Rus ədəbiyyatının Böyük Pyotru və ya M.V.Lomonosov həm də istedadlı şair olmuşdur

M.V.Lomonosov – 310

Rus ədəbiyyatının Böyük Pyotru və ya M.V.Lomonosov həm də istedadlı şair olmuşdur Mixail Vasilyeviç Lomonosov 1711-ci il noyabr ayının 19-da Arxangelsk vilayətinin Lomonosovo kəndində anadan olmuşdur. O, balıqçı ailəsində doğulmuşdur. Moskvada Slavyan-Yunan-latın Akademiyasına kəndli balaları qəbul edilmədiyi üçün M.V.Lomonosov özünü Xolmoqor drovyanının oğlu kimi qələmə verərək ora daxil olmuşdu. Daha sonra Peterburq EA nəzdindəki universitetdə, 1736-1741-ci illərdə Almaniyada təhsil almışdır. Qayıtdıqdan sonra 1745-ci ildə kimya professoru vəzifəsinə seçilmişdir. 1748-ci ildə M.V.Lomonosovun təkidi ilə Rusiyada ilk elmi-tədqiqat kimya laboratoriyası yaradılmışdır. 1748-ci ildən kimya ilə daha çox məşğul olmuş, 1753-cü ildən ömrünün sonunadək təbiyyət və tətbiqi elmlərin ən müxtəlif sahələrində çalışmışdır. 1755-ci ildə M.V.Lomonosovun layihəsi əsasında indi onun adına olan Moskva universiteti təşkil olunmuşdur. O, 1760-cı ildə İsveç, 1764-cü ildə Balonya EA-larının fəxri üzvi seçilmişdir.


M.V.Lomonosovun optika sahəsindəki ən mühüm ixtiralardan biri qaranlıqda obyektləri aydın seçmək üçün düzəltdiyi xüsusi baxış borusu olmuşdur. O,Rusiyada ilk dəfə fotometrik üsulları inkişaf etdirmiş, viskozimetr və refraktometr kimi cihazlar ixtira etmişdir.
Ümumiyyətlə XVII əsrin ortalarında fəaliyyət göstərmiş dünya miqyaslı dahi alim, qabaqcıl ictimai xadim, ölkəsinin elmi, təhsili və mədəniyyəti üçün misilsiz xidmətləri olan parlaq istedadlardandır. Ensiklopedik zəka sahibinin elmi maraq dairəsi heyrətamiz geniş, sonsuz, dərin olmuşdur. Böyük rus şairi A.S.Puşkin onun haqqında demişdir: “Tarixçi, filosof, natiq, fizik, kimyaçı, astronom, biolog, geolog, coğrafiyaşünas, dilçi, mexanik,mineralog, rəssam və şair olan bu şəxs hər şeyə nüfuz edərək hər şeyi sınaqdan çıxarmışdır”.
M.V.Lomonosov ədəbi-bədii yaradıcılıqda da novator idi. V.Q.Belinski yazmışdır: “M.V.Lomonosovla bizim ədəbiyyatımız başlanır, o rus ədəbiyyatının Böyük Pyotru idi ”.
M.V. Lomonosovun şeir yaradıcılığı rus mədəniyyəti, şifahi xalq yaradıcılığı qaynaqları ilə bağlıdır. Müasir rus poeziyasında da əsas yer tutan sillabik-tonik şeir sistemini nəzəri cəhətdən əsaslandırmış, onu öz poetik yaradıcılığında tətbiq etmişdir. A.S.Puşkin M.V. lomonosovun fəlsəfi odalarını yüksək qiymətləndirmişdir. I Pyotrun vəsfi M.V.Lomonosov poeziyasında xüsusi yer tutur. Onun “Böyük Protr” (1760), “Tamira və Səlim” (1750), “Demofont” (1752) faciələri vardır. “Saqqal himni” (1757) satirası mürtəce ruhanilər əleyhinə yönəldilmişdir. Rus dilinin ilk əsl normativ qrammatikası olan “Rus qrammatikası” və s. filoloji əsərlərin müəllifidir.
M.V.Lomonosov rus terminologiyasının əsasını qoymuşdur. Onun ədəbi və elmi fəaliyyəti hələ XIX əsrin I yarısından qabaqcıl Azərbaycan ziyalılarının diqqətini cəlb etmiş, M.F.Axundov “Puşkinin ölümünə Şərq poeması”nda rus ədəbiyyatının böyük simalarının sırasında onun da adını çəkmişdir.

Sankt-peterburq vilayətində şəhər, Atlantik okeanında axın, Şimal Buzlu okeanında sualtı silsilə, Novaya Zemlya adasında dağ silsiləsi, Kuril adalarında vulkan, Şpitsbergen adalarında yüksəklik M.V.Lomonosovun şərəfinə adlandırılmışdır.
Moskvada, Sankt-Peterburqda və Lomonosov şəhərində heykəli qoyulmuşdur.
M.V.Lomonosov 1765-ci il aprel ayının 15-də dünyasını dəyişmiş, Sankt-Peterbur şəhərindəki Lazarevski qəbiristanlığında torpağa tapşırılmışdır.

Şixəmməd Seyidməmmədov,
ADPU-nun Quba filialının “Təbiət fənnləri
və onun tədrisi metodikası” kafedrasının baş müəllimi,
Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin sədri,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: