“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” – Əhməd İmamquliyevlə müsahibə

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” – Əhməd İmamquliyevlə müsahibə Gürcüstanın sabiq prezidenti
Mixail Saakaşvilinin lideri olduğu
Vahid Milli Hərəkat Partiyasında
parçalanma baş verib, nəticədə
çoxlu sayda deputat
eks-prezidentin təşkilatını
tərk edərək yeni partiya
yaratdıqlarını elan ediblər.
24saat.org Gürcüstan daxili siyasi prosesləri vaxtı ilə Mixail Saakaşvilinin ən yaxın adamlarından biri olan Əhməd İmamquliyevlə müzakirə edib.
Gürcüstan Azərbaycanlıları N:1-in yayımladığı həmin müsahibəni biz də ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


– Əhməd bəy, Vahid Milli Hərəkat Partiyasında parçalanma varmı?
– Bəli, parçalanma baş verib. Həqiqətən də
Vahid Milli Hərəkat Partiyası iki yerə bölündü.
27 deputatdan 21 nəfəri bizim komanda da yer aldı, 5 deputat Saakaşvilinin partiyasında qaldı, 1 deputat Azər Süleymanov isə hələlik qərarını qətiləşdirməyib. Mən özüm də Saakaşvilinin yanında deyiləm, artıq yeni yaradılan Avropalı Gürcüstan Partiyasına daxil olmuşam.

– Parçalanmaya səbəb nə oldu?
– Səbəb 2016-cı il parlament seçkilərindən sonra yaranan durum olub. Daha doğrusu səbəb seçkidən sonra bizimlə indi Vahid Milli Hərəkat Partiyasında qalan insanlar arasında fikir ayrılıqları oldu. Biz parlament seçkilərindən sonra Saakaşvilinin düşüncələrinə zidd düşüncələr ortaya qoyduq, öz fikirlərimizi irəli sürməyə başladıq, alternativ yanaşmalarımız oldu. Saakaşvili bildirdi ki, 27 deputat parlamenti boykot etsin və partiya II tur parlament seçkilərinə qatılmasın. Biz isə Siyasi Şuranın verdiyi qərarla parlamentdə iştirak etdik və II tur seçkilərinə qatıldıq. Saakaşvili də bundan əsəbləşdi. Üstəlik onun tərəfdarları partiya daxilində parlamentə gedən deputatlara müxalif oldu, onları satqın adlandırmağa başladı. Biz də düşünürük ki, demokratiyada fikir ayrılığı olmalıdır. Odur ki, partiyadan ayrıldıq. Bunun səbəbkarı isə elə Saakaşvilinin özü oldu. Çünki cənab Saakaşvili onun qatı tərəfdarı olan və bizləri satqın adlandıran şəxsləri sakitləşdirmədi. Əksinə, onlara əsas verdi ki, bizimlə bağlı əsassız və artıq söhbət etsinlər. Son nəticədə də parçalanma baş verdi.

– Gürcüstanda Saakaşvilinin güclü elektoratı var. Bəs bu elektorat sizi müdafiə edəcəkmi?
– Mən deyə bilmərəm ki, Vahid Milli Hərəkat Partiyasının elektoratında necə faizi onları, neçə faizi isə bizi dəstəkləyəcək. Ancaq dəqiq deyərdim ki, Saakaşvilinin yanında olan şəxslər parçalanmadan əvvəl deyirdilər ki, Saakaşvilisiz biz sıfırıq. Biz də deyirdik ki, əvəzedilməz insan yoxdur. Üstəlik siyasi vəziyyətdə elektoratı yerli liderlər istiqamətləndirə bilir. Saakaşvili 2013-cü ildən sonra Gürcüstanda yoxdur. Mən Marenuilidə apardığım seçki kampaniyası təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, burada yerli əhali və seçicilərlə ünsiyyəti quran Saakaşvili deyil, mən idim. Bu baxımdan hesab edirəm ki, seçicilərin hansı tərəfə səs verəcəyi daha çox yerli liderlərdən asılıdır. Mən onu deyə bilərəm ki, Marenulidə elektoratın çoxu mənim tərəfimdədir.

