MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse) Humanitar elmlər, Borçalı, Darvaz, Unutsaq, unudularıq!.., Mədəd Çobanov 12 Haziran 787 0 1 2 3 4 5 Əbədiyyətə qovuşan hər bir insanın əməlinə görə urvatı və dəyəri olur. Həyatda itirdiyimiz insanlar çoxdur. İtirdiklərimizin hər biri bizim üçün ağır olsa da, ziyalı itkisinə daha çox təəssüflənirik. Ziyalı sağlam cəmiyyətin, bəşəriyyətin parlayan günəşidir. Zərrəçikləri ətrafa nə qədər çox düşürsə, o qədər də sağlam düşüncə sahibləri yetişir, ziyalı ordusuna qatılır və bu ordu öz gücünü məhz, yeni təfəkkürlü savadlı insanların artmasına sərf edir. Türkoloq alim, filologiya elmləri doktoru, professor kimi iz qoyan Mədəd Çobanovun 3 iyun 2023-cü ildə dunyaya əbədi göz yummasını elmin iri gövdəli ağacının budaqlarından birinin sınması kimi qarşıladım. 86 illik mənalı və maraqlı ziyalı ömrünün arzuları tükənməmişdi, yenə də elmə yeni töhfələr vermək, yaşamaq, yeniliklərə imza atmaq istəyirdi, amma ömür vəfa etmədi... Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu birirdikdən sonra elmin dərin qatlarındakı sirləri üzə çıxarmaq, tədqiqat aparmaq, elm dəryasında burulğanlara qalib gəlmək istəyi ilə əvvəlcə bu institutda müəllim kimi çalışmağa başlayıb. Əziyyəti hədər getməyib. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1993-cü ildə isə professor seçilib. 1994-cü ildən Bakıda elmi və pedaqoji fəaliyyətini davam etdirən Mədəd Çobanovun səsi müxtəlif ali məktəblərdən, elm ocaqlarından, beynəlxalq qurultaylardan, simpoziumlardan və elmi-praktik seminarlardan gəlib. Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində böyük əməyi olan professor onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçisi olub. Müəllifi olduğu 80-dən çox elmi kitab, 15 monoqrafiya, dərslik və dərs vəsaitləri tanınmış elm adamları tərəfindən yüksək dəyərləndirilib. Elmi məqalələri və kitabları ölkədən kənarda da çap olunub və yayılıb. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Türkiyə Dil Kurumunun üzvü olan Mədəd Çobanovun “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan antroponimiyasının əsasları”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,”Dilçilik məsələləri” və s. özündən sonra qalan zəngin ədəbiyyat xəzinəsidir. Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru olmaqla yanaşı müxtəlif komissiya və redaksiya heyətlərinin üzvü seçilən türkoloq, professorun çəkdiyi əziyyətlər dövlət tərəfindən layiqincə qiymətləndirilib. Əməyinə görə verilən Fəxri fərmanlar, medallar və müxtəlif mükafatlar, layiq görüldüyü Prezident təqaüdü 86 illik dəyərli ömür səhifələrində silinməz iz salıbdır.Borçalı mahalından olan, elmin zirvəsində günəş tək parlayan professor Mədəd Çobanov Türk Ədəbiyyatında imzasını əbədi möhürləmiş unudulmaz, əbədiyaşar, fenomen şəxsiyyətdir. Qürurverici odur ki, beş övladından üçü alimdir. Davamçıları arasında yeganə oğlu olan filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı da var. Mədəd Çobanov kimi ziyalının itkisi ağır olsa da onun keçdiyi şərəfli ömür yollarından çoxlarının həyatına çilənən nur onları elmin yüksək zirvəsinə ucaldacaqdır. Zaman keçəcək Mədəd Çobanovun yetirmələri də, özü kimi elm ocağının gur işığında nadir şəxsiyyətlər kimi tanınacaqlar. Humanist, demokratik düşüncənin, yüksək milli və bəşəri dəyərlərin daşıyıcı olan Mədəd Çobanov kimi ziyalının itkisi ağır olsa da, özündən sonra qoyduğu zəngin irs ədəbiyyat xəzinəsinin dəyərli sərvəti kimi qalacaq və onu daim yaşadacaqdır. Bu əvəzsiz sərvətdən faydalanan hər bir kəs Mədəd Çobanovun ruhu qarşısında baş əyəcək və əməyinə təzim edərək ona Allahdan rəhmət diləyəcəklər. P.S. 2021-ci ildə “Borçalı” nəşriyyatında çapdan çıxan “Qayıt. Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar” adlı romanımın rəyçisi olan professor Mədəd Çobanova Allah rəhmət eləsin! Ruhu şad olsun! RƏNA TƏBƏSSÜMAJB-nin üzvüZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.