Herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimi keçirilib

Herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimi keçirilibHerontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimi keçirilib 2017-ci il noyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında BMT-Malta Beynəlxalq Qocalma İnstitutu, Azərbaycan Herontoloqlar Cəmiyyəti və AMEA-nın birgə təşkilatçılığı ilə herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, herontologiya və heriatriya üzrə məktəb bu sahənin fundamental əsasları, qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri, onlara tibbi-sosial yardım, ahılların sosial statusunu, rolunu və bir çox digər məsələlərin geniş dairəsini əhatə edən multidissiplinar təhsil proqramıdır. Proqramın məqsədi hər bir iştirakçının müzakirələr prosesində iştirakı və təklif olunan materialın dərindən mənimsənilməsidir.

Ə.Əmiraslanov bildirib ki, herontoloji tədqiqatlar istiqaməti Azərbaycan elminin yaxın 10-15 il üçün prioritetlərindən biridir. Natiq AMEA-nın bəzi institutlarının yerli və xarici tərəfdaşlarla birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə uzunömürlülüyün fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beş illik elmi tədqiqat proqramının həyata keçirdiyini diqqətə çatdırıb.

Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini söyləyən akademik bildirib ki, demoqrafik statistikaya görə Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır. Qeyd edib ki, həyat keyfiyyətinin yaxşılaşdırılmasına, aktiv uzunömürlülüyə yönəlmiş, o cümlədən müasir texnologiyaların istifadəsi ilə yaşla bağlı xəstəliklərin profilaktikası və müalicəsini özünə daxil edən müvafiq dövlət proqramlarının işlənib hazırlanması zəruridir. AMEA rəhbərliyinin və ölkənin tibb ictimaiyyətinin dəstəyi ilə bu ilin əvvəlində yaradılan Azərbaycan Herontoloji Cəmiyyətinin qarşısında bu istiqamətdə mühüm işlər durduğunu əlavə edib.

Sonra çıxış edən AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova yeni məktəbin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb. Bu təhsil müəssisəsini herentologiya sahəsində çalışan təşkilatların nümayəndələrini bir araya gətirmək, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün səyləri birləşdirmək və mövcud problemləri müzakirə etmək baxımından yüksək qiymətləndirərək, məktəbin ölkə üçün faydalı nəticələr vərəcəyinə əminliyini ifadə edib.

Fasilədən sonra təlimlər dinlənilib.

BMT-Malta Beynəlxalq Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza "Sosial herontologiyada əsas anlayışlar", Avstriyanın Sosial təminat sahəsində Avropa siyasət və tədqiqat Mərkəzinin baş məsləhətçisi Aleksandr Sidorenko "Müstəqil Dövlətlər Birliyində əsas demoqrafik meyillər", Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin Təkmilləşdirmə İnstitutunun terapiya, geriatriya və yaşlanma əleyhinə tibb kafedrasının müdiri, "Gerontologiya" elmi-tədqiqat tibb mərkəzi olan muxtar qeyri-kommersiya təşkilatının direktorunun birinci müavini, tibb üzrə elmlər doktoru, professor Andrey İlnitskiy "Müasir dünyada qocalma: insanlar nəyi bilməlidir" mövzularında məruzələrlə çıxış ediblər.

Təlimlər noyabrın 15-dək davam edəcək. İştirakçılara BMT-Malta Beynəlxalq Qocalma İnstitutunun sertifikatları təqdim olunacaq.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: