Azərbaycanın gələcəyi gənclərin əlindədir Digər bölmələr, Gənclik 26 Şubat 442 100 1 2 3 4 5 Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Məsələn, amerikalılar öz övladlarını sahibkarlıq bacarığı və rəqabət ruhunda böyüdürlər. Qədim Spartada gənclər nizam-intizam, qəhrəmanlıq və cəsarət ruhunda tərbiyə edilirdi. Çinlilər loyallıq, yaponlar isə əməkdaşlıq təlqin edirlər. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat norması olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopmuşdur.Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasına öz töhfəsini vermişdir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Bu mənada, Vətən müharibəsi əsl reallığı ortaya çıxardı. Məlum oldu ki, ölkədə gənclərlə düzgün, sistemli iş aparılıb və müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, dövlətinə, doğma yurduna bağlı, milli ruhda tərbiyə almış, bilikli gənc nəsil yetişib. Vətən müharibəsində cəmiyyət öz kökünə bağlı, heç vaxt görmədiyi doğma torpaqlarının tarixinə yaxından bələd, unutqan olmayan, gözünü qırpmadan Vətən uğrunda canını fəda edən cəsur gəncliyi gördü. Fəxr etdiyimiz gənclər məhz ulu öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ölkə başcısı İlham Əliyevin qeyd etdiyi kimi, tarixi qələbəmizdə əsas yükü, əsas vəzifəni bu gənc nəsil yerinə yetirdi: "2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi". Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ XX əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan edib. II Forumda gənclərə müraciət edən Ümummilli Lider deyib: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!". Qeyd edək ki, həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər gününün təntənəli şəkildə qeyd edilməsinə başlanılıb.Ulu Öndər Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Azərbaycan Milli Elmlər Akademiyasında intellektual gəncliyin formalaşdırılmasına, yüksəkixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilir, elmin təbliğində, akademiyanın ictimai həyatında, beynəlxalq elmi əlaqələrin genişləndirilməsində və digər istiqamətlərdə gənclərin fəaliyyəti yüksək qiymətləndirilir. Müstəqilliyin ilk illərindən etibarən Elmlər Akademiyasında Gənc alimlər şurası fəaliyyət göstərsə də, 2013-cü ildə yaradılmış Gənc Alim və Mütəxəssislər Şurası istedadlı gənclərin elmə cəlb olunması, müxtəlif elmi mövzulara həsr olunan beynəlxalq forum, konfrans, seminarların keçirilməsi, beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi, dövlət əhəmiyyətli tədbirlərin təşkili və s. kimi vəzifələri həyata keçirməyə müvəffəq olmuşdur. Qısa bir zaman ərzində "Avropa məkanında yeni çağırışlar", "Gənc Alimlərin Beynəlxalq Bakı Forumu", "Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu" və bu kimi digər tədbirlərin keçirilməsi Azərbaycan gənclərinin elmi potensialının aşkara çıxarılmasında, onların fəaliyyətinin stimullaşdırılmasında mühüm rol oynamışdır. Son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir ki, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutmaqdadır. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə uğurla təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyada müasir və uğurlu model kimi qiymətləndirilir. Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifə isə bu imkanlardan yararlanmaq, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edərək layiqli vətəndaş olmaqdır.Lamiyə ƏLİYEVA, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin elmi işçisi.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.