ÖMRÜN YAZI-KÖNLÜN SAZI

ÖMRÜN  YAZI-KÖNLÜN  SAZI Yurdumuza bahar qədəm qoyur, güllü-çiçəkli, ecazkar gözəlliyi, füsunkar təbiəti, mavi səması ilə xoş qədəmli bahar. Dağların yamaclarında novruzgülü torpağın altından baş qaldırır, bənövşələr kol dibindən günəşin isti şüalarına sarı boylanır, əsrarəngiz gözəlliyi və insana xoş ovqat bəxs edən bükülü boynu ilə baharın gəlişini elan edir. Illahi təbiıt bu məqamlarda necə də gözəl, necə də qəlb oxşayan, necə də füsunkar görkəmə malik olur. Təbiəti seyr etdikcə insan həyatdan, yaşamaqdan doymur, elə hey yazıb-yaratmaq, özündən sonra gələn nəsillərə bir iz qoymaq istəyir.

Təbiətin oyanan bir dövrü, qaranquşların geri qayıtması, ağacların ağ paltar geyinməsi, dərənin, düzün, bütün yamacların başdan-başa yaşıllığa qərq olması, eyni bir vaxta, bayramlar dolu mart ayına düşür. Əbəs deyildir ki, mart ayını həmişə bayramlar ayı sayırlar. Elə əziz və mehriban analarımızın gözəl günü, qadınların beynəlxalq bayramı, müsəlman dünyasının müqəddəs NOVRUZ bayramı, ən nəhayət bahar bayramı, ömrümüzün yazının gəlişi, könlümüzün həmişə saz, nizam, saf, şəffaf olmasına dəlalət edən olayların məhz mart ayında olduğu məlumdur. Bu ayın hər şeyi insan üçün demək olar ki, can məlhəmidir, havası da, suyu da, yemliyi, quzuqulağı, qulançarı, köbələyi də insana can verir, təzə qan verir onu gümrahlaşdırır, tamami ilə yeni bir aləmin adamı edir. Baharın gəlişini, təbiətin oyanışını, müqəddəs bayramları bütün şairlərimiz, yazıçılarımız həmişə tərənnüm etmiş və bu bayramlara ən gözəl əsərlərini həsr etmişlər.
Yazın gəlişi bayramların gəlişi deməkdir, çənin, dumanın dağları bürüməsi, narın-narın yaz yağışının vaxtaşırı yağması, göylərin guruldaması, rəngbərəng qövsü-quzehin göy üzündə görünməsi deməldir.
ÖMRÜN  YAZI-KÖNLÜN  SAZI Mən bahara həsr etdiyim bir şeirimdə demişəm:

Bulud getdi günəş doğdu,
Yer üzünə nur ələndi.
Otlar üstə şəfəq düşdü,
Şeh damcılar gilələndi.

Bax göstərdi öz varını,
Çən tərk etdi dağlarını,
Geydi təzə paltarını
Göy çəmənlər məzələndi.

Bəhrələndi arzu-dilək,
Öz yerindən uçdu ürək,
Bax dünyanı belə görcək,
Uyğun, ömrun təzələndi.

Bahar şeirdir, bahar sözdür, bahar gözəllikdir, bahar yenilikdir, saflıqdır, bahar insanı təpədən dırnağa qədər dəyişdirən bir fəsildir.

Düzdür bütün fəsillər gözəldir, hər birinin öz yeri öz təbii gözəllikləri var. Ancaq bahar ayrı aləmdir, o bütün fəsillərin gözəlidir.
Mən bir şeirimdə demişəm:

Silkinir soyuqdan ana təbiət,
Yenə dünyamızin gəlhagəlidir.
Gətirir ellərə yeni təravət,
Gələn fəsillərin ən gözəlidir.

