AZƏRBAYCANIN GÜRCÜSTANDAKI İLK DİPLOMATİK NÜMAYƏNDƏSİ Gürcüstan, Tarix 1 Kasım İstiqlal bəyannaməsini qəbul edənlərdən biri də M.Y.Cəfərov olmuşdu Məmməd Yusif Cəfərov Dövlət Dumasında çar hökumətinin müstəmləkəçilik siyasətini tənqid edirdi 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının istiqlaliyyətini elan edərək onun müstəqillik əzmini nümayiş etdirdi. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil oldu. M.Ə.Rəsulzadənin dediyi kimi bu, "Azərbaycan xalqının öz ruhundan doğan bir ümummilli hərəkat, hadisə idi". Fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətində humanitar milli ənənənin, ədəbi, hüquqi, fəlsəfi fikrin, milli "Mən"in və milli dövlət şüurunun, bütövlükdə xalqın azadlıq hərəkatının tarixən qanunauyğun və məntiqi yekunu kimi təşəkkül tapmışdı. Yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin elə ilk günlərində, daha doğrusu, 1918-ci il iyunun 27-də öz dövlət dili haqqında qərar verdi. Azərbaycan dilinin rəsmi dövlət dili olması məhz elə bu qərardan başlayır.Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Respublikasının Gürcüstandakı ilk diplomatik nümayəndəsi, Məmməd Yusif Hacıbaba oğlu Cəfərovdur. Məmməd Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olub. O, görkəmli pedaqoq, jurnalist Əliisgəndər Cəfərzadənin kiçik qardaşıdır. M.Cəfərov orta təhsilini Bakıda alıb, sonra isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olub.1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y.Cəfərov "Nikahın şəriət üzrə pozulması" haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edir. O, həmin il Peterburqda çağırılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilir. M.Cəfərov Dumada Kadet partiyasına qoşulur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutur. Bakıdakı Aleksandrovsk gimnaziyasının və Moskva Universitetinin hüquq fakültəsinin məzunu, andlı müvəkkil köməkçisi M.Y.Cəfərov Dumanın müsəlman fraksiyasının 5-ci şöbəsinin büdcə, köçürmə komissiyasının üzvü olur. Müsəlman fraksiyası Dumanın 11 komissiyasında nümayəndəlk qazanaraq öz nümayəndəsini Dumanın rəyasət heyətinə daxil etməyə də nail olur. Fraksiya parlamentlarası ittifaqın rus qrupunda iştirak etməyə başlayır. M.Cəfərov və K.Tevkeyev də onun tərkibinə daxil edilir. Burada o, qrup katibinin müavini seçilir. Hüquq təhsili almış və peşəkarlıq cəhətdən yaxşı hazırlığı olan M.Cəfərov demək olar ki, fraksiyanın özəyini təşkil edirdi. 1913-cü ilin martında onun üzvü olduğu fraksiyaya hökumətin həmin vaxtlar rəsmi "Rossiya" qəzetində müsəlman mətbuatının icmalçısı olan M.Şahtaxtinski müsəlmanların mənafelərini əks etdirmək üçün Peterburqda rus dilində qəzetin nəşrinə nail olunmasına yardım göstərilməsi üçün müraciət edir və onun təklifini M.Cəfərov dəstəkləyir. Məhz elə onun təşəbbüsü ilə fraksiya 1914-cü ilin aprelində özünün mətbu orqanı olan "Millət" qəzetini buraxmağa başlayır. O, Romanovlar sülaləsi çarlığının 300 illik yubileyində iştirak edir. M.Cəfərov Peterburqda inşa edilən məscid üçün 20 min rubl ianə etmək arzusunda olduğunu Buxara əmirinə bildirir və buna görə əmir tərəfindən 1-ci dərəcəli "Ulduz" ordeninə layiq görülür. Çıxışlarını hazırlamaq üçün tez-tez Azərbaycanın kənd və şəhərlərinə baş çəkən, ictimaiyyət arasında, eləcə də mitinqlərdə görünən M.Cəfərov 1917-ci il martın 24-də keçirilən mitinqdə çıxış edərək hazırki məqamın milli şüarlar irəli sürmək vaxtı olmadığına diqqəti cəlb edərək bütün milli tələblərin Müəssislər Məclisi tərəfindən yerinə yetiriləcəyini qeyd edir və Qafqazın bütün xalqlarını birləşməyə çağırır.1914-cü ilin iyununda Peterburqda müsəlmanların növbəti qurultayı keçirilir. Bu qurultayda M.Cəfərov çıxış edərək müsəlmanların mənəvi məsələlərinin təşkilinə dair hökumət tədbirlərinin tarixi icmalını verərək mövcud qanunvericiliyi təhlil edir və xalqın mənəvi həyatına hökumətin müdaxilə etməsinin arzuolunmazlığını göstərir. 1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdi. Həmin il martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə M.Cəfərov daxil olmaqla Dövlət dumasının 5 nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik M.Cəfərova tapşırıldı. O, 1917-ci ilin noyabrın 15-dən Zaqafqaziya Komissarlığında sənaye və ticarət komissarı idi. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ictimai-siyasi xadimi, Zaqafqaziya komissarlığı müsəlman fraksiyasının, Zaqafqaziya Seyminin üzvü R.Vəkilov "Azərbaycan Respublikasının yaranma tarixi" kitabında bu barədə yazır: "İnqilabın ilk günlərində, martın 9-da Dövlət Dumasının Zaqafqaziya deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökumətin qərarına əsasən, Dövlət Duması üzvlərindən Zaqafqaziyanın idarəsi üçün xüsusi komitə təşkil edildi. V.Xarlamovun sədrlik etdiyi komitənin tərkibi M.Y.Cəfərovdan, M.İ.Papacanovdan və A.İ.Çxenkelidən ibarət idi. Onlar işlərin vəziyyəti ilə tanış olmaq və əhali nümayəndələri ilə məsləhətləşmək üçün uzun müddət Bakıda dayandıqdan sonra martın 18-də Tiflisə gəldilər. Martın 30-da xüsusi Zaqafqaziya komitəsinin (OZAKOM) təşkili başa çatdı". 1917-ci ilin noyabrın 15-də Əmək və Xarici işlər Nazirliyinin işi üzrə komissar Y.P.Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya komissarlığı təsis ediləndə ticarət və sənaye naziri M.Y.Yusifov və nəzarət naziri Xəlil bəy Xasməmmədov Azərbaycan tərəfindən tərkibə daxil edilmişdi. 1918-ci ilin yanvarında Türkiyə Transqafqaz hökuməti ilə sülh danışıqlarına başlamağa təşəbbüs edəndə müsəlman fraksiyası müzakirələrin gedişində Türkiyənin təkliflərinin qəbul edilməsinin mümkün olduğunu hesab etdi. Sülh məsələsi haqqında gedən müzakirələrdə Azərbaycan nümayəndələrindən hökumət üzvləri X.Məlikaslanov, M.H.Hacinski və eləcə də M.Y.Cəfərov iştirak edirdilər.1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi açıldı. Zaqafqaziya Seymində dörd müsəlman fraksiyası: Federalistlərin Türk Demokrat Partiyası "Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist qrupu", "Rusiya müsəlmançılığı" ("İttihad"), Sosial-demokrat (menşevik) "Hümmət" partiyası fəaliyyət göstərirdi. Məmməd Yusif Cəfərov Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və başqa görkəmli şəxslərlə yanaşı "Müsavat" və demokratik bitərəflər qrupu tərəfindən bu Seymə seçilmişdi. Onun elə ilk iclaslarında rəsmi olmasa da, təmsil olunan xalqların sayına görə üç milli sektor: erməni, gürcü və türk sektoru yaranır. Bu sektorun nümayəndələri öz millətlərinin deyil, partiyalarının adından çıxış edərək milli münasibətlərin kəskinliyini yumşaltmağa çalışsalar da, onların ciddi-cəhdləri bir nəticə verməmişdi. Odur ki, sonralar Zaqafafqaziya Seymi məhz orada təmsil olunan xalqların milli mənafelərinin toqquşması zəminində dağılmışdı.Zaqafqaziya müsəlmanlarının mənafeyinin hər cür fitnə-fəsaddan qorunması Seymdə iştirak edən müsəlman siyasi partiyalarının üzərinə düşürdü. Bu partiyaların ümumi razılığı ilə müsəlman fraksiyalarının birləşmiş iclaslarının Rəyasət heyəti kimi "Müsavat" fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti qəbul edilmişdi: M.Ə.Rəsulzadə (sədr), M.Y.Cəfərov və Nəsib bəy Usubbəyov onun müavinləri, M.Mahmudov və Rəhim Vəkilov (katiblər), M.-b. Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər).Zaqafqaziya Seymi öz işini buraxandan sonra onun bütün keçmiş müsəlman üzvləri yığıncaq keçirib, hər bir fraksiyanın tərkibinə mütənasib olaraq kooptasiya hüququ ilə özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan edərək ölkəni idarə etmək məsuliyyətini öz üzərinə götürdü. Məhəmməd Əmin Rəsulzadənin sədr seçildiyi Milli Şura üzvülüyünə seçilənlərdən, eləcə də 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edənlərdən biri də M.Y.Cəfərov olmuşdu.1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi və maliyyə məsələlərini, habelə sərhəd məsələlərini həll etmək üçün çağırılan Qafqaz konfransında Azərbaycanın nümayəndələri tərkibində M.Y.Cəfərov xarici işlər naziri kimi iştirak etmişdi. 