AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub Əsas xəbər, "Zirvə" 29 Nisan Bakı, 29 aprel, K.Əliyeva, X.Cəfərova, AZƏRTACMüstəqil Azərbaycanın inkişafının əsasında neft kapitalı ilə insan kapitalının, ölkənin təbii resursları ilə intellektual potensialın vəhdəti strategiyası dayanırAprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.Əvvəlcə iştirakçılar akademiyanın elmi müəssisə və təşkilatlarının 2015-ci ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümumi yığıncağı açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.Sonra AMEA prezidentinin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası istiqamətində akademiyada görülən işlər barədə yekun hesabat məruzəsi dinlənilib.A.Əlizadə akademiyanın 2015-ci ildə dövlətimizin başçısının elmin inkişafına dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi həyata keçirilən islahatların əsas prinsiplərini təşkil edib.Bu il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycanın strateji hədəflərə doğru inamla irəlilədiyini vurğulayan A.Əlizadə deyib: “Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev hələ on il bundan əvvəl “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını elan etməklə intellektual inkişaf modelinə əsaslanan modern cəmiyyət quruculuğunun Azərbaycan üçün də əsas hədəf olduğunu bütün dünyaya bəyan etdi. Son vaxtlar dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, dünyada iqtisadi böhranın dərinləşməsi bir daha sübut etdi ki, Prezident İlham Əliyevin xeyli öncədən müəyyənləşdirdiyi intellektual inkişaf strategiyası tamamilə düzgün seçim idi. Müstəqil Azərbaycanın inkişafının əsasında neft kapitalı ilə insan kapitalının, ölkənin təbii resursları ilə intellektual potensialın vəhdəti strategiyası dayanır. Dünyada və regionda baş verən böhranlara, kataklizmlərə baxmayaraq, biz “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərildiyi kimi, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinə doğru irəliləməkdəyik".Akademik A.Əlizadə elmin inkişafı üzrə Milli Strategiyada əksini tapan Azərbaycan elminin gələcək hədəflərini nəzərdə tutan əsas istiqamətlər barədə danışıb. Vurğulanıb ki, AMEA-da elmi-analitik təhlillərin aparılması üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədəki işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin dəyərləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənib hazırlanıb. Elmi-tədqiqat müəssisələri haqqında toplanmış məlumatlar elmmetrik araşdırmaların nəticəsi əsasında təhlil edilib və konkret proqramla 2009-2013-cü illər ərzindəki elmi fəaliyyətin ilkin qiymətləndirilməsi həyata keçirilib. Strategiyada iki mühüm meyar − dünya elminin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn Azərbaycan elminin hədəfləri əsas götürülüb. Həmin istiqamətdə görülən işlərlə bağlı geniş məlumat verən AMEA-nın rəhbəri bu vəzifələrin öhdəsindən gəlmək üçün növbəti mərhələdə də elmin inkişafı üzrə Milli Strategiyanın qəbul edilməsinin zəruriliyini diqqətə çatdırıb. Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.Yığıncaqda təhsil naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqrami”nın icrası çərçivəsində AMEA ilə əməkdaşlıq sahəsində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış ediblər. Fasilədən sonra ümumi yığıncaq işini davam etdirib.Akademik A.Əlizadə AMEA-nın 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında danışıb. O, elmi infrastrukturun modernləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qabaqcıl texnologiyalar əsasında qurulması, yüksəkixtisaslı kadrların hazırlanması, elm, təhsil və istehsalın inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində görülən işlər barədə geniş məlumat verib. Hesabat ilində AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü əlaqələndirilməsi üçün mühüm tədbirlərin həyata keçirildiyi bildirilib. Akademik deyib ki, bu tədbirlər, əsasən AMEA-da elmi-təşkilati fəaliyyətin yeni əsaslarla təşkili, elmi kadr hazırlığı, elmi-innovativ fəaliyyətin gücləndirilməsi, hüquqi islahatların həyata keçirilməsi, elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin qurulması, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi və digər istiqamətləri əhatə edir.A.Əlizadə ötən il AMEA-nın 70 illiyinin tamam olduğunu, Azərbaycan Prezidentinin bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi haqqında müvafiq Sərəncamından irəli gələn vəzifələri rəhbər tutaraq, beynəlxalq və respublika miqyaslı çoxsaylı tədbirlərin təşkili, akademiyanın tarixi və onun görkəmli nümayəndələri barədə kitabların nəşri, elmin populyarlaşdırılması və təbliği, gənclərin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.AMEA-nın rəhbəri bildirib ki, Prezident İlham Əliyevin akademiyanın yubiley tədbirində çıxışı zamanı irəli sürdüyü elmi prioritetlərin icrasının təmin olunması üçün müvafiq qərarlar qəbul edilib, elmi müəssisələr və alimlər qarşısında konkret vəzifələr müəyyənləşdirilib.Elmlə təhsilin inteqrasiyası istiqamətində görülən işlərə də toxunan akademik qeyd edib ki, AMEA-da təhsilin inkişafı üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilib, bir sıra institutların nəzdində bəzi ali təhsil müəssisələrinin baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb. Akademiyada magistratura təhsilinin yaradılmasını elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət kimi dəyərləndirən A.Əlizadə məlumat verib ki, ilkin olaraq doqquz ixtisas üzrə magistratura təhsili həyata keçirilib, növbəti təhsil ili üçün 63 nəfərin magistraturaya qəbulu gözlənilir.AMEA-nın prezidenti gələcəkdə həyata keçiriləcək tədbirlərdən də danışıb. Vurğulanıb ki, fundamental və tətbiqi tədqiqatların prioritetlərini respublikanın mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan alimlərinin qəbul olunmuş dövlət proqramlarının icrasında iştirakını təmin etmək, elmimizi beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində aparılan islahatları inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdəndir. Bu vəzifələrə, həmçinin, Azərbaycan elminin dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemlərini müzakirə edib həlli yollarını üzə çıxarmaq, milli innovativ mühiti formalaşdırmaq, elm-təhsil-istehsalat münasibətlərini inkişaf etdirmək daxildir.A.Əlizadə əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Azərbaycan alimlərinin dövlətin elmə olan diqqət və qayğısı, həmçinin elmi potensialın müasir tələblər səviyyəsində səfərbər edilməsi nəticəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirib. Sonra hesabat ətrafında müzakirələr aparılıb.Akademik Kamal Abdullayev hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında söhbət açıb. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım kimi səciyyələndirən akademik qeyd edib ki, multikulturalizmin Azərbaycan modeli tarixi-milli dəyərlər, tolerantlıq üzərində təşəkkül tapıb və burada azərbaycançılıq prinsipi xüsusi önəm daşıyır. Dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqinin gözəl nəticələr verə bilər. Multikulturalizm siyasətinin meydana gəlməsi onun elmi cəhətdən öyrənilməsinə də təkan verib. Bu fenomen yaranan dövrdə onu Qərb ölkələrində öyrənən tədqiqatçılar multikulturalizmin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində səmərəli bir siyasət modeli olmaqla yanaşı, eyni zamanda, onun mütərəqqi bir model olduğunu da qeyd edirlər.Akademiklər Dilqəm Tağıyev, Pərviz Məmmədov, Abel Məhərrəmov, AMEA-nın müxbir üzvləri Afiq Həsənov, Saleh Məhərrəmov, Hilal Bilalov, Şahin Mustafayev hesabat məruzələri ilə bağlı çıxış edib, təkliflər səsləndiriblər. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev akademiyanın 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı sualları cavablandırıb.Ümumi yığıncağın qərarı ilə AMEA-nın 2015-ci ildəki fəaliyyəti haqqında hesabat qənaətbəxş hesab olunaraq təsdiqlənib.Tədbirdə AMEA-da bəzi struktur islahatları ilə bağlı məsələlər də müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları sahiblərinə təqdim edilib.Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə, akademik Böyükkişi Ağayev Azərbaycanda qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə, o cümlədən üçcildlik “Cərrahi əməliyyatların atlası” kitabının hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.Yarımkeçiricilərin zona strukturu və rəqs spektrlərinin hesablanması, darzolaqlı və Keyn spektrli yarımkeçiricilərin nəzəriyyəsinin yaradılması üzrə silsilə əsərlərinə görə akademik Firudin Haşımzadəyə AMEA-nın Nəsrəddin Tusi adına, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi irsinin tədqiqində xidmətlərinə görə professor Firəngiz Əlizadəyə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, Azərbaycanda körpə və uşaqlarda ürək-damar sistemi xəstəliklərinin yayılmasının tədqiqi, kliniki xüsusiyyətlərinin aşkarlanması, terapevtik və cərrahi müalicə üsullarının sistemli tətbiqinə görə akademik Adilə Namazovaya AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları verilib.Azərbaycanın neft-qaz yataqlarından çıxarılan neftin tərkib və xassələrinin öyrənilməsi, yüksək keyfiyyətli baza yağlarının tədqiqi və istehsalatda tətbiqi sahəsində xidmətlərinə görə Akademiyanın müxbir üzvü Fəzilə Səmədova AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, Azərbaycan ərazisində yer qabığının dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi sahəsində əldə etdiyi fundamental nəticələrə görə akademik Pərviz Məmmədov AMEA-nın akademik Musa Əliyev adına mükafatı, Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə AMEA-nın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatlarına layiq görülüblər.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.