Gərək duyğusuz olasan ki, bahar fəsli gələndə könlündən keçən bir söz deməyəsən, ürəyindən, qəlbindən keçən incə hissləri qələmə almayasan. Bunu sənə bu gözəl fəslin özü məcbur edəcək. Məcbur edəcək ki, donmuş ürəklər açılsın, ömrün bu gözəl çağlarında qoy duyğunuz da, hissiniz də bu bahar əyyamı kimi fərəhli, şəffaf və möhtəşəm olsun.
Elə möhtəşəmlik də ordan başlayır ki, hər şeyi yenidən qurasan, gələn baharı yeni hisslə, yeni ruhla qarşılayasan. Təmizlik, paklıq, munislik burda əsas şərtdir. Çünki sən yeni baharı, yeni diləklərlə, təzə-tər arzularla onun qabağına çıxasan
Əsrlərin sınağından çıxıb bu günümüzə qədər gəlib çatan əziz və müqəddəs milli bayramımız olan NOVRUZUN gözəl adət-ənənələri ilə insanları bəd əməllərdən çəkindirir, onları saflığa, estetik-tərbiyəvi, bəşəri hissləri yaxşı tərəfdən qavramağa səsləyir. Bu bayramın bütün adətləri gözəl və insanlığı humanizmə, gerçəkliyə, doğruluğa, xeyrxahlığa, ədalətə çağırır, özü də çox ucadan gur səslə:

Başlanır dövranı qodu-qodunun,
Gəzir həyətləri bir köz eşqinə,
Qapılar pusulur, evlər pusulur,
Bayram gecəsində xoş söz eşqinə.

Papaqlar atılır qapı, bacadan,
Yumurta döyüşü başlanır fəqət.
Qalxır novruzgülü boylanır bu an,
Çöllərə gözəllik aşlanır fəqət.

Duzlu kətələri yeyər sevənlər,
Sevdiyi, yuxuda su verə ona,
Gecə sübhə kimi dözür bir təhər,
Çata əbədəlik vurulduğuna.

Görürsünüzmü bizim gözəl milli bayramımız olan Novruzun necə yaşamağa-yaratmağa səsləyən misilsiz qanunları var. Bu bayramın bahar fəsli ilə bir məqama düşməsi sankı bir vəhtət təşkil edir, biri o birini tamamlayır. Hər ikisi gözəldir.
Qədim yüzilliklər ərzində özünün gözəl adət-ənənələrini bizim dövrümüzə qədər gətirib çatdıra bilən belə milli bayramlar heç bir millətdə yoxdur.

Yer üzünün bütün müsəlman aləminin geniş qeyd etdiyi bu gözəl möhtəşəm bayram həmişə insanlığın, firavan həyatın, insanların bir-biri ilə dostluğunun, küsülülərin bir-biri ilə barişmağın, bəşəriyyətin inamlı və müqəddəs bayramı olmuşdur.
Uiu Nizamidən başlayaraq bəşər tarixində öz fəaliyyətləri ilə dünyada şöhrət qazanmış, neçə-neçə dahilər Novruz bayramından söz açmış, onun insanlığa necə xoşbəxtlik gətirdiyini, onların arzu-diləklərinin necə saflaşdırdığını, bu bayram ərəfəsində insanların əhvali-ruhiyyəsinin necə dəyişdiyini dönə-dönə tərənnüm etmişlər.
Baharla birgə ömrümüzə daxil olan Növruz bayramı insana mənəvi təpər verir, qoluna qüvvət, ocağına bərəkət, insanı gümrahlaşdırıb ona hərəkət verir.
Bir vaxtlar keçirilməsi qadağan olan bu müqəddəs bayram ölkələrimiz azadlığına qovuşandan sonra daha möhtəşəm, daha təmtaraqlı keçirilməsinə başlanmış və Azərbaycanda bu bayram günləri qeyri iş günü elan olunmuşdur. Çox fərəhli haldır ki, bu bayramı Gürcüstan da geniş qeyd edirlət, hətta bir neçə il bundan qabaq keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin fərmanı ilə NOVRUZ bayramı Gürcüstanda da qeyri iş günü kimi elan olunmuş və milli bayram kini geniş təmtəraqla qeyd edilir.

Səyavuş UYĞUN
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: