ALTMIŞDAN YÜZƏ DOĞRU... Humanitar elmlər, Təbriklər 8 Haziran 482 0 1 2 3 4 5 Təhsilindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir insan ona bəxş edilən ömrü şərəf və ləyaqətlə yaşamağa borcludur. Həyatın mənası da elə bu keyfiyyətlər baxımından ölçülür. Qaldı ki, alim ömrü yaşamaq; bu, sözün əsl mənasında böyük bir məsuliyyəti özündə əxz edir. Bu müqəddəs yolun yolçuları sanki Allah tərəfindən müəyyənləşdirilmiş şəxslərdən ibarət olur. Elə o səbəbdən də “alim öldü, aləm öldü” deyilib. Deməli, aləmin ayaqda olması, cəmiyyətin sağlam məcrada qərarlaşması onun əsasən alim və ziyalı zümrəsinin yaşayıb-fəaliyyət göstərməsi ilə tənzimlənir. Yaşamaq isə yanmaqdır, gözəlliklər zəminində çarpışmaqdır, qurub-yaratmaqdır... Mikayıl Müşfiqin təbirincə desək, həqiqətən də:Bizə bu nazlı aləm görünərdi qaranlıqGözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq...Bəli, həyatın mənası yalnız ondadır; yaşamaq və yaratmaq. Kim ki bu sırada mövqe tutub, özünə layiqli yer qazanıb onlar həqiqi anlamda xoşbəxtdirlər. O şəxslər həm də yaşadıqları ömrün dəyərini, onun qiymətini duymağı bacarırlar.Yaşadığım ömrün müxtəlif məqamlarında nə çox dəyərli insanlarla rastlaşdım... nə çox ləyaqətli insanlarla qarşılıqlı münasibətlər zəminində ünsiyyət yaratdım... nə çox yaradıcı insanların məhsuldar fəaliyyətini görüb yaxşı bir mənada onların bu təqdirəlayiq bacarıqlarına həsəd apardım...Bu sırada tanıdığım insanlar arasında İLHAM TAHİROVun da xüsusi bir yerə sahib olduğunu qürurla səsləndirməyi özümə borc bilirəm.Professor İ.Tahirovun keçdiyi həyat yoluna boylandıqda ilk söylədiklərim bunlardan ibarətdir: O, filologiya üzrə elmlər doktoru, professor, müqəddəs bir elm məbədi kimi tanınan, hafizəmdə şərəflə özünə layiqli yer almış AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda uzun müddət fəadakarlıqla çalışan, hazırda həmin İnstitutun Hind-Avropa dilləri şöbəsinin müdiri, yaradıcı alim kimi bir çox şəxslərin elm aləminə qədəm qoymasında onların yoluna işıq saçan dəyərli bir ziyalıdır. Əminliklə deyə bilərəm ki, imkanları, mənsub olduğu bu kimi yüksək keyfiyyətləri ilə İlham Tahirov onu yaxından tanıyan bir çox şəxslərin hafizəsində artıq obrazlaşıb. İnsanı da ucaldan, onu qüdrət sahibi edən, ömür yolunu işıqlandıran, əməllərinə dəyər qazandıran elə bu kimi amillərdir.Təbii ki, İlham Tahirov haqqında söhbət açarkən onunla olan ilk tanışlıq illərimiz yada düşür, elə bu minivalla da xatirələr çözələnir... Tanışlığımız 90-cı illərin sonlarına – AMEA-nın Dilçilik İnstitutunun “Terminologiya” şöbəsində dissertant kimi qəbul olunduğum bir zamana təsadüf edir. O həmin zamanlarda İnstitutun elmi katibi vəzifəsində çalışırdı. Xoş münasibətlərimiz elə ilk görüşdən hasil oldu. Fəxarətlə deyə bilərəm ki, həmin münasibətlər artıq dostluğa çevrilib. İlkində çəkinə-çəkinə, sıxıla-sıxıla ayaq qoyduğum Dilçilik İnstitutuna İlham müəllimin və onun kimi digər dəyərli simaların xoş rəftarı sayəsində sidq-ürəklə, böyük coşqu ilə üz tutmağa başladım. Deyim ki, tez bir zamanda mötəbər elm məbədi olan AMEA-nın Dilçilik İnstitutu mənim üçün çox doğmalaşdı. Münasibətlərin mövcud məcrada qərarlaşmasında İlham Tahirovun xidmətlərini xüsusi qeyd etmək istərdim. Bu proses o qədər sürətlə gedirdi ki, az bir müddət ərzində akademik Ağamusa Axundovun, professor Məmməd Qasımovun, professor Müseyib Məmmədovun, professor Rəhilə Məhərrəmovanın, professor Məsud Mahmudovun, professor Sayalı Sadıqovanın, professor İsmayıl Məmmədlinin, professor İsmayıl Kazımovun və s. görkəmli dilçi alimlərin özümə qarşı xoş münasibətlərini duydum. Bu məni çox sevindirirdi, həm də bu münasibətlərdən dolayı çox qürurlu idim.İlham Tahirov çox diqqətcil, insanlara qarşı xüsusi qayğısı ilə seçilən bir ziyalıdır ki, bu xüsusda olan keyfiyyətləri onda dəfələrlə müşahidə etmişəm.Yeri gəlmişkən bir haşiyə çıxmaq istərdim...İlk elmi rəhbərim olan görkəmli dilçi alim, gözəl və xeyirxah bir insan professor Məmməd Qasımov 2000-ci ildə dünyasını dəyişdi. Bu dəm İlham müəllimin ciddi narahatlığını gördüm. Bu barədə İnstitutun direktoru Ağamusa Axundovla birgə fikir mübadiləsi aparması, gözəl və dəyərli bir insan, xeyirxahlıq nümunəsi kimi təfəkkürümdə dərin iz buraxmış görkəmli dilçi alim Müseyib Məmmədovun mənə yeni elmi rəhbər təyin edilməsi uğura aparan yolda mənim üçün bir tramplin rolu oynadı. Dissertasiya işimin müdafiəsi zamanı bütün məqamlarda İlham müəllim mənə dayaq olur, motivasiya verir, öz dəyərli fikir və məsləhətləri ilə məni çox ruhlandırırdı. Doktorluq dissertasiyası üzrə mövzumun təsdiqində də onun yanaşmaları göstərilən diqqətin daha bir bariz nümunəsi kimi xoş təəssüratlarla həmişə xatirimdədir.İlham Tahirov sözün əsl mənasında dəyərli alimdir, güclü erudisiyası var; fikir və tövsiyələri əhəmiyyətlidir. Bütün həyatını dilçilik elminin inkişafına həsr etmiş fədakar alimdir. O, dərin tədqiqatçı olmaqla məhsuldar bir alim ömrü yaşayır və öz halal zəhməti, gərgin, ardıcıl, yaradıcı əməyi sayəsində böyük müvəffəqiyyətlər qazanmaqdadır.İstər bəstəkar ol, istər nəqqaş ol.Şair ol, rəssam ol, heykəltəraş ol.Yaratdığın şeyi sevərək yarat.Hamıdan yüksək ol, hamıdan baş ol.Əbədiyaşar şairimiz Mikayıl Müşfiqə aid bu poetik nümunənin meyarları çərçivəsində əminliklə deyə bilərik ki, İlham Tahirov işinin əsl ustadıdır, yüksək tədqiqatçılıq qabiliyyətinə malik kamil bir düşüncə sahibidir. Qarşıya qoyduğu məqsədlər naminə çarpışmış, mücadilə etmiş və bugünkü səviyyədə özünə mövqe qazanmağa nail olmuşdur.İlham Tahirovun elmi-tədqiqat fəaliyyəti çox uğurludur. O, ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələ¬lərinə həsr olunmuş 6 monoqrafiya və kitabın, 2 dərsliyin, 5 proqram, 200-ə yaxın elmi məqalə və tezisin müəllifidir. Dərin tədqiqat əsərlərində öz dəyərli təklif və tövsiyələri ilə sahə nəzəriyyəsinə dair nəzəri fikirləri zənginləşdirmiş, Azərbaycan dilinin materialları üzrə leksik və sintaktik temporallıq məsələlərini ilk dəfə olaraq tədqiq etmiş, digər müxtəlif istiqamətlər üzrə fikir və düşüncələrini faktlar üzrə əsaslandırmışdır. O, dünyanın ən nüfuzlu ölkələrinin - Moskva, Sankt-Peterburq, Yerevan, Daşkənd, Tbilisi, Aşqabad, Tehran, Təbriz və sair universitetlərində keçirilən elmi konfranslarda, beynəlxalq simpoziumlarda mühazirələr oxumuş, tövsiyələr vermişdir.İlham Tahirovun fəaliyyəti çoxşaxəlidir. O, müəllimlik, elmi-tədqiqat fəaliyyəti ilə bərabər, həm də tərcüməçilik fəaliyyəti ilə də məşğuldur. O bir çox əhəmiyyətli vəsaitlərin tərcüməsini uğurla həyata keçirərək lazımi istiqamətlər üzrə istifadə olunması üçün təqdim etmişdir.İlham Tahirovu haqq-ədalət uğrunda hər zaman çarpışan görmüşəm... O. ədalətsizliyə qarşı bir barışmazlıq mövqeyi tutub. Onun bu xüsusiyyəti bəzən düzgün anlaşılmayıb. Ancaq o, elm yoluna qədəm qoyan şəxslərin bu müqəddəs yolun həqiqi yolçusu olması tərəfdarıdır. Onun düşüncəsi nöqteyi-nəzərindən bu istiqamətdə diqqətli olmaq gərəkir; çünki insan layiq olmadığı bir mərhələdə qərar tutduqda, onun ciddi, zərərli təbəddülatları baş qaldıra bilər. Bu baxımdan İlham müəllimin emosional tərzdə görünən çıxış və yanaşmaları, çılğınlıqla müşahidə edilən irad və tövsiyələri başa düşüləndir. Necə ki, xalq şairi Qabil deyir:Gərəksiz oluruq biz,Səhv düşəndə yerimiz...Təbii ki, bu da müsibətdir; çünki alim olan şəxsin öz auditoriyası formalaşır və fikirlərini öz auditoriyasına alim kimi yönəldir. Deməli, hər bir alim məsuliyyət məsələsini mütləq mənada diqqətdə saxlamalıdır. Bu baxımdan elm aləminə qədəm qoyan şəxslərə zəruri hallarda, vacib duyulan məqamlarda İlham müəllimin tövsiyə və məsləhətlər verdiyinin, mühüm əhəmiyyət kəsb edən yardımlar göstərdiyinin dəfələrlə şahidi olmuşam.Daim elmi axtarışda olan, dilçilik sahəsində ixtisaslı kadrların hazırlanması üçün xüsusi səy göstərən İlham Tahirov öz xeyirxahlıq əməlləri ilə də diqqət çəkir. Onun bu istiqamətdə faəliyyətinə nümunə kimi Lənkəran Dövlət Universitetinin əsas səhifəsində özünə yer almış mətbuat xidmətinin rəhbəri Elmira İsmayılovanın “Ən dəyərli hədiyyə” adlı yazısına nəzərləri yönəltmək istərdim. Həmin yazıda böyük minnətdarlıq hissi ilə İlham Tahirovun olduqca xeyirxah əmələ imza atıb, öz şəxsi kitabxanasından Lənkəran Dövlət Universitetinin İKT və Kitabxana mərkəzinə elmin müxtəlif sahələrini əhatə edən, tələbələrin ən çox ehtiyac duyduğu 171 nüsxə kitab-dərs vəsaiti hədiyyə etdiyindən bəhs edir. Kitabxana mərkəzinin rəhbəri Elazə Əhmədova bildirir ki, İlham müəllim bu günə kimi kitabxanaya bu qədər nüsxədə və sayda dərs kitabları hədiyyə edən ilk ziyalıdır. Elazə Əhmədova bütün tələbələrin və kitabxana əməkdaşlarının professor İlham Tahirova qəlbən təşəkkür etdiklərini də xüsusi ehtiramla dilə gətirir.Qeyd edək ki, İ.Tahirovun bu addımı ziyalılığın, xeyirxahlığın ən böyük nümunəsi kimi təqdirəlayiqdir. Onun bu əməlindən yüzlərlə tələbə zaman-zaman bəhrələnəcək, həmin vəsaitlərdən yetərincə yararlanmaqla mövcud istiqamətdə bilik və bacarıqlara yiyələnəcəklər.Alim kimi məsuliyyətini dərindən dərk edən professor İlham Tahirov elmi fəaliyyətində, o cümlədən dilçilik sahəsində alim kadrların yetişdirilməsində öz qüvvə bacarığını əsirgəməyərək səylə çalışır. Onun elmi rəhbərliyi ilə 7 nəfər fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş, bir neçə nəfər fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertasiya işlərini davam etdirirlər.Bəli, insanın şəxsiyyət kimi əsl dəyəri onun elmi, ziyalılığı, kamilliyi ilə ölçülür. Bu ağır, əziyyətli, eyni zamanda şərəfli işi özləri üçün müqəddəs bir amal olaraq seçənlər, yaşayıb-yaratdıqları həyatın vacib şərti kimi qəbul edənlər hər zaman böyük ehtiram sahibi olur, həm də ümumilli və bəşəri dəyərlərin qorunub zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Bu cür şəxsiyyətlərin düşüncəsi insanlıq duyğularından yoğrulur, onlar əsl səadəti başqalarının xoşbəxtlik və rifahında görürlər.