1919-cu il dekabrın 14-də o, Azərbaycan Xarici İşlər Nazirliyində bu konfransın işi barəsində çıxış edərək demişdi: "Zaqafqaziyanın ayrı-ayrı müstəqil respublikalara - Ermənistana, Gürcüstana və Azərbaycana parçalanması nəticəsində təəssüf ki, bütöv bir sıra həll edilməmiş mübahisəli məsələlər qalıb. Bunlardan ən başlıcaları - respublikalar arasında qarşılıqlı münasibət və ərazi məsələləridir. Zaqafqaziya hökumətləri bu məsələləri həll etmək üçün dəfələrlə cəhd göstəriblər. Bu cəhdlərdən biri Tiflisdə açılmış Zaqafqaziya konfransı idi. Bu konfrans həllini gözləyən məsələlərin və Zaqafqaziya respublikaları arasında mehriban qonşuluq münasibətləri yaradılmasının əsas müddəalarını müəyyənləşdirdi. Təəssüf ki, yaranmış siyasi şərait bu konfransın başa çatmasına imkan vermədi və məsələlərin bir hissəsi həll edilməmiş qaldı. Ancaq həyat bu məsələlərin həllini təkidlə tələb edirdi. Nəticədə Azərbaycan, Gürcüstan və Ermənistanın baş nazirləri arasında anlaşma baş verdi. Burada iki respublika arasında qarşılıqlı münasibətlərin bir sıra məsələləri nəzərdə keçirildi. Onlardan ən başlıcası ərazi məsələsi - Ermənistan və Azərbaycan arasında mübahisəli ərazilər idi. 23 noyabr anlaşması bu mübahisələrin həlli üçün əsas müddəaları müəyyənləşdirdi və hazırkı konfransın əsas vəzifəsi bu müddəaları işləyib hazırlamaq idi". 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. M.Y.Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinetdə sənaye və ticarət naziri olmuşdu. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmiş, daha doğrusu, ilk səfiri olmuşdu. M.Y.Cəfərov Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi kabinetdə 1919-cu ilin aprelindən 1920-ci ilin martınadək xarici işlər naziri təyin olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri "Zaqafqaziyada rus siyasətinə aid sənədlər" kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan parlamentinin üzvü bitərəf M.Y.Cəfərov 1919-cu ilin oktyabrında "Türk Ədəmi-mərkəziyyət Musavat" partiyası sıralarına daxil olmuşdu. 1919-cu il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan öz istiqlallarının birinci ildönümünü təntənə ilə bayram etdilər. Könüllü ordunun, yəni Denikinin ordusunun bir tərəfdən Azərbaycana, digər tərəfdən Gürcüstana hücumu gözlənildiyi üçün iyunun 27-də Azərbaycanla Gürcüstan arasında üç il müddətinə hərbi-müdafiə razılığı bağlandı. Bu sənədi Gürcüstan Respublikası adından xarici işlər naziri Qeqeçkori, hərbi və daxili işlər naziri Ramişvili, müdafiə naziri general Qedevanişvili, hərbi şuranın üzvü general Odişelaşvili, Azərbaycan Respublikası adından xarici işlər naziri Cəfərov, müdafiə naziri, general Mehmandarov, baş qərargah rəisi, general Sulkeviç imzalamışdılar.M.Ə.Rəsulzadə, A.Kazımzadə, Tağı Nağı oğlu tərəfindən 1911-ci ildə yaradılan bu partiya sayımlı bir partiyaya çevrilərək yarandığı andan Azərbaycanın müstəqilliyi ideyasını həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. Həmin ilin dekabrında Yusifbəyli kabineti istefaya çıxdığı üçün M.Y.Cəfərov da tutduğu vəzifəni tərk etmişdi. O, 1920-ci ilin fevralında Azərbaycan parlamenti sədrinin müavini vəzifəsinə seçilmişdi. Parlament sədri Ə.Topçubaşov Bakıda olmadığı üçün M.Y.Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdi.1920-ci il aprelin 27-də M.Y.Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M.Y.Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan Şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləyib. O, 1938-ci il mayın 15-də Bakıda vəfat edib. Nəhayət, onu da qeyd etmək lazımdır ki, son dövrlərdə Tbilisidə nəşr olunan ikicildlik "Gürcü diplomatik lüğəti"ndə təkcə 1996-cı ildə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş və 8 ildən çox bu vəzifədə çalışan Hacan Hacıyev haqqında məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olmuş, Gürcüstandakı ilk diplomatik nümayəndəsi, daha doğrusu, ilk səfiri Məmməd Yusif Cəfərov barəsində, sonralar bir müddət onun işini davam etdirmiş Faris bəy Vəkilov, xarici işlər naziri M.H.Hacinski, eləcə də Azərbaycanda məsul vəzifələrdə çalışan, bir vaxtlar da Azərbaycan Respublikasının xarici işlər naziri işləmiş, diplomatik sahədə böyük təcrübəsi olan həmyerlimiz Həsən Həsənov, peşəkar dimlomat olan həmyerlimiz Ramiz Həsənov barəsində, ümumiyyətlə, diplomatik fəaliyyətləri ilə Gürcüstanla bağlı olan, Azərbaycan tarixinə düşənlər barəsində heç bir məlumat yoxdur. Mirzə Məmmədoğlu . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.