KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLANDIRILIB

KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLANDIRILIB 2016-cı il Noyabrın 16-da AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi müəssisənin 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı çərçivəsində bir qrup gənc əməkdaşa "Akademik Murtuza Nağıyev adına mükafat"ın diplomu təqdim olunub.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Dilqəm Tağıyev 2016-cı ildə institutun gənc əməkdaşlarının qazandığı nailiyyətlərdən danışıb. Gənclərin təltif olunmasının onlarda stimul yaratdığını vurğulayan akademik mükafatın təqdimi ilə bağlı komissiyanın yaradıldığını və yeddi nəfərin namizədliyinin irəli sürüldüyünü bildirib. Qeyd edib ki, komissiya daxil olan sənədləri mükafatın əsasnaməsinə uyğun araşdıraraq namizədlərin dördünün fəaliyyətini yüksək qiymətləndirib.

Sonra institut direktoru müsabiqənin qaliblərinə – institutun elmi işçiləri Ülvi Nəcəf-Quliyev, Natəvan Soltanova, Elmir Babayev və Səadət Hümbətovaya elmi fəaliyyətdə fərqləndiklərinə görə "Akademik Murtuza Nağıyev" adına mükafatın diplomunu təqdim edib.

Sonda akademik Dilqəm Tağıyev diploma layiq görülən institutun gənc əməkdaşlarını bir daha təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.


.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: