeri.
Ürəyin parçalanıb,
Ruhun çeynənən yeri.

Ağrıları, dərdləri,
Çəkdin bir ömür boyu.
Çəkə bilməzdi bəlkə,
Bir adamın bir soyu.

Saz dünyanın özüydü,
Zəlimxanın gözündə
Onun ruhunda idi,
Nə varsa Yer Üzündə.

Sazın vüqarı olub,
Əzəmətli, uca dağ.
Zəlimxanı saz edib,
Tamam,bütöv, diri, sağ.

Saz köynəkdən çıxanda,
Ruhlanırdı Zəlimxan.
Tellər coşa gələndə,
Nurlanırdı Zəlimxan.

Aşıq Əmrah, Kamandar,
Onun ustadlarıydı.
El ozanı, dərvişi,
Zəlimxanın varıydı.

Oğuz elindən gələn,
Bu sərvəti qorudu.
Bu saz dedilər nədi?
Dedi Haqqın nurudu.

Zəlimxan da yaratdı,
Nizami tək incilər.
Əsərləri qalacaq.
Ötüşsə də min illər.

Tuta bilməz hər şair,
Sözün şah damarını.
Şair gərək göstərə,
Fəlsəfi qatlarını.

Zəlimxan ümmanlara,
Dalmağı bacarırdı.
Hər incidən bir hikmət,
Almağı bacarırdı.

Dil açıb danışanda,
Dürr yağırdı dilindən.
Seçilirdi Zəlimxan,
Dövrün şairlərindən.

Saza-sözə, söhbətə,
Vurulmuşdu Zəlimxan.
Ruhun çeşmələrində,
Durulmuşdu Zəlimxan.

Tanrı yolu, haqq yolu,
Sevgi yolu, ruh yolu.
Zəlimxanın yoluydu,
Adəm yolu, Nuh yolu.

Gözəllik şairisən,
Adın Zəlimxan Yaqub.
Azad axtarır səni,
Vəzir Yaqub, Xan Yaqub.

ZiM.Az

.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: