SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın” Gürcüstan, Tiflis, Qarayazı, Siyasət 25 Ekim Oktyabrın 28-də Gürcüstan Respublikasında prezident seçkiləri keçiriləcək. Ölkə əhalisinin bu seçkilərlə bağlı böyük ümidləri var. Gürcüstanda yaşayan soydaşlarımız da seçkilərdən çox şey gözləyir. Seçkilərdə 25 namizəd mübarizə aparır. Namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Azərbaycanlılar daha çox müstəqil namizəd Salome Zurabişviliyə rəğbət bəsləyirlər. Bakıda yaşayan gürcüstanlı soydaşlarımız da Zurabişvilini daha şanslı hesab edir, onun azərbaycanlıların problemlərinə laqeyd qalmayacağını bildirirlər. Bakıda yaşayan gürcüstanlı ziyalı, tanınmış siyasətçi, AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli seçki ilə bağlı həmyerlilərinə müraciət edib. O, ölkənin mühüm bir mərhələnin astanasında olduğunu deyib və soydaşlarımızı seçkidə fəallıq göstərməyə, xanım namizədə səs verməyə çağırıb. Bəs Salome Zurabişvilinin şansı nə qədərdir? Xanım namizəd gürcü dövlətinin başçısı seçilə biləcəkmi? Müsahibimiz “Gürcü arzusu” partiyasından Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevdir.- Savalan bəy, prezident seçkilərinə 6 gün qalıb. Sizcə, seçkilərin əsas favoriti kimdi?- Müstəqil namizəd Salome Zudabişvilinin xalq arasında nüfuzu çoxdur. Gürcüstanda yaşayan qeyri-gürcü xalqlarının da ona böyük etimadı var. Mənim fikrimcə xanım Zurabişvili seçkilərin favoritidir və qalib o olacaq.- Zurabişviliyə azərbaycanlıların münasibəti necədir? - Onun bütün Gürcüstan vətəndaşlarına münasibəti eynidir. Azərbaycanların ona inamı böyükdür. Azərbaycanlılar yaşayan bölgələrdə görüşlər keçirilib. Xalqın ona münasibəti aydındır. Azərbaycanlılar yəqin ki, ona səs verəcək. - Bakıda da hesab edirlər ki, azərbaycanlılar arasında Zurabişvilinin nüfuzu böyükdür. Gürcüstan azərbaycanlılarının çoxsaylı problemləri var. Hətta sabiq prezident Zviad Qamsaxurdiya dövründən yığılıb qalmış problemlər mövcuddur. Sizcə, xanım namizəd həmin problemlərin həllinə yardımçı ola biləcəkmi?- Azərbaycanlılar yaşayan bölgələrdə əsas torpaq problemidir. Mixail Saakaşvili prezident olanda bir çox kəndlərdə əkin sahələri, örüş yerləri sakinlərin xəbəri olmadan başqa sahibkarlara satılıb. Müxalifət partiyaları bu problemdən sui-istifadə edib xalqa çoxsaylı vədlər verirlər. Onlar xalqa vəd verirlər ki, bu problemləri həll edəcəklər. Ancaq Gürcüstan parlamentli respublikadır, prezidentin elə də geniş səlahiyyətləri yoxdur. Biz isə seçicilərə deyirik ki, o problemlər bizim üzərimizə düşür, prezidentin yox. Maarifləndirmə işi aparırıq ki, insanlar boş vədlərə inanmasınlar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.