AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib Elm » Humanitar elmlər 28 Mayıs AMEA-nın Əsas binasında 28 May - Müstəqillik Günü münasibətilə Akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib.Akademiyanın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə baş tutan görüşdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, Azərbaycanın öz gücü hesabına tarixi ədaləti bərpa etdiyini bildirib. Qeyd edib ki, xalqımızın və ordumuzun Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşməsi Vətən müharibəsi dövründə qələbəmizi şərtləndirən başlıca amillərdən biri olub.AMEA-nın elmi müəssisə və təşkilatlarının da Vətən müharibəsi dövründə həm ön, həm arxa, həm də informasiya cəbhəsində aktiv iştirak etdiyini deyən akademik Arif Həşimov Silahlı Qüvvələrimizə daim dəstək nümayiş etdirildiyini, alimlərimizin mətbuatda, beynəlxalq konfranslarda və sosial şəbəkələrdə erməni təbliğatına qarşı fəal mübarizə apardıqlarını diqqətə çatdırıb.Akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşlarının daim diqqət mərkəzində olduğunu qeyd edən AMEA rəhbəri onlardan texniki sahədə çalışanların elmə yönləndirilməsinin vacibliyini, gələcəkdə doktoranturaya qəbul olunanların müəyyən qayğı ilə əhatə olunacağını diqqətə çatdırıb.Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan xalqı Vətən müharibəsində öz tarixi torpaqları uğrunda mübarizə aparırdı və bu, ədalət uğrunda aparılan müharibə idi: “Ordumuz və xalqımız Ali Baş Komandanın ətrafında birləşərək ədaləti bərpa etmək uğrunda döyüşürdü və ona görə də “Dəmir yumruq” bu müharibənin simvoluna çevrildi. Vətən müharibəsi, həmçinin müasir müharibə aparmağın bir nümunəsi idi. Azərbaycanın apardığı müharibə ən müasir texnologiya əsasında qurulmuş müharibə idi. Cənab Prezident ötən illər ərzində daim ordumuzun müasir texnika ilə təmin edilməsinə və onu idarə edə biləcək yeni nəslin yetişdirilməsi məsələsinə diqqətlə yanaşırdı. Şübhəsiz ki, Azərbaycan Prezidentinin apardığı ideoloji mübarizə də önəmli idi. Ölkə başçısının xarici mediaya verdiyi müsahibələrdə meydana qoyduğu aydın, qəti, kamil ideoloji mövqe bu müharibənin dünya miqyasında dərk olunmasına, obyektiv şərh edilməsinə və qələbə ilə başa çatmasına kömək etdi. Həm ideoloji cəbhədə gedən müharibə, həm döyüş cəbhəsində gedən müharibə, həm də arxa cəbhədə yekdillik bir-birini tamamladı. Bu, bizim qələbəmizin düsturudur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ümummilli lideri və İlham Əliyev kimi lideri var. Buna görə də İlham Əliyevin adı Azərbaycan tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazıldı”.Daha sonra çıxış edən Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov bildirib ki, rəhbərlik etdiyi təşkilat Vətən müharibəsi dövründə aktiv olub, ordumuza ianələr edib və müxtəlif zəruri ləvazimatlar göndərib. Həmçinin həmin müddətdə Vətən müharibəsində iştirak etmiş AMEA əməkdaşlarının ailə üzvlərinə daim diqqət və qayğı göstərildiyini vurğulayıb.Akademiyanın Vətən müharibəsində 24 əməkdaşının iştirak etdiyini və onların ölkə başçısının müvafiq sərəncamları ilə medallarla təltif olunduqlarını deyən professor Habil Qurbanov Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun keçmiş əməkdaşı Manaf Bəhmənli və Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Mahsun Bağırzadənin şəhidlik zirvəsinə ucaldıqlarını diqqətə çatdırıb. O cümlədən Vətən müharibəsindən sonra bir neçə qazinin Akademiyanın təşkilatlarında işə götürüldüklərini söyləyib.AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma ZiM.Az-a bildirib ki, görüşdə, həmçinin AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bərdə Seysmik Stansiyasının müdiri Gəray Əsədov, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi Ruslan Məmmədov çıxış edərək döyüş təəssüratlarını bölüşüb, ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə isə çıxışında 44 günlük Vətən müharibəsi ilə xalqımızın qürurunun bərpa edildiyini və başımızın ucaldıldığını, müharibə iştirakçılarının hər birinin gələcək nəsillərə nümunə olduğunu söyləyib.Görüşdə döyüşlərdə iştirak etmiş akademiya əməkdaşlarından Aslanov Əhməd, Rəhimli Əmrah, Baloğlanov Xəlil, Rəhimov Elsevər, Qurbanzadə Sərvət, Haxıyev Sadiq, Azayev Qurbanəli, Qəribov Ramin, Səmədov Ruslan, Rəsulov Şahin, Məmmədov Elmar, Ağayev Pərviz, Salehli Orxan, Cəlilov Fuad, Mirzəyev Məhəmməd, Əliyev Firqət, Balayev Cəlal, Qədimov Xəyyam, Vəliyev Arzuman, Mustafayev Samir də iştirak ediblər. Sonda AMEA-nın Əsas binasında Akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşlarına həsr olunan xatirə guşəsinin açılışı baş tutub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.