“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium Elm 12 Mayıs Mayın 8-də AMEA-nın Əsas binasında “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium öz işinə başlayıb.Tədbir AMEA-nın Ədəbiyyat və Folklor institutları, Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi (Türkiyə) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TƏKA) birgə təşkilatçılığı ilə baş tutub.Simpoziumda Azərbaycanla yanaşı, İran, Dağıstan, Gürcüstan, Qazaxıstan və Türkiyədən olan tanınmış elm və mədəniyyət nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə AMEA-nın Ədəbiyyat, Folklor institutları və Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi tərəfindən nəşr edilmiş əsərlərdən ibarət sərgi ilə tanış olublar.Simpoziumu giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İ.Həbibbəyli bildirib ki, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əmini, Virani, Pir Sultan Abdal və Qul Himmət Anadoluda “Yeddi Ulu Ozan” kimi qəbul edilir və tanınırlar. Nəsimi, Xətai, Füzuli Azərbaycanda olduğu kimi, Türkiyədə də çox sevilən dahi sənətkarlardır.AMEA-nın vitse-prezidenti simpoziumun məqsədinin hər iki ölkədə bu dahi sənətkarlarla bağlı araşdırmaların aparılmasını təmin etmək, aşıq sənətinə dair mövcud məlumatları toplamaq və qiymətləndirmək olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ortaq ədəbi keçmişə, mədəniyyətə, onun inkişaf problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunmuş beynəlxalq tədbirdə alimlər “Yeddi Ulu Ozan” haqqında tədqiqatlarını, həmçinin bu böyük sənətkarlarla bağlı əldə etdikləri yeni məlumatları dünya ictimaiyyətinə təqdim edəcəklər.“Bir millət, iki dövlət” kəlamını xatırladan akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini ifadə edib.Daha sonra çıxış edən Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov beynəlxalq tədbir çərçivəsində aparılacaq birgə müzakirələrin iki dövlət arasında mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrinin inkişafına təkan verəcəyini bildirib, simpoziumun işinə uğurlar arzulayıb.Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyinin rəhbəri Mustafa Özcivan, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva və başqaları çıxış edərək simpoziumun keçirilməsinin gələcək əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildiriblər. Tarixi mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması istiqamətində tədbirin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.Tədbir çərçivəsində Təşkilat Komitəsi tərəfindən simpoziumun bəzi iştirakçıları mükafatlandırılıb.İki gün davam edən tədbirdə “Nəsimi sözü: zaman və məkanın fövqündə”, “Füzulinin farsca divanında irfani istilahlar”, “Azərbaycan ilə Anadolu arasında mədəniyyət körpüsü olaraq yeddi ulu”, “XX əsr Azərbaycan poeziyasında Nəsiminin bədii obrazı” və s. mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.