– Vahid Milli Hərəkat Partiyasında olan digər azərbaycanlı deputat Azər Süleymanovla bu haqda müzakirələriniz olubmu, onun son qərarı necə olacaq?
– Mən sizə deyim ki, bu mövzuda Azər Süleymanovla cəmi bir dəfə söhbətimiz olub. Oturub onunla fikir mübadiləsi apardıq, məsələləri müzakirə etdik. Süleymanov seçkilərdən sonra parlamentdə iştirak etməyin tərəfdarlarından biri idi. Ancaq çox təəssüflər olsun ki, Azər Süleymanov açıq formada hansı tərəfi seçdiyini bizə bildirmədi. İnşallah, yanvarın 16-na qədər Azər Süleymanov qəti qərarını müəyyən edəcək. Mən onun yerinə cavab verə bilmərəm. Onu da qeyd edim ki, hazırda Vahid Milli Hərəkat Partiyasında qalan 5 deputat deyir ki, Azər Süleymanov onların yanında yer alacaq və onlar buna əsasən parlamentdə fraksiya quracaq. Bildiyiniz kimi Gürcüstan parlamentində fraksiya qurmaq üçün azı altı deputat olmalıdır.

– İndi Gürcüstanda əsas müxalifət partiyası kimdir?
– Artıq bu gün Gürcüstanda ana müxalifət partiyası Avropalı Gürcüstan Partiyası hesab oluna bilər. Çünki deputat sayının çoxluğu əsasən bizim yeni elan etdiyimiz partiyanın üzvləridir. Başqa sözlə, indi Gürcüstanda müxalifət partiyaları içərisində ən çox saya malik olan partiya bizim partiya hesab olunur. Parlamentdə hakim partiyadan sonra ən çox deputat bizimdir. Bu baxımdan indi ana müxalifət partiyası da Avropalı Gürcüstandır.
Onu da qeyd edim ki, parlament deputatlarından savayı Gürcüstanın siyasi elitasına mənsub olan şəxslərin çoxu da bizim tərəfimizdədir.

– Partiya quruculuğu prosesinə nə zaman start verəsdiniz?
– Təbii ki, partiya quruculuğuna başlanılacaq. Yaxın günlərdə partiyanın qurultayı keçiriləcək. Biz bir həftəyə yaxındır ki, bu siyasi dəyişikliklə bağlı işlərimizi aparırıq. Partiyanın özünün ofisi qurulacaq. Bundan sonra çalışılacaq ki, tez bir zamanda qurultayımız keçirilsin, təşkilatlanma işləri aparılsın. Çünki 2017-ci ildə Gürcüstanın yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək. Biz bu seçkilərə qatılmaq niyyətimiz var.
Onu da qeyd edim ki, Saakaşvilinin indiki komandası ilə bizim fikir ayrılığımız həm də bələdiyyə seçkiləri ilə bağlı idi. Saakaşvili deyirdi ki, partiya yerli özünüidarə etmə orqanlarına keçiriləcək seçkilərdə iştirakçılıq olmasın. Biz isə deyirdik ki, “Gürcü Arzusu” Partiyasını demokratik seçkilər vasitəsilə əvəz edə bilərik. Bunun üçün də, bütün seçkilərdə iştirak etmək və xalqla dərindən işləmək lazımdır.

– Elan etdiyiniz yeni partiyanın sədri kim olacaq?
– Mənim düşüncəmə əsasən və bu çoxluğun da fikridir ki, partiyamızın sədri David Bakradze olsun. O da, bizim komandanın üzvüdür. Böyük ehtimalla yeni partiyanın sədri o seçiləcək. Amma onu da, qeyd edim ki, bu məsələ üzərində işləmək mümkündür. Çünki siyasi elitanın üzvlərinin çoxluğu bizim tərəfdədir. Şübhəsiz ki, biz demokratik və şəffaf seçkilərlə partiyanın sədrini seçəcəyik.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: