Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb Əsas xəbər, Nazirlik, AzTU 10 Mart Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə təhsil naziri Emin Əmrullayev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və müsabiqə qalibləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib. İdarə Heyətinin sədri təqaüd proqramları haqqında ətraflı bəhs edərək, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.Zakir İbrahimov, həmçinin Səhmdar Cəmiyyətin Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəb və peşə təhsili məktəblərinə kadr hazırlığı sahəsində gördüyü işlərdən bəhs edib. Sədr mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə 8 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görüdüyünü bildirib. İdarə Heyətinin sədri bildirib ki, ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin Cəmiyyətin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir.Təhsil naziri Emin Əmrullayev peşə sahəsində “AzerGold” QSC ilə mövcud əməkdaşlığın əhəmiyyətinə toxunub. Nazir bildirib ki, təqaüd proqramının tətbiqi gənclər üçün stimul kimi qiymətləndirilə bilər. O, həmçinin işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılmasının zəruriliyindən danışıb. Emin Əmrullayev çıxışının sonunda təqaüd proqramını qazanmış tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov da öz növbəsində “AzerGold” QSC ilə PTDA arasında mövcud əməkdaşlıqdan danışıb.Daha sonra çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev təqaüd proqramında iştirak edən və qalib gələn tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Rektor “AzerGold”la universitet arasında imzalanmış anlaşma memorandumu çərçivəsində görüləcək işlər və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramının əhəmiyyətindən danışıb.Tədbirdə qeyd edilib ki, ali təhsil müəssisələrindən 9, peşə təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə 27 qalibin hər biri üçün 9 ay müddətində ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə artıq başlanılıb. Proqramda iştirak etmiş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.Sonda təqaüd proqramını qazanmış tələbələrə sertifikat və xatirə hədiyyələri təqdim olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.