Ədəbiyyat tarixinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri - Soltan Hüseynoğlu Humanitar elmlər, ADPU 27 Mayıs S.HüseynoğluAzərbaycan Dövlət Pedaqoji Universitetinin dosentiÖmrü yüzillərlə ölçülən ədəbiyyat tariximizin bu günün – yeni Zamanın verdiyi əlverişli imkandan bəhrələnərək gerçəklik zəminində və hər cür basqı, təzyiqdən azad şəkildə araşdırılması, obyektiv dəyrələndirilməsi vacibdir. İndiyə kimi deylən faydalı nə varsa, diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə araşdımaların daim dərinləşdirilməsi və genişləndirilməsi mühüm vəzifə hesab edilməlidir. Bunun üçünsə, ilk növbədə “milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatı” (İ. Həbibbəyli) hazırlanmalıdır. Bunun reallaşdırılması xalqımızın ictimai-tarixi və mənəvi təkamül proseslərini ayrı-ayrı mərhələlər üzrə dərindən dərk edilməsinə və nəticədə bütöv, həm də dolğun təsəvvürün qazanılmasına imkan yaradar. Başqa sözlə, vahid prosesin bir-biri ilə qırılmaz tellərlə bağlanan, möhkəm ənənə əsasında formalaşan tərkib hissələrinin özəlliyinin qavranılması bütövün qədərincə və doğru-dürüst dəyərləndirilməsinə səbəb olardı. Ədəbiyyat tarixinin dövrləşdirilməsinə müxtəlif dönəmlərdə fərqli yanaşmalar olmuşdur. Həm də etiraf edilməlidir ki, tədqiqatçılar müxtəlif əsaslara önəm verdikləri üçün, bəzən, hətta bir-birinə zidd mövqe nümayiş etdirmişlər. Ədəbiyyatı uzun illər “təkərcik və vintcik” hesab edən hakim ideologiyanın bu məsələyə güclü təsirini, çox vaxt isə mənfi təsirini də unutmaq olmaz. Məsələnin araşdırılmasına xeyli vaxt və gərgin əmək sərf edən akademik İsa Həbibbəyli ədəbi ictimaiyyəti düşündürən, həll edilməsi çoxdan gözlənilən problemlə bağlı tədqiqatının nəticəsini (Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, “Elm”, 2019, 452 səhifə) oxuculara təqdim etmişdir. Müəllif problemə geniş müstəvidə yanaşmış, ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyasını və inkişaf mərhələlərini işləyib hazırlamışdır. Əslində, monoqrafiya bütövlükdə ədəbiyyat tarixinin keçdiyi uzun inkişaf yoluna yeni baxışın nəticəsi kimi dəyərləndirilməlidir. Ədəbiyyat tarixinin bütün dönəmlərdəki inkişaf xüsusiyyətlərini inad, səriştə və səbirlə incələyən, mülahizələrinin hər birini konkret nümunələrlə əsaslandıran akademik İ. Həbibbəyli yeni dövrləşdirmənin zəruriliyini tutarlı faktlarla diqqətə çatdırmışdır. Monoqrafiyanı, şərti olaraq, iki hissəyə ayımaq olar. Əsaslandırılması nəzərdə tutulmuş konsepsiya ilə bağlı fikirlərin ən qədim dönəmlərdən üzübəri izlənilməsinə birinci hissədə geniş yer verilmişdir. Bu, sadəcə, “dövrləşdirmə” anlayışı ilə əlaqəli araşdırma, şərh deyil və ola da bilməzdi; bütövlükdə konsepsiyanın işlənib hazırlanması, sözün həqiqi mənasında, milli ədəbiyyatın inkişaf tarixini, onun daxili dinamikasını, müxtəlif dönəmlərdə müşahidə olunan meyilləri və s. və i.a. bütün incəliklərinə qədər nəzərdən keçirməyi və bunlara əsaslandırılmış münasibət bildirməyi bir vəzifə kimi qarşıya qoymuşdur. Problemin köklü həllni məqsəd seçən tədqiqatçı irili-xırdalı heç bir mənbəyin, heç bir yanaşmanın diqqətdən kənarda qalmaması üçün ardıcıl səy göstərmiş və buna nail olmuşdur. Maraqlıdır ki, həmin mənbə və yanaşmalar ümumədəbiyyat kontekstində nəzərdən keçirilmiş və təhlilə cəlb olunmuşdur. Məhz bu, müəllifə obyektiv və ədalətli nəticə çaxarmaq imkanı vermişdir. Məsələn, orta əsrlərə məxsus təzkirələri “ədəbiyyat tarixinin bünövrəsi” sayan təqiqatçı onlarda bədii söz ustalarının dövrü, həyatı barədə əks olunanları, əsərlərindən verilən nümunələri ədəbiyyat tarixinin dövrlşdirilməsinin eskizləri kimi dəyərləndirir. Ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə axtarışların zaman keçdikcə genişləndiyini qeyd edən müəllif faktlara əsaslanmaqla XIX yüzilliyi yeni mərhələ kimi təqdim edir. Bu əsrdə ərsəyə gələn təzkirələin məzmunca fərqləndiyini, onlarda təhlil elementlərinin çoxaldığını, məlumatların tutumunun artdığını göstərən tədqiqatçı bütün bunları “ədəbiyyat tarixçiliyinə doğru dönüş baxımından ilk addımlar” hesab edir. Kitabda A.Bakıxanovun araşdırmalarına xüsusi həssaslıqla yanaşılmışdır. O, tədqiqatçının fikrincə, “milli ədəbiyyat tarixi yaratmağın ilk təşəbbüskarıdır.” A.Bakıxanovun “Gülüstani-İrəm” əsərindəki ədəbiyyat materialları təzkirələrdəki mövqedən əhəmiyyətli dərəcədə fərqlənir. Əsərdə klassiklərin həyat və yaradıcılığı barədəki məlumatların dövrün ədəbi-ictimai mühiti ilə əlaqəli verilməsini yüksək dəyərləndirən müəllf bunu ədəbiyyatşünaslıq elmimizə qiymətli töhfə kimi qiymətləndirir. Aydınlaşır ki, A.Bakıxanov ədəbiyyatın dövrləşdirilməsi ilə bağlı təsnifat verməmişdir, lakin bədii soz ustalarını tarixilik prinsipi əsasında təqdim etməsi “sistemli ədəbiyyat xülasəsi”nin yaranmasına səbəb olmuşdur.Eyni qaygını və səriştəli yanaşmanı M.F.Axundzadəyə münasibətdə də müşahidə etmək mümkündür. Daha çox ədəbiyyat nəzəriyyəçisi kimi məşhur olan mütəfəkkirin klassiklərdən danışarkən xronoloji ardıcıllığı gözləməsi, ənənə və varisliyin tarixilik baxımından əhəmiyyətini vurğulaması tədqiqatda nümunələr əsasında diqqətə çatdırılmışdır.Məlumdur ki, XX yüzilliyin əvvəllərində – qısa bir zaman kəsiyində ədəbiyyatşünaslıq elmimiz, xüsusən ədəbiyyat tarixi qiymətli töhfələrlə xeyli zənginləşdi. Ədəbiyyat tarixinin dövrləşdirilməsi ilə bağlı təşəbbüs və axtarışlar bu illər ərzində çoxaldı. Həmin dövrdə ərsəyə gələnləri ən xırda incəliklərinə qədər təhlil edən tədqiqatçı görkəmli ədəbiyyatşünas F.Köçərlinin araşdırmalarının üzərində geniş dayanmış, onun öz sələflərindən xeyli irəli getdiyini, ədəbiyyat tarixini “ hazırlayarkən coğrafi ərazi bölgüsünə, tarixi-xronoloji qaydaya və ədəbi şəxsiyyətlərə görə təsnifat prinsiplərinə” əsaslandığını müəyyələşdirmişdir. Müəllif belə bir obyektiv nəticəyə gəlmişdir ki, F.Köçərlinin bölgüsündə, müəyyən pərakəndəlik müşahidə olunsa da, ədəbiyyat tarixi dövrləşdirilərkən ədəbi-tarixi proseslərin reallıqları nəzərə alınmışdır. Monoqrafiyada F.Köçərlinin ədəbiyyat tarixçiliyi sahəsindəki fəaliyyəti yüksək dəyərləndirilmiş və bu sahənin məhz onun sistemli tədqiqatlarının sayəsində elmi səviyyəyə yüksəldiyi göstərilmişdir. Abdulla Surun (“Türk ədəbiyyatına bir nəzər”), İsmayıl Hikmətin (“Azərbaycan ədəbiyyatı tarixi”), Y.V.Çəmənzəminlinin (“Azərbaycan ədəbiyyatına bir nəzər”), Əmin Abidin (“Azərbaycan türklərinin ədəbiyyatı tarixi”), Salman Mümtazın (“Azərbaycan ədəbiyyatı və el şairləri”), Əli Nazimin (“Azərbaycan ədəbiyyatı”), Hənəfi Zeynallı, Abdulla Şaiq, Atababa Musaxanlının (“Ədəbiyyatdan iş kitabı”), Mehmet Fuad Köprülüzadənin (“Azəri ədəbiyyatına aid tədqiqlər”), Bəkir Çobanzadənin (“Azəri ədəbiyyatının yeni dövrü: nasionalizmdən internasionalizmə”, “Türk ədəbiyyatı”, “Türk dili və ədəbiyyatı”) araşdırmalarının ədəbiyyat tadixindəki yerini və tədqiq edilən problem baxımından əhəmiyyətini açıqlayan müəllifdə belə bir qənaət formalaşır ki, XX əsrin əvvəllərində “axtarışlar və dövrləşmə baxımından meydana çıxmış müxtəlif variantlar Azərbaycanda sistemli ədəbiyyat tarixçiliyinin bünövrəsi hesab oluna bilər.”Ədəbiyyatımızın sistemli şəkildə araşdırılmasının sonrakı dövrə ( XX əsrin qırxıncı illərindən 1991-ci ilə qədər) təsadüf etdiyini qeyd edən müəllif həmin müddətdə işıq üzü görmüş bütün çap materiallarının əhatəli təhlilini aparmış, uğurları, çatışmazlıqları diqqətə çatdırmış, bu mərhələni “ədəbiyyat tarixinin akademik səviyyədə dövrləşdirilməsinin formalaşdırılması dövrü” kimi səciyyələndirmişdir. Azərbaycan Elmlər Akademiyasında hazırlanıb müxtəlif illərdə çap olunmuş ədəbiyyat tarixi nəşrlərini “dövrün ədəbiyyat tarixçiliyi modeli “ kimi dəyərləndirən müəllif diqqəti ilk növbədə 1943-1944-cü illərdə çap olunmuş ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabına cəlb etmişdir. Hər iki cildin məğzini şərh edən tədqiqatçı onlarda ədəbiyyatımızın “dövrləşdirilməsinə dair xüsusi bir təsnifat aparılması barədə” məlumat verilmədiyini diqqətə çatdırır. Lakin bu kitablardakı bölgülər, müəllifin fikrincə, “ədəbiyyat tarixçiliyinin ilkin sistemli dövrləşdirmə təşəbbüsü kimi mühüm əhəmiyyətə malikdir.” Həmin tədqiqatlarda XIII-XVI əsrlərin orta əsrlərə aid edilməsi, XVII-XVIII əsrlərin, XIX əsrin, XX əsrin əvvəllərinin, nəhayət, sovet dövrü ədəbiyyatın ayrı-ayrılıqda təqdim edilməsi müəllifin belə nəticə çıxarmasına əsas vermişdir. Tədqiqatda Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanan üçcildlik “Azərbaycan ədəbiyyaı tarixi”nin yaranma tarixi, ədəbiyyatşünaslıq elminin inkişafında yeri, ondakı dövrləşdirməyə fərqli yanaşmann səbəbləri və s. ətraflı şərh edilmiş, bütün bunlara əsaslandırılmış münasibət bildirilmşdir.Daha sonralar meydana çıxmış dərsliklərin, tədqiqat əsərlərinin monoqrafiyada tutarlı təhlili verilmiş, onların ədəbiyyat tarixindəki yeri, dövrləşdirmə ilə bağlı mövqeləri obyektiv reallıq zəminində işıqlandırılmışdır. “Orta əsrlər” bölgüsünə fərqli yanaşmalara diqqəti çəkən tədqiqatçı Ə.Səfərli və X. Yusiflinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyində aşağıdakı bölgüyə əməl olunduğunu göstərir:qədim dövr: ən qədim dövrlərdən VII əsrə qədər;erkən orta əsrlər: VII-X əsrlər;orta əsrlər: XI-XVIII əsrlər. Y.Babayevin ali məktblər üçün çap etdirdiyi “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində XIII-XVIII yüzilliklər orta əsrlərin ədəbyyatı kimi təqdim edilmişdir. Bu dərslikdə “orta əsrlər ədəbiyyatının sərhədlərinin XVIII əsrin sonlarınadək uzadılması ənənəsinin qorunub saxlanması” və həmin dövrdə yaşayıb-yaratmış çoxlu sayda sənətkarların əhatə olunması səciyyəvi xüsusiyyət kimi vurğulanmışdır.Monoqrafiyada S. İbrahimovun zəngin faktlar əsasında yazılmış “Klassik Azərbaycan ədəbiyyatı” dərsliyi ədəbiyyat tarixçiliyi baxımından yüksək dəyərləndirilmiş, müəllifin ədəbiyyat tarixinin dövrlşdirilməsi məsələsini qarşıya məqsəd kimi qoymadığı diqqətə çatdırılmışdır. H. Araslının (“XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı”), F. Qasımzadənin ( XIX əsr Azərbaycan ədəbiyyatı”) dərsliklərində əhatə olunmuş əsrlərin spesifik xüsusiyyətləri ilə fərqlənən bir dövr kimi səciyyələndirildiyi tədqiqatda faktlarla şərh edilmişdir.C.X.Hacıyevin “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi nəzərdən keçirilərkən onda ideoloji prinsiplərin önə çəkilməsi faktları, bunun səbəbləri, ayrı-ayrı sənətkarlara münasibət və s. məsələlərə aydınlıq gətirilmişdir.Sovet dövrü ədəbiyyatına həsr edilmiş iki mənbəyin ( M.A.Dadaşzadənin baş redaktorluğu ilə çap olunmuş ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” və ADU-nun hazırladığı “Azərbaycan sovet ədəbiyyatı” dərsliyinin) ətraflı təhlili müəllifə onlarda partiyalı mövqeyin, ideoloji təbliğatın nisbətən güclü olduğu qənaətini ifadə etməyə imkan vermişdir. Hər iki mənbədə ədəbiyyat tarixinin sovet dövrü mərhələsinin 1917-ci ildən başlandığı göstərilmişdir. Bu, bir növ “ənənənin” gözlənilməsi idi. Aydınlaşır ki, bu mənbələrin heç birində ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsinə münasibət bildirilməmişdir.Həmin dövrdə M.Cəlal və F.Hüseynovun çap etdirdikləri “XX əsr Azərbaycan ədəbiyyatı “ dərsliyndə dövrün ədəbi mənzərəsinin geniş əhatə olunduğu, başqa sözlə, realist-demokratik, realist-maarifpərvər və romantik ədəbiyyatın tarixilik və bədiilik, millilik və vətəndaşlıq meyarları ilə dəyərləndirildiyi, bütün bunların obyektiv qiymətləndirilməsinə nail olunduğu üzərində dayanılmışdır. C.Heyətin “Azərbaycan ədəbiyyatına bir baxış”, M.A.Dadaşzadənin “Azərbaycan ədəbiyyatı” kitablarına da münasibət bildirən müəllifin fikrincə, dövrləşdirmə sahəsində 1928-1980-ci illərdə müşahidə edilən pərakəndəlik və fərqli yanaşmalara səbəb vahid elmi konsepsiyanın olmamasıdır. Təsadüfi deyildir ki, az sonra – 90-cı illərdə dövrləşdirmə baxımından elmi-nəzəri təsnifatın hazırlanması istiqamətində təşəbbüslər çoxalmşdır. Daha dəqiq deyilsə,Y.Qarayev, N.Cəfərov, V.Osmanlı, N.Qəhrəmanlı, B.Əhmədov, A.Bayramoğlu, T.Salamoğlu və başqalarının araşdırmaları “dövrləşdirmənin müasir modelini hazırlamaq üçün” zəmin yaratmış, ideya mənbəyi olmuşdur. Y.Qarayevin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü ildə keçirilmiş “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi” müşavirəsinin tarixi əhəmiyyəti, müşavirədə çıxış edənlərin (A.Rüstəmova, T.Əlişanoğlu, S.Şıxıyeva, N.Qəhrəmanlı, Z.Əsgərli və b.) fikirlərinin ümumiləşdirilməsi və bu deyilənlərin dövrləşdirmə konsepsiyasının müəyyən ediməsndəki yeri barədə monoqrafiyada əsaslandırılmış mövqe sərgilənmişdir. Mərhum Yaşar Qarayevin ədəbiyyat tarixinin yazılması və inkişaf mərhələləri ilə bağlı müşavirədən əvvəl, müşavirədə və ondan sonrakı dövrdə fəaliyyətini yığcam, lakin dolğun şəkildə işıqlandıran tədqiqatçı ona layiq olduğu dəyəri də vermişdir: Yaşar Qarayev ədəbiyyat tarixinin dövrləşdirilməsinin kompleks yanaşmalar nəzəriyyəsinin ilk müəllifidir;o, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin və mərhələlər üzrə inkişaf etdirilməsinin ümumi konsepsiyasını formalaşdırmışdır;alimin “Azərbaycan ədəbiyyatı: XIX-XX yüzillər” əsəri ədəbiyyat tarixi konsepsiyasının konkret əməli ifadəsi və ya orijinal elmi modelidir.Monoqrafiyada göstərildiyi kimi, ədəbiyyat tarixinin dövrləşdirilməsi ilə bağlı yeni təşəbbüslərin olmasına baxmayaraq, “bu sahədəki klassik format uzun müddət elmi dövriyyədən tam çıxmamışdır.” Bu baxımdan Ədəbiyyat İnstitutunun 7 cilddə nəzərdə tutduğu “Azərbaycan ədəbiyyatı” tarixinin ilk cildlərindəki vəziyyt səciyyəvidir. Dövrləşdirmə ilə bağlı yeni təşəbbüs və xeyli dərəcədə möhkəmlənmiş fikirlər 4-cü cildin hazırlanmasında müəyyən fərqli münasibətə səbəb olmuşdur. Sonralar – 2019-cu ildə çap olunmuş V cilddə, eləcə də çapa hazırlanan digər cildlərdə “ədəbiyyat tarixinin müasir dövrləşmə konsepsiyası əsasında müəyyən olunmuş mərhələlər üzrə təqdimatı nəzərə alınmışdır.”Ədəbiyyat İnstitutunun əməkdaşlarının (B. Şəfizadə, E.Əlibəyzadə, B.Əhmədov) çap etdirdikəri ktabları “əhəmiyyətli tədqiqatlar” kimi dəyərləndirən müəllif onların əhatə etdikləri məsələlərə diqqət yetirmişdir. B. Şəfizadə və E.Əlibəyzadənin tədqiqatları ədəbiyyatımızın qədim dövrünün hüdudlarının müəyyən edilməsində, mahiyyətinin açıqlanmasında qiymətli mənbə kimi təqdim olunmuşdur. Monoqrafiyada, həmçinin B.Əhmədovun (“XX əsr Azərbaycan ədəbiyyatı”), Ş.Alışanlının (“Müasir humanist təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı”), N.Şəmsizadəin (“Azərbaycan ədəbiyyatşünaslığı”), T. Salamoğlunun (“Müasir Azərbaycan ədəbiyyatı”), M. Ağayevanın (“Müasir Azərbaycan ədəbiyyatı”), A. Bayramoğlunun (“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerkləri”), V.Osmanlının (“Türk xalqları ədəbiyyatının ortaq başlanğıcı, VI-X əsrlər) dərslik və tədqiqatları təhlil obyektinə çevrilmiş, onlara əsaslandırılmış münasibət bildirilmişdir. Mühacirət ədəbiyyatına müəllifin ayrıca diqqət yetirməsi oxucunu razı salır. Xarici ölkələrdə yaşamağa məcbur olmuş soydaşlarımızın yaratdıqlarına hakim kommunist ideologiyasının düşmən kəsilməsi və bu qəbildən ədəbiyyata müxtəlif adlarla damğa vurmasını xatırladan tədqiqatçı qeyd edir ki, iyirminci yüzilliyin yetmişinci illərində siyasi iqlimin müəyyən qədər yumşalması ehtiyatlı davranmaqla mühacirət ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı yarandı. Dövlət müstəqilliyinin bərqərar olması beynəlxalq konfransların keçirilməsi də daxil bu istiqamətdə ardıcıl və məhsuldar tədqiqatların aparılması, tədbirlərin gerçəkləşdirilməsi mümkün oldu. N.Cabbarlının, V.Sultanlının, H.Quliyevin, B.Əhmədovun mühacirət ədəbiyyatına həsr olunmuş dərs vəsaiti və tədqiqatlarını nəzərdən keçirən müəllif onları ədəbiyyat tarixinin dövrəlşdirilməsi köklərini və inkişaf yollarını müəyyən etmək baxımından dəyərləndirmişdir.Azərbaycan ədəbiyyatının dövrləşdirilməsinə sistemli elmi münasibət 1990-cı illərdən başlayaraq daha da güclənmişdir. Bu illəri “konsepsiya axtarışları dövrü” adlandıran müəllif N.Qəhrəmanlının və N.Cəfərovun araşdırmalarını diqqət mərkəzinə çəkmişdir.N.Qəhrəmanlının “Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf və dövrləşdirmə problemləri” araşdırması milli ədəbiyyat tarixçiliyi probleminə həsr olunmuş ilk tədqiqat əsəri kimi təqdim olunmuş, onda “ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsinə dair bir-birinə yaxın yeddi variantda ayrı-ayrı modellər təklif” edildiyi göstərilmişdir. Problemə bu araşdırmadakı münasibətin uğurlu və zəif cəhətləri geniş şərh edilmiş, dövrləşdirmə konsepsiyasının işlənməsinin zəruri olması qənaətinə gəlinmişdir.N.Cəfərovun müəyyənləşdirdiyi dövrləşdirmədə ideoloji baxışların deyil, ədəbi-estetik meyarların ön plana çəkildiyini müsbət hal kimi qeyd edən müəllifə görə, “bu model geniş ümumiləşdirmələr əsasında formalaşdırılmış dövrlərin tərkibindəki aralıq mərhələlərini tapıb elmi cəhətdən dəyərləndirmək üçün fərqli yanaşmalara şərait hazırlayır.”Beləliklə, problemin tarixinin ən xırda incəliklərinə qədər nəzərdən keçirilməsi müəllifə gerçəklikdən çıxış etməklə ümumiləşdirmə aparmağa, obyektiv nəticə çıxarmağa imkan vermişdir. Bu baxımdan ədəbiyyatın ictimai formasiyalar üzrə dövrləşdirilməsi prinsipinin obyektiv reallığı ifadə etmək imkanında olmaması ən mühüm məqam kimi ön plana çəkilmişdir. Ədəbiyyatın dövrləşdirilməsinin obyektiv elmi əsaslar üzrə deyil, “ideoloji prinsiplər əsasında” həyata keçirilməsi ədəbi proseslərə, bütövlükdə ədəbiyyat tarixinə həqiqi qiymət verilməsini həmişə əngəlləmişdir. Dövrləşdirmə haqqında elmi konsepsiyanın yaradılması zərurəti aşağıdakı şəkildə ifadə edilmşdir:Azərbaycan ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası əsasında aparılmış dövrləşdirilməsinin ədəbi-tarixi proseslərin reallıqlarını əks etdirməməsi, müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun gəlməməsi.Ayrı-ayrı müəlliflərin və ya müəlliflər kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirmədə keçmişdə müəyyən edlmiş mərhələlərdən uzaqlaşa bilməmək hallarının aşkar görünməsi.Dövrləşdirmə meyarlarında və mərhələlərin müəyyən edilməsində pərakəndəliyin müşahidə olunması.Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması.Dövrləşdirmədə dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurəti.Ədəbiyyat tarixinin yenidən dövrləşdirilməsi üçün prinsiplərə istinad edilməsi vacib idi. Məhz bu, müəllifin qarşısında prinsiplərin müəyyənləşdirilməsi kimi bir vəzifə də qoymuş və o, bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı prinsiplərə əməl edilməsinin vacib olduğunu əsaslandırmışdır:Azərbaycançılıq məfkurəsi.Sivilizasiya faktoru.Ədəbi-tarixi prosesin reallıqları.Azərbaycanda ədəbi cərəyanlar.Bunların hər birinin mahiyyətini, konsepsiyada yerini və rolunu şərh edən müəllif aşağıdakı təsnifatı təqdim etmişdir:Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan-eposadək ( ən qədim dövrlərdən VII əsrə qədər).Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər).İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər),Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası ( XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək). Azərbaycan ədəbiyyatında sosialist realizm dövrü (1920-1960-cı illər).Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər).Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən). Bu mərhələlərin hər birinin özünəməxsusluğu, ədəbiyyat tarixində mövqeyi, qarşılıqlı əlaqələri zəngin materiallar əsasında şərh edilmiş və dəyərləndirilmişdir. Bununla bərabər, hər mərhələ üçün daha səciyyəvi olanların qabarıq təqdiminə diqqət yetirilmişdir. Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim dövrlərdən VII əsrə qədər) daha çox “şifahi xalq ədəbiyyatını əhatə etməsi ilə səciyyələnir” və zənginliyi ilə diqqəti cəlb edir. Başqa sözsə, bu dövr “ədəbiyyatın mifoloji başlanğıcının etnosdan-eposa qədərki bütün təzahür formalarını” özündə əks etdirir. Etnos-əsatir münasibətlərini açıqlayan, mifoloji mətnlərin əhəmiyyətini qeyd edən müəllif janrların əksəriyyətinin yaranması özəlliyini və təkmilləşməsini ardıcıl izləmişdir. İlk xalq şeirinin tədricən çoxhecalı şəkil almasını, əfsanə və nağıldan eposa keçidin özəlliyini faktlarla diqqətə çatdıran tədqiqatçı “Kitabi-Dədə Qorqud”un yaranmasını və tarixi əhəmiyyətini orijinal şəkildə şərh etmuşdur. İkinci dövrdən – “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər)” danışılanda onun səciyyəvi cəhətləri konkret faktlar əsasında açıqlanmışdır. Bu dövr üçün ən mühüm məqam yazılı ədəbiyyatımızın başlanması tarixinin müəyyənəşdirilməsidir. Bununla bağlı vahid fikir olmasa da, diqqət mərkəzində saxlanılan əsaslar ortadadır: ortaq türk yazılı mətnlərə istinad; anadilli ədəbiyyatın ön plana çəkilməsi; azərbaycanlı yazarların yaşadıqları məkandan, hansı dildə yazmalarından asılı olmayaraq, yaratdıqları nümunələrin diqqət mərkəzində saxlanması. Monoqrafiyada yazılı ədəbiyyat tarixinin ortaq türk abidələrindən başlanması fikri nümunə və müqayisələrlə şərh edilmiş, eləcə də aşağıdakı ortaq mənbələrin mövqeyi üzərində ətarflı dayanılmışdır: ərəbdilli Azərbaycan ədəbiyyatı, alban şeir nümunəsi, “Avesta”. Gəmiqaya-Qobustan qayaüstü rəsmləri ilə Orxon-Yenisey mətnləri arasındakı bağlılıq barədə tədqiqatda söylənilənlər maraqla oxunur, eləcə də ərəbdilli azərbaycanlı sənətkarlar barədə verilən məlumatlar, çıxarılmış nəticələr məntiqli olması ilə diqqəti çəkir.Növbəti dövrün – “İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)” mahiyyəti şərh edilərkən bir sıra suallara aydınlıq gətirilmişdir: XI-XII əsrlərdə yaranan ədəbiyyat əvvəlki dövrlərin ədəbiyyatından hansı cəhətlərinə görə fərqlənir? Qədim türk sivilizasiyası ilə islami dəyərlərin inteqrasiyası hansı nəticələrə gətirib çıxardı? Müsəlman, o sıradan Azərbaycan renessansı hansı iqtisadi-siyasi və mədəni zəminə söykənirdi? Həmin dövrdə elm və ədəbiyyatın qarşılıqlı əlaqəsi üçün səciyyəvi olanlar nə idi? Bu dövrdə yaranan Azərbaycan ədəbiyyatının ümumşərq ədəbiyyatında nüfuzu və mövqeyi necə idi? İntibah dövrü ədəbiyyatı janr baxımından necə dəyərləndirilməlidir? Dil faktoru Azərbaycan intibahına “yox” deməyə əsas ola bilərmi? Suallar cavablandırılarkən şərq və dünya xalqlarının keçdiyi tarixi yol, “beynəlxalq elmi fikir” diqqət mərkəzinə çəkilmiş, geniş səpkidə müqayisələrə müraciət olunmuşdur. Bu da etiraf edilməlidir ki, ədəbiyyatımızın XI-XII əsrlərdə tarixi zərurət üzündən fars dilində yaranması onun geniş coğrafi ərazidə yayılmasına, öyrənilməsinə və nüfuzunun qəbul edilməsinə səbəb olmuşdur. Sonrakı dövrün – “Orta əsrlər Azərbaycan ədəbiyyatı. Anadilli ədəbiyyat epoxası: Həsənənoğludan Füzuliyədək (XIII-XVI əsrlər)” özəlliyi açıqlanarkən əvvəlki və sonrakı dövrlərlə onun müqayisəsinə geniş yer verilmişdir. XVII-XVIII əsrlərdə yaranmış ədəbiyyatın orta əsrlərə aid edilməsi fikri monoqrafiyada məqbul sayılmamışdır. Bu məqamda tarixşünaslıqdakı mövqeyin əsas götürüldüyünü qeyd edən müəllif həmin dövrün ictimai-siyasi hadisələrinin, ədəbiyyatın xarakter və istiqamətinin əsas kimi qəbul edilməsini doğru hesab edir. XIII-XVI əsrlərdə ictimai-siyasi durum və ədəbiyyatda gedən proseslərin fərqli olması həmin yüzilliklərin müstəqil dövr kimi qəbul edilməsini şərtləndirir. Bu dövrdə yaranan ədəbiyyatın özəlliyini ciddi faktlarla nəzərə çarpdıran tədqiqatçı onun özündən əvvəlki və sonrakı dövrlərlə qırılmaz əlaqələrini faktlar əsasında açıqlamışdır. XIII-XVI əsrlərdə ana dilində poeziyanın yaranması, sürətlə inkişafı monoqrafiyada həmin dövrün ən mühüm yeniliyi və nailiyyəti kimi dəyərləndirilmişdir. Bununla bərabər, anadilli şeir xalq həyatını, xalq yaradıcılığının müəyyən xüsusiyyətlərini əks etdirməsi ilə diqqəti cəlb edirdi. Ümumiyyətlə, lirika bu dövrün ədəbiyyatında üstün mövqe qazanmış, yeni janrlarla zənginləşmişdir. Doğma dilimizdə poemaların yaranması, onların xalq həyatı, folklor motivləri ilə bağlılığı da bu dövr ədəbiyyatının səciyyəvi xüsusiyyətlərindən idi. Sufizm və hürufizm cərəyanlarının qüvvətlənməsi və geniş yayılması, nəsr nümunələrinin, alleqorik əsərlərin yaranması, məktub formasının ədəbiyyatımıza “janr” şəklində daxil olması, bədii-estetik keyfiyyətin artmasına səbəb olan vasitələrin zənginləşməsi və s. orta əsrlər Azərbaycan ədəbiyyatının mühüm göstəricilərindən sayılır. Bu dövrdə yaranan əsərlərin (Həsənoğlunun qəzəlləri, “Qisseyi-Yusif”, “Dastani-Əhməd Hərami”, “Dəhnamə”, “Leyli və Məcnun” və s.) tarixi-ədəbi əhəmiyyəti, sənətkarların (Nəsimi, Ş.İ.Xətayi, M. Füzuli və b.) fəaliyyətindəki önəmli olanlar xüsusi aydınlıqla şərh edilmişdir.Müəllifin çıxardığı nəticə ədəbiyyatımızın tarixində bu dövrün yerinin, mövqeyinin başa düşülməsi baxımından əhəmiyyətlidir: orta əsrlərdə yaranan ədəbiyyat bədii metod və üslub baxımından qədim və intibah dövrü ədəbiyyatının yekunu olub, erkən yeni dövrün formalaşması üçün zəmin rolunu oynamışdır. Monoqrafiyada “Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər” mərhələsi şərh edilərkən aşağıdakı suallar əhatə edilmişdir: 1. Hansı əsaslara görə bu dövrü müstəqil mərhələ kimi qəbul etmək olar? 2. Dövrün milli-ədəbi prosesində müşahidə edilən ən mühüm fərq və yeniliklər hansılardır? 3. Həmin dövrdə yaşayıb-yaratmış sənətkarların yaradıcılığı ədəbiyyat tarixinə hansı töhfələr vermişdir? Səfəvi dövlətinin tənəzzülü və bunun nətcələri, Xəzərboyu ərazilərə Rusiyanın işğalçılıq yürüşləri, xanlıqlar şəklində “kiçik padşahlıqların” yaranması, ictimai-siyasi həyatda baş vermiş digər mühüm dəyişikliklər bu əsrlərin ayrıca mərhələ kimi qəbul edilməsininə əsas verir.Bu dövrdə ədəbiyyatın məzmununda və inkişaf istiqamətində yeni, fərqli meyillər zaman ötdükcə daha da güclənirdi. Saib Təbrizinin ədəbiyyatımıza gətirdiyi “hind səbkisi” sənətdə “həyat nəfəsini gücləndirməyə, xalqla ünsiyyətə” üstünlük vermişdir. Onun, eləcə də bir çox müasirlərinin yaradıcılığında “həyatiliklə romantika və didaktika bir-birini tamamlayır.”İctimai həyatdakı eyiblərə tənqidi münasibət poeziyada romantik üslubun tədricən zəiflədiyini, realist meyilin güclənməkdə olduğunu təsdiq edirdi. Həmin dövrdə poeziyada xalq yaradıcılığına müraciətin ardıcıl xarakter alması, ustad aşıqların çoxalması, epik növə marağın güclənməsi, nəsrin yeni vüsət alması ədəbiyyatın mühüm keyfiyyət göstəriciləri idi. M.V.Vidadi, xüsusən M.P.Vaqif yaradıcılığı XVIII əsrin realizminin təsviri xarakterdə olmadığını deməyə əsas verir.Dövrün sosial-siyasi, ədəbi-mədəni vəziyyətinin obyektiv elmi müstəvidə təhlili müəllifə tutarlı nəticə çıxarmaqda yardımçı olmuşdur: “ Şeirdə dünyəvilik və həyatilik, dildə sadələşdirmə və təbiilik, mövzuda dövrandan narazılıq və taledən şikayət, didaktik-hikmətamiz baxışların ifadəsi, nikbinlik və kədər notlarındakı təbiilik erkən Azərbaycan realizminin əsas səciyyəvi cəhətləri kimi çıxış edir.”İctimai-siyasi vəziyyəti, ədəbi-mədəni mənzərəsi ilə ciddi şəkildə fərqlənən XIX əsr ədəbiyyatı ayrıca bir mərhələ kimi təhlil və təqdim edilmişdir. Azərbaycanın Rusiya tərəfindən işğalı, ölkənin iki hissəyə parçalanması Şimalda və Cənubda ədəbiyyatı tədricən fərqli istiqamətdə inkişafa yönləndirdi. Şimali Azərbaycan “mədəni-maarifçi bir mühitin ab-havasında yaşamağa” başlamışdır. Qərbdən gələn və “cəmiyyət həyatının bütün sahələrini hərəkətə gətirən maarifçi ideyalar, ədəbi-mədəni proseslər Azərbaycan ədəbiyyatın əsas mahiyyətini təşkil etməyə başlamışdır.” Monoqrafiyada xüsusi diqqət yetirilən məsələlərdən biri ədəbiyyatın XIX əsr mərhələsinin tənqidi realizm dövrü kimi təhlil edilməsinə münasibətdir. Həmin dövrün ədəbi mənzərəsini konkret faktlarla işıqlandıran müəllif XIX əsr ədəbiyyatının bütünlüklə tənqidi realizmə əsaslandığını iddia edən “keçmiş sovet ədəbiyyatşünaslıq elminin” ideoloji prinsiplərdən çıxış etdiyini göstərir. Ədəbiyyatşünaslıqda XX əsrin əvvəllərinə aid edilən “realist-maarifpərvər ədəbiyyatın” XIX əsrdən mövcud oduğunu təsdiq edən fikirlərə şərik olan tədqiqatçı mövqeyini tutarlı dəlillərlə açıqlamışdır. Maarifçilik əsrin ortalarından başlayaraq milli ideyadan “böyük maarifçi hərəkat səviyyəsinə qalxmışdır.” Maarifçi ideyaların əsrin birinci yarısında A. Bakıxanov, M.Ş.Vazeh, İ. Qutqaşınlı kimi sənətkarların yaradıcılığında ifadə olunduğu, M.F.Axundzadə və onun müasirlərinin fəaliyyəti ilə hərəkat səviyyəsinə yüksəldiyi monoqrafiyada ardıcıl izlənilmişdir. Maarifçiliyin müxtəlif sahələrdə – məktəb, teatr, mətbuatda təzahürü, möhkəmlənməsi və dərinləşməsi tədqiqatda əsaslı dəlillərlə işıqlandırılmışdır. Bu mərhələdə ədəbiyyatın ideya-məzmun, yeni növ və janr baxımından zənginləşməsi, Cənubi Azərbaycanda maarifçi-didaktik istiqamətin güclənməsi və s. müəllifin diqqət yetirdiyi məsələlərdəndir. Bütün bunlar tədqiqatçının belə bir əsaslı nəticə çıxarmasına səbəb olmuşdur ki, maarifçi realizm XIX əsr maarifçilik hərəkatı iştirakçıları olan yazıçı və şairlərin birlikdə formalaşdırdıqları yeni ədəbi cərəyandır. Monoqrafiyada “Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin 90-cı illərindən 1920-ci ilədək)” adlandırılan mərhələnin təhlili mühüm ictimai-siyasi hadisələrin, ədəbi-mədəni vəziyyətin şərhi fonunda aparılmışdır. Rusiyada burjua-demokratik inqilabı, İranda məşrutə hərəkatı, Birinci Dünya müharibəsi və bütün bunların ölkə həyatına təsiri, müxtəlif siyasi partiyaların fəaliyyəti, demokratik mətbuatın yaranması, milli-azadlıq ideyalarının güclənməsi və s. monoqrafiyada diqqət yetirilən mühüm məsələlərdəndir. Başlıca diqqət isə XX yüzilliyin əvvəllərində ədəbiyyat aləmində fəaliyyət göstərən “qüdrətli şəxsiyyətlərin” yaradıcılığının mühüm cəhətlərinin aydınlaşdırılmasına, tənqidi realizmin bir ədəbi cərəyan kimi formalaşmasına cəlb edilmişdir. “Molla Nəsrəddin” jurnalının tarixi-ədəbi əhəmiyyəti, tənqidi realizmlə bağlılığı və bu cərəyanın inkişafında rolu, “Füyuzat” jurnalı, romantizmin ədəbi cərəyan kimi formalaşmasında mövqeyi xüsusi aydınlıqla işıqlandırılmışdır. Azərbaycan Cümhuriyyəti dövründə tənqidi realizm və romantizm ənənələrinin genişlənməsi, Cənubi Azərbaycanda müxtəlif ədəbi cərəyanların paralel fəaliyyət göstərməsi, mühacirət ədəbiyyatının miqyasının artması, Aqzərbaycan ədəbiyyatı tarixçiliyinin yeni tədqiatlar hesabına zənginləşməsi və s. monoqrafiyada zəngin faktlarla nəzərə çarpdırılmışdır. Müəllifin gəldiyi nəticəyə görə, iyirminci yüzilliyin əvvəllərində ədəbiyyatımız müxtəlif ədəbi cərəyanların mövcudluğu şəraitində inkişaf etsə də, tənqidi realizm aparıcı mövqedə olmuşdur. “Azəbaycan ədəbiyyatında sosialist realizmi dövrü”adlanan mərhələnin mahiyyətinin aydınlaşdırılması müəllifdən xüsusi diqqət tələb etmşdir. Tədqiqatda göstərilir ki, Azərbaycan Cümhuriyyətinin devrilməsi, Azərbaycanın bu dəfə “qırmızı”ruslar trəfindən işğalı ədəbiyyatın təbii və cəmərəli axardan çıxarılmasına, bolşevik-kommunist ideologiyasının təbliğat vasitəsinə çevrilməsinə səbəb oldu. Lakin bu, asanlıqla başa gəlmədi. Yeni quruluşun tələblərinə “uyğunlaşa bilməyən”, yaxud “uyğunlaşmaqda maraqlı olmayanlarla” yanaşı, buna canfəşanlıq edənlər də var idi. Çəkişmələrin dərinləşməsi, müxtəlif ittifaq və cəmiyyətlərin yaranması, yeni ideologiyanı təbliğ edən bədii cəhətdən sönük, “sənət nümunələrinin” meydana gəlməsi 1920 ci illərdə, 1930-cu illərin əvvəlləri üçün səciyyəvi hal idi. Müəllif “sovet ədəbiyyatının vahid yaradıcılıq metodunun müəyyən edilməsi”nin xeyli vaxt apardığını və bunun səbəblərini, “sosialist realizmi”, “sovet ədəbiyyatı” anlayışlarının mahiyyəti ilə baglı fikirləri xüsusi aydınlıqla şərh etmiş, “Xruşşov mülayimləşməsinin” “ədəbi mühitdə yeni ab-havanın formalaşmasına şərait” yaratdığını nümunələrlə diqqətə çatdırmışdır. Yumşalma iyirminci yüzilliyn əllinci illərinin ortalarından başlayaraq, xüsusən altmışıncı illərdə və daha sonralar yeni ədəbi qrupların, “ədəbi axıntıların” yaranmasına səbəb oldu. Sovet ideologiyası, sosialist realizmi ədəbiyyatın bu yeni istiqaməti üçün, əslində, zahiri görüntü şəklində qalmışdır.Ədəbiyyat və incəsənətin üzərində partiya nəzarətinin güclü olduğu dönəmlərdə sənət adamlarının üzləşdikləri çətinliklər, sərt rejimin tələblərinə baxmayaraq, müsbət ənənələrin (humanizm, vətənpərvəlik) davam etdirilməsi barədə deyilənlər tədqiqatda önəmli yer tutur.Monoqrafiyada sovet dövrü Azərbaycan ədəbiyyatını aşağıdakı iki istiqamətdə qavranılmasının məqsədəuyğun olduğu göstərilmişdir:Azərbaycan sovet ədəbiyyatı. Yəni sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyat. Sovet dövrü Azərbaycan ədəbiyyatı. Yəni sovet dövründə yaranan, lakin Azərbaycan gerçəkliyini əks etdirməyə üstünlük verən Azərbaycan ədəbiyyatı.Tədqiqatda hər iki istiqaməti üzrə yaranmış ədəbiyyat nümunələrinin geniş münasibət əksini tapmışdır.Dövrləşdirmədəki “Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm” mərhələsinin mahiyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə açıqlanmışdır: sovet ədəbiyyatıın əsas yaradıcılıq metodu olan sosialist realizminin mövqeyinin sarsılması və bunun səbəbləri;iyirminci yüzilliyin əllinci illərində ədəbiyyata gələn nəslin xidməti;ədəbiyyatda “altmışıncılar” adı ilə tanınanan ədəbi nəslin xidməti;keçən əsrin 70-80-ci illərində ədəbiyyatın ideya-məzmununda baş vermiş ciddi dəyişiklik;Cənubi Azərbaycanda ədəbiyyatın inkişaf istiqamətləri;mühacirət ədəbiyyatının özəllikləri;ədəbiyyatımızda modernizm.Hakim partiyanın XX qurultayı, bu qurultayda qəbul edilmiş qərarlar “stalinizm epoxasına” ağır zərbə vurdu. Bu, “sərt ideologiyadan mülayimləşməyə doğru dönüşün baş verməsinə” səbəb oldu. Altmışıncı illərin əvvəllərindən başlayaraq sosialist realizmi yaradıcılıq metodu ilə bağlı “təftişçi baxışlar” meydana gəldi. Tədricən də olsa, bu metod sarsılmağa, mövqeyini itirməyə başladı. Əsrin əllinci illərində yaradıcılığa başlayan B.Vahabzadə, İ. Şıxlı, X.R.Uluturk, M. Araz, İ. Hüseynov və b. ədəbiyytın yeni axara düşməsində böyük xidmətləri olmuşdur. “Əllinciləri” C.Məmmədquluzadə məktəbi ilə “altmışıncıları” əlaqələndirən “ara nəsil” kimi dəyərləndirən tədqiqatçının fikrincə, onlar “Azərbaycan ədəbiyyatının sovet ideologiyasından ayrılma prosesinin başlanğıc proseslərinin bayraqdarlarıdırlar.”Monoqrafiyada “altmışıncıların” həyata fərqli baxımdan yanaşdıqları, gerçək hadisələri diqqət mərkəzinə çəkdikləri, “kiçik adamın” mənəvi aləminə gur işıq saldıqları, gündəlik qayğılarına ciddi maraq göstərdikləri nümunələr əsasında şərh edilmişdir. Bu “ədəbi nəsil, demək olar ki, ədəbiyyatın bütün istiqamətlərində təmsil olunmuşlar”; nəsrdə: Anar, Elçin, S.Əhmədov, İ.Məlikzadə və b., şeirdə: F. Qoca, Ə.Kərim, F.Sadıq və b., dramaturgiyada: F.Mustafa, Ə.Əmirli və b.İyirminci yüzilliyin 70-80-ci illərində ədəbiyyatda, xüsusən poeziyada vətəndaşlıq ruhu daha da qüvvətlənmiş, istiqlal ideyaları səviyyəsinə yüksəlmişdr. Tədqiqatda S.Rüstəmxanlının, Z. Yaqubun və b. yaradıcılğı timsalında ədəbiyyatda başverən ciddi dəyişikliklərə diqqət yetirilmişdir. Bu mərhələnin əhatə etdiyi dövrdə Cənubi Azərbaycandakı ədəbi proses tutarlı faktlala işıqlandırılmşdır. Milli hökumətin qısamüddətli fəaliyyəti zamanı yaranan ədəbi əlaqələri sonralar davam etdirmək mümkün olmamışdır. Şimali Azərbaycana pənah gətirən cənublu sənətkarların bir çoxu burada yaradıcılıqlarını davam etdirmişlər.Cənublu sənətkarlardan M.Biriya, B.Azəroğlu, Ə.Tudə, S.Tahir, M.Gülgün, H. Billurinin yaradıcılığı üçün səciyyəvi olan cəhətlərə aydınlıq gətirən müəllif XX əsrin ortalarndan sonra ədəbi prosesdə canlanmanın müşahidə edildiyini qeyd edir. Bulud Qaraçorlu Səhənd, Haşım Tərlan, Kərim Məşrutəçi Sönməz, Səməd Behrəngi və digər sənətkarların yaradıcılığı üçün önəmli cəhətləri diqqətə çatdırmışdır. Onların fərqli yaradıcılıq yolu olsa da, əsərlərində vətənə sevgi, ana dilinə məhəbbət, istiqlal ruhu ifadəsini tapmıdır.Türkiyədə, Almaniyada, Fransada və digər ölkələrdə yaşamağa məcbur olan həmvətənlərimizin bədii yaradıcılığı mühacirət ədəbiyyatının zənginliyini təsdiq edir. Türkiyədə və Avropa ölkələrində işıq üzü görən “mətbuat orqanları Azərbaycan mühacirətinin siyasi-ideoloji işlə yanaşı, elmi-ədəbi fəaliyyətlə də məşğul olmalarına meydan açmışdır.” Mühacir sənətkarlardan Almas İldırımın, Məhəmməd Əsəd bəyin – Qurban Səidin, Baninin – Ümmülbanunun və başqalarının yaradıcıığının ən mühüm cəhətlərinin aydınlaşdırılmasına kitabda xüsusi diqqət yetirilmişdir. Xarici dildə yazılan, eləcə də başqa dillərə tərcümə edilən “mühacirət ədəbiyyatımız... geniş dairələrdə mütaliə edilmiş... ölkəmizin, xalqımızın Avropa miqyasında tanınmasında” böyük rol oynamışdır.Müəllif belə bir qənatə gəlmişdir ki, ədəbiyyatımızın “milli özünüdərk və istiqlalçılıq dövründə sənətdə baş vermiş yeniləşmə hərəkatı modernizm mərhələsini yaratmışdır.” Belə bir cəhət də nəzərə çatdırılmışdır ki, ümumimiyyətlə, sənətdə baş verən “böyük dəyişmələrin” modernizm kimi dəyrləndirilməsi fikri geniş yayılmışdır. Bununla bağlı, XIX əsrdə, XX yüzilliyin əvvəllərində yaranmış ədəbiyyatı, “altmışıncıların” ədəbi hərəkatını xatırladan müəllif sovet ədəbiyyatşünaslığının modernizmə birtərəfli münasibəti ilə razılaşmır. Tədqiqatçının fikrincə, həyatın daha dərindən, bütün gerçəklikləri ilə əhatə olunaraq təqdim olunmasına və obyektiv dərkinə imkan yaradan modernizm bir ədəbi təmayül kimi iyirminci yüzilliyin altmışıncı illərindən özünü aydın şəkildə göstərmişdir. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra ədəbiyyatımızda “formalaşmış postmodernizm cərəyanı mahiyyət etibarilə modernizmdən doğulmuşdur.” Müəllifə görə, “modernizm olmasa idi, postmodenizm də meydana çıxa bilməzdi.”Sonuncu mərhələnin – “Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı”nın səciyyəvi xüsusiyyətləri aydınlaşdırılarkən dövrün sosial-siyasi vəziyyətinin aydınlaşdırılmasına xüsusi diqqət yetirilmişdir. 1990-cı illərin əvvəllərində ölkədəki siyasi vəziyyətin gərginliyi, ərazilərimizin işğalı, qaçqın və köçkün axını “ədəbiyyatda bir çox hallarda durğunluğa və məyusluğa səbəb olmuşdur.” Müəllifin fikrincə, Azərbaycan yazıçılarının X qurultayı “ədəbi prosesdə keçid dövrünə son qoymuş, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının normal inkişafına geniş yol açmışdır.” Müstəqil dövlətçiliyin doğurduğu sevinc, fərəh hissi, yüksək vətəndaşlıq mövqeyi, birlik, vətənpərvərlik duyğuları bu illərdə yaranan ədəbiyyat üçün səciyyəvi xüsusiyyətlərdən idi. Mövzu rəngarəngliyi müxtəlif ədəbi növlərdə aydınca duyulurdu. Dağlıq Qarabağ, 20 Yanvar, şəhidlik, milli istiqlal, yeni insan, onun arzu və düşüncələri müxtəlif ədəbi növə məxsus əsərlərdə ön plana çəkilən mövzulardandı. Müxtəlif ədəbi nəsillərin yaradıcılığına münbit şərait yaranmış, fərqli meyillərin və yaradıcılıq istiqamətlərinin fəaliyyətinə geniş meydan verilmişdir. Ədəbi qrup, birlik və məclislər “yeni tarixi şəraitdə ölkədə demokratik ədəbi mühitin formalaşmasına imkan yaratmış, çoxsəsli Azərbaycan ədəbiyyatının hərəkətverici qüvvəsinə çevrilmişdir.” Bu çoxcəhətlilik “çoxmetodlu ədəbiyyatın” yaranmasına əhəmiyyətli dərəcədə təsir etmişdir. Postmodernizm, neorealizm, magik realizm, dekadentizm və s. müstəqillik dövründə ədəbiyyatımızda aydın şəkildə müşahidə olunur. Bunlardan postmodernizm daha geniş yayılmış və tərəfdarları çoxdur. Tədqiqatçı diqqəti daha çox K. Abdullayevin yaradıcılığına yönəltmiş, yaradıcılığını yüksək dəyərləndirmişdir. Müəllifin fikrincə, ədəbiyyatımızda magik realizm əlamətləri XIX əsrdən başlayaraq özünü göstərmiş, çox sonralar İ.Hüseynovun, Y.Səmədoğlunun, M.Süleymanlının, A.Məsudun və başqalarının yaradıcılığında onun fərqli çalarları, milli təzahürləri müşahidə edilmişdir. Müəllif dekadans ədəbiyyatının meydana çıxmasının səbəbini keçən əsrin doxsanıncı illərinin “birinci yarısında cəmiyyətdə yaranmış ümidsizlik, çaşqınlıq, çöküş, böhran” əhvali-ruhiyyəsi ilə izah edir. Onun fikrincə, dekadans ədəbiyyata meyil müxtəif ədəbi nəsilləri təmsil edən sənətkarların arasında özünü göstərmişdir. Tədqiqatçıya görə, dekadentizm cərəyan səviyyəsinə yaxınlaşsa da sonralar XXI əsrin əvvəllərində böhran halları “arxada qaldığı, ölkədə böyük inkişaf porosesləri üstün gəldiyi üçün ədəbiyyatda əvvəlki illərlə müqayisədə dekadentizmin meydanı daralmışdır.”Monoqrafiyada müstəqillik dövründə yaranan ədəbiyyatdan danışılarkən “tənqidi realizm”, “neorealizm” anlayışlarına fərqli yanaşma da müşahidə edilir. Belə ki bu “yeni mərhələ üçün “tənqidi realizm” anlayışındakı “tənqid” sözü onun klassik təyinatındakı müstəmləkə rejimini, daha sonra isə sovet cəmiyyətini tənqid etməyə yönəldilmiş tənqid mənasını əks etdirmir.” Məhz buna görə də “müstəqillik dövrünün tənqidi realizmini yeni adla – “neorealizm” kimi ifadə etmək daha məqsədəuyğundur.”Bu məqamda neorealizm həyatı, cəmiyyəti obyektiv əks etdirən, dərindən qavranılmasına kömək edən, irəliyə, inkişafa təkan verən, ümummilli ideallara sədaqəti təlqin edən ədəbi cərəyan kimi dəyərləndirilir. Neorealizmi geniş anlayış hesab edən müəllifin fikrincə o, “müasir tənqidi realizmin mahiyyətini özündə əks etdirməklə yanaşı, sürrealizm meyillərini, hətta müəyyən dərəcədə postmodernist və magik realizm təzahürlərini də əks etdirmək imkanlarına malikdir.” Belə yanaşma müəllifə “müasir dövrün realizmini postrealizm yox, neorealizm və ya yeni tənqidi realizm adlandırmaq daha məqbul sayıla bilər” nəticəsini çıxarmağa imkan vermişdir.Mahiyyəti və məqsədi barədə təsəvvür yaratmağa çalışdığımız monoqrafiya çoxcəhətli və zəngin məzmunu ilə oxucunu cəlb edir. İstər təklif olunmuş dövrləşdirmə təsnifatı, istərsə də tədqiqatın məzmunu ilə bağlı fərqli, eləcə də tənqidi fikir sahibləri ola bilər. Lakin əminliklə demək olar ki, ədəbiyyat tariximizin dövrləşdirilməsi, eləcə də onun inkişaf mərhələləri barədə burada deyilənlər maraqlı, dəyərli qaynaq kimi çox sonralar da tədqiqatçıların müraciət edəcəkləri mühüm mənbələrdən biri olacaqdır. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.