İlham Tahirovla məni birləşdirən ortaq dəyərlərdən biri də hər ikimizin özünəməxsus keyfiyyətləri ilə tanınan, özəlliyi ilə diqqət çəkən, füsunkar təbiəti, adət-ənənələri ilə fərqlilik kəsb edən cənub diyarından olmağımızdır. Biz bir-birinə qonşu olan rayonlarda – o, Masallıda, mən isə Yardımlıda dünyaya göz açmışam. İ.Tahirov yurd təəssübkeşidir; Masallıya - o, gözəl məkana bağlılıq onun canında və qanındadır; ruhuna sirayət edib. Elə bu sırada ali məktəbi bitirdikdən sonra İlham müəllimin ata ocağım - mənə əziz və doğma olan Yardımlıda, Hamarkənd orta məktəbində təyinatla müəllim vəzifəsində işlədiyini də dilə gətirmək istərdim. Onun Yardımlıya olan xoş və səmimi yanaşması, o diyarın insanları ilə olan dostluq münasibətləri də etibarlılığın, ilk müəllimlik fəaliyyətinə başladığı bir məkana olan vəfasının bariz nümunəsi kimi, həm də məni təsirləndirən amillərdəndir.Dəfələrlə müxtəlif tədbir və məclislərdə, el şənliklərində İlham Tahirovla bir araya gəlmiş və bu sırada ona göstərilən hörmət və ehtiramın, xoş rəftarın dönə-dönə şahidi olmuşam. Deyərdim ki, bu da İlham müəllimin ətrafındakı insanlara qarşı olan xoş münasibətindən, təbiiliyi və səmimiyyətindən doğan bir əlamət kimi baş qaldırır.Professor İlham Tahirov artıq ömrünün kamillik dövrünə qədəm qoyub. O. keçdiyi ömür yoluna geri boylanıb baxdıqda fəaliyyəti ilə qürur duymaqda, fəxarət hissi keçirməkdə tam haqlıdır. Deyirlər ki, alim ömrü ömürlərə bağlıdır... Bəli, həqiqətən də elədir; İlham Tahirov da iftixarla deyə bilər ki, neçə-neçə ömrün formalaşmasında və yüksəlişində əvəzsiz xidmətləri olub. Bu da uca Tanrının ona bəxş etdiyi ən böyük bir töhfədir ki, o da hər kəsə müyəssər olmur. Əsl və şərəfli alim ömrü, dəyərli ziyalı ömrü elə budur! Ömür yolunun bu möhtəşəm çağında inamla addımlayan İlham müəllimin, inanıram ki, görəcəyi bir çox əhəmiyyətli işlər, elm aləminə bəxş edəcəyi dəyərli töhfələr hələ qarşıdadır...Mənim könlüm deyir ki,Hələ bunlar nədir ki...Böyük günlər, şanlı günlər,şən günlər,Yoluna düşən günlərHələ qarşımızdadır!Əziz İlham müəllim! Sizi 60 yaşınız – yubileyiniz münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm! Çağımızın bu xoş məqamında arzum budur ki, canınız sağlam, uğurlarınız bol olsun! Əhvalınızda qoy hər zaman bahar təravəti sezilsin, yaz nəfəsi duyulsun! Uca Tanrının qüdrətli nəfəsilə sehrlənmiş bu nazlı aləmdə xoş duyğuların, sevinc dolu anların, könlünüzü və ruhunuzu oxşayası bir ömrün əhatəsində həm gözəl çarpışıb, həm də gözəl yaşayasınız...Dəyərli İlham müəllim, arzularımın davamı kimi öz xoş və səmimi niyyətlərimi fikir dünyasından süzülüb gələn aşağıdakı bəlağətli şeir nümunəsi ilə bir daha ünvanınıza çatdırmaq istərdim:Altmışdan yüzə doğru yolların hamar olsun,Yoluna qar yağmasın, həmişə bahar olsun.Qəlbində sevgi odu, gözlərində nur görüm,Diləklərin gül açsın, Tanrı sənə yar olsun!Əziz dost, çağdaş dövrdə Azərbaycan adlı dünyamızın Sizin tək alimlərə, vətənpərvər ziyalılara böyük ehtiyacı olduğu duyulur...Allah Sizi və sevdiklərinizi qorusun!YENİ YAŞINIZ – 60 İLLİK YUBİLEYİNİZ MÜBARƏK!Həbib Mirzəyevfilologiya üzrə fəlsəfə doktoru, dosentAzərbaycan Texniki Universitetinin“Humanitar fənlər” kafedrasının müdiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.