AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb Digər bölmələr, AzTU 12 Ekim 2018-ci il Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada AMEA Yüksək Texnologiyalar Parkı (YTP) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Niyyət Sazişinin imzalanması mərasimi olub.Əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirilməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir.Tədbirdə AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev çıxış edərək imzalanacaq Niyyət Sazişinin hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcəyinə, yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib: “YT Park müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Son zamanlar bu müəssisədə kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə mühüm tədbirlər görülür”.Onun sözlərinə görə, YT Parkda AMEA-nın İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika institutları və digər elmi müəssisələrin alimlərinin ən son ixtiraları tətbiq olunur, innovativ layihələri həyata keçirilir.AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov AMEA-da elmi nəticələrin istehsalatda tətbiq olunması, elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Akademiyada təhsilin magistratura pilləsinin təşkilinin bu istiqamətdə ən mühüm addımlardan olduğunu deyib.Rəhbərlik etdiyi qurumla AMEA arasında imzalanacaq müqavilənin əhəmiyyətini önə çəkən alim AzTU-nun tələbələrinin YT Parkda təcrübə imkanı əldə edəcəklərini bildirib. Qeyd edib ki, bu da elmlə təhsilin birgə inkişafına, gənclərin elm və istehsalata cəlb olunmasına dəstək verəcək.Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edərək hazırda dünya elminin sürətlə inkişaf etdiyini, Azərbaycanda da bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Elmin kommersiyalaşdırılmasının müasir dövrün tələblərindən olduğunu diqqətə çatdıran T.Əliyev YT Parkda bu istiqamətdə böyük imkanların yaradıldığını, innovativ layihələrin icra edildiyini qeyd edib. Alim AzTU ilə YT Park arasındakı əlaqələrin elmin istehsalata tətbiqini daha da sürətləndirəcəyini vurğulayıb.Riyaziyyat və Mexanika İnstitutunun professoru Faiq Nağıyev çıxış edərək YT Parkda fundamental elm, texnika və istehsalatı bir araya gətirən ciddi elmi tədqiqatların aparıldığın bildirib. O, təmsil etdiyi qurumun da bu innovativ müəssisə ilə birgə perspektivli layihələr həyata keçirdiyini diqqətə çatdırıb.AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov isə çıxışında ali məktəblərlə AMEA arasında əməkdaşlığın genişləndirilməsinin təqdirəlayiq hal olduğunu deyib. Tələbələrin praktik əhəmiyyətli elmi-tədqiqat işlərinə cəlb edilməsi, innovasiyayönümlü tədqiqatların aparılması baxımından bu əlaqələrin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “YT Park ilə birgə fəaliyyət AzTU-nun tələbə, magistr və doktorantları üçün geniş imkanlar açacaq”. Sonda YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, Parkın elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması və bu istiqamətdə əlverişli mühitin yaradılmasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, alimlərin elmi layihələri əsasında xüsusi bir platformanın yaradılması nəzərdə tutulur.Daha sonra iki qurum arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb.Saziş AMEA YT Park və Azərbaycan Texniki Universiteti arasında elmin inkişafını təmin etmək məqsədilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, innovasiya sahəsində fəaliyyətin genişləndirilməsi, eləcə də tərəflərin birgə elmi və elmi-texniki proqram, layihə və konfranslarda iştirakını nəzərdə tutur.İki qurum arasında təcrübə mübadiləsi imkanlarının yaradılması, innovasiyayönümlü layihələrin həyata keçirilməsi, elmi layihələrin dəstəklənməsi də müqavilənin şərtləri sırasındadır.Sənədi YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru N.Şükürov və AzTU-nun rektoru vəzifəsini icra edən, professor X.Yahudov imzalayıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.