Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi Elm, "Zirvə", Cənubi Azərbaycan 15 Eylül Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi akt zalında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş "Məhəmməhdüseyn Şəhriyarın sənət dünyasının üfüqləri" mövzusunda elmi-praktik konfrans keçirilib.Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı haqqında ətraflı danışıb. Şəhriyarın Şərq dünyasının ədəbi-bədii fikrində özünəməxsus yaradıcılığı ilə böyük və şərəfli yer tutduğunu, qüdrətli söz ustadı Şəhriyarın ölməz irsinin dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu bildirən akademik İsa Həbibbəyli görkəmli şairin sənətkarlıq xüsusiyyətlərindən geniş bəhs edərək görkəmli şairin zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafındakı rolundan, ədəbiyyata verdiyi töhfələrdən söz açıb. Ümummilli lider Heydər Əliyevin Şəhriyar irsinə böyük rəğbət göstərdiyini qeyd edən akademik İsa Həbibbəyli ulu öndərin şairin 90 illiyində imzaladığı sərəncamın ona dövlət səviyyəsində ehtiramının göstəricisi olduğunu bildirib.Böyük öndərimiz Heydər Əliyevin müsahibələrinin birində "Sevdiyiniz şair?" sualına - "Şəhriyar", - deyə cavab verdiyini xatırladan İsa Həbibbəyli Şəhriyar poeziyasını insanlara sevdirən, onu populyarlaşdıran, dillər əzbəri edən səbəbin ilk növbədə, onun şerinin fikir zənginliyi, bədii saflığı və səmimiyyəti olduğunu söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, Məhəmmədhüseyn Şəhriyarın ana, Vətən, təbiət, məhəbbət, ayrılıq və sair mövzularda qələmə aldığı poetik nümunələr təkcə İranda deyil, bütün dürk dünyasında, o cümlədən, Azərbaycanda da dillər əzbəri olmuşdur. Alim ədəbi əlaqələrin genişlənməsində, Şəhriyarın yaradıcılığının daha dərindən öyrənilməsində, tədqiq və tədris edilməsində konfransın əhəmiyyətini vurğulayıb.Azərbaycanda dahi şairin ədəbi yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən çeşidli elmi araşdırmaların aparıldığını qeyd edən akademik İsa Həbibbəyli hələ bundan sonra da söz ustadının poeziyası barədə bir çox elmi araşdırmaların aparılacağını, müxtəlif mövzularda əsərlərin yazılacağını, dəyərli tədqiqatların aparılacağına əminliyini diqqətə çatdırıb.İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin XX əsrin böyük şairi Şəhriyarın Azərbaycan-İran poeziyasının və mədəniyyətinin inkişafında oynadığı müstəsna roldan söz açıb. Bildirib ki, Şəhriyar Şərq poeziyasının nəhəng simalarından biri, qüdrətli söz ustadıdır. Onun ölməz irsi nəinki Şərq, o cümlədən, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir.Azərbaycan-İran əlaqələrindən söz açan səfir iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib.İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimi Şəhriyar yaradıcılığının zənginliyindən danışıb. Bildirib ki, M.Şəhriyar özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr verib. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanıb. Onu XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə ölməz "Heydərbabaya salam" poeması olub. Qonaqlar Şəhriyarın çoxşaxəli yaradıcılığından geniş bəhs edərək şairi təkcə İran ədəbiyyatının deyil, həm də ümumilikdə Şərq dünyasının görkəmli siması, böyük mütəfəkkiri kimi səciyyələndiriblər.AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi, akademik Vasim Məmmədəliyev, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Ərdəbil Universitetinin professoru Doktor Qazidehi, Təbriz Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin sədri, doktor Əhməd Farşfab, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Şərqşünaslıq İnstitutunun əməkdaşı Məsiağa Məhəmmədi böyük şairin çoxşaxəli yaradıcılığını əhatə edən məruzələrlə çıxış ediblər. Görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığının müxtəlif aspeklərindən danışan, ustad şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşən məruzəçilər dahi söz ustadının yaradıcılıq məziyyətlərindən geniş söhbət açıblar. Bildirilib ki, dahi mütəfəkkir şair Şəhriyarın ədəbi əsərlərinin əsas qayəsi, o cümlədən, poetikası, fəlsəfəsi, dərin ümumbəşəri ideyaları və sair barədə bu gün də xeyli sayda elmi-tədqiqat işləri aparılır.Tədbir çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi imzalayıblar.Beynəlxalq konfransın sonunda Məhəmmədhüseyn Şəhriyarın həyat yolunu əks etdirən film göstərilib.Tədbir boyu ustad şirin həyat və yardıcılığının müxtəlif dövrlərini əks etdirən slaydlar nümayiş olunub.Beynəlxalq tədbirdə Azərbaycanın elmi və ədəbi ictimaiyyəti ilə yanaşı, xarici qonaqlar və media nümayəndələri də iştirak ediblər.Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.